Meksikalı futbolçu Luis Alberto Rios Çaves silahlı hücumun qurbanı olub.
Zekainfo.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı idmançı həvəskar komandaların qarşılaşmasından sonra güllələnərək öldürülüb.
Hadisə Quanaxuato ştatının İrapuato şəhərində yerləşən "La Estrelya" idman meydançasında qeydə alınıb. Motosikletlə əraziyə gələn silahlı şəxslər oyun başa çatdıqdan sonra kompleksdə olan futbolçuya atəş açıblar. Ağır yaralanan Çaves hadisə yerində həyatını itirib. Hücum zamanı daha bir nəfər də yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hələlik hücumun hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Luis Alberto Rios Çaves karyerası ərzində Meksika çempionatının aşağı divizionlarında "Atletiko San-Fransisko"nun şərəfini qoruyub. Son dövrlərdə həvəskar "Arandas" komandasında oynayan futbolçu, eyni zamanda "Loros" futbol akademiyasında uşaqlara məşq keçib.