Adalet.az məşhur və gənc musiqiçi Anar Yusubla müsahibəni təqdim edir.
-Anar bəy, ilk olaraq sənətə gəlmə tarixçəniz haqqında qısa məlumat vermənizi xahiş edirik.
-1989 cu ildə Bakı şəhərində anadan olmuşam. İlk musiqi təhsilimi 1998 – 2004-cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışam. 2004 – 2008-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində, 2008 – 2012-ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. 2014 – 2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində Magistr dərəcəsinə yiyələnmişəm. 2020-ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompyüter elmləri ixtisasına qəbul oldum. Hazırda ikinci təhsil alıram.
2019-cu ildən Türkiyənin məhşur musiqi şirkəti olan "Kınay production" ilə çalışmışam. 2012-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinde pedaqoji fəaliyyət göstərirəm.
-Uzun müddət xalq artistlərini müşayət etmisiniz.Sənətkarlarla birgə işləmək necə hisdir?
-Bəli, peşəkar səhnə fəaliyyəti illərimdə Respublikanın xalq artistləri Səkinə İsmayılova və Simarə İmanova ilə birgə çalışmışam. Gənc yaşımdan 6 il bu cür sənətkarlarla işləmək mənim üçün qürurverici idi. Bu insanlardan həm sənət dərsi, həm də həyat dərsi öyrəndim. Mənə görə unudulmaz illərdir.
-Bildiyimiz qədəri ilə beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmisiniz.Hansı ölkədə Azərbaycan muğamını heyranlıqla dinləyiblər və yaddaşınızda əbədi olaraq həkk olunan festival hansıdır?
- Dünyanın bir çox ölkələrində, bir çox festivallarda çıxış etmişəm. Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan bu ölkələrdən bir neçəsidir.
Amma ən çox mənə zövq verən festival Hindistanda keçirilən "Sufi Sutra" festivalı idi. Demək olar ki, burada dünyanın hər yerindən çox məşhur və peşəkar musiqiçilər gəlmişdi. Azərbaycan muğamını isə insanlar xüsusi bir heyranlıqla dinləyirdilər. Bu isə bir musiqiçi kimi bizə xüsusi zövq verirdi.
- Qardaşınız müğənni Yaşar Yusubla bir sıra maraqlı layihələriniz olub. Növbəti illərdə bu layihələrin davamı olacaq?
- Qardaşım Yaşar Yusubla 7 yaşımdan bəri birlikdə çalışırıq.İnşallah, yaxın zamanlarda çox gözəl bir mahnıya duet düşünürük. Bu günlərdə təqdim edəcəyik.
- Bildiyimizə görə, bəstəkar kimi də fəaliyyət göstərirsiniz.
- Artıq neçə illərdir ki içimdən gələn musiqiləri bəstələyirəm.İlk bəstələrimi özüm ifa etdim.Repertuarımda olan "İlk və son" ,"Rising sun" , "Xatirələr" adlı musiqilər özümə məxsusdur.
Daha sonralarseriallara musiqilər bəstələməyə başladım. 2020-ci ildə "Oksi Media Production” tərəfındən çəkilən və İtv telekanalında yayımlanan "Yalan həqiqət" adlı serialın bəstələri mənə aiddir. Həm serialın özü, həm də musiqiləri insanlar tərəfindən çox bəyənildi. Bu da mənim üçün də çox sevindirici hal oldu. Çox keçmədən artıq ikinci serialdan, "Son nəfəs” dəntəklif aldım. Oktyabr ayının əvvəllərindən artıq bu serial da Arb telekanalında yayımlanacaq.
-Son illər sizi efirlərdə, yeni layihələrdə görə bilmirik.
-Artıq iki ilə yaxındır ki, dünyaya pandemiya "hökümranlıq” edir. Ölkəmiz də daxil olmaqla dünyada sərt karantin tətbiq olundu. Düşündüm ki, bu zamanı gözəl dəyərləndirməliyəm. Ona görə də 2020-ci ildə Almaniyanın sayılıb seçilən universitetlərindən biri olan Rostock Universitetinə hazırlaşdım və qəbul oldum. Universitetdə Kompyüter elmləri üzrə ikinci ali təhsil alıram. Məhz bu səbəbdən bir il efirlərdə görünə bilmədim. Amma hazırda Bakıda olduğum üçün televiziya kanalları verlişlərə dəvətlər alıram.
-Yeni ixtisas dəyişimi necə oldu?Proqramçı və musiqi bir-biri ilə tamamilə uzaq sahələrdi.
-İkinci təhsil haqqında hər zaman düşünürdüm. Kompyüter sahəsinə də həvəsim var idi. Və bu sahə üzrə təhsili məhz xarici ölkələrin birində almaq istəyirdim. Çox şükür ki, istəyimə nail oldum.
-Almaniyada təhsil almaq, orada yaşamaq sənətinizdə hansı yeniliklərə səbəb oldu?
-Təhsillə paralel olaraq Almaniyada musiqi fəaliyyətimi də davam etdirirəm. Burada musiqi şirkəti ilə müqavilə imzalamışam və menecerim var. Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb.
Gələcəkdə planımızda çox işlər var. İnşallah dünyamız qaydasına düşsün və biz musiqiçilər də planlarımızı ürəyimiz istədiyi kimi reallaşdıraq.