"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev

"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
Təhsil 11 Sentyabr 2026 - 15:20

PISA nəticələri Azərbaycanın təhsil sistemində hansı istiqamətlərdə irəliləyişə və hansı sahələrdə əlavə fəaliyyətə ehtiyac olduğunu göstərən mühüm ölçmə vasitəsidir.

Zekainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, PISA nəticələri ölkənin ayrı-ayrı bölgələri arasında təhsil nəticələrində ciddi fərqlərin olduğunu da göstərib. Bəzi bölgələrdə oxu nəticələri üzrə 15 yaşlı şagirdlərin 80 faizdən çoxu minimal nəticəyə çata bilməyib.

Emin Əmrullayev qeyd edib ki, dərsliklərin, müəllim seçiminin və təhsil siyasətinin ümumi olduğu şəraitdə bölgələr üzrə nəticələrin niyə bu qədər fərqləndiyini araşdırmaq vacibdir: "Növbəti PISA dövrünədək zəif nəticə göstərən bölgələrə xüsusi diqqət yetirilməli və həmin ərazilərdə geridəqalmanın aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Nazir son 13 ildən artıq müddətdə təhsil sistemində müəyyən edilmiş islahat istiqaməti üzrə fəaliyyət göstərildiyini və artıq görülən işlərin nəticələrinin müşahidə olunmağa başladığını deyib. Bununla yanaşı, o, əldə olunan nəticələrlə bağlı həddindən artıq nikbinliyə qapılmamağın vacibliyini vurğulayıb.

"PISA yarış deyil. PISA güzgüdür. Adam güzgüyə baxanda özünü təbrik etmir, sadəcə çalışır ki, özünü daha yaxşı görsün. PISA-nı güzgü kimi görmək lazımdır", - deyə Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, növbəti illərdə görülən işlərin nəticələrinin daha aydın görünməsi üçün ardıcıllığın qorunması vacibdir. Hər bir təhsil işçisi öz məsuliyyətini dərk etməli, müəllimdən məktəb rəhbərinə və daha yuxarı səviyyələrə qədər bütün iştirakçılar təhsil nəticələrinin yüksəldilməsinə töhfəsini anlamalıdır.

Emin Əmrullayev məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O, direktorların davranışının, idarəetmə bacarığının və məktəbdaxili mühiti düzgün təşkil etməsinin təhsil nəticələrinə təsir etdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil sisteminin əsas vəzifələrindən biri sistem olaraq işləməyi öyrənmək və müəyyən edilmiş qaydaların məktəblərdə, müəllimlər arasında düzgün icrasını təmin etməkdir.

reklamlar

Digər xəbərlər