
Orta məktəbdə bir ədəbiyyat müəllimimiz vardı. Bir
az yaşlı idi, saçlarına təzəcə dən düşmüşdü. Yadda qalmağının, sevilməyinin səbəbi
həmişə şagirdlərinə əlindən gələn köməyi etməsi, onlara pasiban durması idi.
Yusif müəllim dərs başlayan kimi sual-cavab edər, kimin nəyə qadir oldugunu biləndən
sonra jurnala qiymət yazar, yeni dərsin tapşırıqlarını verər, sonra yadda qalan
tərbiyəvi hadisələrdən danışardı. Deyərdi ki, şagirdlərin oxuyanı da olar,
oxumayanı da. Oxumaq istəyənin qarşısını heç kim kəsə bilməz. Oxumaq su içmək
kimi bir şeydir. Amma insanlıq dərsini oxumaq hər adama müyəssər olmur. Bunun dərsliyi
yoxdur. Vətənini, xalqını sevmək, insan olmaq dərsliyi müəllimin ürəyinin baş
hissəsində, bir də şagirdlərın qulağının dibində yerləşir.
Bir dəfə yenə Yusif müəllim şahidi olduğu bir hadisəni
danışmağa başladı:
Kəndimizdə bir ailə vardı. Kişi gəlmə idi.
Cavanlıqda hardansa gəlmişdi. Kəndə ilk dəfə işıq çəkirdilər. Bir evə işıq çəkən
zaman o evdə ürəyinə yatan bir qızla evlənmişdı. Qızın adı Səmayə idi. Kənd
ağsaqqallarının iştirakı ilə oğlana toy elədilər. Səmayə atasını itirmişdi.
Anası ilə birlikdə qaldığından elə ata yurdunda həmin oğlanla yaşamağa başladı.
Oğlan kənd camaatına qaynayıb-qarışdı. Hörmət
qazandı. Adamlar daha ona “işıqçı oğlan” əvəzinə, İşıqçı Bayram deyirdilər.
İşıqçı Bayramla Səmayənin bir oğlu oldu. Uşaq böyüdü. Məktəbə getdi. Müəllimlər
bu uşağa xüsusi qayğı ilə yanaşırdılar. Fikirləşirdilər ki, Bayram qərib
olduğunu heç vaxt ağlına gətirməsin. Zəhmətkeş ailənin oğlu böyüdü. Məktəbdə
çoxlarından fərqləndiyi, yaxşı oxuduğu üçün elə buraxılış ilində ali məktəbə
daxil oldu. Bu şad xəbər təkcə İşıqçı Bayramı deyil, bütün kənd adamları ilə bərabər
müəllimləri də sevindirdi. Oğullarının fərasəti ailənin qol-qanadını daha geniş
açmasına imkan verdi. Toyuq-cücə, mal-qoyun saxlamağa da başladılar. Əsas məqsədləri
bu idi ki, oğulları Fərman şəhər yerində korluq çəkmədən oxusun, adam cərgəsinə
qoşulsun. Fərman ata-anasının göndərdiyi artıq pulları cib dəftərinə yazarmış.
Beləliklə,
Fərman ali məktəbi başa vurduqdan sonra təyinatla işə göndərildi. Az vaxtda
bilik və bacarığı nəticəsində müfəttiş vəzifəsinə təyin olundu. Bu yüksəlişi kənd
əhli bayram elədi. Böyükdən- kiçiyə kim İşıqçı Bayramı görürdüsə, onu təbrik
edir, gözaydınlığı verir, kimi də pay-püşlə evə gəlir, ailənin sevincinə şərik
olurdu. Hamı oğul-uşağına Bayramı nümunə göstərir, gəlmə adamdır, amma oğlu gör
hara yüksəldi, deyirdi.
Bayram çox sevinir, oğlu ilə fəxr edirdi. Hər ayın başında poçt idarəsinə
gedər, oğlunun göndərdiyi pulları alıb evə, Səmayənin yanına qayıdardı.
Bu minvalla beş il keçdi. Bayram yavaş-yavaş iş
qabiliyyətini itirməyə başladı. Bir dəfə işıq dirəyinə çıxanda yıxıldı. Ayağı
dizdən aşağıdan sındı. Yataqda xeyli yatmalı oldu. Bir müddət ayağı gipsdə
qalsa da, qoltuqağaclarının köməyilə poçt binasına getdi ki, oğlunun göndərdiyi
pulu alsın. Poçtda işləyən qız ona dedi:
–
Bayram
əmi, sizə bu dəfə pul yox, məktub gəlib, buyurun, bu kağıza qol çəkin.
Bayram kişi kağıza qol çəkib, cibinə sığışmayan məktubu
çətinliklə əlində tuta-tuta evə gəldi. Səmayə kişinin baxışlarından bir şey
anlamadı:
–
A
kişi, boyuna qurban olduğumun qazancından pay aldınmı?
Bayram tərs-tərs arvadını süzüb:
–
Vallah,
pul yox, əvəzinə bu məktubu verdilər.
Səmayə təkidlə:
–
A
kişi, burda nə var ki?.. Qadasın aldığım, yəqin, məktubun içərisinə pulu qoyub
göndərib. Aç, aç görək...
Məktubu açdılar. İçində pul yox idi. Boz kağıza
salamsız-kəlamsız dörd söz yazılmışdı: “Ata-ana, daha givit”. Nə Bayram, nə də
Səmayə bu sözdən bir şey anladılar. Bir-birinin üzünə baxıb, xeyli beləcə
dayandılar, sonra sükutu Səmayə pozdu.
– A kişi, mən bu “givit” sözünü birinci dəfədi
eşidirəm. Heç öz dilimizdə belə bir söz yoxdu. Dayanıb durma, özünü çatdır
Yusif müəllimə. Belə şeyləri ancaq o bilər.
Bayram kişi qıçını güclə çəkə-çəkə özünü məktəbə
çatdırdı. Zəng vurulmuşdu, tənəffüs idi. Dəhliz boyu uşaqlar o baş-bu başa
qaçırdılar. Bayram qoluna qırmızı bağlamış cavana yaxınlaşdı:
–
A
bala, bilmirsən, Yusif müəllim hansı sinifdədi?
–
Əmi,
indicə müəllimlər otağına getdi.
Bayram kişi elə qapının ağzındaca Yusif müəllimlə
üz-üzə gəldi.
–
Xeyir
ola, ay Bayram. məktəbə təşrif buyurmağa səni nə vadar edib?
–
Müəllim,
elə sizi deyib gəlmişəm, deyiləsi sözüm var.
Yusif müəllim Bayramı içəri aparıb oturmağa yer göstərdi.
–
Bir
az gözlə, indi qayıdıram, – dedi. Yusif müəllimin getməyi ilə qayıtmağı bir
oldu.
–
Hə,
eşidirəm, – deyib Bayrama baxdı. Bayram qoltuq cibindən qatlanmış məktubu
çıxarıb ona verdi. Yusif müəllim məktubu açıb ürəyində oxudu. Qaşlarını çatdı.
Alnı qırışdı.
–
Ay
nankor övlad, – dedi.
Bayram:
–
Ay
müəllim, yoxsa balama bir şeymi oldu? Onu niyə təhqir edirsiniz?
Haçandan-haçana Yusif müəllim “givit” sözünü izah
eləməyə başladı.
–
“Givit”
borcun başa çatmasına deyilir. Narahat olma, get evə, mütləq bu günlərdə oğlun
sizə baş çəkməyə gələr, inşallah!
–
İnşallah!
– deyib Bayram evə gəldi.
Yusif müəllim poçt idarəsinə gedib Fərmana belə bir
teleqram vurdu: “Atanla anan göbələkdən zəhərlənərək ölüblər. Təcili özünü
çatdır! İmza: Yusif müəllim”. Teleqramı yola saldıqdan sonra Yusif müəllim
Bayramgilə gəldi. Məsələdən onları agah eləyib dedi:
– Qapıda gözləyin. Elə ki eşitdiniz oğlunuz gəlir,
hərəniz əlinizə bir çubuq alarsınız və qapının arxasında gizlənərsiniz. Mən də
gəlib sizin evdə mizin başında oturacağam. Mən
işarə verəndə işə başlayarsınız.
Bir gündən sonra Fərman maşını ilə kənddə evlərinin
qapısında peyda oldu. Həyətdə mağar görmədi. İrəli gedib giriş qapısını açdı və
qonaq otağına daxil oldu. Baş tərəfdə Yusif müəllimi gördü. Əl vermək istədisə
də, Yusif müəllim əllərini qoynundan çıxarmadı.
–
Otur!
Fərman dinməz-söyləməz oturdu. Yusif müəllim Fərmandan
gələn məktubu ona uzadıb:
–
Bu
nədi yazmısan? İzah elə görək.
Fərman tələsirdi, istədi əvvəlcə ata-anasından xəbər
bilsin. Amma Yusif müəllimin sərt baxışları ona imkan vermədi, dedi:
– Müəllim, oxuduğum illərdə ata-anamın mənə göndərdiyi
pulları dəftərimə yazırdım. Mən də aldığım pulları işləyəndən sonra geri
qaytarmağa başladım. Oldu başabaş. Bax bu, “givit” deməkdir.
Yusif müəllim yan tərəfə söykədiyi ağacı əlinə
aldı, qapının arxasndan oğlanlarını dinləyən Bayramla Səmayəyə işarə etdi:
–
Ə,
vurun, ağlı başına gələnəcən döyün.
Xeyli kötək yedikdən sonra Fərman səhvinin
böyüklüyünü anladı.
–
Qələt
eləmişəm, bir də eləmərəm.
Döyənlər əllərini saxladılar. Çubuqları atıb həsrətində
olduqları oğullarını duz kimi yaladılar.
Bəli, Yusif müəllim belə insan idi.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az