Yaşlı insanlarda smartfondan kompulsiv istifadə depressiya riskinin artması ilə əlaqəli ola bilər.
Zekainfo.az xəbər verir ki, bu barədə Rutgers Universitetinin (ABŞ) rəhbərliyi araşdırma aparıb.
Tədqiqatda Çinin Quançjou şəhərində yaşayan 60 yaşdan yuxarı 2585 nəfər iştirak edib. Məlum olub ki, zəng, videozəng və mesajlaşma kimi aktiv ünsiyyət vasitələrindən az istifadə edən, əvəzində videolara baxmaq, lent izləmək və oyun oynamaq kimi passiv istifadə vərdişlərinə üstünlük verən yaşlılarda depressiya və sosial təcrid riski daha yüksəkdir.
Araşdırma müəllifləri bildirirlər ki, smartfonun təsiri ondan necə istifadə olunmasından asılıdır: o, həm yaxınlarla əlaqə vasitəsi, həm də reallıqdan uzaqlaşma alətinə çevrilə bilər.
Tədqiqat həmçinin göstərib ki, həm aşağı təhsil və rəqəmsal bacarıqlara malik yaşlı kişilər, həm də yüksək gəlirli, təhsilli yaşlılar arasında smartfon asılılığı riski müşahidə olunur. Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir - depressiya ilə smartfon asılılığı bir-birini qarşılıqlı şəkildə gücləndirə bilər.