Şaxtadan qaralmış təbəssümlü sima... 

Şaxtadan qaralmış təbəssümlü sima... 
Cəmiyət 16 Sentyabr 2024 - 11:30

Vətən müharibəsinin zəfərlə bitən Qələbəsindən sonra tariximizin bu əlamətdar hadisəsi haqqında çox yazılıb, müzakirələr gedib, tədqiqatlar aparılıb, öyrənilib. Fəqət biz o möhtəşəm hadisədən zaman baxımından uzaqlaşdıqca tariximizin bu qızıl səhifələrinin yeni-yeni uğurlu tərəfləri üzə çıxır. Qəhrəmanlarımızın göstərdiyi igidlik, şücaət, mərdlik, hərb sənətində yenilik kimi qəbul olunan unikal metodlar haqqında hələ çox araşdırmalara, tədqiqat əsərlərinə ehtiyac duyulur...

 

Bu dünyaya çox insan gəlib-gedir, amma az şəxs var ki, qısa ömür yolunu vətəninin, elinin tarixinə çevirə bilir. Deyirlər, torpağa su tökülərsə, palçıq olar, amma qan tökülərsə, Vətənə dönər!

 

İllərdir şəhidlərimiz müqəddəs qanlarını bu torpağa tökərək Vətənin bütövlüyünü təmin etdilər, üçrəngli bayrağımızı birdəfəlik ucaltdılar. Torpaq, millət, bayraq uğrunda ölən varsa, Vətəndir! Qəhrəmanlarımız Vətənimiz, bütöv Azərbaycanımız uğrunda haqq savaşına qalxaraq şəhid oldular. Onların ruhları başımızın üzərindədir: Vətən göylərində. Azad Qarabağımızın aydın səmasındadırlar: ən böyuk zirvələrdə qərar tutublar.

 

 

Mayor Azər Mikayılov döyüş dostlarının yaddaşında belə qaldı

 

 

...Nəşi evə gətiriləndə komandirimin döyüş yoldaşı bildirdi ki, mayor Azər Mikayılov düşmənin 200 nəfərdən çox canlı qüvvəsini və 8 texnikasını məhv edərək qəhrəmancasına şəhid olub. Ürəyimdə dedim ki, mənim komandirimə elə bu yaraşırdı. O, indi ən uca mərtəbəyə – şəhidlik zirvəsinə ucalıb. Mikayılovun mərdliyi, xalqına və dövlətinə olan sonsuz sevgisi, yaratdığı əsl Azərbaycan zabiti obrazı onu tanıyanların qəlbində əbədi yaşayacaq. Onun qəhrəmanlıq məktəbindən bundan sonra da neçə-neçə gəncimiz, hərbçimiz bəhrələnəcək. Onun məzarı hər bir azərbaycanlının and yeri, müqəddəs ziyarətgahı olacaq.

 

 Hərbçilərimizin qanı-canı bahasına bütöv Azərbaycanın səmasında dalğalanan üçrəngli bayraq var olduqca onlar da əbədiyaşar olacaq, xatırlanacaqlar. Mən isə onu – əziz komandirimi həmişə şaxtadan qaralmış sifətində olan təbəssümü ilə, çatlaq-çatlaq olan dodaqları, dağınıq saçları və solmuş göy formasında xatırlayacağam. Xatırladıqca, hər zaman olduğu kimi, onunla həmişə qürur duyacağam.

 

 

Vətəninə layiqli oğul idi

 

Adil Həmid (publisist):

– Azər kiçik yaşlarından qeyri-adi uşaq kimi böyüyürdü. Yaxşı yadımdadır, o, hələ çox kiçik idi. Əsgərlikdən kim gəlirdisə, onun paltarını kəsdirib, qısaltdırıb, əyninə geyinib düşərdi kəndin ortasına, o baş-bu başa gəzərdi. Deyərdi ki, mən əsgərəm.

 

Daxili mənəvi zənginliyi ilə əməli üst-üstə düşən Əmrah müəllim kəndimizin sevilib-seçilən ziyalılarından olub. Ondandır ki, belə gözəl ailədən də Azər kimi vətəninə layiq qeyrətli oğullar yetişməsi təəccüblü deyil.

 

Şərəfli qısa ömrünü yaşayan Azər

 

Şahin Mehtiyev (Kəlbəcər ziyalısı):

Bəzən deyirlər ki, insanın adının onun taleyi ilə bağlılığı var. İkinci Dünya müharibəsində atasını itirmiş Əmrah müəllim ortancıl oğlunun adını Azər qoyur və o, 40 il sonra Azərbaycanın oğlu olur, torpaqlarımızın xilaskarlarından biri olaraq şəhidlik zirvəsinə ucalır.

Əmrah müəllim əvvəlcədən Azərin bu taleyi yaşayacağını görə bilərdimi? Yəqinki, yox. Bəs onda bu bağlılıq, bu uyğunluq haradan və nədən qaynaqlanır? İnsanın ağlına ancaq bir cavab gəlir: İlahidən!

 

Gözümüzün qabağında günü-gündən böyüyən Azərin şirin şıltaqlığı, dəcəlliyi, fərqlənən qoçaqlığı böyüdükcə saflıq, təmizlik, dürüstlük, mərdlik, qəhrəman olacaq qədər cəsarət və fədakarlıq xüsusiyyətlərinə çevrilərək onu insanlığın ən yüksək pilləsinə qaldırdı.

Azərlərin və şəhidlik zirvəsinə qalxan bütün azərbaycanlıların ruhu qarşısında baş əyirik. Onlara heç vaxt qaytara bilməyəcəyimiz borcumuzu qismən də olsa Vətənin daşı olmağımızla qaytara bilsək, nə xoş bizim halımıza.

 

Azər Mikayılovun adının digər adaşlarından daha çox tanınması da onun tale məsələsi imiş. Doğulandan alnına yazılan şərəfli və qısa ömrünü yaşayan Azər Vətənin ağır illərində uşaqlıq dövrünü əməlli-başlı keçirməmişdi. Göz açandan doğma ata-baba yurdunu düşmən tapdağında görmüşdü. Ona görə də o, hərb sənətini seçdi.

 

Mən bu igidin, qəhrəmanın haqqında söylənilənləri və yazılanları oxuduqca qəhər dolu bir sevinc də yaşayıram: nə yaxşı ki, Azərlərimiz az deyil. Nə yaxşı ki, yurdumuzun işğalına dözməyən oğullar vaxtından tez boy atdılar. Xalqımızı töhmət altından çıxaran belə oğulların ömrünü yaşadıqları beş-on illə hesablamayın, amandı. Onlar minilliklər boyu xalqımızın yaddaşına köçdülər.

 

Azərin döyüş yolundan söz açan yazılar, dostlarının fikirləri bizdə ancaq qürur doğurur. Yeriniz behişt olsun, şərəflə yaşayanlar...

 

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru

reklamlar

Digər xəbərlər