“Xala, bunları saxla, mən gələndə mənə geri verərsən...”

“Xala, bunları saxla, mən gələndə mənə geri verərsən...”
Cəmiyət 20 Sentyabr 2024 - 09:00


 

 

 

 

Yaş yarımında atası tərəfindən tərk edilən Eşqin

Vətən üçün şirin canından keçdi...

 

 

A

zərbaycanın son 30 illik tarixində görünməmiş hadisələr baş verdi. Ölkənin dirçəldilməsi, onun siyasi, iqtisadi, mədəni inkişafı müstəqilliyinin qarantı idi. Buna görə də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı respublikamızın bugünkü inkişafının təməlini qoydu. 10 noyabr 2020-ci ildə Ermənistanın diz çökərək kapitulyasiya (təslim) aktına imza atması ilə Azərbaycan  həm də Zəfər salnaməsini özünün şərəfli tarixinə yazdı.

 

Təcavüzkar Ermənistanın işğalı ilə əlaqədar xalqımıza yalnız maddi zərbə dəymədi, ilk növbədə tarixi ata-baba yurdlarımız təcavüzə məruz qaldı. O yerlərdən canını götürüb qaçanlar həm də mənəvi represiyaya uğradılar: ailələr doğmalardan aralı düşdülər, insanların bir-birinə rəftarı dəyişdi. Oğullar, qızlar atasız, ailələr başsız qaldı. Belə ailələri saymaqla, sadalamaqla qurtarmaz.

 

Dursun Hümbətovanın başçılıq etdiyi ailə də ötən əsrin 90-cı illərinin əvvəllərində düşmən Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağdakı məlum münaqişəli hadisələrlə əlaqədar 1993-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndindən məcburi köçkün düşdü. 7 nəfərlik ailə əvvəl Daşkəsən rayonunun Zəylik kəndində, 2000-ci ildən isə Göygöl rayonunun Üçtəpə qəsəbəsində müvəqqəti məskunlaşdı.

 

Ailənin Eşqini Daşkəsənin Zəylik kəndində 18 mart 1998-ci ildə anadan olub. Yaş yarımında olarkən atası onları tərk etmiş, anası Dursun xanım övladları Eşqini və bacısı Ləmanı, 35 yaşlı subay bacısı Məlahətlə birgə, 38 yaşı tamam olmuş subay qardaşı Firdovsiyə sığınaraq, ona məxsus mənzildə, yəni  himayəsində çox böyük əziyyətlə böyütdü.

2004-cü ildə Kəlbəcər rayon 115 saylı tam orta məktəbin 1-ci sinifinə getmiş, öz təlim-tərbiyəsi ilə müəllimillərin, sinif yoldaşlarının, dostlarının böyük hörmətini qazanan Eşqin  Tağıyev 2015-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurmuşdu.

 

Evin tək oğlu idi: bir bacının tək qardaşı olan Eşqin həmin il ali məktəbə imtahan verib qəbul olsa da, təhsil ödənişli olduğu üçün kasıbçılıqdan oxumaq şansını itirib. Kiçik yaşlarından hərbiyə marağı olan Eşqin 2016-ci ilin aprel ayında hərbi xidmətə gedib. O,  əsgər kimi çox bacarıqlı, komandir və əsgər yoldaşlarının böyük hörmətini qazanaraq, 2017-ci il oktyabr ayında hərbi xidmətini başa vuraraq ehtiyata buraxılır. Özünün hərbiyə olan marağı yenidən onu hərbi xidmətə  qaytarır.

 

2018-ci ildən Beyləqanda Xüsusi Təyinatlı Dəstəsdə və həmlə taborunda MAXE kimi xidmətə başlayır. Qısa müddətdə göstərdiyi bacarığı, qoçaqlığı və savadı XTQ komandirinin diqqətini çəkmiş və Eşqini XTQ-yə dəvət etmişlər.

 

II Qarabağ müharibəsi zamanı bir çox silahlardan istifadə etməyi bacaran Eşqin ilk döyüşünü Kəlbəcər istiqamətindən başlamışdı. 2020-ci il sentyabr ayının 29-da Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə qəlpə yaraları alır və Gəncə şəhərindəki hərbi hospitala göndərilir. Orada bir neçə saat qaldıqdan sonra “mən burda dura bilmərəm”, - deyib. Dayısı Firdovsi ilə görüşəndə deyir ki, sağlamam, heç nəyim yoxdur, nərahat olma. Özü ətrafdakıları məcbur edərək yenidən döyüş yoldaşlarının yanına qayıdır. Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir.

 

Komandir bir dəfə ona belə bir sual verir:

- Eşqin, sənin bədənindəki qəlpələr çıxarılmamış, müalicə almamiş niyə geri gəlmisən?!

Cavabında deyir:

- Komandir, mənim qardaşlarım burada döyüşür, mən orda onlardan ayrı qala bilməzdim, ürəyim dözmədi...

Cəbrayıla bayraq taxan Eşqingilin dəstəsi olub. Eşqin həmin gün böyük qəhrəmanlıqlar göstərib. Qəlpələri Eşqinin bədənindən çıxardırlar və yenə nə qədər etsələr də, o, geri qayıtmır. Döyüş yoldaşları ilə birlikdə döyüşür.

 

44 günlük Vətən müharibəsində Xüsusi Təynatlı Qüvvələrin tərkibində  iştirak edərək, 30 oktyabr 2020-ci ildə Xocavənd  rayonu ərazisində, Daşaltı istiqamətində gedən ağır döyüşlərdə hərbi əməliyyatlar nəticəsində odlu  və digər silah növləri ilə törədilmiş zədələnmələrdən qəhrəmancasına şəhadətə ucaldı.

 

Eşqin Tağıyev 1 noyabr 2020-ci ildə Göygöl rayonundakı Murovdağ qəsəbəsində, “Kəlbəcər qəbristanlığı”nda torpağa tapşırılıb. “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətə görə”, “Sücaətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Eşqinin xalası Məlahət əlində iki gülləni göstərib dedi:

- Hələ indiyə qədər bu barədə kimsəyə nəsə deməmişəm. Çünki gözləyirəm ki, Eşqin mənə verdiyi sözü tutub geri, yanımıza qayıtsın. Mən də ona verdiyim sözü tutub, bu əmanəti onun özünə qaytarım. Eşqin məzuniyyətə gəlib qayıdan günü əlindəki iki gülləni ovcuma qoyub dedi:

- Xala, bunları saxla, mən gələndə mənə geri verərsən...

 

İndi gözləyirəm gəlsin ki, əmanətini özünə geri qaytarım...”

Eşqinin növbəti ildönümünə kimi Göygöl rayonunun Üçtəpə qəsəbəsindəki adına ucalan büstünün yaxınlığında şəhidin adının əbədləşdirilməsi üçün bir xatirə bulağı inşa ediləcəkdi.

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru

 

reklamlar

Digər xəbərlər