Şəhidlik məqamına ucalan “topçu” Orxan …

Şəhidlik məqamına ucalan “topçu” Orxan …
Cəmiyət 17 Sentyabr 2024 - 13:10

Evin tək oğulu, elin, xalqın sevimlisi Orxan haqqında bilmədiklərimizdən bəzi məqamlar doğmaların, dostların dilində

 

Ata-oğul döyüşçü, şəhid, qazilər haqqında kifayət qədər əlimizdə faktlar, ətrafımızda onları uzaqdan-yaxından tanıyanlar var...

30 ilə yaxın idi ki, Qarabağ dərdi xalqımızın ürəyində sağalmaz yaraya çevrilmişdi. Bunun səbəbləri az deyildi. Ən əsası da qorxaq, qonşu malına, torpağına, daşına belə göz dikən daşnakların ikiüzlülüyü nəticəsində tarixi ata-baba yurdlarımızı itirməyimiz bizi dünyada gözükölgəli etmişdi. Çünki ikili siyasət yürüdən beynəlxalq birlik, xüsusən də münaqişənin sülh yolu ilə aradan qaldırılmasına, guya, xidmət göstərən ATƏT-in Minsk qrupunun bizə - işğala məruz qalan tərəfə ögey münasibəti, erməni xislətli olması bizi yandırıb-yaxır, maddi sərvətimizi talamaqları bir yana, mənəvi terrora da məruz qalımışdıq.

 

Nə yaxşı ki, artıq iki ildir bu əzabdan qurtulmuşuq. Bu Qələbəni bizə yaşadan isə başda  Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu, onun sıralarında xidmət göstərib daşnakların canına vəl-vələ salan cəsur oğullarımız, o cümlədən Orxan kimi şəhidlərimiz oldu.

 

Şəhidlərimizin əbədiyaşarlığı onların tanıdılmasından da çox asılıdır. Məhz gələcək nəsillərə nümunə olacaq igidlərimizin şərəfli ömür və döyüş yollarına işıq salmaq isə qələm və söz adamlarının borcudur.

 

Yolumuzu şəhid Orxan Səfiyar oğlu Mönsümzadənin doğmalarının yanından saldıq və atası Səfiyar Mönsümzadəni dinlədik: “...Orxan mən birinci Qarabağ müharibəsində döyüşdə olan vaxtı dünyaya gəlib. Bir gün mən döyüşdən qayıtdım. Bacım Orxanı qucağıma verəndə körpə məni tanımadı, ağlamağa başladı...

 

 Biz qaçqın - köçkünlük illərində kasıbçılıqla yaşamışıq, amma, buna baxmayaraq, Orxan çox əliaçıq bir uşaq idi. Əlində bir parça çörək belə olsa, onu dostlarıyla bölüşərdi. O, ailəsinə, vətəninə bağlı bir şəxsiyyət kimi böyüdü. O, çox istiqanlı, səxavətli, dostcanlı, böyük-kiçiyin yerini bilən, sözün əsil mənasında, əsil insan, əsl igid, şəxsiyyət idi.

Orxan hələ orta məktəbdə oxuyanda bir dəfə Bərdədəki Şəhidlər xiyabanına getmişdik, mənə  belə bir sual verdi:

Ata, buradakılar kimdir?

 Dedim:

- Burada yatan əsgərlər 90-cı illərdə Qarabağ uğrunda döyüşüb şəhid olan oğullardı.

Yenə sual verdi:

-          Ata, bəs torpaqları niyə azad etmədiniz?

-           

 Mən onda ona heç bir cavab verə bilmədim. Orxan hər dəfə o sualı verirdi, sanki bugün üçün böyüyürdü. Orxanla mən sanki ata-bala yox, dost, yoldaş, sirdaş idik. Hər hansı bir iş görməmişdən əvvəl mənimlə məsləhətləşərdi. Təkcə oğlumu deyil, dostumu, sirdaşımı itirdim. Bəzən öz-özümə deyirəm ki, kaş ki, mən birinci Qarabağ savaşında döyüşərkən şəhid olaydım, amma Orxan yaşayaydı. Sonra da düşünürəm ki, Orxan “atamın qisasını almalıyam”, - deyib yenə də döyüşə gedəcəkdi. Orxan məhz belə bir qorxmaz oğul idi.

 

Atam da 1941-45-ci illərin veteranı idi. Oğlum bir nəslin davamçısı oldu... Orxan topçu idi. Düz 9 il Qarabağın müdafiəsində qüsursuz xidmət etdi. “Aprel döyüşləri”ndə - dörd günlük müharibədə fəal iştirak edərək xüsusi qəhrəmanlıqlar göstərdi.

Ümumiyyətlə, Orxan işiylə bağlı evdə bir söz demirdi. Doğrusu, 2016-ci il “Aprel döyüşləri”ndən sonra dedim ki, ordudan çıx, başqa işlə məşğul ol. Amma o, əqidəsindən dönməyib dedi:

- Ata, işimi sevirəm, torpaqlarımız da işğal altındadır, mən ordudan çıxa bilmərəm! Yaxşı, bəs Vətəni kim qorumalı, işğalda qalan torpaqlarımızı düşmən əsarətindən çıxarmaq üçün səfərbər olan oğulların ata-anası yoxdurmu?

 

 Evin tək oğlu idi. Mən özüm təsəvvür eləməzdim ki, nə vaxtsa müharibə olacaq. Mən onu yolundan döndərə bilmədim. Kəlbəcəri görməmişdi, amma Murovdağ yüksəkliyi alınanda məndən muştuluq istədi.

Orxan vətən, torpaq üçün doğulmuşdu. Orxanın topu nə “Aprel döyüşləri”ndə, nə də ikinci Qarabağ müharibəsi dövrü susmadı. Ermənilər Orxanın səngərini bilərək nişan almışdılar. 28-i gecəsi mərmi düşdüyü vaxt Orxanla bərabər daha 3 əsgərimiz şəhid oldu. Bu haqda Orxanın əsgəri ilə danışmışdım. Dedi ki, "əmi, Orxan bizi blindaja saldı və dedi ki, burdan çıxmayın! Amma özü top atırdı. Bizi qorudu, şəhid oldu...

Cəyirli kənd qəbristanlığında dəfn olunub.

 

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən sonra) “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxan şəhid olanda diviziya komandiri "vuran qolumu sındırdılar", - demişdi. Orxan topu kəndirlə deyil, həmişə əliylə atardı. O, şəhid olandan sonra qərargah rəisini Orxanın yerinə göndərmişdilər. Fəxr edirəm ki, belə qorxmaz igid bir oğulun atasıyam...”

Şəhidin anası Zemfira Mönsümzadə “Orxanı çadır şəhərciyində əzab-əziyyətlərlə, palçığın, bataqlığın, yayın qızmar istisində, qışın sərt soyuğunda yarıac-yarıtox böyütmüşəm”, - deyir: “ Köçkün ailədə böyüyüb balam. 18 metr eni olan “Qarabağ kanalı” çadır şəhərciyinin yaxınlığından keçirdi. Həmişə onu sudan qoruyardım, düşüb boğular deyə, çox qorxurdum. Amma o balaca canı ilə bizdən gizlin gedib çimib, üzüb keçərdi kanalın o biri tərəfinə. Qorxusu yox idi. Kiçik yaşlarında balıq tutmağa çox həvəsli idi.

 

Bir gün öz yoldaşı ilə qışqıra-qışqıra gəlmişdi evə. Elə bildim nəsə olub, sən demə, kanaldan tutduğu balıqları gətirirmiş sevincək. Uşaq vaxtı bərk xəstələnmişdi, yanımızda həkim olmadığından, qonşu kəndə kürəyimdə apardım. Yol çox uzun idi, bunu həmişə də Orxana xatırladırdım: “...sən də məni qocalanda bu cür - kürəyinə alıb gəzdirərsən”. Onda gülərək mənə belə cavab vermişdi:

- Mən sənin kimi olmuyacam ki. Taksiylə, avtomobillə aparacam istədiyin yerə...

O günləri görmək mənə qismət olmadı. Əsgərlikdə kiçik çavuş idi. Bir gün zəng vurub dedi:

-          Ana, mən nə edim ki, temperaturam düşsün?

 Dedim:

Can bala, ilıq su ilə bədənini sil, yaxşı olacaqsan...

Oğlum hər kəsə qarşı çox qayğıkeş, mərhəmətli olub. Top komandiri kimi işə başlayanda iş yeri evə yaxın idi. Şirniyyatı çox sevərdi, yeməyi belə evdə yeyərdi. Bişirdiyim şirniyyatdan həmişə əsgərlərinə pay aparardı. İstirahət vaxtlarında da daha çox işdə  olardı. Ana kimi mən də oğlumun xoşbəxt olmağını gözləyirdim. Nişan aparmışdıq, toya hazırlaşırdıq. Bilməzdim ki, 17 sentyabr onun üçün keçirəcəyim sonuncu ad günü olacaq...

Ad günündə “mənə nə almısan”, - soruşanda boynunu qucaqlayıb, üz-gözündən öpüb “sənin hədiyyən budu”, - dedim. Qızım o anı telefona çəkib. Onunla çəkdirdiyim həmin foto son xatirə şəklimiz oldu...

 

25 sentyabrda nişanlısının ad gününü qeyd etdik, bütün qohumlar bir yerdə idik. O gün də son xoşbəxt olduğumuz gün imiş...

Axırıncı dəfə Orxan 26-da gecə evə gəlmişdi. Döyüşə hazırlıqlı olduqları üçün torpağın üstündə yatırdılar. Bərk soyuqlamışdı. “Ana, məni bankala, gedirəm,” - dedi. Onu gördüyüm, qucaqlaşdığım, qoxusunu içimə çəkdiyim sonuncu gecə oldu...

 

Orxan “Aprel döyüşləri”ndə də iştirak etmişdi. Müharibənin nə demek olduğunu bilirdi, təcrübəsi var idi. Təsəvvür etməzdim ki, Orxana nəsə olar. Həmişə ona bir şey olanda yuxuma girirdi, agah olurdu mənə. Amma bu dəfə sanki Allah əl-qolumu bağladı. Biz Orxana yalan danışıb demişdik ki, Bərdədəyik. Çünki “biz burdayıq”, - deyəndə o,  narahat olurdu. Mən balamın adını yaşatmaq üçün yaşayıram, onsuz həyat mənim üçün heç nədi...”

Şəhidin bacısı Şəbinə qardaşı Orxandan yaşca böyük olub. Ona görə də bacısı deyir ki, o, uşaqlıqdan məni  qoruyub, arxa-dayaq olub, hər zaman qayğıma qalır, “ürəyin nə istəyirsə de, mən tapıb gətirəcəm sənə”, - deyirdi. İstəyirdi ki, hər şeyim olsun. Ad günlərimdə özündə olmasa belə hardansa pul tapıb mənə hədiyyələr alardı.

 

Yadımdadır, təzə-təzə insanlar smartfon telefon işlədən vaxtları gözləmədiyim bir anda gördüm telefonuma mesaj gəldi. Baxdım ki, kontur yükləyib. Çox əliaçıq idi. Heç nədən əskikliyimiz olmasını istəməzdi. Orxan nəinki bizə, dostlarına, dəyər verdiyi insanlara qarşı ölümə gedərdi. Tanıyanlar deyirdi ki, kaş, bizim də qardaşımız səninki kimi olaydı.

 

...O günlər üçün çox darıxıram. Orxanla 26-si gecəsi görüşdük. Qapıdan çıxanda “qəhrəmanlıq eləmə, özünü qoru”, - demişdim. 27-si səhəri müharibə başlayanda müvəqqəti evdən çıxmaq məcburiyyətində qaldıq. Çünkü ermənilər yaşayış yerlərinə zərbələr endirirdi. Müvəqqəti Ağdamın Quzanlı qəsəbəsinə getdik. Orxan təkidlə tələb etdi ki, “Ağdamdan çıxın, bu, əvvəlki müharibə kimi deyil”.

 

Biz yenə də getmədik. Tez-tez zəng vururdu. Gördü ki, mümkün deyil, atam getmək istəmir. Mənimlə danışdı: “Bacı, heç olmasa, sən de ki, qorxuram, getmək istəyirəm, de... məcbur et, evdən çıxsınlar".

Biz heç vaxt nə müharibədən, nə ölümdən, nə də nankor ermənidən qorxmamışıq. Qardaşım da, mən də, ailəmiz də belə görmüşük.

 

Orxanla sonuncu danışığım o gün oldu. Atamgil məni 29-u gecəsi məcburi surətdə Bərdəyə göndərdi. Həmin gecəni xatırlayanda sanki o günü təkrar yaşayırmış kimi oluram. Anamın fəryadı hələ də qulağımdadı. Şoka düşmüşdüm, inanmırdım. Mən tabut gələnə qədər “yaralı” təsəvvür edirdim. Ümidli idim ki, o, yaralı qayıdacaq. Amma bayraq qapıya asılanda, tabut evə daxil olanda, bu sətirləri yazanda belə göz yaşlarıma hakim ola bilmirəm.

 

Mən üç-dörd ay Orxanın səs yazmalarından, videolarından uzaq durdum, baxa bilmədim. Şəkilləri yan-yana qoyub paylaşa bilmədim. Düşünürdüm ki, necə yəni, Orxan ölə bilər?

 

Qəbul etməyim çətin oldu. Xarakter olaraq həmişə güclü görünməyə çalışmışam. Bu üzdən də fəryad edib özümü zəif göstərmək istəmədim. Bu səbəbdəndir ki, yalnız gecələr yastığa başımı qoyanda ağlamışam. Bu iki xüsusiyyətdə bir-birimizə çox oxşayırdıq. Hər zaman demişəm ki, mən Orxanın bacısıyam. İndi isə qürurla deyirəm: “Mən şəhid top komandiri Orxanın bacısıyam”! O topçu ki, əli, üzü yanıb, xəstəxanaya aparıblar. Həkim deyib ki, qal burda, yaraların sağalsın, sonra gedərsən. Qayıdıb deyib ki, "mən getməliyəm, vəssalam. Bir dəqiqə belə burda qala bilmərəm, yoldaşlarım məni gözləyir"!

 

Dayıma deyibmiş ki: "Əlim yanıb, xəstəxanaya gedirəm, amma söz ver ki, atamgilə bu barədə heç bir söz deməyəcəksən”.

 Düşünürəm ki, bəlkə də dayım bizə bildirsəydi, qardaşım bu gün həyatda olardı. İndi isə mən, həmin topcunun bacısıyam...

Qardaşımla fəxr edirəm...

 

Bizim üçün elə şərəfli ad qoyub gedib ki, bir tərəfimiz acı çəkir, digər tərəfimiz qururlanır. Kaş, hər birimizə belə şərəfli ölüm qismət olaydı...

Şəhidlərimiz Azərbaycan, Qarabağ üçün şanlı bir tarix yazdılar. Təkcə qardaşımla deyil, şəhidlərimizin hər biri ilə qürur duyuram. Onların haqlarını nə etsək də, ödəyə bilmərik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin”!

 

Şəhid topçu komandirin əsgəri Məlik Cəfərov isə ötənləri xatırlayaraq deyir ki, 2020-ci il, avqustun 15-də Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissəyə bölünmüşdüm. Orada Mönsümzadə Orxanın əsgəri olmuşam: “...Bu müddətə kimi bəlkə də onun qədər gənc əsgərlərə yaxşılıq edən bir komandir olmayıb. “Aprel döyüşləri”ni görmüş, barıtın iyini duymuş bir insan idi. Döyüşlərdən bir həftə qabaq məndən və bir neçə əsgərdən sorğu-sual etmişdi: “...Mülki həyata qayıtsan, ilk olaraq dükandan nə alardınız”? Biz də hərəmiz bir nümunə gətirmişdik. Həmin günü komandirimizin atası Səfiyar dayı öz “Jiquli”si ilə bizə bazarlıq edib gətirmişdi. Hər bir əsgəri sevindirmişdi. Masa arxasında özü bizimlə birlikdə oturub ürək-dirək verib dedi ki, “heç nədən qorxmayın, siz bu Vətənin keşiyində duran mərd əsgərlərsiniz”!

 

Döyüş başlayan günü biz ona baxıb ilhamlanırdıq. Çünki mərminin səsini eşidib sığınacağa girmirdi. Deyib-gülürdü, elə bil heç döyüşdə deyildi. Əsgərləri qoruyurdu, deyirdi ki, siz girin içəri, mən özüm həll edəcəm. Hamı topu iplə atanda o, çaxmaqdan çəkirdi. Onun bir sözü var idi: "qanı qanla yuyarlar...”

 

2020-ci il sentyabrın 17-də onun ad günü idi. Əsgərlər onu o qədər çox istəyirdilər ki, komandir heyətində heç birinin ad gününü bilmirdik, amma əsgərlərlə atışdıq, hər axşam gedirdik kazarmanın əsgər çayxanası deyilən yer vardı, orada oturub çay içirdik, əsgərlərlə pul toplayıb onun ad gününü orada qeyd elədik. Biz batereyanın yeni əsgərləri idik. Digər komandirdən bir şey öyrənirdiksə, ondan beşqat artıq öyrənirdik. Çox ciddi və tələbkar idi. Top atmağı bizə o öyrədibdi. Növbəti gün öyrətdiyini bizdən soruşardı. Məhz bu tələbkarlıq sayəsində 44 günlük döyüşdən baş çıxara bildik.

 

Dərs vaxtı tələbkar idi. Problemim olub, hər kəs kimi mənim də problemimi həll edib. Döyüş günü, döyüşdən əvvəl də ürək-dirək verirdi bizə. Deyirdi ki, bu formanı geyinmisənsə, sonuna kimi döyüşməlisən, fərqi yoxdur, yanınızda kim yaralandı, kim şəhid oldu, döyüşü saxlamalısan! Amma o şəhid olanda bütün toplar dayandı, onunla bərabər Ağakişiyev Nurlan da şəhid oldu. Hüseynov İlqar isə yaralandı və maşında yolda şəhid oldu...”

 

Orxanın döyüş yolundan danışan topçu Məlik Cəfərov xatirələrini bircə-bircə yada salıb deyir: “...Yaxşı yadımdadı, mərmi düşəndə bir dəfə də olsun, gözünü qırpmadı. Çünki o, 2016-cı ildə “Aprel döyüşləri”ndə, səhv etmirəmsə, artreliyada olmuşdu. 28-də axşam atışma başladı, hamı sığınacaqdaydı. I top komandiri o, idi. Mən isə II topda. Əslində, tağım komandiri kimi hər iki topa o baxırdı. Ora mərmi düşdü, qəlpə hər tərəfə yayıldı, Orxan ölümün gözünə dik baxaraq topun yanında şəhidlik məqamına ucaldı. Onun bir qolu yox oldu. Sabahısı gün torpağın içindən Bilal tapıb gətirdi.

 

O, şəhid olandan sonra biz tək onun yox, bütün şəhidlərimizin qisasını aldıq. Düzdür, onun bronjletini gətirdilər, amma şəhid olanda əynində bronjlet yox idi. Olsaydı belə, onu qoruya bilməzdi. Çünki qəlpənin biri başına dəymişdi, biri isə qolunu dibdən götürmüşdü.

Oktyabrın 1-də bizim qərargah rəsi şəhid oldu, həmin bronjletləri yuduq. 5 gün biz qəti şəkildə özümüzə gələ bilmirdik. Sonra ümumi batareyanı vurdular, biz ordan çıxdıq, ora xiyaban kimi qaldı. 1 ildən sonra mən təxris olundum. Bu müddətdə də onun kimi bir igidi görə bilmədim.

 

Kaş ki, sağ olaydı. O insanla heç bir kəs əlaqəni kəsməzdi. Hətta biz şahidi olduq ki, komandirin əvvəlki əsgərləri ona yazır. İndi də həmin divizyonda onun kimisini görə bilməzsiniz. Onun güclü hissiyatı var idi. Şəhid olmamışdan iki saat əvvəl şəhid olacağını  hiss eləmişdi. Tez-tez deyirdi ki, şəhid olacam. Deyirdik, komandir, bu gedişlə mümkün deyil. Onun gözündə heç bir qorxu yox idi. Digər tağım komandirinin müavini, çavuş İbrahimov Tural da yaralandı. Onu yaralı vəziyyətdə səngərdən mənimlə bir MAXİ çıxardı. Ona da deyirdi ki, İbo, İbo mən şəhid olacam. Hər şeyi də telefona çəkirdi. Telefonun içindən də qəlpə keçmişdi. Aparıb ustaya göstərdim, lakin əvvəlki vəziyyətinə gətirə bilmədi ki, içərisində olan məlumatları götürək. Biz onun qorxmazlığını kənardan eşitməmişik, gözlərimizin şahidi olmuşuq...”

 

Şəhidin sinif və döyüş yoldaşı, gizir Seymur Behbudov 2016-ci ilin “Aprel döyüşləri”ndə yüksək səviyyədə iştirak etmisdi. Atdığı “D-30” topundan düşmənə ağır zərbələr vurmus, xeyli silahlı quldurları - erməniləri öldürmüşdü. O da döyüş və sinif yoldaşı Orxanın əsl Azərbaycan oğlu olmasından qürurla söz açır: “Orxanla aramıızda belə bir şərt kəsmişdik: “kimin toyu birinci olsa onun toyuna 500 manat salacağıq”. Əvvəl Orxan nişanlı oldu, mən onun toyuna pulu salmağa günlər sayırdım... Çox əfsuslar olsun ki, II Qarabağ döyüşlərində düşmənə ağır zərbələr endirən zaman qarşı tərəfdən atılan minaatan mərmisi onu ağır yaralayıb və... Onunla son danışığımız şəhidlik zirvəsinə ucalmamışdan yarım saat əvvəl olmusdu. Son sözləri belə oldu: “...Seymur, diqqətli ol, torpaqları geri qaytardıqdan, azad etdikdən sonra oturub bir yerdə qələbəni qeyd edərik...”

 

Mən belə bir dostu itirmişəm. Dost itkisi ağır olur, hətta, doğmalardan da. Orxan kimi igid, qorxmaz oğullar hesabına bu gün qürurla gəzirik. Düşməni məhv eləmişik. Ruhları şad olan şəhidlərimizə Allah rəhmət eləsin!”

Keçmiş döyüşçü Amil Nurullayev də çavuş Mönsümzadə Orxanın əsgəri olub. Ona görə də komandiri haqqında ürəklə danışır. Deyir ki, o, bam-başqa bir qismət idi: “O, həm öz əsgərini, həm də bölükdəkilərin hamısını sevərdi. Qətiyyən ayrıseçkilik etməzdi. Çox ədalətli komandir idi. Kaş, elə bütün hərbiçilər onun xasiyyətdə olaydı. Əsgərlərin üzündə hər zaman gülüş yaradardı. Hətta kənardan yemək sifarişi edərdi, deyərdi: "Qaqa, rahat olun, yeyin, xidmət xidmətdi, kənarda qardaşıq"...

 

Bizə belə qayğı göstərərdi. Əsgərlərə özü ləqəb qoyardı. Topun əhəmiyyətini geniş izah edər və bizə “topu sevin, sizin üçün burda dəyərli nə varsa odur, onu qoruyun ki, o da döyüş günü sizi qorusun”.

9 illik xidmətində “Aprel döyüşləri”ndə də iştirak etmişdi igid komandirimiz. 2 topu təkbaşına özü hədəfə tuşlamış, mərmi ilə doldurmuş, idarə etmiş, hədəfi tuşlayıb vurmuşdu. Nəhayət, döyüş başlayanda çox həvəsli idi. Onun videolarından da görə bilərsiniz necə sevinir, necə şən idi. Amma, buna baxmayaraq, heç bir əsgəri sığınacaqdan çıxmağa qoymazdı. Elə biri mən özümü. Əsəbləşib deyərdi ki, çıxma ordan! Özüm atacam topu, əsas sizə heç nə olmasın...

Ordumuz Kəlbəcərə daxil olarkən xəbəri eşidən Mönsümzadə: "bu xəbəri eşitdimsə, rahat şəhid ola bilərəm”, - dedi. Sonra da əlavə etdi ki, “inşəallah salamatçılıq olsun, orada da xidmət edərik".

 

 Döyüş vaxtı deyirdi ki, mənimlə doyunca vaxt keçirin, bir azdan şəhid olacam... Elə belə də oldu... Döyüş vaxtı heç kim özünü itirməsin, həyəcanlanmasın deyə hamını güldürüb mənəvi dəstək olardı. Anasıyla da danışdı o gün, dedi: “Biz tərəflər sakitçilikdir, axşam gələcəm evə...”

Amma həmin danışıqdan 30 dəqiqə sonra şəhid oldu... Bir sözlə, əsgərə həm komandir, həm qardaş kimi yaxın idi o insan.

O gün hava yavaş-yavaş qaralırdı. Səngərdə durmuşduq, komanda qəbul edirdi Orxan. Həmin anda səngərdəki qəlpə tutdu onu. Eləcə səngərin içərisində də şəhidlik zirvəsinə ucaldı. Onunla birgə Əsgər Ağakişiyev, Nurlan Etibar oğlu və İlqar Hüseynov da şəhidlik zirvəsinə ucaldılar. Eyni gündə 3 şəhid verdik...

 

Bircə bunu deyə bilərəm ki, onun intiqamını aldıq.  Daha doğrusu, 2-ci bölüyün topu aldı. Mönsümzadə Orxanı vuran minaatanın düz lüləsinin içindən vuraraq həm qurğunu, həm də partlayış nəticəsində onun heyətini məhv etdik...”

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru


reklamlar

Digər xəbərlər