Cəmiyyət
12:58, Bugün
22 İyul – Milli Mətbuat Günü münasibətilə
Bir vaxtlar qələmim yurd həsrətindən yazırdı. Hər sətirdə işğal altında qalan torpaqlarımızın nisgili, doğma yurduna qovuşacağı günü gözləyən insanların ümidləri yaşayırdı. Yazdıqlarım dünyanın vicdanına ünvanlanmış bir çağırış, haqqın və həqiqətin səsi idi.
Bu gün isə qələmim tamam başqa duyğularla yazır.
Bu gün sözlərim azad Qarabağın səhərləri kimi işıqlıdır. Cümlələrim Şuşanın vüqarı, Xankəndinin qüruru, Kəlbəcərin əzəməti, Laçının nəfəsi, Xocalının dirçəlişi ilə qanadlanır. Çünki artıq Vətən bütövdür, bayrağımız doğma torpaqlarımızda əzəmətlə dalğalanır.
Bu gün qələm həsrətin deyil, Zəfərin salnaməsini yazır. Azad edilən yurdlarımızda yenidən ucalan ocaqları, qurulan şəhərləri, doğma ellərinə qayıdan insanların sevinc göz yaşlarını yazır. Bu, hər bir azərbaycanlının ömrünə yazılmış ən böyük qürur səhifəsidir.
Milli mətbuatımızın keçdiyi yol da elə Azərbaycan kimi şərəfli və mübarizdir. Dünən həqiqəti dünyaya çatdıran qələm sahibləri bu gün qalib xalqın uğurlarını, qüdrətli dövlətimizin inkişafını və Böyük Qayıdış salnaməsini yazırlar.
Milli Mətbuat Günü münasibətilə bütün qələm sahiblərini səmimi qəlbdən təbrik edir, sözümüzün həmişə həqiqətin, milli birliyimizin və dövlətçiliyimizin keşiyində dayanmasını arzulayıram.
Qoy qələmlərimiz bundan sonra yalnız quruculuqdan, inkişafdan, zəfərlərdən, elmimizdən, mədəniyyətimizdən və firavan gələcəyimizdən yazsın.
Çünki artıq sözümüz də azaddır, ruhumuz da azaddır, Vətənimiz də azaddır!
Milli Mətbuat Günümüz mübarək!