OĞRU (hekayə)

OĞRU  (hekayə)
Mədəniyyət 25 İyun 2024 - 14:00
Aidə rəfiqəsi Rimanın ad günündə idi. Çox da böyük olmayan məclisdə ailənin yaxınları, iş yoldaşları, işatirak edirdilər. Yeyib-içir, musiqi dinləyir, rəqs edirdilər. Axşam arxada qalır, artıq gecə düşürdü.

 

Aidə saata baxdı.Yaxınlaşıb Rimanın qulağına pıçıldadı.

–     İcazə versən mən tərpənərdim. Bilirsən ki, uzaqda yaşayıram.

Rima ayağa qalxaraq gəldiynə, iştirak etdiyinə görə təşəkkür etdi və onu birinci mərtəbəyə qədər ötürdü.

Aidə yaxınlıqdakı dayanacağa gələn kimi gedəcəyi marşrut avtobusu qarşısında dayandı. Gecə olduğundan avtobusda adam az idi. İş-güc adamları çoxdan çəkilib evlərinə getmişdilər. Yaşadığı yerə çatanda dayanacaqda avtobusdan düşdü. Orada da bir kişi başını əlləri arasına alıb büzüşmüşdü. Aidə evinə doğru addımladı. Dayanacaqdan iyirmi-otuz adım aralanmışdı ki, qəflətən ağacların arasından iki oğlan çıxıb onun üstünə cumdu. Biri əlində bıçaq tutmuşdu. O biri boğuq səslə:

 

– Çantanı ver,  – dedi və Aidəyə bir şapalaq vurdu. Qız səndirləyib yıxıldı.  Əlində bıçaq olan, məqamdan istifadə edərək, onun çiynindən aşırdığı çantanın qayışını kəsdi. Aidə bərkdən qışqırdı:

–     Kömək edin!

Bir anda haradansa peyda olan adam haraya çatıb, bir neçə zərbə ilə soyğunçuları yerə sərdi. Qollarından tutub, qaldırmaq istəyəndə, Aidə ayağa qalxa bilmədi. Adamın başının qıza qarışmasından istifadə edən soyğunçular qaçıb aradan çıxdılar.

 

– Sizə nə oldu? Yoxsa yıxılanda ayağınız sındı – deyən adam əlləri ilə Aidənin dümağ baldırını sığalladı.

–     Yəqin ayağım dabanımdan burxuldu. Dikdaban ayaqqabı yıxılmağıma səbəb oldu.

Adam var gücü ilə Aidəni ayağa qaldırdı. Onun taqəti yox idi.

–     İcazə verin, qolunuza girim, sizi evinizə qədər ötürüm.

Aidə öz xilaskarına razılığını bildirdi. O, qıçını çəkə-çəkə, ufuldaya-ufuldaya evinə çatdı. Həyət evində yaşayırdı. Evi ona rayonda yaşayan atası almışdı. Hələlik tək idi. On yaşlı qardaşı da böyüyəndə ali məkəbə qəbul olsa,  onunla birlikdə yaşayacaqdı.

 

Ağacdan olan bir taylı iri qapını açmağa da bu xilaskar adam kömək elədi: – Daha özünüz gedə bilərsiniz ? – deyə soruşdu. Amma Aidə addımını belə atmağı bacarmadı. Yenə xilaskarın köməyi ilə qapı açıldı, evə daxil oldular. O, Aidəni geniş qonaq otağının divarı dibində olan qoltuqda oturtdu.

 

Əyilib ayaqqabılarını çıxartdı. Sınığı olub – olmadığını yoxlamaq üçün qızın ayağını sağa-sola əydi. Aidə ayağının bərk ağrıdığını söylədi. Sonra şkafın siyirməsində bint-spirt olduğunu dedi. Xilaskar bint, spirt, qayçı gətirib Aidənin ayağının ağrıyan yerinə çəkdi və sarıdı. Qız bir az sakitləşdi. Dönüb xilaskarına baxdı. Üzünü tük basmış, baxımsızlıqdan ovurdları çökəlmişdi. Qalın qaşları altındakı gözləri çox canlı idi. Özü də Aidədən cəmi bir neçə yaş böyük olardı.

Aidə mətbəxdə görünən termosu göstərib dedi:

–     Zəhmət olmasa, stəkan-nəlbəkini, termosu gətirin, çay içək.

Sanki adam onun qulluqçusu idi. Qızın hər sözünü yerinə yetirirdi. Çay içən zaman Aidə onun gözlərinin içinə baxdı:

– Məni xilas etdiniz, indi söyləyin görüm, siz kimsiniz? Haralısınız? Gecə vaxtı dayanacaqda  nə edirdiniz?  Naməlum adam əvvəlcə istədi heç nə demədən dönüb getsin. Amma bacarmadı. Axı, gedəsi bir yeri, bir kimsəsi yox idi. Bəs öz əli ilə məhv etdiyi həyatını bu gözəl xanıma necə söyləsin indi? Söyləsin ki, uşaqlıqdan yetim olmuş, oğurluq üstündə iki dəfə həbsxanaya düşübdür. İndi otuz iki yaşının içində, nə ailə var, nə də ev-eşik! Sanki onu həyat imtahana çəkirdi. Sanki, imtahan götürən bu gözəl qadın, kim bilir, ya ona qiymət verəcək, ya da yenidən həbsxanaya saldıracaq. Odur ki, ağlına gələn bir yalanı uydurmağa başladı:

 

– Adım Rasimdir. Hərbi xidmətdən sonra Moskvaya işləməyə getdim. Alverə başım qarışdı. Qoca atam və anam öləndə xəbərim olmayıb. Könlümdən keçdi ki, yurduma dönüm. Gələndə eşitdiklərim və gördüklərim məni məyus etdi. Ata-anamın ölümündən sonra artıq bir daha geri qayıtmayacağımı qət etdim, əmim öz ailəli oğlunu bizim evə köçürmüşdü. Gec gəldiyimi, valideynlərimə baxmadığımı əsas gətirərək, əmilərim və digər yaxın qohumlar sözü bir yerə qoyub məni qovdular. Şəhərə gəldim. Bir az işlədim, axırda iş yerim də ixtisara düşdü. Qaldım küçələrdə...

 

Aidə yaşarmış gözləri ilə öz xilaskarına baxdı. Düşündü... İstər oğlan olsun, istər qız, tale insandan küsəndə bədbəxtliklər başlayır. Yazığın nə atası, nə anası var. Əmisi də çoxdan mülkü öz adına keçirib. Odur ki, Rasimə yazığı gəldi. O, ayağa durub getmək istəyəndə:

–     Gecənin bu vaxtı hara gedirsən? Qal, bir şey fikirləşərik. – dedi və əlavə etdi

–     Keç hamama, yuyun. Orda lazım olan hər şey var. Üzünü qırxmaq istəsən, təzə cilet-ülgücdən də istifadə elə.

 

Əmrə müntəzir dayanan Rasim Aidənin dediklərinə əməl etdi. Hamamdan çıxanda Aidə onun yatması üçün yer də hazırlamışdı. Mizin üstündə təzə süzdüyü çayın yanında mürəbbə də vardı. Uzun müddət qadın qulluğu görməyən Rasim buğlana-buğlana təşəkkürünü bildirəndə Aidə təsadüfi qonağın kirli köynəyini görüb atası üçün çoxdan aldığı sızıxlı köynəyi gətirdi və ona uzatdı.

 

–     Atam üçün almışdım, sənin qismətinmiş. Atama yenisini alaram.

Rasim köynəyi geyindi. Köhnə Rasimdən qalan bircə saqqalı idi. Aidə soruşdu:

–     Bəs saqqalını niyə qırxmadın? – deyə Aidə soruşanda, çiyinlərini çəkdi:

–     Görünür, köhnə həyatımla vidalaşmaq mənim üçün ağırdır.

Aidə dərindən tanımadığı  bu insana bircə cəhətinə görə inanırdı. Çünki o, öz millətinin balası idi.

Cüzi göstərişlər verəndən sonra Aidə öz yataq otağına keçdi, qapını da arxadan bağladı. Səhər tezdən o, oyanıb qonaq otağına keçəndə Rasim qalxmış, üstünə örtdüyü mələfəni qatlayıb balıncın altına qoyub oturmuşdu. Aidənin ayağının ağrısı keçib getmişdi. Artıq sərbəst hərəkət eləyə bilirdi. O, Rasimə də, özünə də çay süzdü, səhər yeməyini yedilər.

Birlikdə evdən çıxıb, bir-birinə heç nə demədən avtobus dayanacağına gəldilər. Aidə avtobusa minib işə getdi. O, liseydə müəllim işləyirdi. Aldığı maaş özünü dolandırırdı.

Axşamüstü Aidə işdən evə qayıdanda gördü ki, Rasim qapının böyründə daşın üstündə oturub. Onlar bir-birinə baxdılar. Aidə dedi:

–     Rasim, getməyə yer tapa blmədin?

–     Bəli, hara gedəcəyimi bilmədim. Sizin kimi mərhəmətli insanlar yoxa çıxıblar  – dedi.

Aidə qapını açdı. Onlar içəri daxil oldular. Bu vəziyyəti anlamaq çox çətin idi. Onlar nə dost, nə sevgili, nə də qohum idilər. Yad bir kişinin subay xanımın  yanında qalması nə dərəcədə düzgün olardı?! Sadəcə olaraq, Rasimin bir az xeyirxahlığı onları birləşdirmişdi. Bu birlik bir neçə gün davam etdi. Aidə Rasimin kimsəsiz olduğunu bildiyi üçün qapının açarının birini ona verib dedi:

– Rasim qardaş, hələlik burda qal. Özünə iş tap, başına çarə qıl. Hər bir hərəkətin də öz həddi var. “Qardaş” sözü Rasimi çıxılmaz vəziyyətdə qoydu. Demək, Aidənin ona etdiyi xeyirxahlıq mərhəmətdən başqa bir şey deyilmiş. O, apaydın demək istəyirdi ki, səndən mənə yar olmaz.

 

Günlərin birində Aidə işə getdi, Rasim evdə tək qaldı. Pəncərədən baxanda, qonşunun açıq aynasından içərini gördü. Diqqətlə baxıb, evdə adam olmadığını özü üçün tam olaraq aydınlaşdırdı. Evdəkilər çıxıb iş-güc dalınca getmişdilər. İllərdən bəri adət etdiyi pis vərdişini tərgidə bilməyən Rasim qeyri-ixtiyari həyətdən keçib, aşıq pəncərəyə yaxınlaşdı. Meymun kimi bir göz qırpımında sıçrayıb içəri keçdi. Evdə axtarış edərək nə tapdısa bir çamadana yığdı və cəld hərəkətlə Aidənin evinə qayıtdı. Heç nə olmamış kimi qapını bağlayıb, açarı qapının yanında cərgələnmiş  ayaqqabıların birinin içinə, ayaqqabını da düz qapının girişinə qoydu və oradan uzaqlaşdı.

 

Axşamüstü işdən qayıdan Aidə giriş qapısının açıq olduğunu gördü. Düşündü ki, Rasim yəqin iş tapmayıb, evə qayıdıb. İçəri qapıya çatanda qapının bağlı olması, illah da, qapının ağzına qoyulmuş çəkələk onu şübhələndirdi. Çəkələyi əlinə alıb yuxarı qaldıranda açar cingilti ilə yerə düşdü. Deməli, Rasim birdəfəlik getdi. Aidə üçün bunun elə bir əhəmiyyəti yox idi. Sadəcə, yaxşılığın əvəzinə yaxşılıq eləmişdi, vəssalam.

O, çay içib, hamama girdi. Hamamdan çıxanda qulağına qışqır-bağır səsləri gəldi. Çox keçmədən polislər qonşunun evinə doluşdular. Sonra da çıxıb getdilər. Artıq bir neçə gün keçmişdi. Aidə kriminal xəbərlərə baxırdı. Aparıcı oğurluq edənləri təqdim edirdi. Birdən oğruların birini göstərdilər.

 

Aidə onu tanıdı. İki dəfə məhbus həyatı yaşayan Rasim üçüncü dəfə ilişdi. Gözlərinə inanmayan Aidə düşdüyü vəziyyətdən ziyansız qurtardığı üçün sevindi. Nə yaxşı ki, Rasimi bir kişi kimi sevməmişdi. Ona yalnız qardaş münasibəti bəsləmişdi. ...Bədbəxt insan! Gör özünü nə günə salıb! Görünür, oğurluğa vərdiş etdiyindən əməlini tərgidə bilmir. Yazıq...Yazıq...

 

 

Cəmilə ÇİÇƏK

Prezident mükafatçısı,

AYB və AJB-nin üzvü

 

 

 

Bu yazı Azərbaycan Res­pub­likasının Qeyri-Hökumət Təş­kilat­larına Dövlət Dəstəyi Agent­­li­yinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin kreativ-innovativ təbliği” layihəsi çərçivəsində ha­zır­lan­mışdır.

 
reklamlar

Digər xəbərlər