Cəmiyyət
09:11, Bugün
Bəzən elə məclislər olur ki, sadəcə bir yubiley kimi deyil, bir insanın ömrünə verilən dəyərin, qazandığı hörmətin canlı ifadəsinə çevrilir. Bakı şəhər 347 nömrəli tam orta məktəbin direktoru, dəyərli ziyalı Nemət Həsənovun 65 illik yubileyi münasibətilə təşkil olunan tədbir də məhz belə unudulmaz günlərdən biri oldu.
Yubiley tədbiri “Qrant Amor” şadlıq sarayında yüksək səviyyədə, xüsusi zövq və həssaslıqla keçirildi. Məclisin hər anında səmimiyyət, ehtiram və dərin minnətdarlıq hissi duyulurdu. Məktəbin müəllim kollektivi Nemət müəllimə olan sevgisini yalnız sözlə deyil, hazırladıqları mənalı çıxışlar və sürprizlərlə də ifadə etdi. Bu sevgi süni deyil, illərin zəhmətindən, qayğısından və insanlara verdiyi dəyərdən doğan səmimi bir bağlılıq idi.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə sənət dünyasının dəyərli nümayəndələrinin iştirakının yaratdığı xüsusi ab-hava oldu. Mənim müraciətimi böyük ehtiramla qəbul edən ustad xanəndə Sabir Abdullayev, öz nəcib münasibətini yalnız sözdə deyil, əməli ilə də göstərdi. O, tək gəlmədi — mərhum sənətkar, pedaqoq xanəndə Vahid Abdullayevin oğlu, tanınmış xanəndə, Azərbaycan Televiziyasının solisti Valid Abdullayev və istedadlı tarzən Elşən Tahirov ilə birlikdə, heç bir təmənna güdmədən bu məclisə qatıldılar.
Onların ifaları yubileyə xüsusi ruh verdi. Muğamın incəliyi, musiqinin dərinliyi və ifaçıların ustalığı məclisi daha da ucaltdı. Bu, sadəcə bir çıxış deyildi — bu, Nemət müəllimə, onun əməyinə və şəxsiyyətinə verilən böyük qiymətin ifadəsi idi. Sənətkarların bu səmimi addımı həm məni, həm də bütün kollektivi ürəkdən duyğulandırdı.
Yubiley tədbirinin ən təsirli və yadda qalan anlarından biri də müəllim kollektivimizin səmimi xahişindən sonra Nemət müəllimin həyat yoldaşı, hər birimizə ana qayğısı və doğmalığı ilə yanaşan sevimli Gülarə müəllimə ilə birlikdə Azərbaycan milli rəqsini ifa etməsi oldu. Onların səhnədəki ahəngdar çıxışı sadəcə bir rəqs nümunəsi deyil, ailə dəyərlərinə, qarşılıqlı hörmətə və milli-mənəvi köklərimizə bağlılığın zərif təqdimatı idi. Rəqsdəki sadəlik, təmkin və mədəni davranış məclisə xüsusi yaraşıq qatdı.
Bu mənalı görüntü həm də gənc nəslə bir mesaj idi. Təhsil ocaqlarında yalnız elm deyil, milli kimlik, əxlaq, ədəb-ərkan və mənəvi dəyərlər də yaşadılmalı və nümunə ilə təbliğ olunmalıdır. Nemət müəllim və Gülarə müəllimənin həmin anları göstərdi ki, milli ruhunu, ailə mədəniyyətini və Azərbaycan dəyərlərini qoruyub yaşadan insanlar cəmiyyət üçün hər zaman örnək olaraq qalırlar.
Bir müəllim kimi məktəb kollektivi adından Nemət müəllimə möhkəm can sağlığı, uzun və mənalı ömür arzulayıram. İnanırıq ki, növbəti yubileylərini doğma Kəlbəcərdə, öz yurdumuzda, daha böyük qürur və sevinc hissi ilə qeyd edəcəyik.
Bu gözəl məclisə təmənnasız qatılaraq ona xüsusi dəyər qatan hörmətli sənətkarlarımıza isə dərin təşəkkürümü bildirirəm. Onların bu addımı bir daha göstərdi ki, həqiqi sənət və böyük ürək həmişə bir yerdə olur.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Bakı şəhər 347 nömrəli tam orta məktəbin psixoloq-müəllimi