Qəfil gələn “sevgi” (hekayə)

Qəfil gələn “sevgi”  (hekayə)
Mədəniyyət 15 İyul 2024 - 18:00


 

Sonuncu kursda oxuyurdum. Unverisidetdən çıxanda tələbə təqaüdümü alıb Akademiyanın bağında ağacların kölgəsində oturacaqda əyləşdim. Pulun çox hissəsini Məmməd Arazın çantdamda gəzdirdiyim şeirlər kitabının arasına, qalanını da pul kisəsi ilə bərabər, düyməli, enlı çantama qoydum.

 

Kölgəlik olsa belə, istidən bağda oturmaq mümkün deyildi. adamların çoxu yol kənarında çətir altında dayanan su satanı dövrəyə almışdı. İstədim su alım, amma fikrimdən daşınıb sürətli addımlarla “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəldim. Girişdə olanlar üst geyimləri qolları üstündə, çantalarının qayışını çiyinlərinə aşıraraq aşağıya doğru hərəkət edirdilər.

 

Üzü aşağı enən eskalator hərəkəti nizamlayırdı. Aşağıda həddindən çox adam vardı. Çətinliklə inkan tapıb vaqonların qapıları açılacaq xətdə dayana bildim. Qatar qışqır-bağırla gəlib dayandı. Qapılar taybatay açıldı, vaqondan çıxmaq istəyənlər belə çıxmağa macal tapmamış, əksəriyyəti cavanlar, tələbələr olan insan dalğası qatara minmək istəyənləri arxadan içəriyə itələyirdilər. Qapının yanında dayanan cüssəli bir oğlan qolumdan tutdu və məni özünə doğru çəkdi. Məndən sonra gələnlərin hərəsi bir tərəfə dəydi. Səs-küyün qışqır-bağırın qalxmasına baxmayaraq, qapılar bağlandı.

 

Qatar  tərpəndi. Özümdən asılı olmayaraq xilaskarım olan oğlanın qolları arasında sıxılmış vəziyyətdə qalmışdım. Dartınmağın, çəkinməyin yeri deyildi. Yazıq bir göyərçin kimi qartal qanadlı oğlanın sinəsinə sıxılıb, başımı aşağı salaraq dinməz dayanmışdım. Özümdə təpər taparaq qaşlarımı yuxarı dartıb, kipriyimin altından oğlana baxdım. Sanki qatara mindiyimiz andan bu oğlan gözlərini qırpmadan mənə baxırmış. Qalın qara qaşlı, zəhmli gənc gözümün içinə baxa-baxa sol əli ilə məni qucaqlamışdı. Sıxlıqdan daha “səmərəli” istifadə edərək əlini belimə qoyub, barmaqları ilə özünə doğru sıxırdı. İstəsəm də, istəməsəm də, tabe olmağa məcbur idim.

 

Oğlanın hündür boyuna, üzünün qız sifəti kimi göyçəkliyinə, şax ütülənmiş köynəyinə, qalstukuna diqqət yetirdim. Getdikcə onun həniri bağrımı çatladır, ətli sinəmi yandırırdı. Duyğulara qapıldım. Həyatda nə oğlan, nə də qız hiss edə  bilməz ki, onun taleyinə yazılan əsl məhəbbət nə vaxt və harada gələ bilər. Məhəbbətin gəlməyi üçün yer-yurd önəmli deyil. Qızılquş qəfil şığıyıb şikarını caynaqlarına alan kimi, məhəbbət də gələndə xəbərsiz-ətərsiz gəlir.

Neynəməliyəm?..  İndiyədək bütün həyatımı oxumağa, təhsilə bağlamışam. Yalançı sevgilərdən uzaq olmuşam.  Düşünmüşəm ki, mənə layiq bir oğlan rast gələrsə, “hə” cavabımı əsirgəmərəm.

 

Yaşlı, ailəli adamlar, həmişə “məhəbbətin gözü kor olur” deyirlər. Bəlkə də bu cür yaxşıdır. Oğul ona deyirəm, elə gözüyumulu halda gələcək taleyini bağlayacağı birini seçə bilsin. Qurduğum bu xəyal sarayında qatarın qəfil dayanması sanki məni yuxudan ayıltdı. Yenə oğlanın qolları arasında idim. Öz yuvasını tapmış quşcuğaz kimi sığınmışdım köksünə.

 

Qatarın necə getdiyini, harda dayandığını, hiss eləmədim. Hələ də vaqonun içərisində adamlar bir-birinə sıxılmış vəziyyətdə idilər. “Gənclik” stansiyası elan olundu. Vaqon boşalmağa başladı. Artıq mən də qara qaşlı oğlanın qolları arasından xilas oldum. Qəribə bir mənzərə yarandı. Gözümün içinə baxa-baxa oğlan durduğu yerdən aralanıb, vaqondan çıxdı. Mənim üçün bir qədər uzanan vaxtda kəlmə belə kəsməyən, telofon nömrəsi verməyən cavan sürətli addımlarla gözlərimin önündən itib yox oldu.

 

Saplağından üzülüb yerə düşən nar kimi partlayıb yerə səpələndi qurduğum xəyallar. Sən getdin elə bil, dünyam boş qaldı – deyə özümə təssəlli verdim. Bəlkə məni sınayır. Yəqin sonrakı günlərdə mindiyim vaqonun qapısı ağzında eyni vaxtda yenə məni gözləyəcək. Əlində sevgi dolu gül dəstəsi gələcək. Adətim üzrə “Qara Qarayev” stansiyasında düşdüm. Hələ də özümdə olmadığıma görə metronun içərisindəki boş skamyada oturdum.

 

Düşdüyüm hal ürəyimi göynədirdi. Ayaqlarım tutulmuşdu. Bir az özümə təsəllü verib, təskinlik tapandan sonra metrodan çıxdım. Su satana yaxınlaşıb su almaq istədim. Pulu vermək üçün çantamı açdım. İçərisindəki pul kisəsi yox idi. Kitabı araladım. Pullar yerində idi. Amma pul kisəsi yoxa çıxmışdı.

 

Elə bil, başıma bir qazan qaynar su tökdülər. Aldığım suyu qaytardım... Düşündüm... Axı məni oğlan elə xilas etdi ki, çantama cibgirin girməsi mümkün deyildi. Demək, qara gözlü oğlan özü sol əli ilə məni köksünə sıxdığı halda, sağ əlilə çantama səyahətə çıxıbmış...

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Araşdırmaçı-jurnalist,

Prezident təqaüdçüsü

 

reklamlar

Digər xəbərlər