Qisas günü (hekayə)  

Qisas günü  (hekayə)  
Mədəniyyət 25 İyul 2024 - 16:34

    

 

Kəndimizdə ən qoca adam mənim babamdır. Qocalığına görə hamı onu çox sevir. Yüz on yaşlı babamın ötən il ad gününü bütün el-oba keçirirdi. İstər cavanlar, istərsə də böyüklər onunla şirin-şirin söhbət etməyi xoşlayırdılar. Tarixin harasından desən, babam xəbər verirdi.

 

Elə bil, tarix kitabını özü yazmışdı. Kəndimizin üst tərəfi uca bir dağa söykənib. Bu dağa Qoca dağ deyirdilər. Qoca dağın ətəyində qoşa qaya vardı: sanki, yer yarılmış, bu qayalar yerdən on mərtəbəli bir bina kimi ucalmışdılar. Bu qayalar,  elə bil, kəndi düşməndən qorumaq üçün yaranmışdı.

 

Kəndimizə bahar gəlmişdi,  ətrafda ağaclar ağ çiçəyə bürünmüşdü. Bağımızda yaşıdlarımla qaçdı-tutdu oynadıqdan sonra qaça-qaça babamın yanından keçib bulaqdan su içmək istədim. Dedi:

        A bala, niyə belə qaçırsan, arxanca hay gəlib?

Babam gördü ki, su içmək üçün qaçdım. Suyu içib babamın yanına gəldim:

– Baba, mənə dedin ki, nə qaçırsan, arxanca hay gəli? Hay nə deməkdi? Cindi? Şeytandı? Yoxsa nədi? Heç nə anlamadım.

 

Babam köksünü ötürüb, dərindən ah çəkdi. Mən ona qısıldım, boynunu qucaqladım...

        Ay baba, yoxsa xətrinə dəydim, niyə belə dərindən ah çəkdin? – dedim.

       Oğul, sən mənim yaramın qərtməyini qopardın.

       A kişi, yaranı göstər, mən sənə heç toxunmadım ki, qərtməyi hardan qopardım?

Babam əynindəki pencəyin qollarını geri çırmadı. Onun qollarında şırım-şırım, göz-göz yanıq izləri vardı. Soruşdum:

        Baba, bu nədi? Bunu kim eləyib?

        Haylar, oğlum, haylar.

        Baba, məni qorxutma. Bu hay köpək oğlu kimdi gedim onu öldürüm.

        Hay erməniyə deyilir, bala. Babalarımız doğma torpağında rahat yaşadıqları bir zamanda imperator bu erməniləri pərən-pərən yaşadıqları yerdən köçürüb, bizim torpaqlara gətirdi.

 

Dedilər ki, guya onlar qaçqındırlar. Bir neçə il yaşadıqdan sonra qayıdıb öz yerlərinə gedəcəklər. Ata-babalarımız da inanıb, hayları ən yaxşı torpaqlarda yerləşdirdilər. Ən ləzzətli xörəklərə qonaq etdilər. Yadımdadı, onlara yemək üçün kələm dolması verəndə, kələmini yeyir, içinin ətini  zibilə çıxarırdılar.

 

Get-gedə bu çağrılmamış qonaqlar özləri üçün daşdan evlər də tikməyə başladılar. Onların davranışında qaçqınlıq hiss olunmurdu. O zamandan impratorun fərmanı ilə bizim musurmanlara odlu silah gəzdirmək qadağan edildi. Bizimkilər də özlərini vəhşi heyvandan, canavardan, ayıdan qorumaq üçün kəmərlərinə xəncər bağlamağa başladılar.  Və beləcə aylar, illər ötdü. Bu qaçqın haylar evlərini hündür daş hasara almağa başladılar. Onların evləri hündür hasarın içində əlçatmaz qalaya bənzəyirdi.

 

Yavaş-yavaş haylar yerli adamlara ziyan vurdular. İmkan tapanda mal-qaranı, qoyun-quzunu oğurlayır, oğurladıqları quzuların dərisindən papaq tikib, başlarına geyir, adamların içində şəşələnirdilər. Sonra adam oğurluğu başladı. Kiminin oğlu, kiminin qızı yoxa çıxır, uzun axtarışdan sonra qəm-kədər onları məhv edirdi. Mən uşaq olanda qəflətən ara qarışdı, məzhəb itdi. Haylar şirə-nərə döndülər. Evləri yandırmağa başladılar. Sanki, kiminsə tapşırığını yerinə yetirən bu qullar yersiz gəldi, yerli qaç oyunu oynayırdılar.

 

        Hamilə bibimin qarnını yarıb, bətnində olan uşağı qanına qəltan etdilər. Sonra mən əllərinə keçdim. İki qolumu qaynar qazana salıb, yandırdılar. Halımı görəndə, babam əlində xəncər onların üstünə cumdu. Biri arxadan babama ağacla zərbə vurdu. Babam yıxıldı. Onun yıxılmağından istifadə edərək, ikisi babamı ayağa qaldırdı, ikisi də qaynar samovarı onun belinə sarıdı.

 

Qollarım yansa da, mənə görə özünü oda atan babamın kürəyinə sarınmış samovarın yanğısından fəryad qopararaq, canını tapşırdığını  öz gözümlə gördüm. Bu hadisədən sonra bizimkilər, yəni atam, əmilərim, dayılarım və kənd cavanları dərslərini aldıqlarından, qəribə-qəribə “silah”lar düzəltməyə başladılar. Dəmirçilər tək qanadlı, yabaya oxşar metal əşiyalar, icad etdilər. Bu əşiyaların ucuna kürək sapı kimi dəstəklər keçirdilər. Üstünə gələn düşmənin sinəsini, qarnını deşik-deşik etmək  bu silahın əlində su içmək kimi bir şey oldu.

 

Əhalinin haydan daha çox erməni kimi tanıdıqları əclaflar növbəti dəfə aranı qarışdıranda, əməlli-başlı paylarını alandan sonra saxta təbəssümləri ilə düşmənçiliyin aradan qaldırılmasına çalışdılar. Kirvəlik qohumluğunu geniş yaydılar.

 

Hayqaz adlı birisi də atama girişdi. “Mənim dostum” deyərək, evimizə yağ-bal daşımağa başladı. Bir müddət ara səngidi. Sakitlik yarandı. Qocalı-cavanlı hamı inandı ki, daha qorxu sovuşdu.  Bir azdan kəndimizdə tanımadığımız adamlar peyda oldular. Yaşlı adamlarla söhbətlər edərək, vərəqələr payladılar.

 

Vərəqələrdəki yazılara görə, guya imperatorun taxtı laxlamağa başlayıb. Bir əmim, bir dayım da onlara qoşulub getdilər. Bu cəncəl işə ermənilər də qol qoydular. Birlikdə onlara “bəlşəviklər” deyirdilər. Sevinənlər də vardı. Axır ki, düşmənçiliyi yaradan imperator taxtdan yıxılandan sonra ağ günə çıxacağıq – deyə düşündülər. “Kasıb-kusubu” yoldan azdıran keçəl hakimiyyətə gəldi. Sən demə ermənilər onun qarnındaymış. Keçəlin sağ əli olan ermənilər müəllim, bizim musurman kişilər şagird oldular.

 

Müəllimin cini tutanda ayağa durub özü ilə gəzdirdiyi şallaqla bizimkiləri nəinki, döyməyə, hətta öldürməyə başladılar. Dişlərinə kimi silahlanıb, torpağımızdan bizi süpürüb atdı bu ermənilər. Bunu görən Türk qardaşlarımız harayımıza çatdı, onların burunlarını əzib, yerlərinə oturtdular. Fırıldaqçı Şaumyanla birləşən Mikayan bizə pislik etməkdən vaz keçmədi. Ala çatını əllərindən yerə qoymadılar. Başımıza min müsibət gətirdi bu mərdimazarlar...

 

Babam danışır, gözləri yumulub-açılırdı. Gördüm o, için-için ağlayır. Onun uğrunda mübarizəyə qalxan babasının belinə qaynar samovar bağlandığı anı xatırlayanda, varlığını unudurdu. Sonra da deyirdi:

       Bircə bu alçaqların məğlub olduğu günü görsəydim, dərdsiz-bəlasız ölərdim.

Mən babamı daha bərk qucaqlayaraq öpüşlərə qərq edirdim.

 

Gözlənilməz bir hadisə bütün nəslimizi sarsıtdı. Əmim oğlu Mübarizin sərhəddi keçib ermənilər tərəfdə həlak olması haqqında bilməyən, danışmayan qalmadı. Hamı onu qınadı:

– Bu əsgərin ermənilərin yanında nə işi varmış. Görəsən düşmənlə nə əlaqəsi?  – deyib, hərə bir formada qandığı kimi pıçhapıçla danışırdı. Əsl həqiqət üzə çıxanda, məlum oldu ki, ermənilərin alçaqlıqlarına dözə bilməyib, ixtiyarında olan ən güclü silahı götürüb ermənilərin sərhəddini keçərək, onların üstünə gedib:

– Allah ya mənə verər, ya onlara deyərək, qəflətən erməni dığalarını çaş-baş salaraq onları bir-birinə qırdırmış, gücü tükənənə qədər erməni öldürmüş, sonda həlak olmuşdu.

 

Adamlar bu şücaəti eşidib, dəstə-dəstə qapımıza gələndə, babam onların gəlmə səbəbini öyrəndi. Çox məyus oldu. Erməniləri söyüşlərə qərq etdi:

– Əclaflar, qanımızı tökdünüz! Qollarımı yandırdınız! Babamı öldürdünüz! İndi nə istəyirsiniz?! Elə bilirdiniz, qarşınıza çıxan tapılmayacaq!. Bilirsiniz, mənim nə qədər nəvələrim, nəticələrim, kötücələrim var?! Qorxaq həriflər, baş yeyənlər, gözlərim önündə milləti qırıb quyulara tökdüyünüz yetmədi?

 

Mal-qaranı kəsib, ətini yediniz, kəllələrini də öldürdüyünüz insanların yanında basdıraraq, tarixi çaşdırmağınız bəs eləmədimi?

 

Bu sözləri üzünü erməni yurdsuzlarına tutub hayqıran babam deyirdi.

O inanırdı ki, əvvəl-axır qisas günü gələcək, mütləq gələcəkd!

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

reklamlar

Digər xəbərlər