Mədəniyyət
14:10, Bugün
Azərbaycan muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, ilk növbədə, ustad məktəbinin davamlılığından keçir. Muğam yalnız səslə ifa olunan musiqi deyil, xalqın yaddaşını, duyğusunu və mənəvi dünyasını yaşadan böyük sənət xəzinəsidir. Bu xəzinənin qorunmasında sənətkar-müəllimlərin üzərinə mühüm missiya düşür.
Azərbaycan Milli Konservatoriyasında ustad xanəndə, xalq artist Zabit Nəbizadənin tələbələri ilə keçirdiyi dərslər də məhz bu ənənənin canlı nümunələrindəndir. Dərs zamanı çəkilən görüntülərdə ustadın tələbələrinə yalnız muğamın sirlərini öyrətməsi deyil, həm də ifa mədəniyyəti, səhnə davranışı, səsin düzgün istifadəsi və muğamın ruhunun duyularaq çatdırılması istiqamətində verdiyi tövsiyələr diqqət çəkir.
Bu yaradıcı mühitdə xüsusi diqqət çəkən məqamlardan biri isə balaca istedad Ayxanın ifasıdır. İfaçının “Bayatı-Kürd” muğamını səsləndirməsi onun musiqi duyumunun və ifa imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Onun səsində yaşının kiçikliyinə sığmayan bir duyum, muğamın melodik xəttinə münasibətdə isə diqqət və məsuliyyət hiss olunur.
“Bayatı-Kürd”ün kövrək və düşündürücü intonasiyaları balaca ifaçının səsində yeni bir nəfəs qazanır. Bu ifanı dinlədikcə bir daha əmin olursan ki, muğamın gələcəyi yalnız böyük səhnələrdə deyil, belə dərs otaqlarında, ustadın qarşısında öyrənən və sənətin incəliklərinə yiyələnən gənc səslərdə formalaşır.
Şəkil və videodakı mənzərə də bunu özündə əks etdirir: bir tərəfdə tarın telləri, digər tərəfdə qaval, ətrafında isə musiqi sənətinə köklənmiş insanlar... Burada adi bir dərs prosesindən daha artıq məna var. Burada ustaddan şagirdə, nəsildən-nəslə ötürülən sənət yaddaşı görünür.
Zabit Nəbizadənin pedaqoji fəaliyyəti bu baxımdan yalnız ayrı-ayrı ifaçıların yetişdirilməsi ilə məhdudlaşmır. Ustad məktəbinin əsas dəyəri sənətin mahiyyətini gənc nəslə aşılamaq, muğama sevgi və məsuliyyət hissi formalaşdırmaqdır. Çünki əsl sənətkar yetişdirmək yalnız düzgün oxumağı öyrətmək deyil, sənətin ruhunu dərk etməyi öyrətməkdir.
Ayxanın “Bayatı-Kürd” ifasında eşidilən səs isə bu yolun ümidverici səslərindən biridir. Ustadın nəfəsi, balaca Ayxanın istedadı və muğamın ölməz ruhu bir araya gələndə sənətin sabahına inam daha da artır.
Muğamımızın sədası belə davam edir – ustaddan tələbəyə, bu gündən sabaha...
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru