Özgə uşağı (hekayə)

Özgə uşağı  (hekayə)
Mədəniyyət 27 İyun 2024 - 09:00

Şəhərin mərkəzindən xeyli uzaqda iki qardaş yaşayırdı. Ataları ölməmişdən mülkü iki yerə bölüb, oğullarını yerləşdirmişdi. Böyük oğlanın adı Əli, kiçiyininki isə Vəli idi. Yaşca Vəlidən xeyli böyük olan Əli sakit təbiətli, işgüzar adamdı. Şəhərdə qızıl sexlərinin birində zərgər işləyirdi. Gözəl ailəsi vardı. Amma evləndiyindən yeddi-səkkiz il keçsə də hələ övladı yox idi. Dəfələrlə həkimlərə müraciət etsələr də, uşaqları olmamışdı. Həyat yoldaşı ilə bir-birlərini çox sevdiklərindən ümidlərini Allahın köməyinə bağlayıb yaşayır, ayrılmaq haqda düşünmürdülər.

 

Vəli də bığlı-saqqalı oğlan idi. Qardaşından fərqlənirdi. Ustalıq edir, babat dolanırdı. O, bir qadınla hərdən görüşürmüş. Aralarındakı kiçik bir toqquşma nəticəsində, Vəlidən hamilə qalan qadın qapıya qədər gəlib, olanları söyləməsəydi,bu haqda heç kim, heç nə bilməyəcəkdi. Qadın Vəlidən hamilə olduğunu söyləyəndə, indiyədək aralarında pərdə saxlayan qardaşlar bir-birlərinin üzünə baxdılar.

Əli dedi:

– Qardaş, işdi olub, polisə şikayət edə bilər. Nə deyirsən, deyilənlər düzdürsə, qadınla evlən, qurtarsın getsin. Vəli də heç bir tərəddüd etmədən qadına qarşı meyli olduğunu bildirdi. Sevincək olan Əli qardaşını qucaqladı.

 

Tez ol evlən, ilk doğulan uşağı da bizə verərsən, xoşbəxt yaşayarsan, – dedi.

Bir neçə həftədən sonra hər şey öz yolu ilə getməyə başladı. Vəlinin arvadı Səfurə gözəl, boy-buxunlu, yaraşıqlı bir xanım idi. İlk baxışdan, ilk görüşdəncə o, Vəliyə vurulmuşdu.

 

Vaxt tamam olanda Səfurə yükünü yerə qoydu. Bir oğlu oldu. Uşağa görə hər iki ailə çox sevindi. Adını Rəsul qoydular. Günlər bir-birini əvəz etdi. Rəsul bələkdən çıxanda gözəl bir oğlan oldu. O, hər iki ailənin övladı idi. Rəsul altı aylıq olanda məlum oldu ki, Səfurə yenidən hamilədir. Bu xəbərə həm Əli, həm də arvadı Gülsüm sevindi. Vəli evdə olanda çay süfrəsi ətrafında Əli qardaşına dedi:

– Qardaş, əgər məsləhət bilsəniz, Rəsulu biz götürüb qayğısını çəkər, böyüdərdik. Hamının üzü güldü, Vəli də Səfurə də razı oldular. Sənədləşmədə bir çətinlik də baş vermədi. Uşağın yaş kağızında belə yazıldı: “Rəsul Əli oğlu Həsənli”. Rəsul Əlinin evinə köçürüldü. Get-gedə böyüyür, yeriməyə başlayır, qırıq-qırıq ata,ana da deyirdi.

 

Səfurə hamiləlik dövrünün son həftələrini yaşayırdı. Vəlinin birdən-birə dəyişməsi, kobudlaşması, evə sərxoş gəlməsi onu üzürdü. Öz-özünə:

– Yoxsa bu kişi kiməsə uydu məndən üzmü döndərdi, mənə nifrətmi etməyə başladı? – deyə düşünüb, narahat olurdu.

 

Axşamlar Vəli sərxoş olub yatanda ciblərində olan pulların sayına baxdı. O bilirdi ki, Vəlinin əl qabliyyətinə qiymət verilir, yaxşıca pul qazanır. Deməli burada nə isə bir dolaşıqlıq vardı. Səhər Vəli ayılıb işə getmək istəyəndə Safurə qapıda onun qarşısını kəsdi.

 

–     Vəli, sən niyə belə dəyişdin? Daha məni sevmirsən? Anlaya bilmirəm, sənə nə oldu?

Vəli tüklü üzünü turşudaraq, hamilə Səfurənin qolundan bərk tutub yana itələdi və çıxıb getdi. Həmin söz-söhbətdən sonra iki-üç gün evə gəlmədi. Sonra yenə ləngər vura-vura qapının ağzında göründü.

 

Sonra yenə Səfurə artıq tam əmin olmuşdu ki, əri kiminləsə kənarda yaşayır. Qapını onun üzünə çırpdı. Vəli var gücü ilə qapıya bir dəpik vurdu. Hələ də qapının arxasından baxan Səfurə gözlənilməz zərbədən qapı bərabəri arxası üstə yerə yıxıldı. Hamilə qadının başı qapının yanındaki  “ceyran” peçinə dəyib yarıldı. Qan fışqırmağa başladı. Əli hələ işdən gəlməmişdi. Səs-küyə yetişən Gülsüm gördüklərindən dəhşətə gəldi.

 

Tez əlindəki telefonla təcili-yardım çağırdı. Bir qədər ləng gələn təcili yardım işciləri qan içində olan Səfurənin başını qaldıranda gördülər ki, özündə deyil.  Götürüb xəstəxanaya apardılar. Hadisədən on-on beş dəqiqə keçmiş polislər evi əhatəyə alaraq, Vəlinin  qandallayıb maşına mindirdilər. İki adam öldürdüyünə görə məhkəmə Vəliyə iyirmi beş il iş verdi.

 

Hadisə eşidənləri məyus etdi. Ən çox qəm-kədər içində olan Əli idi. O özünü günahkar bilirdi. Canbir qardaşının tərbiyəsi ilə məşğul olmaması, onu özbaşına buraxması böyük qardaşa ağır gəlirdi.

 

İllər keçdi. Daha Rəsul böyümüş, beş yaşı tamam olmuşdu. Vəli də həbsxanada özünü asıb, öldürmüşdü. Həyatını, sevincini uşağa verən Gülsümün Rəsula məhəbbəti isə daha da artırdı. Əli də onun hər bir istəyini yerinə yetirir, nazı ilə oynayırdı. Velosiped istəyirdi, alırdı. Maşın istəyirdi, alırdı. Bir sözlə, Rəsul evin yeganə və ərköyün uşağı idi. Əli Gülsümə deyirdi:

– Narahat olma, böyüyəndə hər şey qaydasına düşəcək. Mənim oğlum yaxşı bir kişi olacaqdır. Gülsüm də gülümsəyib:

– Qoy sən deyən olsun. Sən inanırsansa, mən də inanıram. Kor nə istəyir, iki göz, biri əyri, biri düz. 

 

Amma Gülsüm ürəyinin dərinliklərində küskün idi. Ömür-gün yoldaşı Əlinin gözəl insan olması ürəyincə idi. Doğma övladlarının olmaması onun ürəyini parçalayırdı.

 

Rəsulun hər dəfə ona, anacan – deyə müraciət etməsi Gülsümə ləzzət verir, onun yarasını sağaldırdı. Rəsula şeirlər əzbərlədir, hərflər öyrədirdi ki, məktəbə gedəndə hazırlıqlı olsun.

 

Rəsul birinci sinfə ayaq basanda, ata-ana məktəbdə idilər. Məktəb forması Rəsula elə bir görkəm verirdi ki, elə bil indidən o, hüquq işcisi idi. Qayğılar daha da çoxaldı. Gülsüm uşağı yedirir, içirir, tezdən məktəbə aparır, məktəbdən gətirirdi. Gün ərzində vaxtının çoxu Rəsulun qayğılarına həsr olunurdu. Əli də Rəsula olan münasibətdən fərəhlənir, həvəslə işə gedir, qazancla evə qayıdırdı. Ailə firavan yaşayırdı. Günlər,aylar nəfəs dərmədən ötüb keçirdi.

 

Rəsul artıq altıncı sinifdə oxuyurdu. Özü də əlaçı idi. Sinifdə onunla dostluq edənlərin sayı çoxalmışdı. Hətta bərabər dərs hazırlamaq adı ilə evlərinə gələnlər də vardı. Rəsul evlərindən bir az aralıda yaşayan bir qızla tanış oldu. Daha doğrusu, məktəbdən qayıdanda qız özü Rəsula girişdi.

 

Əvvəlcə özünü mələk kimi göstərdi. Onunla dost olmaq istədiyini bildirdi. Rəsul daha qızı adı ilə çağırırdı. Onun adı Sima idi. Bu yaxınlıq bir ildən çox çəkdi. Bir gün onlar xəlvət bir guşəyə çəkilib skamyada oturanda, Sima Rəsulu qucaqlayıb, bağrına basdı və öpməyə başladı. Belə şeylərə yad olan Rəsul özünü itirdi. İlk öpüş onun xoşuna gəlmişdi. Dönüb o da qızı öpdü. Sanki bu tanışlıq kiminsə planlaşdırdığı bir ssenari idi.

 

Daha Rəsul Simanı ardıcıl görür və öpürdü. Olanlardan Gülsümün xəbəri yox idi. Rəsul bəhanələr gətirib aradan çıxırdı. Bir gün oturduqları zaman Sima çantasından papiros qutusunu çıxarıb,  birini damağına qoydu və yandırdı:

–     Ləzzət verir. İstəyirsən birini də sənə verim. Rəsul çiyinlərini çəkdi:

–     Bilmirəm – dedi. – Atam papiros çəkmədiyi üçün mənim anlayışım yoxdur.

–     Al, al, pis deyil, dadına bax, ləzzət verəcək.

–      

Rəsul papirosu ağzına qoyanda, Sima alışqanla onu yandırdı. Tüstü ciyərinə gedəndə, bərk öskürdü.Sonra sakitləşdi. Gözləmədiyi hal yaşadı. İndi qəh-qəhə çəkib gülən Sima onun gözünə dörd görünürdü.

 

O gündən sonra Sima ilə birlikdə vaxt keçirən Rəsul məktəbdə bir bəhanə, evdə başqa cür bəhanə gətirir, dəhşətli bir vərdişin aludəçisinə çevrilirdi. Bu “məhsulu” Simaya verənlər də əvəzində pul tələb edirdilər. Simada da o pullar yox idi. Atası əyyaşın biri olduğundan anası da kiminlə düşdü gününü keçirirdi.Uşaq da belə.

 

Bir gün yenə Sima Rəsula dedi:

–     Əzizim, sevgilim, mən xoşuna gəlirəmmi?

–     Əllbəttə  – deyə Rəsul cavab verdi.

 

İndi onu bil ki, istifadə etdiyimiz “məhsul”un sahibi pulunu istəyir. Pul da məndə yoxdu. Sənin atan zərgərdi. Pulunuz çox olmalıdır. Bəhanə elə, bir az pul qopar.

Bu minvalla evdən verilən xərclik kifayət etməyəndə, məcbur qalan Rəsul atasının cibindən pul oğurlayıb Simaya verirdi. Belə əhvalatlar dəfələrlə təkrar olundu. Nə atanın, nə də ananın xəbəri vardı. Onlar Rəsula o qədər inanırdılar ki, belə şeyləri ağıllarına gətirə bilməzdilər.

 

Bir gün Əli evə gələndə Gülsüm onun çay içməzdən əvvəl əlində gətirdiyi qutunu kitab rəfinin üstünə qoyduğunu gördü.

–     O nədir? – deyə soruşdu.

– Heç, qızıl sırğa və üzüklərdi üzərində işləyib, təmir etməliyəm. Müştəri bir iki günə gəlib aparacaq. Söhbəti kənardan Rəsul da eşitdi. O, gecə ata-anası yatdığı zaman qutunu götürüb, həyətə düşdü. Daşların arasında ağıla gəlməz bir yerdə gizlədib üstünə də iri bir daş qoydu və gəlib yatağına uzandı.Yuxuya getdi. Yuxuda gördü ki, saqqallı yaşlı adamlar yanlarında olan yarım çılpaq qadınlarla oynaşır, kef edirlər. Çəkdikləri papiros tüstüsündən heç nə görünmür. Rəsul əlində qutu qapıdan girəndə, bir ağızdan qışqırdılar:

–     Afərin sənə, oğul belə olar. Sənin kimilərə aramızda hörmət – izzət var – dedilər.

 

Səhər tezdən Rəsul oyanıb məktəbə qaçdı, daha bilmədi evdə nə həngamə qopdu. Gülsüm səhərə süfrəni hazırlayıb, ərini gözlədi. Əli səliqəli adam idi, çox yatmaqla işi yox idi. Oyanıb əl-üzünü yudu, dəsmalla qurulanıb onu gözləyən həyat yoldaşına baxdı. Əyləşib, çay-çörəyini yeyib qalxdı. Kitab rəfinə doğru gedib, qutunu götürmək istədi. Qutu yerində yox idi. Təəccüblə:

–     Gülsüm, ay Gülsüm, qutu hanı?

–     Nə bilim hanı, əlimi də vurmamışam.

Dünya Əlinin başına fırlandı.

Bircə onu deyə bildi ki:

– Mən müştəriyə nə cavab verəcəyəm?! Arxası üstə yerə yıxıldı. Təcili yardım gəlsə də, artıq gec idi, faydası olmadı.

Beyninə qan sızmışdı...

 

 

 

Cəmilə ÇİÇƏK /zekainfo.az

Prezident mükafatçısı,

AYB və AJB-nin üzvü

 
reklamlar

Digər xəbərlər