Ölümdən betər (hekayə)

Ölümdən betər     (hekayə)
Mədəniyyət 17 İyul 2024 - 16:04


 

Bu kəndin arvadları var ha, çox qəribədirlər. Elə bil, ya mərkəzi televiziyada işləyirlər, ya da radionun xəbərlər bürosunun əməkdaşlarıdırlar. Xəbər də, xəbərdi. Beş dəqiqənin içində kəndə xəbər yayıldı ki, Zümrə kəndindən olan traktorçu Cinni Sofu, Tağının qızını götürüb qaçdı. Dizinə döyən kim, başına çırpan kim, aləm dəydi bir-birinə. Öz aramızdı, təlaş da havayıdan deyildi. Cammat bilməsə, danışmazdı. Sofu əksər kəndlərdə özünün haylı-küylü traktoru ilə kiminsə torpağını şumlayar, odun gətirər, yol-iz açardı. Bədbəxt oğlu elə cavanlığından davakar idi. Ona Cinni Sofu deyirdilər.

 

Sofu da canında olanı yaxşı bildiyi üçün cırnamaz, bığaltı belə qımışsa da, üzünün cizgilərini daha da qırışdırardı. Tağının həddi-buluğa çatmamış qızını da götürüb qaçmasına hərə bir əfsanə qoşurdu. Adamlar üç bir, beş bir bir yerə yığılanda nağıllaşırdılar:

– Əşi, nolsun, hər gün ki, cinnidir. O da bir kişinin oğludur. Davakar olsa da, işləyəndir, qoçaqdır, çörək qazanandır. Yaşayarıq, görərik. Heç kim kiminsə haqqında tam-doğru məlumat verə bilməz...

Bax belə söz söhbətlər olar, hərə öz evinə gedərdi. Adamlar hər gün Cinni Sofu haqqında yeni-yeni məlumatlar öyrənmək istəyirdilər. Deyilənə görə, o, elə ilk gündən özünü təzə gəlinə göstərmək üçün evdə əl-ayağa dolaşan boz pişiyin başını kəsərək bir küncə atmışdı...

Bax, beləcə aylar keçdi, illər bir-birini əvəz etdi. Cinni Sofunun uşaqları dünyaya gəldi. Sofu öz cinniliyini nəinki kəndə, hətta arvadına və uşaqlarına da göstərdi. Onlarla sərt davrandı. Qışqır-bağırla danışdı. Bəzən söyüş “paylarını” da verirdi.

 

Muxtarın qızı Məleykə ilk vaxtlar Sofuya uyğunlaşa bilmirdi. Ərinin sərt baxışları onu vahiməyə salırdı. Tək qalanda xısın-xısın ağlayır, taleyi ilə barışmağa çalışırdı. Düşünürdü ki, neyləyə bilərəm, kişidi, iş-güc adamıdı?! Məleykənin özünün də hırım-mırım kişilərdən xoşu gəlməzdi. Bəzi kişilər qadınsayağı qeybət edir, öz-aralarında söz gəzdirirdilər.

 

Hər dərdə dözən, əzab çəkən Məleykə də günü-gündən gözəlləşir, gözə gələn qadın biçiminə düşür, geydiyi hər bir paltar ona yaraşırdı. Paltarlarının hamısını özü biçib, kəsib əl maşınında tikirdi. Həm də özünə fikir verir, cazibədar olur, cinninin cinlərini öldürmək üçün onu dəyişib özünə əsil ər etmk istəyirdi. Amma Cinni də cinni qohumları ilə əlaqəni kəsmir, arvadının məqsədini oxuyurmuş kimi, onunla daha da sərt davranırdı. Hirsini göstərmək üçün bəzən də stolun üstündə olan qab-qacağı sındırır, yeri oldu-olmadı dava salırdı. Çanaq da yazıq Məleykənin başında çatlayirdı.

 

Bir dəfə Cinni nəyisə bəhanə edərək Məleykəni palaz çırpan kimi çırpmağa başladı. Orta-boylu, iri qaragözlü, çatma qaşlı Meleykə iki qatlanıb kötək yeyirdi. Yazıq uşaqlar arxada cərgələşib ağlaşırdılar... Onların bağırtısını nə eşidən vardı, nə  görən,  nə də Cinliyə insaf gəlirdi. Birdən böyük qızı əlini uzadıb, şallaqdan yapışdı. Ağlaya-ağlaya:

     Anamı döymə! Döymə anamı! Sən necə atasan?—deyə qışqırmağa başladı.

      

Qardaşı Məlik də bacısına qoşuldu. Bir yerdə qışqırmağa başladılar. Cinni məğlub olduğunu görüb əlində olan şallağı kənara ataraq evdən çıxdı, harasa getdi və gün ərzində evə gəlmədi... Döyülməkdən xilas olan Məleykə uzun-dağınıq saçlarına əl-ucu göz yaşını silə-silə sığal şəkdi. Onu müdafiə edən balalarını bağrına basdı, yetimlərə məxsus bir tərzdə ağlamağa başladı. Yerdə oturub qışqıran iki yaşlı Zaman sanki hər şeyi anlayirmış kimi qalxıb anasına sarıldı.

 

Bu əhvalatdan sonra Məleykə bilmədi nə etsin, dərdini kimə söyləsin? Bu Cinni Sofunun zülümündən necə qurtarsın? Üç balasını hara qoysun? Ata evində də boş yer yoxdur. Qardaşları evlənib, gəlinlər mülkü bölüşdürüb, ev-eşik sahibi olublar, yazıq ata-ananı da balaca bir otağa ayırıblar.

 

...Düşüncələr Məleykəni didib-parcalayırdı. El-oba içində məhşur olan Cinni də dəyişilmir, əksinə getdikcə sərtləşirdi. Bəlkə də Sofunu cinni edən heç kəsə məlum olmayan bir səbəb vardı. Bu səbəb Məleykədən başqa hamıya bəlli idi. Amma elə şey yoxdu. Əgər olsaydı, simsiz-telqraf olan kənd arvadları indiyədək onun qulağına çatızdırmışdılar. Məleykə özü də bilmirdi neyləsin?! Sanki, güclü bir dağ çayı ananı və üç balanı ağuşuna alıb kənarda yumuru daşlara çıepa-çırpa üzü aşağı aparırdı. Adamlar da kənarda durub baxır, kömək əlini uzatmırdılar. Bəlkə elə onlar da Cinnidən qorxduqları üçün belə edirdilər.

 

...Yox burada bir başlıca səbəb olmalıdır. Dağ mühitində böyüyən, zəhmətkeş  bir oğlan bu qədər zalım ola bilməzdı!..

...Ehh, qızlar, qızlar. Qızlar bulağından su içəndə qızlar da özlərinə görə olmurlar haa... Yeddinci sinifdən başlayaraq öz nazları, fasonlu kəkilləri ilə çoxlarının ağlını-başından çıxarır, özlərini bir neçə oğlana istədir, onları bir-birinin üstünə salışdırır, davaya cəlb edir, sonra da kənarda durub, bir-birini al-qana qərq edən “qladiatorlara” tamaşa edir, qımışır, ləzzət alır. Belə hallar çox kəndlərdə baş verir. Qız ağacı, qoz ağacı... Qismətim kimədir, ona da gedəcəyəm-deyirlər. Qızları yaxşı tanıdığım üçün çox oğlanlara yazığım gəlir. Felə düşür, özlərini bədbəxt edirlər. Bəzən də bir tikə atasının varı olan qızlar fason verir, bərk gedən olurlar.

Cavanlıqda Sofunun da qəlbini fəth eləyən bir qız vardı. Adıqalmışın adı Əskinaz idi. Əskinazın qoz ağacını silkələmək istəyən oğlanlar müxtəlif növ texnika ilə ağacın dibinə toplaşmışdılar.

“Bir mənə bax naz eyləmə”, desələr də Əskinaz öz nazından qalmır, zavallı oğlanları barmağına dolayırdı. Onun da qisməti elə varıymış. Çox keçmədi ki, ağac başında olan nazlı xanımı bir donqarburun qara qarğa qoltuğuna vurub lap uzaqlara apardı.

 

Hələ də yerdə ağacın başına baxan oğlanlar məhəbbətlərinin daşa dəydiyini görüb kəndlərə cumdular. Sevmədikləri qızı götürüb qaçırır, özlərinə arvad edirdilər.

 

Bir ara Məleykə də canavarlardan birinə rast gələn qurbanlardan biri idi. Odur ki, Cinni adı ilə məhşur olan əri xasiyyətini dəyişməyən bir divə bənzəyirdi.

 

Sən saydığını say, gör fələk necə sayır. Allah insanları elliklə düşmənlərdən qorusun.

Xain qonşuların xəyanəti nəticəsində xalqımız kənd-kənd, şəhər-şəhər silahlı hücuma məruz qaldı. Düşmən bir sıra rayonlar kimi xəyanətkarların ucbatından bizim rayonumuza, kəndimizə də hücum çəkdi. Erməni hücümü çox çəkmədi ki, kəndin hər tərəfinə yayıldı.  Qaça-qaç düşdü. Adamlar götürə bildikləri nə vardısa torbalara doldurur, ümüdləri gələn səmtə qaçırdılar. Qaçanlarən arasında Cinni Sofu və onun ailəsi də vardı.

 

Əlində silahı olan kənd cavanları qorxub qaçmayan könüllü əsgərlərlə birlikdə kənd camaatına dayaq olur, onlara komək edirdilər. Əhalini köçürmək üçün vertalyotlar göndərilmişdi. Gücü çatan kənddən uzaqda düzənlikdə yerə enən vertalyotlara doğru yüyürürdü. Cinni Sofu iki uşağı yanında, Məleykə isə kürəyinə şələlədiyi sənəd-sünədlə balaca Zaman da qucağında arxada qaçırdı.

Tənginəfəslik Məleykəni yeriməyə qoymurdu. Ayağı büdrəyir, yıxılırdı. Qaçanlardan xeyli arxada qalmışdı. Qəfil açılan erməni sinayperinin gülləsi belindəki şələyə ordan Məleykənin ürəyinə, qucağındakı Zamana dəyərək onları yerə sərdi. Məleykənin yıxıldığını görənlər daha sürətlə qaçmağa başladılar. Amma silahlı vətən olğulları düşmənin hücumunun qarşısın alaraq qaçanların vertalyotlara doluşmasına imkan yaratdılar.

Vertalyotlar səmaya qlxıb uzaqlaşanda ermənilərlə ölüm-dirim savaşına dayanan oğullarımız al-qan icində idilər. Vertaliyotla xilas olunanlar arasında Cinni və iki uşağ; oğlu, qızı da vardı. Bütün bu olanlar Cinni Sofuya yuxu kimi gəlirdi. Elə bil ki, Allah Cinni Sofunun ailəsinə verdiyi əzab-əziyyətlərin hayıfını el-obasında yarayan adamlardan çıxırdı. Demək istəyirdi ki, Cinni kimilərin insanlara zülüm verməsinə göz yumduğunuz üçün sizə də cəza payı verirəm.

 

Başqa köçkünlərlə birgə Sofu da uşaqlarıyla bərabər kiçik bir otaqda məskunlaşdı. Arvadının və balaca oğlu Zamanın ölümü Sofunun dilini lal etmişdi. O, bir kəlmə də olsa, ağzını açıb danışmırdı. Bir neçə aydan sonra Məlik xəstələndı. Bəlkə də uşaq qorxudan sağalmaz xəstəliyə duçar olmuşdu. Çox çəkmədi ki, Məlik də vəfat etdi. Bir qızın ümüdünə qalan Cinni öz-özünə deyinir, düşünürdü...

 

...Başımıza gələnlərin hamısı mənim ucbatımdan oldu. Yazıq Məleykənin nə günahı vardı ki, Əsginaza olan sevgimin heyfini ondan çıxırdım?! İndi isə nə Əsginaz var, nə də uşaqlarımın anası Məleykə...

 

Qəm-kədər Cinni Sofunun dilini tutdu. O, yorğan-döşək xəstəsinə çevrildi, əllərdə qaldı. Əgər qızı Nanənin başına bir iş gəlsəydi, demək olar ki, zəlil olacaqdı. Nanə toyuq ətini qaynadır, suyunu qaşıq-qaşıq atasına içirirdi.. Cinni Sofu başına gələnləri, elədiyi əməlləri yadına saldıqca beynində bir fikir dolaşırdı. Allah Məleykənin əvəzinə məni öldürmədi ki, diri-diri çəhənnəmi görüm.

 

Bilirəm, bəlkə məni bundan da betər günlər gözləyir. Ay Allah, bircə qızım Nanə mənım günahlarımın qurbanı olmasın ... Heç olmasa o, xoşbəxt olsun, mənə yox, anasına layiq bir xanım kimi yaşasın.

Cinni Sofu günahlarına gözgörəti can verirdi...

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

reklamlar

Digər xəbərlər