ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Türkiyədən qayıdarkən prezident təyyarəsindən deyil, başqa hava gəmisindən istifadə etdiyini təsdiqləyib.
Zekainfo.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Prezident bildirib ki, fərqli təyyarədən istifadə etmək qərarı ABŞ Gizli Xidmətinin tövsiyəsi əsasında verilib. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları belə qərar qəbul edib və o da onların göstərişinə əməl edib.
Tramp səfər zamanı ictimaiyyətə açıqlanmayan çoxsaylı təhdidlər aldığını da deyib. O, həmin vaxt real təhlükənin mövcud olduğunu düşündüyünü və istifadə etdiyi təyyarənin hədəfə çevrilmə ehtimalının daha yüksək olduğunu bildirib.
"The Washington Post" qəzetinin 10 avqust tarixli məlumatına görə, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra əvvəlcə prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə keçirilib.
Məlumata əsasən, ABŞ lideri Türkiyəni həmin təyyarə ilə tərk edib. Bununla yanaşı, həmin vaxt Vaşinqton administrasiyasının Trampın prezident təyyarəsində ölkədən ayrıldığını bildirdiyi qeyd olunur.
Donald Trampın açıqlaması NATO sammitindən sonra onun səfəri zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri ilə bağlı yeni detalları gündəmə gətirib.