Uca Allahı tanıyan və millətinə bağlı
olan ilkim!
İllər bizim üçün sürətli, sizin üçün fürsətli, hər ikimiz üçün qiymətlidir. Elə bil dünən idi, ilkim, ərkim, güvəncim, arxam-dayağım, sevincim -fərəhim bu dünyaya göz açdın. Sənin dünyaya gəlişini ilk duyduğumdan bəri sanki dünyadan qopdum, gözüm qaraldı, özümü itirdim, "Gözün aydın olsun"təbrikləri məni özümə gətirdi, gözəlim dünyamıza qayıtdım. Adını Müslim qoydum. "Uca Allaha təslimlərdən, mübarəklər kimi müslimlərdən olsun" dedim. Şükür Uca Yaradana ki, diləyimi qəbul etdi. Qəlbin adın kimi Müslim oldu, davranışın yaşından böyük oldu, ədalətsevər, böyüyə hörmətli, kiçiyə mərhəmətli böyüdün. Bu gün sənin yubiley ilindir. Ömrün cavan təravəti, qaynarlığı, hərarəti, ən əsas da ağlı və məhəbbəti aşkara çıxan yaş dövrünə gəlib çıxmısan. İndi sənin 20 yaşın tamam olur. 03.12.2004-03.12.2024 olub. Nə yaxşı ki, ömrümdən 20 il belə tez keçib, sən ömrümə yaraşıq olmusan. Ömrümün azaldığını düşünmürəm, mənə bəxş olunan sevinclə bəlkə daha çox uzanıb. Hər gün sənin üçün Uca Allaha şükür və dua edirəm, qiymətli oğul! 20 yaş igid yaşıdır. İgid və həmişə ədəbli, böyüklərə sayğılı, kiçiklərə qayğılı, insafli və ədalətli oğul ol. Həmişə Uca Allahı tanıyan və millətinə bağlı olan, inanc və əxlaq daşıyan, İslamzadə soyadına, Müslim adına layiq yaşayan ləyaqətli şəxsiyyət olaraq cəmiyyətin kişi qazancı ol! Uca Allah səni bütün diləklərinə yetirsin, bizim də dilədiyimizi gerçək etsin. Sənə vəsilə olan dəyərli ana məqamına minnətli, ata vüqarına uyğun ləyaqətli, valideyn duasını qazanan, onlarla birlikdə yaşlanan və yaşamaq səbəbi olan Allahu-Təalanın ərmağanı ol. Kaş ki, bütün övladlar sənin kimi ata qədrini anlayan, ana sevgisini duyan olaydı... Boyunu gördüyümüz kimi, toyunu və soyunu da görək İnşəllah. Doğum və ad günün mübarək olsun, ömrün bərəkətli olsun, oğul!. Amin!