Qırmızı alma (hekayə)

Qırmızı alma  (hekayə)
Mədəniyyət 23 İyul 2024 - 09:00


 

Əminamanlıq illləri idi. Qurd quzu ilə otlayırdı. Hər yerdə olduğu kimi, kəndlərə də ikinci dünya savaşını, qələbəni əks etdirən abidələr qoyulurdu. Çünki, elə bir kənd tapıla bilməzdi ki, müharibədə həlak olanı olmasın. Abidə qoyan heykəltəraşlarla yanaşı, rəssamlar da kəndə gəlirdilər. Bizim Bulaqlı kəndinə əsgər abidəsi qoyulmağı ilə bağlı cavan bir rəssam da gəlmişdi. O, kənd adamlarının portretlərini çəkməklə, klubun tərtibatı ilə məşğul olacaqdı.

 

Şəhərdən gələn rəssam hamının diqqət mərkəzindəydi. Uzun saçlarını arxaya darayan sənətkar cavan olmasına baxmayaraq, şəvə kimi qara saqqal saxlayırdı. Kəndin mənzərəli yerlərini etüdlərdə əks etdirməklə yanaşı, gözü tutan adamları kluba dəvvət edir, portretlərini yağlı boya ilə çəkirdi. Çox cəld işlədiyindən günə bir əsər yaradırdı. Kənd klubu  üçün bir tablo yaratmaq istəyirdi.

 

Sərv boylu bir qız çiynində kuzə bulaqdan su gətirir. Ətrafı ağaclar, güllər bəzədiyi halda, arxada başı qarlı dağlar görünür. Mənzərəni yaratmaq üçün ona bir xanım qız gərəkdi. Adətən hər bir rəssamın naturallıq gözəli olur. Əsil gözəllər də kəndlərdə yaşayır. Rəssam naturaya qız istəyəndə, klub müdiri məsləhət gördü ki, gedək məktəbə, sizə lazım olan gözəllər orada istənilən qədərdir.

 

Beləliklə, klub müdiri məktəb direktoru ilə məsləhətləşən zaman zəng çölə vuruldu. Qızlar və oğlanlar həyətə axışdılar. Axtardığını tapan rəssam bir neçə qız seçdi. Şübhəsiz onların valideyinlərinin razılığı da alındı. Rəssam bu qızların portretlərini çəkdi. Amma məqsədinə çatmaq üçün qızlardan birini seçib, yanında saxladı.

 

       Adınız nədir, xanım?

       Bahar!

       Çox gözəl adınız var. Mənim də adım Camaldır – dedi.

 

 Əsərin mənasını qıza izah edib, lazım olan formada durması üçün kənd qızına münasib paltar və kuzə lazım olduğunu dedi. Bahar söylədi ki, evimizdə kuzə var. Gedim həm kuzəni, həm də ev paltarlarımı gətirim. Hansını bəyənsəniz, onu seçərsəniz.

 

Bahar tez evə gedib, gəldi. İstənilən formada kuzə çiynində dayandı. Rəssam tablonun ortasında qızın fiqurunu çəkdikcə ürəyi ovulurdu. İlahi, gözəlliyə bax! Qız elə bil, Ay parçası idi.

 

Bahar üzü kəndə baxdığından gözləri rəssamı görmürdü. Rəssam isə onun ilahi gözəlliyini, kətana köçürürdü. Xəyalında dolaşan misraları qızın özünə demək istəyi ürəyindən keçsə də, həyası buna imkan vermirdi:

 

Boyun surahıdı, bədənin billur

Gərdanın çəkilmiş minadan, pəri,

Sən ha bir sonasan, cüda düşübsən,

Bir bölük yaşılbaş sonadan pəri.

 

 

Bir anlıq ona elə gəldi ki,, Vaqif babamız bu qıza, Bahara baxıb, pərisini tərənnüm edibmiş. Əsər tamam olanda, Bahar baxıb, bir könüldən min könülə həm özünə, çəkilmiş şəklinə, həm də rəssama vuruldu. Gecə-gündüz Camalı düşündü. Özgə zaman saqqal buraxan gənclərə “quş qoyan” Bahar özü də bilmədən o nur camallı oğlanı sevdi.

Baharın qəhrəman olduğu əsəri görənlər valeh oldular. Öz portretllərini çəkdirmək üçün elçi düşən qızlar və oğlanlar da vardı. Camal onlardan bir neçəsinin şəklini çəkir, amma Bahara çatan olmaz, – deyə düşünürdü.

 

Bir dəfə yenə Camal Baharın portretini çəkəndə, gözləri qızın baxışları ilə toqquşdu. Bu dünya gözəli onun gözlərinə yox, gözlərinin pəncərəsindən o yana – ürəyinin içinə baxırdı. Sanki, deyirdi:

– A zalım oğlu, nə durub, kənardan baxırsan? Şölə saçan qırmızı almanı dərmək istəmirsənmi? Camal rəssam idi. Portret çəkənlərsə insanı yaxşı oxumağı bacarırlar. O, Bahara yaxınlaşanda, daha onları ayrı saxlayacaq bir qüvvə qalmamışdı. Bir-birinə sarıldılar. Camal nəinki, Baharın portretini çəkdi, onun ürəyinə sahib oldu. Qızı soyunduranda, bircə an rəssam kimi baxsa da dayanmaq mümkün deyildi. Camal artıq “almanı dərmişdi”...

 

Kənd adamlarının bu alma məsələsindən xəbəri olmasa da, rəssamın yaratdığı Bahar tablosu haqqında danışmayan yox idi. Hamı Bahara bəxtəvərlik arzulayırdı. Camal işlərini sona çatdırandan sonra Baharla görüşə bilmədi. “Alma”nın dadı damağında qalsa da, sevdiyinə uzaqdan baxa bildi. Ürəyində dedi:

       Darıxma, sevgilim, qayıdıb mütləq səni aparacağam.

 

Bir neçə aydan sonra Baharın məsələsi dillərdə söylənildi. Adamların pıçhapıçı qulaq deşirdi. Biri deyirdi:

       Kim olacaq, şübhəsiz rəssam.

Başqası:

       Hələ sevinsin ki, rəssam onun “almasını dərib”, – deyə gülümsəyirdi...

 

Ölkədə hərc-mərclik baş alıb gedirdi. Ermənilər dişlərini itiləyirdilər. Arxalı köpək qurd basar, – deyib atalar. Nəhayət, elan olunmamış müharibəyə İyirmi Yanvar hadisəsi təkan verdi. Nəinki kəndlər, rayonlar, şəhərlər də müahribə ocağına döndü. Baharın kəndi də erməni basqısına məruz qaldı. Qaçaqaç düşəndə kənd adamları Baharla bağlı olan söz-söhbətləri unudaraq, canlarının hayına qaldılar. Hərə bir sığınacaq tapıb, pərən-pərən oldu. Baharın ailəsi şəhərdə uşaq bağçasında yerləşdi. Elə bu zaman hamilə olan Bahar el qınağından uzaqlaşdı.

 

Baharın doğuşu normal qaydada keçdi. Əvvəl narazılıq edən, Bahara pis münasibət göstərən valideyinləri daha vərdiş eləmişdilər. Doğulan uşağı əzizləməkdən doymurdular. Nəvə şirinliyi çox hadisələri  unutdururmuşdu.

 

Müharibə başlayanda ermənilərlə döyüşməyə gedən könüllülərin sayı-hesabı yox idi. Onlardan biri də rəssam Camal idi. Camal döyüş bölgəsində olanda məhz Bahargilin kəndində vuruşurdu. İmkan tapıb, kənd klubuna da baş çəkdi. Ondan qalan tabloların əksəriyyəti atılan mərmilərdən parça-parça olmuşdu. Tək sudan gələn sürməli xanımın kuzəsi sınmamışdı. Divar onu qoruyub saxlamışdı.

 

Növbəti döyüşlərin birində partlayan mərmi Camalın döyüş səngərinə düşdü. Ağır yaralanan rəssamı dostları xilas edərək, arxa cəbhəyə ötürə bildilər. Camal hərbi hospitalda yatırdı. Həkimlər onun dizdən aşağı ayağını və sol əlini kəsmişdilər. Özünə gələndə sanki, dünya başına uçdu. Bahara qovuşa bilmədi. Daha o Baharın nəyinə lazım idi? Sağlam, gözəl-göyçək qız onu belə halda bəyənərdimi?

 

Camal Bahardan olan oğlundan xəbərsiz idi. Bilmirdi ki, ana-bala vəfasız rəssamı axtarırlar. Bəzən kimsə Bakıya kiçik şəhərdi deyir, amma səhv edir. Dünyanın başqa şəhərləri kimi Bakı da möhtəşəmdir, böyükdür. Bu şəhərdə itik tapmaq hər oğulun işi deyil.

 

Camal xəstəxanadan çıxıb, atasından qalan evə gəldi. Tez bir zamanda kəsilmiş ayağına protez qoyuldu. O, yenə yaradıcılıqla məşğul oldu. İlk yaratdığı əsər də Baharın portreti və onun qucağında mələk kimi bir körpə təsvir olunurdu. Artıq on illiklər arxada qalmışdı. Baharın oğlu da böyümüş, kişi görkəmi almışdı. Ata soyadı olmasa da, babası ona öz soyadını vermişdi. Uşağı Rüfət adı qoymuşdular.

 

Rüfət orta məktəbdə oxuyarkən rəsm dərnəyinə yazıldı. Rəssamlığın sirlərini öyrəndi. Sonra Bakı Rəssamlıq Liseyində oxumağa başladı. Rüfət eynən atası kimi rəsm çəkirdi. Elə bil atasının əlini qoparıb, onun biləyinə calamışdılar.

 

Odur ki, Rüfətin çəkdiyi əsərlər hamı tərəfindən bəyənildi. Daha da fərəhlənən, uğur qazanan Rüfət ölkənin yaşlı və cavan rəssamları ilə birlikdə açılacaq sərgiyə öz işlərini qoydu. Onun əsərlərində müharibə mövzusu üstünlük təşkil edirdi. Tabloda bir əlində avtomat, belində qumbaralar olan əsgər səngərdən başını çıxarmış, avtomatı başı üstünə qaldıraraq, dostlarını döyüşə səsləyirdi.

 

 Sərgi açılan gün salona gələnlərin sayı məlum deyildi. Bahar da oğlu ilə birlikdə orada idi. Hamı Rüfətin və başqa rəssamların əsərlərinə baxırdı. Birdən Rüfət gözəl bir qız portretini anasına göstərib, dedi:

        Ana, bu qız necə də sənə bənzəyir.

 Bahar öz portretini tanıdı. Ümidinin ölmədiyini anladı. Dönüb arxaya baxanda, bir əli olmayan, qoltuq ağacına söykənmiş bir adam diqqətini cəlb etdi...

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

reklamlar

Digər xəbərlər