Cəmiyət
11:28, Bugün
Dastanlardan tanıdıqlarımız igidlər bu gün sıralarımızdadır
(Esse)
Hələ uşaqlıq illərimizdə biz nağıl və əfsanələri, dastanları, hekayə və romanları oxuduca özümüzü onlardakı obrazların birincisinə - əsərin qəhrəmanına bənzədərdik. Yəqin ki, belə düşünən yalnız mən olmamışdım. Ətrafımızda kimə sual versəydilər ki, sən oxuduğun hansı əsərin qəhrəmanına bənzəmək istərdin, onda hər kəs öz qəhrmanının adını çəkərdi...
İllər keçdi, biz boy atdıq. Amma çoxlarımızın qayğısız uşaqlıq və yeniyetməlik illəri doğma yurdumuzun mühasirə və işğal tarixinə düşdüyü üçün daha çox o illərin ağrı-acısını yaşadıq...
30 illik Qarabağ həsrəti, yurd ayrılığı hərənin qəlbində bir cür dağa çevrildi. Ana yurdumuzda daşa dönüb, daş altında qalan analardan biri də mənimki oldu. Xocalı müsibətlərindəki analardan biri kimi xəyalımda daima gözüyaşlı, sinəsi dağlı yaşatdığım anam gecələr yuxularımda mənə susmadan deyirdi: “... qızım, insan əyata bir dəfə gəlir, bu qər fədakarlıq olmaz.. Taleyinə açılan qapıları bağlama. Elnən gələn qara gün toy-bayramdı”.
Anam “yatıb”, illərdi ki, perik düşən yuxularımda qaldı...
Dağ boyda olan dağımızı sinəmizə çəkən düşmənlərimiz inanmırdılar ki, onların mənfur niyyətlərinin çanağı öz başlarında çatlayacaq...
O dəhşətli illərddən, aylardan bizi ayıran zaman məsafəsində boy atmaqla yanaşı, düşüncələrimiz də cilalandı. Daha çox ətrafımızdakı qəhrəmanlara bənzətməyə çalışdıq özümüzü.
Bu gün isə mən fəxr edirəm ki, 30 illik işğaldan sınmayan xalqımız özünün haqq savaşına qalxaraq, doğma Qarabağımızı azad etdi...
Azərbaycanlı olaraq sevinirəm ki, göylərində şəhidlərimizin müqəddəs ruhu dolaşan Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Hadrut, Xocalı kimi vətənətirli güllərdən ibarət “Qarabağ” adlı Zəfər çələngini xalqımıza bəxş edən igidlərin sevincinə şərik oldum..
Həmin hissləri mən də yaşadım... Zəfər qalası olan Şuşamızı, anamın müqədəs məkanı olan Kəlbəcərimizi... ziyarət edəndə qəlbimdəki hüzn, kədər dolu hisslərimlə, göz yaşlarımla yanaşı bir qürur da yaşadım: “Ehey, biz qayıtmışıq, ana yurdum!”
30 illik yurd ağrılarını yaşayan gəncliyimin ən unudulmaz, möhtəşəm tarixi hadisəsi məhz 2020-ci ilin payızında dünyanı heyran qoyan II Qarabağ - Vətən müharibəsi idi ki, o zaman Şanlı ordumuzun qazandığı möhtəşəm Zəfər ömrümə qızıl hərflərlə həkk olundu...
Qürur hissi keçirirəm ki, lazımi tarixi məqamda Qarabağ Fatehimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u süngərə çevrilərək, düşmənlərimizin bağrına sancıldı. Düşmən bu ağrıdan, yaradan heç vaxt qurtulmayacaq qədər zərbə aldı.
“Qənimətlər Parkı”ndakı göz dağına çevrilmiş hərbi texnika da onlara bir utancverici nümunədir. Ermənistan tarixən özünün havadarları olanları da bununla bəşəriyyətdə biabır etmiş oldu.
Biz yalnız Ermənistanı yox, onun qara niyyətli havadarlarını da bununla ifşa etdik!
Bu gün Bakımız dünyanın 80-dən çox ölkəsinin rəsmi nümayəndələrini bir araya gətirərək, bəşəri fəlakətdən xilas etmək üçün məsləhətləşmələr aparan dövlətdir.
Azərbaycan artıq nəinki Cənubi Qafqazdakı mövqelərinə görə, əslində, dünyaya sülh, əmin-amanlıq gətirən dövlət missiyasını daşıyır. Bundan da böyük şərəf olarmı?
Heç vaxt unutmayacağam ki, şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının qəhrəmanlıqlarla dolu ömür yolları həm də müzəffər xalqımızın canlı tarixi deməkdir.
Bu isə o deməkdir ki, mənim kimi, həm də gələcək nəsillər üçün onların həyat yolu, igidlikləri, Vətənə fəda etdikləri gənc ömürləri örnək və nümunədir...
Gözümüzün qarşısında baş verdi və əbədi olaraq yaddaşımıza yazıldı ki, Azərbaycan xalqı dövlət rəhbərinin siyasi iradəsinə güvəndi. Axı, Prezident İlham Əliyev Umummilli lider Heydər Əliyevin ülvi və tarixi arzularını gerçəkləşdirdi.
Qarabağ Fatehinə sığındıq! Müzəffər Sərkərdəmizin ətrafında monolit birlik yaratdıq ki, illərlə tapdaqda qalan ərazilərimizi 2020-ci ilin payızında, cəmi 44 günlük Vətən müharibəsi zamanı azad edək. Bunu birdəfəlik yaddaşımıza yazaq və unutmayaq ki, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın və xalqımızın yenilməz iradəsi, modern döyüş taktikası ilə düşməni əbədi məğlub etdi...
Məhz o şanlı gündə sevindik ki, 10 noyabr 2020-ci il tarixində Ermənistanın diz çökərək kapitulyasiya aktına imza atması ilə Azərbaycan Zəfər salnaməsini şərəfli tarixinə qızıl hərflərlə yazdı...
Xəyalımdakı qəhrəman isə hünərləri, igidlikləri, şəhid ruhlarıya Azərbaycana çevrilmiş seçilmişlərdir ki, onların arasında əbədi qalib hərbiçilər, əsgərlər, zabitlər, generallar, Mübarizlər, Poladlar var...
Xalqımızın on minlərlə cəsur övladı bu haqq savaşında Vətənin azadlığı uğrunda mübarizəyə qalxdı ki, “of” demədən Bütöv Azərbaycan naminə, böyük Qələbə üçün gənc yaşlarında şəhidlik zirvəsinə ucaldı...
Mən, əlbəttə, xalqımızın Ulu öndəri Heydər Əliyevin təbirincə desək, “qürur duyur və fəxr edirəm ki, Azərbaycanlıyam”!
Fəxrlə Prezidentimizin tarixi kəlamını könlümün şərqisinə çevirmişəm: “Qarabağ Azərbaycandır!”
Cəmilə ÇİÇƏK