Azadlıq, müstəqillik, Vətən!

Azadlıq, müstəqillik, Vətən!
Cəmiyət 18 Sentyabr 2024 - 09:00


 

 

 

 

 

 

Qarabağ Azərbaycandır!” Zəfərinə görə

Saməddin Əmrahov kimi şəhidlrimizə,

onların ailələrinə borcluyuq

                                                      

 

Azadlıq, müstəqillik, Vətən!

 

Bir çoxları bu üç məfhumun bir-biri ilə üzvü surətdə bağlılığını dərk edə bilməz. Bunun üçün gərək canında, qanında olsun vətənpərvərlik.

 

Hər bir xalqın müstəqil yaşamağa, yaratmağa haqqı var. Amma, təəssüflər olsun ki, bu, çoxlarına qismət olmur. Azad, müstəqil yaşamaq heç də rahat əldə edilmir. Bu gün heç bir maneə olmadan təhsil ala biliriksə, heç nədən qorxmadan övladlarımızı cəmiyyətə buraxırıqsa, buna görə borclu olduğumuz  şəhid ruhları var. Hansısa adları unutmamaq və unutdurmamaq gərəkdi. Harada yaşamasından asılı olmayaraq, ömur boyu qarşısında baş əydiyimiz şəhid və qazi valideynləri var. Cəmiyyət, millət, müəllim, valideyn olaraq ən böyük borcumuz Vətən, bayraq, qeyrət, namus üçün canından, sağlamlığından keçən oğul və qızlarımızı məktəblərdə, ailəmizdə və cəmiyyətdə daima yaşatmaqdır. Çünki bir insan unudulan zaman ölər. Ona görə də biz onların adlarını yaşatmağa borcluyuq. Vətən, sadəcə, qara torpaq parçası deyil! Ölüm kimi nə qədər acı həqiqət olsa da, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” - deyiblər...

 

Belə vətəndaş və vətənpərvərlərimiz hesabına erməni vandallarının dərsini verib, 2020-ci ilin payızında Qarabağda Qələbə çaldıq. 30 illik yurd-yuva həsrətinə son qoyuldu.

 

 

Həmin oğullardan biri də Saməddin Şamil oğlu Əmrahov idi ki, 2 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 nömrəli orta məktəbin 1-ci sinfinə qəbul edilib, 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində məskunlaşıb. Ona görə də Saməddin 1993-cü ildə orta təhsilini Calut kənd tam orta məktəbində davam etdirib.

 

1996-cı ildə məktəbi bitirən Saməddin həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib. 1996-cı ildən 2020-ci ilin oktyabrın 4-dək Quru Qoşunlarda  xidmət göstərib.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Saməddin Əmrahov 2020-ci ilin oktyabrın 4-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calut kənd qəbirstanlığında dəfn edilib.

 

21-ci yüzillik olmasına, hegemon dövlətlərin demokratiya, azadlıq, ədalət şüarlarına, çıxışlarına baxmayaraq, Azərbaycanın Respublikasının başı bu əsrdə də bəladan qurtulmadı. 27 sentyabr 2022-ci ildə II Qarabağ müharibəsi başladı. İllərlə düşmən tapdağı altında olan gözəl Qarabağımız, nəhayət ki, azad edildi. Çox təəsüf ki, ağır itkilərimiz də oldu. Amma igid oğullarımızın, Müzəffər ordumuzun, Ali Baş Komandanımızın müdrik siyasəti sayəsində ərazi bütövlüyümüzü bərpa etdik. Zəfərin dadını illər sonra yeni yaşatdılar bizə igidlərimiz, canları-qanları bahasına da olsa! Artıq başımız dik, üzümüz ağ deyirik: “Qarabağ Azərbaycandır!” Bunun üçün isə şəhidlrimizə, onların ailələrinə borcluyuq.

 

Vətənimizin igid, cəsur, düşmənə qan udduran oğullardan biri, Kəlbəcər rayonunun fəxri, şəhid Əmrahov Saməddin Şamil oğlunun qardaşı ilə həmsöhbət olduq. Həqiqətən nə qədər qürurverici olsa da, bir o qədər də mənim üçün çətin oldu. Doğmasını itirən biri ilə danışmaq, şəhid haqqında olanları bölüşmək necə çətin bir an olduğunu anlamaq yəqin ki, hamıya bəllidir. Amma hər kəsə nəsib olmur tarixdə adının yaşaması, fəxrlə anılması. Bu isə şəhid ailələri üçün ən böyük təsəllidir.

 

“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edilib Saməddin. Şəhidimiz Saməddin ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.. Aysu və Şamil Əmrahovlar. Aysu hal-hazırda ADDU–də tələbədir. Şamilin isə 3 yaşı var.

Qardaşının və ətrafında olanların dediklərinə görə o, çox qayğıkeş ailəbaşçısı olub. Həm qardaş, həm yoldaş, həm dost kimi qüsursuz bir insan olub. Sanki şəhidlərimiz seçilmiş  bəndələrimzdir. Ona görə də ən uca zirvədədir şəhidlərimiz.

 

Ailədə 6 uşaq olublar. Qardaşı Xəqani deyir ki, ən gözəl xatirələrim Saməddinə bağlıdır: həm dostum, həm sirdaşım idi.

Yeri gəlmişkən, Saməddin şəhid olan vaxtlar Xəqani Əmrahov da hərbi xidmətdə, döyüşdə olub. Özünün dediyinə görə, qardaşı döyüş bölgəsində Murovdağda olmasına baxmayaraq, hər telefon zəngində Xəqaniyə özündən muğayat olmağı tapşırırmış. Hər zəngdə “inşallah yaxın vaxtda görüşərik, Kəlbəcərdə qeyd edərik qələbə sevincini”, - deyərmiş.

 

Son telefon danışıqları 25 sentyabr 2020-ci ildə olub. Saməddin həmişəki kimi, qardaşına ehtiyatlı olmağı tapşırıb, qələbəyə inandığını, hiss etdiyini deyib. Onu da xüsusi olaraq vurğulayıb ki, “Vətənimizi bu dəfə düşmən tapdağından azad edəcəyik”.

 

Kaş ki, bütün şəhidlərimiz qələbə sevincini, xəbərini özləri doğmalarına deyə biləydilər. Amma, çox təəsüf! Şəhidlik, əslində, yalnız qəhrəmanlıq deyil, Allahın dərgahında ölümün qəhrəmanlığıdır! Bizim müəllim olaraq borcumuz isə  övladlarımıza və şagirdlərimizə vətənpərvərlik hissini lap körpəlikdən aşılamaqdır. Çünki qəhrəmanları tək ailə yox, cəmiyyət və məktəb yetişdirir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Bir də onlarla bərabər, həyatı sönən, həyat eşqi bitən, amma əzmlə, dözümlə ayaqda durmağa çalışan, bayrağını qucaqlayıb övladının qoxusunu alan, “Vətən sağ olsun!” deməyi bacaran valideynlərə səbr diləyirik.

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru

 

reklamlar

Digər xəbərlər