
Mənalı söz könüllər alan gözəl kimidir -
hərdən örpəyini açıb üzünü göstərər və könülləri şad edər.
Sözün İlahi qüdrəti haqqında yetərincə
fəlsəfi fikir söylənilib. Fikrin yığcam formada ifadəsi asan olsa da, onu hər
kəs bacarmayıb. Sənət-peşənin heç də hamısının məktəbi olmur. Elələri var ki,
İlahi vergidən, təbdən, qüdrətdən yaranır. Söz sənəti də Tanrının insanlara
fikrinin fəlsəfəsini yığcam şəkildə ifadə etməsi üçün verdiyi qabiliyyətdir.
Fikrin cilası isə poeziyada özünü daha qabarıq göstərir. Lakin, sözün qüdrəti o
qədər böyükdür ki, ona görə də fəlsəfi yükünü ifadə edən formaları da az deyil.
Poeziya burada daha çox önəm daşıyır. Janrları da məhz bu baxımdan ortaya
çıxıb: dramatik, didaktik, lirik, epik, konkret, təcrübi, simfonik, satirik və
müasir poeziya.
Ulu Öndər Heydər Əliyev poeziya haqqında fikirlərini
bildirərkən “…insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən,
insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu
qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur,”-deyib.
Poeziya milliliyi ilə yanaşı, həm də bəşəri mahiyyət
daşıyır. Hər bir xalqın poeziyasının özünəməxsusluğu var. Türkiyənin tanınmış
mədəniyyət xadimi - şair, dramaturq,rejissor və tərcüməçi Tarik Günersel
Beynəlxalq Poeziya Gününün qeyd olunmasını1997-ci ildə irəli sürüb. Bu təklif
istər sənət aləmində, istərsə də xalqlar arasında ehtiramla qaşılanıb. 1999-cu
ildə UNESKO-nun 30-cu iclasında 21 mart “Beynəlxalq Poeziya Günü” elan olunub.
Bu hadisə xalqımız üçün ikiqat bayrama çevrildi. Çünki
ruhun musiqisi adlandırılan bəşəri poeziyanın ritmik notları ilə baharı,
çiçəklənməyə hazırlaşan ecazkar təbiəti, saflıq və birlik rəmzi olan Novruzu
salamlamaq doğrudan da əsl səadətdir. Səadətdir həm də ona görə ki, Odlar Yurdu
- güclü iqtisadi sərvəti ilə zəngin olan Azərbaycan həm də mənəvi sərvəti ilə
əsrlərdən bəri də məşhurdur. Xalqımız şeiriyyətə və mədəniyyətə misilsiz
töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Azərbaycanın ürəyi
həmişə şeirlə, poeziya ilə döyünüb.
Bu məqamda, əlbəttə, Livan yazıçısı və rəssamı Xəlil
Cübranın sözləri yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən
dodaqların nəğməsidir”.
Poeziya - sözün poetik imkanlarının ifadəsi
Poeziya ən qədim zamanlardan insanın mənəvi ehtiyacına
çevrilmiş, arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin
poetik tərcümanı olub. Bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan
poeziyası da xalqımızın tarixi qədər qədimdir.
Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq,
eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus
poeziya məktəbi yaradıb. Bu məktəbin nümayəndələrinin yaradıcılığında yüksək
peşəkarlıq, sözün poetik imkanlarından istifadə bacarığı özünü daha aydın
göstərib.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı
əsasında formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər
mövsüm-mərasim nəğmələridir. Heç də təsadüfi deyil ki, bizi şair xalq
adlandıran əcnəbilər dilimizin də musiqli olmasını dönə-dönə söyləmişlər.
Orta əsrlərdən başlayan mədəni inkişaf prosesi
Azərbaycan poeziyasının yüksəlişində yeni bir mərhələnin başlanmasına səbəb
olub: insana, onun daxili aləminə maraq güclənib. Şeir sənətimiz Həsənoğlunun,
N.Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin… timsalında yeni çalarlarla zənginləşib.
XIX əsrdən başlayaraq şeirlərdəki fəlsəfi mühakimələrin yerini müasirlik və
real obrazların lirik təzahürü tutub. M.P. Vaqifin, M.V.Vidadinin, Q.Zakirin,
S.Ə.Şirvaninin, M. Ə. Sabirin… yaradıcılığı isə maarifçi-realist ruhda
formalaşıb.
Əlbəttə, poetik fikrimizin M.Ə.Sabir, H.Cavid, M.Hadi,
Ə.Cavad, S.Vurğun, M. Müşfiq, M.Araz, B.Vahabzadə, X.Rza…kimi görkəmli
nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatına yeni ruh verib,
bir-birindən dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi,
milli dəyərlər ətrafında birləşməsində layiqli xidmət göstəriblər.
Vətənçilik məfkurəsi,
Azərbaycançılıq ideyası, vətənpərvərlik ruhu…
Söz və fikir azadlığının, siyasi düşüncə
sərbəstliyinin, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda, xalqımızın
istiqlal mübarizəsində, dövlət müstəqilliyinin bərpasında əhəmiyyətli rol
oynamsını inkar etmək olarmı?! Bu, əslində, şair və yazıçılarımızın
yaradıcılığından daim qırmızı xətlə keçən Vətənçilik məfkurəsinin,
Azərbaycançılıq ideyasının, vətənpərvərlik ruhunun məntiqi nəticəsi idi.
1975-ci ilin oktyabrında keçirilən “Azərbaycan
Ədəbiyyatı Günləri”ndə çıxış edən Ümummilli Lider Heydər Əliyev şeiriyyətin
cəmiyyətdə böyük dəyərə malik olduğunu belə ifadə edib: “Tarix tələbkar
imtahançıdır. Hökmdarlar, saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük
mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də
öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”.
“Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi
xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”,-deyən Ümummilli Liderimiz
müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılmasını vacib hesab
edirdi.
Bu gün Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev
Fondunun hərtərəfli qayğısı sayəsində ədiblərimizin bədii yaradıcılıqları geniş
üfüqlərə şəfəq saçır. Poeziya ilə nəfəs paylayan şairlərin ümumbəşəri mahiyyət
daşıyan çoxşaxəli yaradıcılıqları dünya bədii təfəkkürünü zənginləşdirir, milli
şeiriyyəti yüksəklərə qaldırır. Şairlərimizin bədii fikir salnaməsində parlaq
səhifələr açan əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir. Bu,
həm də ədəbiyyatın ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin ədəbiyyatımızın
inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət
və qayğı göstərməsi də təsadüfi deyil. Dövlət başçısının son 17 il ərzində
müxtəlif vaxtlarda Niuzami Gəncəvinin 880, Aşıq Ələsgərin 200, həmçinin Cəlil
Məmmədquluzadənin 140, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirzə
Fətəli Axundzadənin 200, Mirzə Ələkbər Sabirin 150, Mirvarid Dilbazinin 100
illik… yubileylərinin beynəlxalq və ölkə səviyyəsində qeyd olunması üçün
imzaladığı sərəncamlar, ondan irəli gələn tədbirlərin həyata keçirilməsi
Azərbaycan ədəbiyyatının inkişafına hesablanan mədəniyyət siyasətinin tərkib
hissəsidir.
Poetik dünyası olanların qəribə,
həm də qərib aləmləri olur…
Sözün keşiyində elə Söz silahı ilə əsgər və sərkərdə
kimi dayanan Nizami Gəncəvinin və eşq şairi Məhəmməd Füzulinin əsələrində Sözün
qüdrəti ilahi varlıq qədər ucalıqda saxlanır. Nizami Gəncəvinin “Az danışmağın
gözəlliyi”ndə deyilir:
“Sözün də su kimi lətafəti var,-
Hər sözü az demək daha xoş olar…”
Məhəmməd Füzulinin “Söz” qəzələnin açmasında
isə nəzmə çəkilmiş fikrin mənası dəryalar qədər dərindir: “İnsanın sirrini hər
kəsə açan sözdür, hər an yoxdan var olan söz. Sözün qiymətini bilən, ona dəyər
verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini də o
dəyərdə edər. İnsana onun danışdığı sözə görə qiymət verilir. Mənalı söz
könüllər alan gözəl kimidir, o da hərdən örtüyünü açıb üzünü göstərər və
könülləri şad edər. Söz sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər
zaman sirli gövhərlərini sapa düzüb aşkar edər.
Söz tərkibi əla, sahanə incilərdən ibarət
olan mərifət dənizdir. O dənizdə üzməyi bacarmayan arif deyil. Əgər sözün
hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et…”
Poeziya da məhz sözün cilalanmış, incələnmiş,
dürr halına salınmış ifadəsidir, deyim tərzidir. Söz də könül dənizinin
dibindəki incilərdir, gövhərdir…
Poetik dünyası olanların qəribə, həm də qərib
aləmləri olur. Orada bütün qidalar mənəvidir – sözdür…
Məhəmməd
NƏRİMANOĞLU,
“Azərbaycan”/Zekainfo.az