Mücrü (hekayə)

Mücrü  (hekayə)
Mədəniyyət 18 İyul 2024 - 10:00


 

Kəndin mərkəzindən üzü yuxarı uzanan küçədə yarlı-yaraşıqlı bir ev var. Altında zirzəmisi, üstündə aynəbəndli geniş otaqları olan evin dam örtüyü qırmızı kərpicdən ibarətdir. Giriş qapıdan evə doğru sagda və solda bar ağacları, ağacların arxasında əkin sahəsi yerləşir. Bu ev beş adamdan aşağı, əlli-yüz adamdan yuxarı həddə yaşayan hesabdar Fətəliyə məxsusdur.

 

Müxtəlif vəzifələrdə işləyən Fətəlinin daim əli pulla oynamış, arzuları həmişə yerinə yetmişdir. Amma onun ürəyində bir nisgil yuva bağlamışdı. Belə ki Fətəlinin sevib-seçdiyi xanımından dörd qızı olmuş, ancaq oğul üzünə həsrət qalmışdı. Qonum qonşuda kasıb-kusub deyəndə ki, oğlum belədi, belə vurandı, belə tutandı Fətəlinin ürəyi parçalanır, oturduğu yerdən durub uzaqlaşırdı. İllah da televizordan, ya kimdənsə eşidəndə ki, uşağın oğul, ya qız olmağının səbəbi arvad yox, kişidir, daha da hirslənir, rahatlıq tapa bilmirdi.

 

Yaşının bu vaxtında həkimə gedib özünü yoxlatmaq, “Mənim niyə oğlum olmur?” demək ona ölümdən betər gəlirdi. Fətəlinin düşüncəsinə görə həkimə o kəs müraciərt etməlidir ki, nə nənə deyəni, nə də məmə deyəni var. Allahıma şükür, mənim dörd xanım kimi qızım var. Deməli, çarəni axtarıb özüm tapmalıyam. Bəs necə? Necə? Suallar onu düşünməyə vadar etdi.

 

Hesabdar Fətəlinin işi elə idi ki, o, dörd-beş kənddən pul toplayır, vergi yığırdı. Bu kəndlərdə onu tanıyan da vardı, tanımayan da. Odur ki, düşüncələrini işə saldı. Kəndlərdən birində ailəsindən xəlvət bir arvad almaq qərarına gəldi. Soraqlaşdı, aradı, axtardı, bir qadın tapdı. O qadın Güləndam idi. Güləndam bir ayın gəlini olmuşdu. Əri müharibəyə gedib qayıtmamışdı. Vaxtında oxumağa macal tapdığına görə kənddə poçt idarəsində məktublarla əlaqəli işləyirdi. Fətəli onun iş saatını, kimliyini dəqiq öyrənəndən sonra axşamüstü maşınını poçt idarəsinin yaxınlığında saxladı. Elə ki, Güləndam işdən çıxıb evə getmək istədi, Fətəli maşının qapısını açıb:

       Güləndam xanım, siz tərəfə gedirəm, gəlin oturun aparım.

 

Əvvəlcə Güləndam çəkindi, istədi fikir verməsin. Camaatın ağzına düşməkdən qorxdu. Maşına tərəf baxanda Fətəlini tanıdi. Kim nə deyir desin, kim nə düşünür düşünsün, deyə fikirləşib, maşına doğru addımladı. Maşın Güləndamın evindən bir az aralıda dayandı. Fətəlinin uzun zaman ona baxması, kəlmə kəsməməsi Güləndama qəribə göründü. Yarlı-yaraşıqlı, enlikürək, qara bığlı, göyçək Fətəlinin bu hərəkəti gənclərə məxsus bir hal idi.

 

Güləndam Fətəliyə təşəkkür edərək, qapını açdı və xudahafizləşib evinə doğru getdi. Fətəli beləcə xeyli vaxt yerindən tərpənmədi. Güləndam pillələri qalxıb, evinə girənə kimi onun arxasınca baxdı. Qadının adına bənzər gözəlliyi, cazibədar bədəni vardı. O, yeridikcə yol kənarındakı güllər-çiçəklər də əsim-əsim əsirdi.

 

Evinə girən Güləndam pəncərənin yanında durub pərdənin arasından Fətəlini izlədi. Fətəlinin maşını yerindən tərpənənə kimi dalınca baxdı. Ürəyindən bir istilik keçdi. Onu tər basdı: – Yoxsa bu kişi, mənə vuruldu, nədi? Amma mənimlə kəlmə belə kəsmədi. Aşiq olan oğlanlar kimi, sanki dili tutulub, bal olmuşdu...

 

O gecə Güləndam nə yedi, nə içdi, hətta necə yatdığını da bilmədi. Yuxusunda çəmənlikdə gəzərkən dağdan çıxan Günəş şüaları düz onun gözünə düşdü. Şüadan qamaşan gözləri açıldı.

 

Bir həftə ərzində bir neçə dəfə Fətəli Güləndama evinə maşınla getməyi təklif etdi. Qadınsa bu dəvətlərin heç birinə etiraz eləmədi. Hətta onu moruq mürəbbəsi ilə çay içməyə qonaq çağırdı. Qısa müddətli, belə  görüşlərin birində Fətəli maşını sürüb bir neçə kənd aralıda bulaq başında olan füsunkar bir yerə gəldi. Daha Güləndam da öz tənhalığından bezib, Fətəliyə “yox” cavabı söyləmirdi. Hər oturuşda onlar bir-birinin gözünə baxar, əl-ələ tutuşardılar.

Evində, ailəsində hər dəfə gec gələn Fətəlinin bəhanələri artırdı.

 

Nəhayət, bir gün o, Güləndama ürəyini açdı. Heç nəyi gizlətmədi, hər şeyi olduğu kimi danışıb, məqsədini ona anlatdı. Güləndamı kəbinlə almaq istədiyini söylədi. Sənin qulluğunda ölüncəyə qədər hazıram - dedi. Mənə bir oğul versən, dünyanın ən xoşbəxt atası olmaqla, səni də xoşbəxt edəcəyəm. Amma bir şərtim də var.

 

       O nə şərtdir – deyə Güləndam Fətəliyə baxdı.

– Səninlə olacaq məsələni ailəm bilməməlidir. Bizim ər-arvad olmağımızı isə sənin qonşularının, qohumlarının bilməsinə etirazım yoxdur. Günlərimin çoxu sənlə keçən zaman heç kəsdə evlənməyimizə şübhə qalmayacaq.

 

Ortaq razılığa gələrək, kəbin kəsdirib, ailə qurdular. İndi qızları ilə axşam-sabah görüşən Fətəli gününün çoxunu  müxtəlif bəhanələrlə Güləndamla keçirirdi. Xoş güzərandan Güləndam da dəyişmişdi. Gül kimi açılmış, pardaqlanmışdı.

 

Müəyyən vaxtdan sonra Fətəli biləndə ki, Güləndam hamilədir, sevincindən bilmədi nə eləsin. Amma onun ürəyini didən bir narahatlığı vardı: əgər bu dəfə də qızım olarsa, deməli, həngamə məndədir. Dilimi qoyaram qarnıma qızlarımı böyüdərəm. Yox, oğlum olarsa, ağzı göyçəklərə deyiləsi sözüm olar. Onda qışqırıb deyərəm: qızın dalbadal olması tək kişidən yox, həm də qadından asılıdır.

 

Beləcə günlər keçdi, aylar ötdü, Güləndam hamiləlikdən azad oldu. Fətəlinin qıçları taqətdən düşmüş, heyi qalmamışdı. Qorxu başında, çiyinlərində ağır yükə çevrilmişdi. Yanındakı şəfqət bacısının Oğlan – deməsi Fətəlini dənizdən atılan balıq kimi göyə qaldırdı. Fətəli əlini cibinə salıb bu xoşxəbər qadına bir dəstə pul uzatdı. Özü isə bir anda harada, kim olduğunu unudub, sevincdən ağladı. Həm Güləndam, həm də Fətəli çox xoşbəxt idilər. Güləndam tənhalığın daşını atmış, Fətəli də bəzi ağzı göyçəklərə sübut eləmişdi ki, oğul sahibi olmağa ana da lazımdır.

 

Oğlu dünyaya gəldikdən sonra Fətəli evə vaxtında gəlir, qızlarının nazı ilə oynayır, içi də, üzü də gülürdü. Dörd qızdan sonra Fətəlinin birinci xanımı da yenidən hamilə oldu. Vaxt-vədə gəlib yetişdi. Fətəli bir bəhanə tapıb yeni doğulmuş uşağı gətirməyi qızlarına həvalə etdi. Səbəb o idi ki, bu uşaq Fətəli üçün böyük əhəmiyyət kəsb edirdi.

Nəhayət, uşaq evə gətirildi. Fətəli istəyirdi ki, qızları onu muştuluqlasınlar. Amma bu baş vermədi. Qızlar da dodaqlarını sallamışdılar. Ona görə ki,təzə doğulan da qız idi. Fətəli içində mızıldandı:

– Di bax, deyirlər ki, kişidən asılıdır.  Bu zalımın qızı öz cinsini yaşatmaqdan ötrü əlli də olsa, qız doğacaq...

 

Fətəli istədiyini almış, arzusuna çatmışdı. Oğlunun adını Ümid qoymuşdu. Ümid Güləndamın evində, qızlar da Fətəlinin malikanəsində böyüyürdülər. Qızlar oxuyur, ali təhsil alır, Ümidsə atasının arzuları ilə boya-başa çatırdı. Bu müddət ərzində Güləndam hər cür, qayğı ilə əhatə olunmuşdu. Fətəlinin qazancının yarısı onun evinə axırdı. Bir dəfə bəxtəvər ər-arvad çay süfrəsi ətrafında oturan zaman Fətəli paketə bükülmüş bir mücrünü ortaya qoydu. Üzünü Güləndama tutub dedi:

– Güləndam, əzizim, indiyədək biz bir yerdə ailəmdən gizli yaşadıq. Oğul sahibi olduq. Mənim qızlarım qardaş həsrəti ilə yaşayırlar. Əgər onlar indi bilsələr ki, özgə qadından qardaşları var, o zaman ömürlük mənə nifrət edərlər. Bu mücrüdə mənimlə Ümidin uşaq yaşından bəri çəkilmiş fotoşəkilləri, bir də böyük qızıma yazdığım məktubum var. İstəyirəm, mən öləndən sonra bu mücrünü Ümid şəxsən böyük bacısına təqdim etsin. Öz varlığını ona söyləsin. Böyük qızım çox ağıllıdı. Qoy uşaqlarım özləri mənim həyatda haqlı, ya haqsız olduğuma qərar versinlər.

 

İllər beləcə keçdi. Daha Ümid də həddi buluğa çatmış, atasına oxşar bir oğlan olmuşdu. Günlərin birində dumanlı bir havada Fətəli maşın qəzasına düşdü. Dərəyə yuvarlanan maşın yumağa dönmüşdü...

 

İki evdə matəm idi. Qara paltarlı Güləndam Fətəlinin verdiyi əmanəti gətirib Ümidə verdi. Mücrünün aparılacağı ünvanı ona tanıtdı...

 

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

reklamlar

Digər xəbərlər