
İş otağımda əyləşib, vacib işlərlə
məşğul idim. Birdən mobil telefonum zəng çaldı. Oğlum idi.
–
Hə balası, eşidirəm – dedim.
–
Ata, təcili evə gəl!
İstədim deyəm ki, niyə? Telefon susdu. Bilirdim ki, uşaq mənimlə bu
tonda danışmaz. Yenə şətəl arvatdan keçmiş olacaq. Görəsən indi nə qaynadıb –
deyə düşündüm. Evə çatıb, qapını açanda gördüm arvad mizin arxasında oturur,
ağzı da dəsmalla bağlı. Dedim:
–
Az, nə oldu yenə?
Arvadın yerinə oğlum cavab verdi:
–
Ata, anamın dili qırılıb.
– Kiri, a bala, kiri. Özünüzə güldürməyin, dil də qırılarmı? – dedim
və arvadın gözünün içinə baxdım. O, gözünü bərəldib, başı ilə təstiqlədi ki,
uşaq düz deyir. Yarım saat keçməmiş arvadın varı-yoxu tökülüb gəldi. Anası
şişman qarnını qabağa verib, bir əlinin barmaqlarını çənəmin altına dirədi:
–
Neyləmisən ə, qızıma?
Oğlum məni xilas elədi:
– Nənə, nənə, atamın heç bir günahı yoxdur. Məni söyürdü. “Səni görüm
yetim qalasan! deyəndə, qəflətən dili
qırıldı, ağzı yumulu qaldı.
Uşaq bu sözləri vaxtında deməsəydi, zalım balaları yığılıb, məni
yeddi yerə böləcəydilər.
Sakitləşib, mizin ətrafında cərgələnib, oturaraq susdular. Sükutu yenə
qaynanam pozdu:
–
Niyə durmusan?! Qızımı təcili həkimə apar. Görək, dərdi
nədir. Dili nədən qırılıb?
Naəlac qalıb, olub-qopan pulumu
qoydum cibimə, arvadı taksiyə mindirib xəstəxanaya apardım. Qəbul etmədilər.
Apardım o birisinə, orada da razılaşmadılar. İstər dövlət, istər özəl, hara
apardımsa, elə bil arvadın bəxti bağlanmış, dili başına bəla olmuşdu. Ümidim gələn
axırıncı xəstəxanaya gedəndə yaşlı bir həkim məndən soruşdu:
–
Qardaş oğlu, təhsilin nədir?
Dedim Universitet bitirmişəm.
– Bəs sən bilmirsən, bizim ölkədə hər xəstəliyin həkimi var, amma dil
üzrə mütəxəssis yoxdur? Öz-özümə düşündüm. Doğurdan ey, görəsən dil həkimi niyə
yoxdur? Həkim gördü ki, huşa gedib,
özümü öldürürəm, gülümsəyib, dedi:
– Bir aydan sonra xarici ölkədən bir həkim gələcək. Məncə, onun dildən
başı çıxmalıdır. Bir aydan sonra sizi gözləyəcəyəm.
Məyus halda evə qayıtsaq da, ümidimizi qırmadıq, gözləməli olduq.
Düşündüm ki, arvad cəhənnəm, anası axırımıza çıxacaq.
Bəli, bir ay da gəlib keçdi. Əvvəlki kimi yenə taksiyə oturub, getdik
həmin həkimin yanına. Bizi görüb, güldü:
– Bəxtiniz varmış, həkim gəlib. Xəzinəyə iki yüz manat köçürün, gedək
qəbuluna. Pullari köçürüb, qəbula girdik.
Həkimin əlli yaşı olardı. Saçlarına dən düşmüşdü. Bəlkə də, mənimlə
yaşıd idi. Bizə oturmaq üçün yer göstərdi:
–
Hə eşidirəm, şikayətiniz nədəndi?
– Arvadımın dili qırılıb, – dedim. Həkimin sir-sifəti turşudu,
qaşları çatıldı, ciddi görkəm aldı. Doğrusu, qorxdum: Yoxsa zalımın balası
sağalmaz xəstəliyə tutuldu, nədi, deyə düşündüm. Arvad ağzı bağlı olsa da,
eşidir, görürdü və arada gözünü mənə bərəldirdi.
Həkim:
–
Arvadınızın dili uzundur?
Dedim:
–
Dörd metrəlik şalbandan uzun.
–
Dili acıdır?
–
Oy, bibər onun yanında şokoladdır.
–
Dili çalır?
–
Əfi ilan ona çatmaz.
–
Nəslində dil xəstəsi var?
–
Əlbəttə, anası!
–
Dilotu yeməyib ki?
–
Gicitkanı çox sevir.
–
Bəlkə, dili yanıb?
–
Yanmaz od ondan qorxur.
–
Ulayır?
–
Eşşək balası kimi çırpanda.
Uzun sorğu-sualdan sonra həkim yerindən qaxıb, mənə baxdı:
–
Aç qadının ağzının sarğısını. İkiqat bağlanmış
sarğını açdım.
Sonra üzünü arvadıma tutub:
–
Aç ağzını – dedi.
Allah sən saxla. Arvad ağzını açanda, nə görsəm yaxşıdır? Arvadın
dili tən ortadan üst tərəfdən yarılıb.
Həkim:
–
Yaxşı ki, qırılan yerdən qopmayıb, hələ ümid var, –
dedi.
Keçib oturduğu mizin siyirməsindən bir ədəd həb götürdü və gətirib
dilin çat olan yerinə qoydu və yenidən sarıdı.
–
Aparın bir aydan sonra açarsınız. Hər şey yaxşı
olacaq – dedi.
–
Allah sizdən razı olsun, ay həkim. Mənim canımı
qaynanamın əlindən qurtardınız.
Ürəyimdə dedim:
–
Sən öl, camaatın qabiliyyətinə bir bax!
Bir ay işləyirəm, iki yüz manatı zorla alıram. Bu həkim bir saniyənin
içində bu qədər pula sahib oldu. Əgər arvadın dili bundan sonra uzanmasa, çalmasa,
zəhər olmasa, həkimə söz ola bilməz.
Yenə taksiyə minib, evə qayıtdıq. İçəri girəndə bizi ilk qarşılayan
qaynanam oldu:
–
Nə oldu? – dedi.
–
Həkim bir aya sağalacaq – dedi.
Arvad da başı ilə deyilənləri təsdiq elədi.
Bax, beləcə bir ay gözlədik. Elə ki ay tamam oldu, sarğını açdıq.
Allah qələt eləyirəm! Arvad başladı heyvan dilində danışmağa. Gah it kimi
hürdü, gah eşşək kimi anqırdı, gah da əfi ilan kimi fışqırdı.
Qorxudan bilmədim neyləyim. Nə təhər oldu, bu zalımın qızı adamlıqdan
çıxdı?! Xaricdən gələn həkim də vaxtı tamam olduğundan, çıxıb öz ölkəsinə
getmişdi. Başıma bir qapaz saldım. Oturub öz-özümə dedim:
–
Allah amandı, yoxsa arvadı yanına apardığım baytar
imiş?
Cəmilə
ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az