Murov qartalı

Murov qartalı
Cəmiyət 06 Sentyabr 2024 - 17:45



 


Əzəməti ilə düşmənə göz dağı olan dağlar

qürur yerimizdir, igidlik simvoludurlar

 

 

Bəhmən Vətənoğlu yazırdı ki:

 

“Qartal, o zirvədən belə en, belə,

İnsanam, zirvədə mən olmalıyam!”

 

Kəlbəcərdən ötrü qəribsəyən şair Zahid Muxtar Kəpəzdən Murovdağa baxıb, dərin bir həsrətlə:

 

“ Murovun başına dolanım, ellər,

Murovdan Kəlbəcər qoxusu gəlir”, - deyib.

 

...Murovdağ!

 

Əzəməti, vüqarı, başıqarlı və həm də qartallı olması ilə daim vəsf edilən zirvə Azərbaycanın Kiçik Qafqaz sıra dağlarının bir hissəsidir ki, aran Qarabağdan başlayaraq, Salvartıyadək, oradan da Böyük Qafqaz sıra dağlarına kimi uzanıb gedir.

 

 

Vaxtilə bu dağın qarlı aşırımından ancaq atlılar aşıb  Kəlbəcərdən Gəncəyə gedib-gələ bilərdlər. Bu yol vaxtilə Kəlbəcər RPK-nın birinci katibi olmuş İnqilab Nadirov, Təhməz Cəfərov tərəfindən “Nicat yolu” da adlandırılmışdı. Ermənilər Ağdərə-Kəlbəcər magistral yolunu bağladıqlarından, kəlbəcərlilərin o dərədən çıxması üçün yeganə “yol” idi.

Ölməz şairimiz Sücaət  Kəlbəcərin işğalından sonra yazırdı:

 

“Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər”.

 

Bəli, bir vaxtlar, daha doğrusu 1993-cü ilin qanlı-qarlı aprel günlərində bu dağdan aşmaq da zülm idi, aşmamaq da. Aşa bilməyənlər girov  götürülür, ya  da yerindəcə erməni qəddarları tərəfindən vəhşicəsinə qətlə yetirilirdi. Aşanları isə qabaqda, gələcəkdə nələr gözlədiyini kimsə bilmirdi...

 


28 ildən sonra qartallar Murovdağın zivəsində qıy vurdular. Bu qartalların səsi erməni dığalarının canına vəlvələ saldı. Belə qartalların biri də Qabilov İsmayıl Əli oğlu  idi ki, 15 iyul 1983- cü il tarixində Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olmuşdu.

 

1990- cı ildə Mozqaraçanlı kənd tam orta məktəbin bir 1-ci sinfinə daxil olub. 1993- cü il aprelin 2- də Ermənistan silhalı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra Qabilovlar ailəsi də, digər kəlbəcərlilər kimi, Gəncə şəhərində məskunlaşıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmiş,  bitirdikdən sonra səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

 

 

Ağdamdakı “N” saylı hərbi hissədə xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə öz bilik və bacarığı, məlahətli səsi ilə seçilərək xüsusi xidmətlərilə fərqlənib. Həm də İsmayılı cəsurluğuna görə “Murov Qartalı” təxəllüsü ilə çağırırmışlar.

 

İsmayıl 2005-ci ildə ailə qurmuş, ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsi məcburi köçkünlərin müvəqqəti yerləşdiyi "Qocalar evi" yataqxanasında yaşamışdır.

 

Şəhidimizin ömür-gün yoldaşı Nəsibə xanım İsmayılın xatirələrindən danışarkən gözlərindəki kədər və acılar da sanki dil açmışdı. Onların olduqca kiçik bir otaqlı mənzildə necə böyük bir xoşbəxtliyindən ağızdolusu danışırdı: “...İsmayıl ailəsinə, övladlarına çox bağlı idi. Qızımız Səbanın və oğlumuz Canəlinin hər zaman qayğılarını çəkirdi. Onların boya-başa çatmalarını, təhsil almaqlarını çox arzulayırdı. İşdən yorğun gəlsə belə, uşaqlarla vaxt keçirməyi çox sevirdi.

 

Onları hər zaman gəzintiyə aparıb, ürəklərini xoş etməyi istəyirdi. Məlahətli səsi ilə zümzümə edirdi. Hətta qonşular onun səsinə vurğunluqla qulaq asırdılar. Qonşuların dediklərindən İsmayıl necə gözəl qonşu olduğundan, heç kəsin xətrinə dəyməsindən onlara qəlbində daim yaşayacağından, belə bir insanın yoxluğunu hələ də qəbul etmədiklərindən danışırdılar.

Anım günündə, mövludunda - özəl günlərində oğlu Canəlinin yuxusuna girərək atasının gəldiyini və getmiyəcəyini söyləyir. Səba deyir ki, “atam ad günündə üç günlük evə gəldiyini və daha getməyəcəyini söyləmişdi”...

 

 Həqiqətən də şəhidlər cismən getsələr də, ruhən hər zaman bizimlədirlər. Qısa evlilik olsa da, az bir ömür yaşasaq da, 15 ilin evliliyi bizim özümüzdə çox xatirələr qoydu. Həyatımın ən dəyərli günləri xatirələri bizə necə hörmət, dəyər verməsi oldu. Mən bu gün İsmayılsız olsam da, müvəqqəti ayrılıqdır. Bir gün yenə qovuşacağıq. İsmayılın  balalarının hər ikisinin də təhsilli olmasını, Vətənə layiqli övlad kimi böyütmək yükü var çiyinlərimdə. İnşallah Vətənə, atalarının adına layiq övlad olarlar”.

 

Azərbaycan ordusunun çavuşu Qabilov İsmayıl Ermənistanın işğalı altında olan əraziləri 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsinin 44 günlük savaşında əzmlə, cəsarətlə döyüşmüş, Murovdağın “Ömər aşırımı”nda böyük sücayətlər göstərib, 27 sentybr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.

 

Şəhidimizin nəşi uzun müddət, daha doğrusu, 75 gündən sonra Ömər aşırımında tapılaraq, 5 dekabr 2020- ci ildə ailəsinə təhvil verilmiş, Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcər rayonunun azad edilməsinə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru

 

 

 

reklamlar

Digər xəbərlər