Mədəniyyət
17:17, Bugün
Bir səhərin səssiz etirafı
Səhər idi. QHT rəhbərləri olaraq “QHT-lərin IV Əməkdaşlıq Forumu – Gəncə”də iştirak etmək üçün Ramada otelində qalırdıq. Tədbirə yola düşməyimizə hələ vaxt vardı.
Azərbaycan Milli Konservatoriyasında aldığım musiqi dərslərinin xoş xatirələri ruhumun dərinliyindən boylandı. Dəyərli müəllimim Sevda xanımın sevgi və səbirlə qəlbimə həkk etdiyi bir əsərin sehrli melodiyası yaddaşımda yenidən səsləndi. Sanki illərin o tayından gələn həmin musiqi məni özünə səsləyərək foyedəki ağ pianinonun qarşısına gətirdi.
Əyləşib barmaqlarımı klavişlərin üzərinə qoydum. İlk notu səsləndirmək istədim. Lakin pianino susdu. Bir daha cəhd etdim. Yenə səs çıxmadı.
Sanki onun ağ klavişləri illərdir toxunulmamış bir xatirəni qoruyurdu.
Musiqidən anlayışı olan xanım həmkarlarımdan biri yaxınlaşıb dedi:
— Kökdən düşüb...
Bu söz içimdə qəribə bir sızıltı oyatdı. Qarşımda ağ gəlinliyə bürünmüş, taleyinə boyun əymiş, arzuları ürəyində susdurulmuş bir gəlin dayanmışdı.
İçimdən ona suallar vermək keçdi:
— Nə olub sənə, pianino? Səni zamanmı susdurub, laqeydlikmi? Bəlkə də, insanlar səni dinləməyi unudublar? Axı sənin də içində səslənməyi gözləyən nə qədər nəğmə var...
Kaş ki, səni yenidən kökləyə, susmuş melodiyalarına həyat verə biləydim!
Bu zaman avtobusların gəldiyini xəbər verdilər. Hamı yola hazırlaşırdı. Mən də ayağa qalxdım. Lakin fikrim hələ də o ağ pianinonun yanında qalmışdı.
Həmin səhər ifa etmək istədiyim əsər səslənmədi.
Amma pianinonun susqunluğu qəlbimdə başqa bir melodiyanın başlanğıcına çevrildi.
Düşündüm ki, insan da bəzən həyatın sınaqları, zamanın sərtliyi və laqeydlik qarşısında öz kökündən düşür. Onun da qəlbində eşidilməyi gözləyən nəğmələr, dilə gətirə bilmədiyi etiraflar var. Bəzən bir insanın yenidən həyata köklənməsi üçün onu anlayan, dinləyən və ruhuna toxunan bir qəlbin varlığı kifayətdir.
Avtobuslar bizi forumun keçiriləcəyi məkana aparırdı. Mən isə geridə qoyduğum pianinonu düşünürdüm. Bəlkə də, bir gün kimsə onun qarşısında əyləşəcək, onu yenidən kökləyəcək və susmuş klavişlərindən həyat dolu melodiyalar yüksələcəkdi.
Həmin səhər anladım ki, musiqi yalnız səslənən notlardan ibarət deyil. Bəzən ən dərin melodiyalar səssizliyin içində gizlənir. Onları eşitmək üçün sadəcə qulaq deyil, duyan bir qəlb lazımdır.
Mən Bakıya qayıdırdım, amma ruhumun bir parçası Ramada otelinin foyesində, ağ libasına sükut çökmüş o pianinonun yanında qalmışdı.
Görəsən, sən də bir vaxtlar səni anlayan barmaqların həsrətindəsənmi? Klavişlərinin altında nə qədər yarımçıq nəğmələr, illərin sükutuna qərq olmuş nə qədər hekayələr gizlənib...
Kaş ki, sənin dilini aça biləydim, pianino... Bəlkə onda susqunluğunun tarixçəsini mənə danışardın.
Cəmilə ÇİÇƏK