Bəxşeyiş (hekayə)

Bəxşeyiş     (hekayə)
Mədəniyyət 26 İyul 2024 - 11:32


 

Sadıq kişi səksən yaşını keçmişdi. Qocalıq ona baş ucalığı gətirmədi. Ömür-gün yoldaşı Səkinə sağalmaz xəstəliyə duçar olub, dünyasını dəyişdi. İlk məhəbbəti olan Sadığı taleyin ümidinə tapşırdı.

 

Arvadının ölümü Sadıq kişini sarsıtdı. Onun qocalığının üstünə bir qocalıq da gətirdi. Daima, ortabab vəzifələrdə işlədiyindən canı hələ sulu idi. Cənnət kimi bağı, iki mərtəbəli, çox otaqlı, şüşəbəndli evi vardı. Əsl yaşamaq dövranı gələndə, arvadı ona “vəfasız” çıxdı. Əzrayıla “qoşulub qaçdı”.

 

Sadıq həyətdə-bacada bağ-bağatla məşğul olur, boş vaxtlarında kənddə tay-tuşları arasında görünürdü. Bir yerdə oturub, keçən günləri xatırlayan qocaların bəziləri söhbət edər, qalanları qulaq asardılar. Elə ki, qarınları acar, o zaman hərə öz evinə tərəf adımlayardı.

 

Sadıq öz yurdunda kiçik oğlu Muradı saxlamışdı. Yaxın kənddən olan gəlin Sadığa yaxşı baxmırdı, ona hörmətsislik edir dedyinin birini yerinə yetirəndə, beşini qulağardına vurur, çox vaxt qəsdən qaynatasının xoşlamadığı yeməkləri bişirirdi. Sadıq uşaq-zad deyildi. Özünə qarşı ögey münasibəti əməlli-başlı hiss edirdi. Çünki o özü də yetimliklə böyümüş, analıq umuduna qalmışdı. Zalım analıq da Sadığa o qədər divan tutmuşdu ki! Ömründə bir dəfə də olsun zalımın qızı onun istəyini nəzərə almazdı.

 

Balaca Sadıq quzu otarırdı. Gündüzlər dumanlı havada şehli otların arasında quzu otaran uşaq axşam alaçığa dönəndə çim suyun içində olardı. Bəzən o, sabah yerindən durub, dünəndən islanmış şalvarını yaş-yaş yenidən geyinməli olurdu.

 

Bir dəfə Sadıq çəkdiyi əziyyətlərdən bezərək, baş götürüb, yaylaqdan atasının yanına –   kəndə qaçmaq qərarına gəldi. Yarı yolda özündən xeyli böyük əmisi oğlu Qədirlə qarşılaşdı:

        Sadıq, hara gedirsən?

Sadıq yazıq-yazıq cavab verdi:

       Analığım məni bezdirib, ondan qaçıram.

 

Baş verənlərin çoxundan xəbəri olan Qədir onu inandıra bildi ki, yolda əjdaha kimi çoban itləri var, səni parçalayar. Gəl qayıdaq. İki-üç gündən sonra mən kəndə qayıdacam. Obalardan aralıda olan dik daşın yanında səni gözləyəcəyəm.

 

Qədirin sözünü eşidən, Sadıq qorxub geri qayıtdı. Analığı ona heç nə demədən gətirib qabağına dovğa və çörək qoydu,. Sadıq yeyib qurtarandan sonra çubuğu götürüb, onu döydü.

 

Bəs bu qoca vaxtında analığını əvəz edən bu gəlin nədən belə edirdi? Sadıq düşünürdü ki, mənim tikdiyim evdə yaşayır, qapıya çəkib gətirdiyim bulaqdan su içir, əkdiyim ağacın meyvəsindən yeyir, bəs məni adam yerinə qoymaq istəmir? Oğul mənimdi, amma onu da başdan elə çıxarır ki, elə bil, anası ölməyib, oğlumun anası elə bu gəlindir. Oğul göz qoymalı, fikir verməməlidir ki, görsün atası arvadı öləndən sonra necədir, nə ilə yaşayır?

 

Yolboyu Sadıq bunları fikirləşə-fikirləşə gedəndə, öz evini ötüb keçmiş, arxada qoymuşdu. Birdən fikrindən ayrılsa da, geri dönmədi. Evlərindən aralıda qayadan çıxan bulağın yanına gəldi. Qarnını bulaq suyu ilə doldurub, fıkrə getdi: “Yox belə getməz. Mən bunun bir çarəsini, bir yolunu, həllini tapmalıyam”. Düşüncələr içində evə gəldi. Oğlu evdə yox idi. Sürücü işlədiyindən  harasa iş dalınca getmişdi.

 

Sadıq öz otağına keçdi. Gizli yerə qoyduğu arvadından qalan bir cüt sırğanı sol ovcuna  alıb, eyvana çıxdı. Üç metrlik mizin arxasına keçdi. Handan-hana “ikinci analıq” bişirdiyi çörək soğançasını və rəngi solğun çayı gətirib, onun qabağına qoydu. Soyuq bulaq suyunu içən kişi ac olduğundan yeməyi yedi, çappa istəkanı dodağına yaxınlaşdırıb, bir qurtum aldı və yerinə qoydu. Yazıq bir tərzdə gəlini səslədi. O biri otaqda səsi eşidən gəlin ölüm-zülüm gəldi. İçilməmiş çayla bərabər stəkanı götürmək istəyəndə, Sadıq dedi:

– Qızım, otur. Sən də mənim balam. Qaynanan öləndən sənə çox əziyyət vermişəm. Bilirəm, qaynata qulluğunda durmaq gücü hər gəlində olmur. Sənsən dözüb, əziyyətimi çəkən. İndi sənə bir sözüm var. Amma bu söz öz aramızda qalsın. Sənə deyəcəklərimi heç ərin də bilməməlidir. Sonra sol ovcunda gizlədiyi sırğaları ona göstərdi:

– Bunlar sənin üçün avans əvəzidir. Mənə öz atan kimi qulluq edərsənsə, banka qoyduğum pulları və təqaüd kartımı ölməzdən əvvəl can verəndə sənə vəsiyyət edəcəyəm.

 

Eşitdiyi sözlər gəlinin canına yağ kimi yayıldı. Sifəti dəyişdi. İndiyədək laqeyd olan gəlin gülərüz oldu. Sanki dağları, Günəşin üzünü duman, çən örtmüşdü, birdən əsən güclü külək dumanı-çəni qovdu. Günəş olduğu kimi göründü. Şərtləri qəbul edən gəlin işə başladı.

O gündən evdə əhval-ruhiyə tamam dəyişdi. Sanki, Sadığın arvadı dirilib gəlmişdi. Daha evdə bişən dadlı xörəklərdən, pürrəngi dəm almış çaydan içən Sadıq rahat nəfəs alırdı. Bu rahatlığın nə qədər çəkəcəyini isə bilmirdi...

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident təqaüdçüsü,

AYB və AJB-nin üzvü

 

reklamlar

Digər xəbərlər