“Mən sağam” (hekayə)   

“Mən sağam”     (hekayə)   
Mədəniyyət 16 İyul 2024 - 19:08


 

 

1941-ci ilin mart ayı idi. Qışın sərt keçməsi özünü elə göstərmişdi ki, adamlar hələ də yazın girməsinə inanmırdılar. Ağaclar xurustal buz örtüyünə bürünmüş, yer qar yorğanı altında qalmışdı. Yollarda zəncirli traktorların açdığı cığırlar donmuş, yol kənarında buzlar dikinə basdırılmış bıçaq kimi şişmişdi. Bütün bunlara baxmayaraq, kənd cavanları çərşənbələrdə, canfəşanlığı davam etdirir, Novruz bayramına hazırlaşırdılar.

 

Həyətdə otdan-alafdan uzaqda  çırpı, şax-şəvəl toplayır, bel dəstəyi kimi olan ağacların bir ucunu dörd yerə bölur, əski parçaları ilə aralarını doldurub, məftillə möhkəmcə sarıyırdılar. Ağ neft tapanlar hazır olan lopanı qabaqcadan islağa qoyur. Neft tapmayanlar da lopanı mazuta batırırdılar. Qızlar öz qardaşlarının köməyinə gəlir, iri ağacların uc hissələrinə pambıq dolayırdılar.

 

Bu budaqlar bayram axşamı neftə batırılaraq hündür bir yerdə bərkidilir və ya bağlanırdı. Budaqdakı neftə batırılmış pambıq yananda ətrafda əsrarəngiz bir mənzərə yaranırdı. Gecənin qaranlığında yanan şamlar şölə saçır, qarda əks olunaraq gecəni gündüzə döndərirdi. Son çərşənbə şadlığı başa çatan gün başqa bir evdə bir şadlığın başlanması gözlənilirdi. Həmin gün kənd cavanlarından biri Fərman sevib-seçdiyi gözəllər gözəli Gülnazla evlənirdi.

 

Kənd əhli soyuğa-qara baxmayaraq, üstü örtülü çardağın altında toyda iştirak edirdilər. Bayram bayrama qarışmışdı. Həzin zurna səsi çoxlarının sümüyünü oynatdığından adamlar yallı gedirdilər. Həmin gün el şənliyi ­­– toy başa çatdı. Yeni bir ailə quruldu. İki gənc öz arzusuna qovuşdu. Demək olardı ki, qanın qaynayan vaxtında qışın ötməsini, bayramların keçməsini belə, hiss etmədilər.

 

Məhəbbət şərabı onları elə bihuş eləmişdi ki, bir də ayılanda gördülər, ətrafdakı yamyaşıl ağaclar dümağ çiçəklərə qərq olub. Qonum-qonşular, qohumlar bu ailənin ən xoşbəxt ailə olacağına inam bəsləyirdilər. Ona görə ki, ailənin təməli bayram günlərində qoyulmuşdu.

 

Fərman evlərindən bir az aralıda yerləşən məktəbdə biologiya müəllimi işləyirdi. Qabaqcıl şagirdləri cəlb eləməklə özü də gedib meşədən cavan ağac zoğlarını kökündən çıxararaq gətirib məktəbin hasarı dibində yol boyunca əkdirirdi. Küçənin başında dağın dibində yerləşən Əhməd kişinin bulağından axan su arxla gəlib əkilən ağacların dibindən keçir, aşağıda dərəyə tökülürdü.  Əkilməsindən bir ay keçməmiş ağaclar göyərib yarpaqlamağa başladı. Fərman müəllim tutduğu işə görə çox sevinirdi. O, deyirdi:

– Ağac da insan kimidir. Ağacın da qol-budağı, qohum-əqrabası, xeyirxahlığı var.  Biz əkdik, qoy gələcək nəsillər xeyrini görsün, kölgəsində dincəlsin.

 

Günlərin birində Fərman evə qayıdanda həyətinin gülü-gülüstanı olan Gülnaz onu təbəssümlə qarşıladı.  Fərman ətrafa göz gəzdirdi. Gəlib ­­– eləyən yox idi. Dedi:

– Sevgilim, təbbəsüm sənə nə gözəl yaraşır. Sən həmişə gülümsə ki, övladlarımız da, sənə oxşasın, gözəl olsun.

Gülnaz ərini bərkə-boşa çəkmək istəmədi:

     Əzizim, bizim uşağımız olacaq.

 

Fərman qollarını geniş açaraq onu qucaqlayıb, başı üstünə qaldırdı:

– Mənim həyatım! Mənim eşqim! Mənim məhəbbətim! Yaşa səni! Yaşa səni! Deyib Gülnazı özü bərabəri endirdi. Başını qucaqlayıb, o üzündən – bu üzündən öpdü.

 

Onlar beləcə şad-xürrəm ömür sürdükləri bir zamanda bir gün səhər tezdən hamını dəhşətə gətirən xəbər bütün kəndə yayıldı. Camaat kəndin mərkəzinə doğru qaçırdı. Məktəbdə dərs dayanmış, zəng susmuşdu.

 

Alman faşistləri ölkəmizə təcavüz etmişdilər. Hər kəsin üzündə təbəssüm yoxa çıxmışdı. Atalar-analar bir anda yüz ilin qocasına dönmüşdü. Gözlərinə qara su enmişdi. Bu bəd xəbər nəticəsində yanıb, cızdağı çıxanlardan biri də Gülnaz idi. Axı, onun əri də müharibəyə getməli olacaqdı. Bax beləcə, müharibə kənd cavanlarının yaşı düşənlərini süpürgə kimi süpürüb apardı. Fərman da o süpürgənin qabağına düşdü. Əyninə hərbi formanı geyinəndə gözləri yaşardı. Amma özünü toparlayıb, yalandan gülümsəməyə çalışdı:

– Sevgilim, məndən narahat olma. Uşağımızdan muğayat ol. Övladımızın xatirinə, sənin xatirinə mütləq qayıdacağam.

 

Bu, Fərmanın, son sözləri oldu. Kənddə qalan qocalar, uşaqlar, xəstələr, şikəstlər, bir də “oğlum” deyib heygirən analar və qız - gəlinlər oldu. Bundan sonra taqəti olan da, olmayan da, əkib becərməyə girişdi. Kənddə taxıl tədarükü başlandı. Müharibəyə göndərilən paydan sonra hərəyə bir ovuc buğda düşdü. Yayın isti, qaynar günləri arxada qaldı.

İndi payız küləkli, yağışlı havaları ilə insanların canına üşütmə salırdı. Gülnaz da qışa hazırlıq görürdü. Bu işdə ona qayınlarının və qardaş-bacılarının uşaqları kömək edirdilər. Gülnazı bir an belə tək buraxmır, gözdən qoymurdular.

 

Vaxt-vədə dolandı, Gülnazın gözəl-göyçək bir oğlu dünyaya gəldi. Adını Zəfər qoydular. Zəfər üç aylıq olandan sonra Gülnaz oğlunun xatirinə, daha çox işləyirdi. Hətta boş tövləyə bir inək də alıb bağladı. Quş qanadlı aylar bir-birini əvəz eləməyə başladı. Zəfər oturub qığıldayanda  Fərmandan məktub gəldi:  “Əzizim, darıxma, uşağımızdan muğayat ol, bu əclafları  məhv edən kimi geri dönəcəyəm”

 

Müharibənin qızğın çağlarında  Fərmandan bir neçə məktub da gəldı. 1945-ci ilin mart ayında Fərmanla Gülnazın evlənməsinin ildönümündə müharibədən gələn şad xəbərlər hamıda ruh yüksəkliyi yaratdı. Faşistlər  ölkəmizdən qovulurdu.

Nəhayət, Qələbə çalındı. Qalib əsgərlərimiz evə dönməyə başladılar.  Amma itkilər də çox olmuşdu. Qayıdanlardan kiminin  bir ayağı, kiminin bir qolu, kiminsə əli yox id. Kiminin də heç yeri-yurdu bilinmirdi.

 

Qara kağız gələnə gəldi, gəlməyən də içini çəkdi, susdu. Gözləri yollarda qaldı. Ondardan biri də Gülnaz və oğlu Zəfər idi. Fərmandan xəbər-ətər bilmirdilər. Qara günü ilə barışan Gülnaz bircə ciyərparasını böyütməyə başladı. Bu işdə müharibədən qayıdan qayınları, qardaşları ona yardım elədilər. Əmiləri və dayıları elə isti münasibət göstərdilər ki, Zəfər özünün yetim olduğunu hiss eləmədi. Bir şeylə fəxr elədi ki, onun atası müharibədə həlak olmuşdur.  Zəfər böyüdü. Məktəbi qurtardı. Ali məktəbə daxil oldu. Təhsilini başa vurandan sonra evlənib şəhərdə qaldı.

 

Dəfələrlə təkid etsə də, anası ər evini, yurdunu buraxmayacağını söylədi. Dul qalan qadına evlilik təklif edənlər də tapıldı. Gülnaz onların hamısını rədd elədi. Ərini gözlədi. Günlərin birində poçtalyon məktub gətirdi. Məktub böyük olduğundan üstü qəribə şəkilli markalarla dolu idi.

 

Gülnaz qarışıq düşüncələr içində zərfi açdı. Məktub demək olar ki, ağ kağızdan ibarət idi.  Amma ortasında bu sözlər yazılmışdı:

– Mən sağam.

Bu iki söz özünü dünyalarca xoşbəxt hiss etmək üçün Gülnaza kifayət idi. Deməli, əri ölməyib, o sağdır. Şad xəbəri hamı eşitdi. Qayınları və qardaşları sevincdən ailəli-uşaqlı onun evinə toplaşdılar. Məktubu müzakirə etdilər.

 

Ünvansız, iki kəlməlik məktub birini deyir, qalanını demirdi. Onsuz da tənhalığa öyrəşən Gülnaz ərini gözləməkdən gözlərinin kökü saraldı. Naməlum məktubdan sonra heç bir səs-soraq çıxmadı. Yazıq qadın evə də girmir, divarın dibində taxtadan düzəldilən skamyada elə hey oturur, otururdu.

 

Vaxtı ilə ərinin əkdiyi, artıq böyümüş olan ağaclara tamaşa edə-edə günləri başa vururdu. Bir gün də kəndə xəbər yayıldı ki, Gülnaz arvad oturduğu skamyanın üstündə keçinib.

Fərman kəndə gəlib çıxanda onun sevimli Gülnazının qırx mərasimini təzəcə yola vermişdilər. Camaat həyətdəki qara çadırı sökməklə məşğul idi...

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

 

reklamlar

Digər xəbərlər