Yasamalda ağsaqqallıq institutu yenilənir: Fuad Məmmədov rayon Ağsaqqallar Şurasının sədri seçildi

Yasamalda ağsaqqallıq institutu yenilənir: Fuad Məmmədov rayon Ağsaqqallar Şurasının sədri seçildi
Cəmiyyət 14 Yanvar 2026 - 12:00


Yanvarın 13-də Yasamal Rayon Ağsaqqallar Şurasının növbəti seçki konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayonun nüfuzlu ağsaqqalları, ziyalıları, icra hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin, Yasamal Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov giriş nitqində tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu inkişaf yolu milli-mənəvi dəyərlərə söykənir. O, bu prosesdə ağsaqqallar institutunun mühüm ictimai dayaqlardan biri olduğunu vurğulayıb. Elşad Həsənov Yasamal sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını, Prezident cənab İlham Əliyevin siyasətini qətiyyətlə dəstəklədiklərini qeyd edib, 7 fevral 2024-cü il prezident seçkilərində rayon üzrə yüksək seçici fəallığını xüsusi vurğulayıb. Rayon rəhbəri ağsaqqalların ictimai-siyasi və sosial-mədəni həyatda fəal iştirakını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov konfransın gündəliyini təqdim edib və gündəlik səsə qoyularaq qəbul edilib. Gündəliyin əsas məsələləri yeni sədrin seçilməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının yenidən formalaşdırılması olub.

Müzakirələr zamanı Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Xalq artisti Nurəddin Mehdixanlı və digər çıxışçılar ağsaqqal sözünün cəmiyyətdəki çəkisindən, mənəvi nüfuzundan danışaraq Yasamal Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun rəhbərliyi ilə görülən işləri xatırladıblar. Natiqlər süni intellekt və sürətli informasiya axını dövründə gənclərlə sistemli işin vacibliyini önə çəkərək, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin bu gün üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışçılar tərəfindən Yasamal Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, sədr müavini, tarix elmləri doktoru, professor, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, onun elmi fəaliyyəti, ictimai nüfuzu və dövlətçilik ənənələrinə bağlılığı bu vəzifəyə tam uyğun gəlir. Açıq səsvermə nəticəsində Fuad Məmmədov yekdilliklə Yasamal Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Eyni zamanda açıq səsvermə yolu ilə Şuranın yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev və dövlət qulluğu təqaüdçüsü Cumar İsayev sədr müavini vəzifəsinə seçiliblər.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, yeni seçilmiş rəhbərliyi təbrik edib. O, ağsaqqalların cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayaraq, milli dəyərlərin qorunması, sağlam həyat tərzinin təbliği və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində onların rolunun daha da artacağına əminliyini bildirib. Eldar İbrahimov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən danışıb, bu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, həmçinin sosial problemlərə, xüsusilə ailə institutunun zəifləməsi, narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə ağsaqqalların fəal mövqeyinin vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər natiqlər Fuad Məmmədovun sədr seçilməsini müsbət dəyərləndirərək, yeni formalaşmış rəhbərliyə uğurlar arzulayıblar.

Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədri Fuad Məmmədov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib, ağsaqqallıq institutunun nüfuzunun daha da yüksəldilməsi üçün bilik və təcrübəsini əsirgəməyəcəyini vurğulayıb.

Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist, 

Zekainfo.az saytının təsisçisi və baş redaktoru

reklamlar

Digər xəbərlər