Cəhənnəmdən məktub (hekayə)   

Cəhənnəmdən məktub     (hekayə)   
Mədəniyyət 24 İyul 2024 - 09:00


 

Hörmətli vətənimin hüquq işciləri!!

Sizə bu məktubumu xarici ölkədən yazıram. Əbdülova Ceyran Həşim qızıyam. Amanın günüdür, məni xilas edin! Nadanlığım, gicbəsərliyim üzündən bu cəhənnəmə düşmüşəm. Kaş o gün mənim başıma Allah özüm boyda bir daş salaydı. Bu qələti eləməyəydim. Cavan ömrümü puç eləməzdim.

 

O zaman mən və mənim kimi çoxlu külbaş qız paytaxta təhsil almağa gələn əcnəbi oğlanların ovuna çıxardıq. Elə zənn edirdik ki, xaricdə yel əsib qoz tökülür. Ov elədiyimiz xarici oğlanlar cənnət bağında şirlər, pələnglərdi. Hərəsi öz ölkəsində dövlətin şahzadəsidi. Gedən kimi başımıza tac qoyub, bizi xanım edəcəklər.

 

Rəfiqələrim kimi arzular, xülyalar, boş xəyallar məni də özümdən çıxardı. Hələ on yeddi yaşım tamam olmamış qaynar şəhərə düşdüm. Qızlarla kirayə ev tutdum. Sonra da tarzan kimi yarımçilpaq küçələrdə veyilləndim.

 

Ətli əndamımı görənlər bəh-bəh, sən buna bax, görəsən hansı pələngin şikarı olacaq, – deyə ağız büzürdülər. Biz qızlar eşitdiklərimizə məhəl qoymaz, axtardığımızı axtaraırdıq. Xarici oğlanlar yaşayan yataqxananın başına gündə min kərə pərvanə kimi dolanırdıq. Hörümçək toruna şikar salan kimi biz də cəlbedici paltarların birini soyunur, o birini geyinirdik.

 

Paltar deyəndə, nə paltarlığı vardı. Kişi maykası kimi bir şey idi. Üst tərəfdən açıq. Nə var, çöldə. Aşağı tərəfdə də dar, mini yupqa. Baxan deyirdi bir də baxım. Bizi görənə, kişi demişəm, özünü saxlamağı bacarsın! Hətta babam yerində kişilər baxıb, köks ötürür, ah çəkir, umsunurdular.

 

Hərrə-fırra, axırda biri ilişdi. O nənəmin geyindiyi qaloşdan azca fərqlənirdi. Qaloşun içində qırmızı parçadan içlik qoyurdular. Bu seçdiyimin də yanaqları qırmızı, saçı qıvrım, burun pərləri, dodaqları selikom vurduran müğənnilərin dodağı kimi kömbə.

 

Görəndə, dedim bundan dadlı yemək nəyimə gərək. Əsası o idi ki, ovcunun içi kimi, dişi, dili də ağ rəngdə idi. Tək bizlərə bu iki əlamət uyğun gəlirdi. Xəyalımda düşünürdüm ki, məni aparacaq sarayına, atası ayaqlarımı yuyacaq, anası dolma, küfdə-bozbaş bişirəcək, ərim də çay qaşığı ilə məni yedirdəcək, nazımı çəkəcəkdir.

Yoxsa öz kəndçimə ərə gedim? Qara Bayram traktor sürüb, qapqara hisin-pasın içində mazutlu paltarlarını çıxarıb töksün üstümə ki, yu, səhərə hazır olsun. Bundan başqa paltarım yoxdu. Anası da, oh-oh bilirsən nədi?! Gün axşamacan gah bağda, gah tarlada bağ-bostan becərir. Üstümə qışqırıb deycək:

– Nə durmusan, işləsənə! Qarnın burnuna dəyir. Doğduğunu kim saxlayacaq, kim yedirdib, içirdəcək? İşlə-işlə, axşam da ləyəndə su gətir. Əvvəl qaynatanın, sonra qaynananın, ərinin ayaqlarını yu, qurula. Nə var – nə var, mən də evə gəlin gəlmişəm.

 

Ölüncəyə qədər bunların quluyam. Qaynana da od-alovdu. Adama sözü deməmiş gözlərini elə bərəldir ki, elə bil gözlər pırtıb bu dəqiqə ovcuna töküləcək. Amma insafən axşam süfrəsi açılanda, mizin üstündə hər şey; hər yemək, hər xörək bol-bol olur. Düşüncəsi olanlar, insan belə yaşamalıdır, deyirlər. Birgə əkib – becərmək, birgə də oturub yemək. Düşüncəsizlər işdə, evdə hər kəslə dalaşır, ağız-burnunu turşudur, hazır-halvadan yeyib yaşamaq istəyirlər. O da ömründə mümkün olan iş deyil.

 

Xülasə, sevib-seçdiyim, ümid bəslədiyim, arzularımla yaşayacağım oğlana bənd oldum. Bilmirəm, bizim millət onu necə adlandırır. Neqr, zənci, ərəb, qara, necə adlandırılsa belə, mən, qəbuldu. Təki arzularıma çatım. Xoşbəxtlikdən universiteti qurtarıb, diplomu ilə yanaşı, xaricə getmək üçün mənə də pasport aldı. Yığışıb, uçduq onun “cənnət” vətəninə.

 

Təyyarədən düşüb, üstü açıq, dörd təkərli arabaya bənzər bir maşına mindik. Düzənliklər, dərə-təpələr olan bir yerə gəldik. Yol boyu əynində abrını örtəcək yeganə şey bellərinə bağladıqları parça olan qapqara adamlar günün od yağdırdığı istidə torpaqla əlləşirdilər. Bəziləri də nəhəng kaktus ağaclarının altında gizlənsələr belə, xeyiri yox idi. Yarpağı olmayan kaktusun başından süzülən günəş şüası zəncinin üstünə düşürdü. Bir də düşsün, ona neynəyə bilərdi.

 

Sevgilim tutduğu bu maşın, səndemə, taksi imiş. Qarşı tərəfdəki yeganə şüşənin üstündə “T” hərfi yazılmışdı. Nəhayət ki, biz çatdıq. Yadımdan çıxdı demək. Məni aparan bu cəngavər, qara atlı, qara dərili oğlan mənimlə rus dilində danışırdı.

 

Biz maşından düşdük. Maşın dövrə vurdu və çıxıb getdi. Biz maşından düşəndən sonra arvadlı-kişili iyirmi-otuz adam növbəyə durub məni qucaqlayır, kömbə dodaqları ilə üzümü, boynumu, sinəmi marça-marçla öpüşlərə qərq edirdilər. Dərimin ağ olmasından istifadə edərək, çimdik alanlar da olurdu. Gözümü hərlədim ki, baxım görüm bu yetimin sarayı görünürmü? Gördüm yox ey, nə saray. Səhra ağaclarını karkas kimi ağacın qabığı ilə bağlayıb, üstünə də karton parçaları səriblər. Yalnız bir ailəni o biri alaçıqda yatanlar görmürdülər.

 

Gün əyiləndə adamlar dairə vururdular. Dambur-dumbur başladı, nə başladı. Yerlərində dingildəyib, “lo-lo” qışqırtıları ilə bağırmaqları az imiş kimi, qolumdan tutub, məni də ortaya atdılar. Fırfıra kimi fırlatmağa başladılar. O qədər fırlatdılar ki, huşumu itirdim.

 

Sən demə bu mənim toyum imiş. Ayılanda özümü otlardan hazırlanmış, döşək adlandırmaq olarsa, döşəyin üstünə uzadılmış gördüm. Yanımda da üzü-gözü, alnı qırışmışın biri. Elə gözlərimi təzəcə açmışdım ki, bu qoca köpək məni qucaqlayıb, öpməyə başladı. Bu getdi, o biri gəldi. Daha öpülməyən yerim qalmadı. Haçandan-haçana ərim gəldi yanıma.

Soruşdum:

       Bu nə işlərdi başıma gətirirsən?

O, kömbə dodağını yana dartıb:

– Bizim milli mentalitetimiz belədir. Oğul evlənəndən sonra, qızın dadına birinci atası, sonra qardaşları varsa, qardaşları, hətta bacıları özlərinə məxsus sevgilərini bildirirlər. Onlar bəyənərsə, xoşlarına gələrsə, oğlanlarını o qadına qurban verirlər.

 

Öz özümə düşündüm: kül başına, a Ceyran. Şir demirdin? İndi oldun əsil şir yemi.

Məsələ aydın idi, özüm özümü bəlaya saldığımı əməlli-başlı anladım. Acmışdım, yemək-içmək də təklif eləyən yox idi. Birdən həyətdə “lo-lo” eşitdim. Daha mən də onların geyimlərinə bənzər paltarda idim. Həyətin ortasında böyük bir qazan asmışdılar. Biri əlində çömçə, barmaqları arasında cam tutanlara bişirdiyindən çömçə-çömçə paylayırdı. Ərimdən soruşdum:

       O payladığı nədir?

– Xörəkdir – dedi. Təzə anakonda supudur. Ürəyim ağzımdan gəldi. Qusmaqdan özümü zorla saxlaya bildim. İki yol vardı. Ya yeyib öyrəşməli, ya da acından gəbərməliydim. Odur ki, supdan mən də daddım. Pis deyildi. Bir, iki dəfə yeyəndən sonra beləcə vərdiş elədim.

 

Hər gün müxtəlif heyvanların – tısbağa, qurbağa, ilan, daha tanımadığım heyvanların supunu yedim. Uyğunlaşdım. Onlardan biri oldum. Bir ildən sonra bir oğlan uşağı gətirdim dünyaya. Oğlumun üç yaşı tamam olanda, qonşu tayfalar müharibəyə başladılar. Onsuz da adam kimi yaşamayanları qırıb-çatmağa başladılar. Ara yerdə ərimi və oğlumu da öldürdülər. Hərbiçilər mənim başqa millətdən oduğumu görüb gizlətdilər. Salamat qaldım.

 

İndi şəhərə bənzər bir yerdəyəm. Ünvanımı sizə yazıram ki, məni axtarıb tapasınız. Ümidim sizədir. Məni tapın. Əslimi-nəslimi yanıma alıb, qələt eləmişəm ki, xaricə ərə gəlmək fikirinə düşmüşəm. Əgər xilas oluna bilsəm, şəhərin küçələrini süpürməyə hazıram. Bəyənmədiyim kənddə yaşayan nəin ki, qaynatamın, qaynanamın, hətta onların bütün nəslinin ayağını yuyub, suyunu içə də bilərəm.

 

Amanın günüdür, axtarın məni! Qoymayın itlərə yem olum. Qul kimi alınıb-satılım. Əgər ölməli olaramsa, qoy öz vətənimdə ölüm. Xudahafiz.

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

 

reklamlar

Digər xəbərlər