
Ailənin yeganə övladıyam. Nə bacım var, nə də qardaşım. Mən
doğulandan sonra hamilə olan anam az qalıb ölə. Doğuş zamanı uşaq tələf olmuş,
anamın da vəziyyəti ağırlaşmışdı. Həkimlərin deməyinə görə, anam daha dünyaya
uşaq gətirə bilməzdi. Bu həm anama, həm də atama təsirsiz ötmədi.
Artıq böyümüşdüm. Ata-anam hər nazımı çəkirdisə, mən də canla-başla
onlara qulluq edirdim. Atamın evdə daim qaş-qabaqlı olmasını görəndə anam
üzülürdü. Bu vəziyyət gözlərimdən yayınmırdı. Qaşları çatılmış atam qaradinməz
oturardı. Gözlərim onun alnındakı qırışlara dikilərdi. Kişinin qaşları
arasındakı qırışlar sanki qədim heroqlif yazıları xatırladırdı. Deyirlər iki
qaş arası ürəyin güzgüsüdür. Ürəkdə çəkilən iztirabın şəkli qaşlar arasında
görsənir.
Atamın qaşqabaqlı olması, bir də daim ah-uf eləməsi də məni çox
düşündürürdü. Deyirdim görəsən bu kişi bu ah-ufları ilə nə demək istəyir. Bəlkə
anamla evlənməyi, anamın xəstə düşməyi onu incidirdi. Atam bağlı sandıq kimi nə
açılır, nə də bizimlə düz-əmməlli söhbət edirdi.
Mən orta məktəbi bitirmişdim, attestat almalı idim. Əlaçı oxuduğumdan
işlərim qaydasında gedirdi. Əvvəlki vaxtlar olsaydı, “qızıl medal” da verərdilər.
Ara qarışıb, hərc-mərclik yaranandan sonra daha əlaçı şagirdlərə medal vermədilər.
Əla qiymətlər yazılan attestatımı alıb evə gətirdim. Tək bircə dəfə həmin
gün atamın alın qırışları yox oldu. O, çox sevinirdi:
– Qızım, sənin bu qələbəni qeyd etməliyik. Sevincini əminlə, bibinlə
bölüşmək üçün şadyanalıq süfrəsi açaq, evimizdə şənlik olsun. Mən indi gedim
bazarlıq eləyim gətirim.
Səhər tezdən bazara gedən atamdan hələ də xəbər yox idi. Mən evdə səliqə-səhman
yaratdım. Qonaqlar üçün yer düzəltdim, süfrə sərdim. Qab-qacaqları düzdüm. Anam
da qalxdı. Köməkləşib hazırlıq işlərini birgə gördük. Qəflətən edilən telefon zəngi
sükutu pozdu. Düşündük, yəqin əmimdir. Telefonu açanda boğuq kişi səsi gəldi.
–
Bura Rafiq Abbasovun evidir?
–
Bəli – dedim.
–
Siz Rafiqin nəyisiniz?
–
Qızıyam, – dedim.
–
Təcili üç nömrəli xəstəxanaya gəlin, atanız
oradadır, onu maşın vurub.
Atam adəti üzrə sənədlərini
cib dəftərinin arasında gəzdirərdi. Görünür, telefon nömrəsini də oradan öyrənmişdilər.
Özümü xəstəxanaya çatdırdım. Əmim də gəlib çıxdı. Atamın başı,
qolları, bir ayağı sarıqda idi. Başı üstündə həkim dayanıb, gombul şəfqət bacısına
göstərişlər verirdi. Şəfqət bacısı da atama sistem qoşurdu. Onun halı yaxşı
olmadığından özünü bilmirdi. Bu vəziyyəti görəndə, ən çox ağlayıb, özünü öldürən
bibim və mən idim. İndiki zamanda atasız yaşamaq dözülməzdir. Xüsusilə, qızlar
üçün. Deyirlər, ən çox ata qızlara lazımdır...
Qəza zamanı ağır vəziyyətə düşən atam iki gündən sonra xəstəxanada
dünyasını dəyişdi. Onun ölümü dünyamızı kor qoydu. Arzularımı darmadağın elədi.
Qarşıda məni ali təhsil almaq gözlədiyi halda, ümidimi, xəyallarımı atamla
birlikdə qara torpağın altında basdırdım.
Ailədə onsuz da anamın bir rolu yox idi. O, evdar qadın idi, nə
savadı, nə peşəsi vardı. Deməli, bütün məsuliyyət tək mənim üzərimə düşürdü.
Dolanmağımız üçün işə girməli, evə çörək pulu gətirməliydim. Atamın yoxluğu evdə
get-gedə daha çox hiss olunur, boş qalan yeri görünürdü. Düşündüm ki, evi səhmana
salım, sonra özümə iş axtarım.
Birinci paltar şkafından başladım. Atama aid nə paltar vardısa,
hamısını ortaya tökdüm. Bir-bir ciblərini yoxladım. Birdən pencəyin qoltuq
cibindən dörd qat bükülmüş bir kağız tapdım. Kağızın arasından atamın əsgərlik
şəklni gördüm. Burada yanında ana və
uşaq olan ikinci bir şəkil də vardı. Qarayanız göyçək qadın qucağındakı oğlan
uşağını bərk-bərk bağrına basmışdı.
Şəkilin arxasında “Rafiku ot Valii” sözləri yazılmışdı. Deməli,
atamın alnında, qaşları arasında yazılan, heroqlifin şifrəsinin sirri açıldı.
Tapıntım haqqında anama heç nə demədim. Özləri bilər. Nəyə görə anamın qanını
qaraltmalı idim, onsuz da xəstə adamdır. Evi qaydaya salandan iki gün sonra şəxsi
ofisdə kompyuter operatoru işinə düzəldim.
Müdir yaraşıqlı, boylu-buxunlu cavan bir oğlan idi. Atasız olduğumu
biləndə mənə rəhmi gəlmişdi. Maaşımı da artıqlaması ilə verməyə başladı. Mənsə
görməli olduğumdan əlavə bir çox işlərdə ona yaxından kömək edirdim.
Əlaçı oxumağım, əməlli-başlı əlimdən tuturdu. Dolanışığımız yaxşı
olsa da anamın xəstəliyi məni üzürdü. Əczəxanada satılan dərmanlar qanı qiymətinə
idi. Xüsusilə, həkimlərin yazdıqları şirkət dərmanları cibimi soyurdu. Anamın dərdindən
giley-güzarı unudurdum.
İstirahət günü televizorun qarşısında oturub “Səni axtarıram”
verilişinə baxırdım. Anam da yuxuya getmişdi. Aparıcı yaxınlarını axtaranlara
söz verdi. Sonra verilişə gələn məktublar oxundu. Studiyanın yuxarı başında divardan
asılan böyük ekranda qarayanız bir oğlan göründü. Otuz-otuz beş yaşı olardı.
O, deyirdi:
– Mənim atam Gəlincik şəhərində hərbi xidmətdə olan zaman Moskva şəhərindən
tələbə yoldaşları ilə birlikdə meyvə dərməyə göndərilən anamla tanış olurlar.
Bir tərəfi dağlarla, o biri tərəfi dənizlə əhatə olunan şəhərin ətrafı meşəliklərdən
ibarətdir. Onlar bir-birlərini sevmiş, münasibət yaratmışlar. Sonra anam evə
dönmüş, hələ də hərbi xidmətdə olan atama məktublar yazmışdır.
Mən anadan olanda artıq atam xidmətini başa vurmuşdu. Atam öz vətənində
olanda da anamla məktublaşırmış. Mən dünyaya gələndən sonra anam mənimlə çəkdirdiyi
şəkilini atama göndərmişdir. Məktublaşma davam etsə də, anamın yazdıqlarına
atamdan cavab gəlməmişdir. Ara kəsilmişdir. İndi mən atamı axtarıram. Yəqin ki,
o, anama yazdığı məktubun göndərildiyi ünvanda yaşayır.
O, atamın şəkilini də göstərib, adı Rafiq, soyadı Qoca oğlu
Abbasovdur, – deyəndə sanki qulaqlarım tutulmuşdu, qulağım açıldı, eşitdiyimə
heç cür inanmadım. Bir də ki, inanmamalıydım axı. Vaxtı ilə atamın qaşları
arasında yaranan heroqliflərin şifrəsi bir-bir açılırdı. Yenə özümü əla alıb,
anama heç nə demədim.
Bir neçə gün keçdi. Telestudiyadan evə zəng çalındı. Dəstəyi götürüb
o biri otağa keçdim:
–
Bura Rafiq Qoca oğlunun evidir?
–
Bəli, – dedim.
–
Xahiş edirik sabah saat üçdə bizə qonaq gəlin. Şəxsiyyət
vəsiqənizi də yanınızda götürməyi unutmayın.
Studuyada qonaqlar üçün ayrılmış divanda oturdum. Qulağında mikrofon
olan aparıcının göstərişi ilə ötən gün olanları bir də təkrar göstərdilər.
Aparıcı mənə müraciətlə:
–
Rafiq Qoca
oğlu sizin atanızdır?
–
Bəli – dedim.
Oğlanın müraciətinə yenidən baxdıq.
Aparıcı gülə-gülə:
– Bilirsiniz, sizin qardaşınız
var. O gəlib. Qalxın qardaşınızı qarşılamağa hazır olun. Hazırsınızmı? – deyə
bir də soruşdu.
Qonaqlar gələn qapı açıldı. Salona daxil olan ucaboy, qarayanız qəşəng oğlan elə bil atamla yarı bölünən alma
idi.
Aparıcı bizi bir-birimizə təqdim etdi.
– Bacınızdır – dedi. Biz qucaqlaşdıq. Ata-anam haqqında heç nə demədim.
Onu evimizə gətirdim. Anam ağır xəstə olduğundan yataqda yatırdı. Anamı ona təqdim
elədim. Anamın üzünə baxan kimi, adı Tofiq olan qardaşım halsız anamın nəbzini
yoxladı.
Sən demə, o, Moskvada adlı-sanlı həkim imiş. – Təcili xəstəxanaya
çatdıraq – dedi. Onun dediyi kimi də elədik. Anamımn başı üstündə özü dayandı.
Lazım olan dərmanları elə xəstəxanada alıb, müalicəyə başladı. Bir neçə gün ərzində
anamın vəziyyəti yaxşılaşdı. Hələ də həyəcanlı olan Tofiqi anama təqdim elədim.
O, mənim qardaşımdır – dedim. Anamın daha yaxşı olduğunu görən Tofiq
atamı soruşdu. Atası haqqında eşitdikləri onu çox üzdü. Atamın cibində gəzdirdiyi
şəkili gətirib ona göstərdim. Sevincindən göz yaşı tökdü.
Demək, atam məni heç zaman unutmamışdır. – söyləyib, təəssüf hissi ilə
köks ötürdü:
–
Heyf ki, atamı ömrümdə bircə dəfə də olsa, görmək mənə
qismət olmadı...
Cəmilə
ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az