GİVİT (hekayə)

GİVİT  (hekayə)
Mədəniyyət 10 İyul 2024 - 08:58


 

 

Orta məktəbdə bir ədəbiyyat müəllimimiz vardı. Bir az yaşlı idi, saçlarına təzəcə dən düşmüşdü. Yadda qalmağının, sevilməyinin səbəbi həmişə şagirdlərinə əlindən gələn köməyi etməsi, onlara pasiban durması idi.

 

Həmid müəllim dərs başlayan kimi sual-cavab edər, kimin nəyə qadir oldugunu biləndən sonra jurnala qiymət yazar, yeni dərsin tapşırıqlarını verər, sonra yadda qalan tərbiyəvi hadisələrdən danışardı. Deyərdi ki, şagirdlərin oxuyanı da olar, oxumayanı da. Oxumaq istəyənin qarşısını heç kim kəsə bilməz.

 

Oxumaq su içmək kimi bir şeydir. Amma insanlıq dərsini oxumaq hər adama müyəssər olmur. Bunun dərsliyi yoxdur. Vətənini, xalqını sevmək, insan olmaq dərsliyi müəllimin ürəyinin baş hissəsində, bir də şagirdlərın qulağının dibində yerləşir.

 

Bir dəfə yenə Həmid müəllim şahidi olduğu bir hadisəni danışmağa başladı:

Kəndimizdə bir ailə vardı. Kişi gəlmə idi. Cavanlıqda hardansa gəlmişdi. Kəndə ilk dəfə işıq çəkirdilər. Bir evə işıq çəkən zaman o evdə ürəyinə yatan bir qızla evlənmişdı. Qızın adı Səmayə idi. Kənd ağsaqqallarının iştirakı ilə oğlana toy elədilər. Səmayə atasını itirmişdi. Anası ilə birlikdə qaldığından elə ata yurdunda həmin oğlanla yaşamağa başladı.

 

Oğlan kənd camaatına qaynayıb-qarışdı. Hörmət qazandı. Adamlar daha ona “işıqçı oğlan” əvəzinə, İşıqçı Bayram deyirdilər. İşıqçı Bayramla Səmayənin bir oğlu oldu. Uşaq böyüdü. Məktəbə getdi. Müəllimlər bu uşağa xüsusi qayğı ilə yanaşırdılar. Fikirləşirdilər ki, Bayram qərib olduğunu heç vaxt ağlına gətirməsin. Zəhmətkeş ailənin oğlu böyüdü. Məktəbdə çoxlarından fərqləndiyi, yaxşı oxuduğu üçün elə buraxılış ilində ali məktəbə daxil oldu.

 

Bu şad xəbər təkcə İşıqçı Bayramı deyil, bütün kənd adamları ilə bərabər müəllimləri də sevindirdi. Oğullarının fərasəti ailənin qol-qanadını daha geniş açmasına imkan verdi. Toyuq-cücə, mal-qoyun saxlamağa da başladılar. Əsas məqsədləri bu idi ki, oğulları Fərman şəhər yerində korluq çəkmədən oxusun, adam cərgəsinə qoşulsun. Fərman ata-anasının göndərdiyi artıq pulları cib dəftərinə yazarmış.

 

     Beləliklə, Fərman ali məktəbi başa vurduqdan sonra təyinatla işə göndərildi. Az vaxtda bilik və bacarığı nəticəsində müfəttiş vəzifəsinə təyin olundu. Bu yüksəlişi kənd əhli bayram elədi. Böyükdən-kiçiyə kim İşıqçı Bayramı görürdüsə, onu təbrik edir, gözaydınlığı verir, kimi də pay-püşlə evə gəlir, ailənin sevincinə şərik olurdu. Hamı oğul-uşağına Bayramı nümunə göstərir, gəlmə adamdır, amma oğlu gör hara yüksəldi, deyirdi.

 

        Bayram çox sevinir, oğlu ilə fəxr edirdi. Hər ayın başında poçt idarəsinə gedər, oğlunun göndərdiyi pulları alıb evə, Səmayənin yanına qayıdardı.

 

Bu minvalla beş il keçdi. Bayram yavaş-yavaş iş qabiliyyətini itirməyə başladı. Bir dəfə işıq dirəyinə çıxanda yıxıldı. Ayağı dizdən aşağıdan sındı. Yataqda xeyli yatmalı oldu.

 

Bir müddət ayağı gipsdə qalsa da, qoltuqağaclarının köməyilə poçt binasına getdi ki, oğlunun göndərdiyi pulu alsın. Poçtda işləyən qız ona dedi:

     Bayram əmi, sizə bu dəfə pul yox, məktub gəlib, buyurun, bu kağıza qol çəkin.

 

Bayram kişi kağıza qol çəkib, cibinə sığışmayan məktubu çətinliklə əlində tuta-tuta evə gəldi. Səmayə kişinin baxışlarından bir şey anlamadı:

     A kişi, boyuna qurban olduğumun qazancından pay aldınmı?

Bayram tərs-tərs arvadını süzüb:

     Vallah, pul yox, əvəzinə bu məktubu verdilər.

Səmayə təkidlə:

     A kişi, burda nə var ki?.. Qadasın aldığım, yəqin, məktubun içərisinə pulu qoyub göndərib. Aç, aç görək...

 

Məktubu açdılar. İçində pul yox idi. Boz kağıza salamsız-kəlamsız dörd söz yazılmışdı: “Ata-ana, daha givit”. Nə Bayram, nə də Səmayə bu sözdən bir şey anladılar. Bir-birinin üzünə baxıb, xeyli beləcə dayandılar, sonra sükutu Səmayə pozdu.

 

– A kişi, mən bu “givit” sözünü birinci dəfədi eşidirəm. Heç öz dilimizdə belə bir söz yoxdu. Dayanıb durma, özünü çatdır Həmid müəllimə. Belə şeyləri ancaq o bilər.

Bayram kişi qıçını güclə çəkə-çəkə özünü məktəbə çatdırdı. Zəng vurulmuşdu, tənəffüs idi. Dəhliz boyu uşaqlar o baş-bu başa qaçırdılar. Bayram qoluna qırmızı bağlamış cavana yaxınlaşdı:

 

     A bala, bilmirsən, Həmid müəllim hansı sinifdədi?

     Əmi, indicə müəllimlər otağına getdi.

Bayram kişi elə qapının ağzındaca Həmid müəllimlə üz-üzə gəldi.

     Xeyir ola, ay Bayram. məktəbə təşrif buyurmağa səni nə vadar edib?

     Müəllim, elə sizi deyib gəlmişəm, deyiləsi sözüm var.

Həmid müəllim Bayramı içəri aparıb oturmağa yer göstərdi.

     Bir az gözlə, indi qayıdıram, – dedi. Həmid müəllimin getməyi ilə qayıtmağı bir oldu.

 

     Hə, eşidirəm, – deyib Bayrama baxdı. Bayram qoltuq cibindən qatlanmış məktubu çıxarıb Həmid müəllimə verdi. Həmid müəllim məktubu açıb ürəyində oxudu. Qaşlarını çatdı. Alnı qırışdı.

     Ay nankor övlad, – dedi.

Bayram:

     Ay müəllim, yoxsa balama bir şeymi oldu? Onu niyə təhqir edirsiniz?

Haçandan-haçana Həmid müəllim “givit” sözünü izah eləməyə başladı.

     “Givit” borcun başa çatmasına deyilir. Narahat olma, get evə, mütləq bu günlərdə oğlun sizə baş çəkməyə gələr, inşallah!

     İnşallah! – deyib Bayram evə gəldi.

 

Həmid müəllim poçt idarəsinə gedib Fərmana belə bir teleqram vurdu: “Atanla anan göbələkdən zəhərlənərək ölüblər. Təcili özünü çatdır! İmza: Həmid müəllim”. Teleqramı yola saldıqdan sonra Həmid müəllim Bayramgilə gəldi. Məsələdən onları agah eləyib dedi:

– Qapıda gözləyin. Elə ki eşitdiniz oğlunuz gəlir, hərəniz əlinizə bir çubuq alarsınız və qapının arxasında gizlənərsiniz. Mən də gəlib sizin evdə mizin başında oturacağam. Mən işarə verəndə işə başlayarsınız.

 

Bir gündən sonra Fərman maşını ilə kənddə evlərinin qapısında peyda oldu. Həyətdə mağar görmədi. İrəli gedib giriş qapısını açdı və qonaq otağına daxil oldu. Baş tərəfdə Həmid müəllimi gördü. Əl vermək istədisə də, Həmid müəllim əllərini qoynundan çıxarmadı.

     Otur!

 

Fərman dinməz-söyləməz oturdu. Həmid müəllim Fərmandan gələn məktubu ona uzadıb:

     Bu nədi yazmısan? İzah elə görək.

Fərman tələsirdi, istədi əvvəlcə ata-anasından xəbər bilsin. Amma Həmid müəllimin sərt baxışları ona imkan vermədi, dedi:

 

– Müəllim, oxuduğum illərdə ata-anamın mənə göndərdiyi pulları dəftərimə yazırdım. Mən də aldığım pulları işləyəndən sonra geri qaytarmağa başladım. Oldu başabaş. Bax bu, “givit” deməkdir.

 

Həmid müəllim yan tərəfə söykədiyi ağacı əlinə aldı, qapının arxasndan oğlanlarını dinləyən Bayramla Səmayəyə işarə etdi:

     Ə, vurun, ağlı başına gələnəcən döyün.

      

Xeyli kötək yedikdən sonra Fərman səhvinin böyüklüyünü anladı.

     Qələt eləmişəm, bir də eləmərəm.

      

Döyənlər əllərini saxladılar. Çubuqları atıb həsrətində olduqları oğullarını duz kimi yaladılar.

Bəli, Həmid müəllim belə insan idi.

 

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident mükafatçısı

AJB və AYB-nin üzvü

reklamlar

Digər xəbərlər