Lənətlənmiş ailə (Hekayə)

Lənətlənmiş ailə  (Hekayə)
Mədəniyyət 08 Yanvar 2025 - 11:25


 

 

       İki gəncin Leyli və Məcnun kimi bir-birini sevməsi kənddə hər kəsə bəlli idi. Bu gənclər məktəbdə sonuncu sinifdə oxuyurdular. Dağda-dərədə bir yerdə gəzər, bənövşə-nərgiz dərərdilər. Onları bir yerdə görənlər daha təəccüblənməzdi də. Oxumağı başa vurduqdan sonra sevgillilər – Əli və Güllü  bir-birinə  qoşulub qonşu kənddə yaşayan Əlinin dayısıgilə qaçdılar.

 

Xəbər hamını sevindirdi. “Hətta Allah xoşbəxt eləsin”, deyənlər də oldu. Bu izdivaca sevinməyən, narazı olanlar Əlinin ailəsi – anası və böyük qardaşı idi. Xüsusən, ana bu işin əyilməsinə çalışırdı. Eşidənlər, bilənlər mat-məəttəl qalmışdılar. Qız gözəl, oğlan yaxşı, qız sevir, oğlan sevir, daha nə lazım?

 

Kənd ağsaqqalarının təkidi ilə təzə evlənən cütlük ata evinə köçürüldü. Bütün həngamələr də elə bu gündən başladı. İnadından dönməyən ana onları bir yataqda yatmağa qoymadı. “Gəlin”i öz yanında yatıraraq, oğlanı başqa otaqda yatmağa məcbur etdi. Heç kəsin anlaya bilmədiyi bu olaylar çoxlarında təəccüb doğurmuşdu.

 

Nə biləsən bu əzazil ananın ürəyində nələr varmış. Əgər oğlunu başqa, ürəyində bəyəndiyi bir qızla evləndirmək amalı vardısa, camaatın gözü qarşısında sevib, əhd-peyman bağlayan gənclərin yolunu çoxdan kəsərdi. Görəsən, buna başlıca səbəb nə ola bilərdi? Güllü ər evi deyilən yerdə qul kimi yaşayırdı.

 

Çörək verəndə dimdələnər, iştahsız yeyər, yatmağını, durmağını da bilməzdi. Xəlvətə düşəndə Əli Gülü ilə söhbət elədi. Yaşadıqları bu həyatdan bezdiklərini söyləyərək, qərara aldılar ki, qaçıb, şəhərə getsinlər. Əlinin tapşırığına əsasən Güllü evdə olan balaca çemodana pal-paltarını yığıb, səhəri gözləməli idi. Əlinin böyük qardaşının oğlu Güllünün çemodanı yığdığını görüb, nənəsinə xəbər verdi. Hər şey bununla başladı. Əlinin anası içəri girib, gördüyü çemodanı başı üstünə qaldıraraq, yerə çırpdı. Çomadan tay-varaq olub, evin ortasına səpələndi.

 

– Sən bunun özünə bir bax. Mən istəyirəm ki, bunu oğlumdan ayırım, evimdən rədd eləyim! Bu da oğlumu götürüb, şəhərə qaçmaq istəyir,  –  deyərək var gücü ilə Güllüyə bir sillə vurdu. Səs-küyə, qışqırığa böyük oğul da gəldi. Güllünü o ki var çırpdılar. Yerə yıxıb, ağzına, gözünə, başına döydülər. Evdə olmayan Əli isə bunlardan xəbərsiz idi. Anası və qardaşı  Güllünün ölümünə döşəyirdilər. İnsan qaz, ya pişik deyil ki, istədiyin qədər döyəsən, əlindən çıxan kimi durub qaça. O ki, ola qız uşağı! Gözləri qızan ana və bala sonuncu qüvvələrini sınayanda, halsız uzanan Güllü başını yana əyib, əbədi olaraq gözlərini yumdu. Oğlu əlini havaya qaldırıb, bir də vurmaq istəyəndə, anası qışqırdı:

       A bala, bu ləçər öldü ki?

 

Hər ikisi donub qaldılar. Qızın başını o yan, bu yana tərpədib, göz qapaqlarını yuxarı çəkəndə, Güllünün sönmüş gözlərinin bəbəkləri göründü. Ayağa qalxıb, uzanmış Güllüyə baxan ana və balanın dilləri söz tutmadı, lal kimi bir-birinin üzünə baxdılar. Sanki günahkarı axtarırdılar. Artıq iş-işdən keçmişdi. Törədilən cinayət göz qabağında idi. Daha deyə bilməzdilər ki, dur, atanın xarabasına get. Güllü üçün xaraba ər evi oldu.

 

Əli getdiyi yerdən qayıdanda, gözlərinə inanmadı.  Evin ortasına uzadılan Güllü palaz bükümünə oxşayırdı. O, anasına və qardaşına baxdı. Ana-oğul ikisi bir ağızla:

        Di gəl, yaramaz hərəkətlərinə cavab ver  – dedilər:

Əli uzadılmış sevgilisinin yanında diz çökdü. Başını əlləri arasına alaraq, heykəl kimi donub qaldı.

 

Əsəbi soyumayan ana böyük oğluna:

– Tez ol əmilərinə xəbər ver, görək nə məsləhət görürlər. O zaman lazım olan tədbiri görərik. Çox keçmədi əmilər tökülüb gəldilər. Hərə ağlına gələn bir təklif irəli sürdü:

        Deyərsiniz zəhər içib, özünü öldürüb.

O biri dedi:

       Üz-gözündə olan cırmaq izlərinə nə deyəcəksiniz?

       Bəs nə etməli?

Polis  xəbər tutsa, üçünüzü də aparacaq guppultuyla ömürlük.

 

Ağbaş, yaşlı əmi dedi:

       Götürün, ağacdan asaq. Deyərik ki, hirslənib özünü ağacdan asıb.

Onlar bağa girib üstündə alma olan ağacın birini seçdilər. Güllünün boğazına kəndir salıb ağacdan asdılar.

 

Hələ də yerində donub qalan Əliyə toxunanda gözlərinin tutulduğunu gördülər. Təcili onu bir maşına qoyub şəhərə apardılar. Xəbəri eşidən qanun keşikçiləri axışıb gəldilər. Hadisə ilə tanış olandan sonra iş həvalə olunan araşdırmaçı müstəntiqin sorğu-sualı başladı. Əvvəlcə şahid olan adamları dindirdi. Sonra bir neçə nəfər də müstəntiqlə bərabər Güllünün asıldığı ağacın yanına gəldi.

 

Müstəntiq əvvəlcə yerə, yumşaq torpağa baxdıqdan sonra qəflətən meyidi yelləməyə başladı. Meyid ləngər vuran zaman ağacdan qopub bir neçə alma yerə düşdü. Müstəntiq üzünü adamlara tutub:

– Bu necə özünü asmaqdır ki, can verən zaman ölümə gedən insan yırğalanmamış, bircə dənə də olsun alma yerə düşməmişdir? Hüquq işçiləri ekspertiza, məsələyə aidiyyatı olan hər bir vəzifə sahibi işini qurtarandan sonra mərhumun dəfn olunmasına razılıq verdilər.

 

Bu qansızlığı eşidən kənd əhli o qapıya o gündən ayaq basmadı. Beş on adam cənazəni qəbristanlığa aparanda, bütün kənd əhalisi orada idi. Dəfn mərasimi zamanı hörmətli ağsaqqallar ürək sözlərini söylədilər. Belə qansız insanlara lənət oxudular. İki sevən gəncin arzularını torpağa basdıranlara nifrət etdilər. Kənddə bir daha belə hadisələrə yol verməməyi adamlara çatdırdılar.

İstintaq başa çatdırılandan sonra, gəlinin ölümündə iştirak edən qardaşa layiq olan cəzanı verdilər. Bədbəxt Əli kor olması ilə bərabər başına hava gəldi. Sağalmaz xəstəliyə tutuldu. Deyilənlərə görə, Əli elə orada xəstəxanada qırılmış ömrünü başa vurdu.

 

Güllünün dəfnindən sonra yer-göy ağladı. Yazıq qızcığaz döyülərək öldürüldüyü saatda dağlar-dərələr sellərə qərq oldu. Göy üzərində toplanan qara buluddan qopan şimşək düz həmin evin üstünə düşdü. Evi parça-parça edərək, alova bürüdü. Evdə olan qatil qardaşın ailəsi, övladları, anası, bacısı birlikdə məhv oldular. Yanan evə yaxın gələn olmadı. Ona görə ki, bu ailə lənətlənmişdi. Həmin vaxtdan o yurd bayquş yuvasına döndü...

 

                                            

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər