Cəmilə Çiçəkdən məmurlara etiraz ismarıcı!

Cəmilə Çiçəkdən məmurlara etiraz ismarıcı!
Cəmiyət 24 Aprel 2024 - 15:19

Cəmilə Çiçəkdən məmurlara etiraz ismarıcı!

İntellektual ictimai fəal şəhidlərə həsr olunmuş kitablarının nəşr olunmamasına görə üsyan etdi!

 

QƏHRƏMANLIQ TARİXİMİZ DƏSTƏKLƏNƏCƏK?!

 

Kəlbəcərin II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş

ikicildlik kitab 4 ildir işıq üzü gözləyir

 

Ölkə parlamentində rayonumuzu təmsil edən hörmətli millət vəkili Aqil Məmmədovla “Müasir Azərbaycan gəncliyi və qarşıda duran məsələlər” mövzusunda keçirilən görüşdə yaradıcı ziyalı olaraq mən də iştirak edirdim. Görüşdəki çıxışların sonunda söz alaraq, müəllifi olduğum, kəlbəcərli Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qalib Qarabağ” adlı ikicildlik araşdırma kitabımın maddi imkansızlıqdan 4 ildir işıq üzü gözlədiyini bildirdim.

Kitabın nəşri ilə əlaqədar rayon rəhbərliyinə ünvanladığım rəsmi müraciətlərlə bağlı hələ də müsbət cavab almadığımı bildirərək deputatımızdan bu məsələdə mənə dəstək olması xahişini səsləndirdim. Eyni zamanda onu da bildirdim ki, orta və ali təhsil ocaqlarında təhsil alan yeni nəsil nümayəndələrinin vətənpərvərlik ruhunda yetişməsi üçün bu mövzuda yazıların, kitabların rolu əvəzsizdir. Millət vəkili cavabında imkan daxilində dəstək verəcəyini bildirdi.

Xatırlatmaq istəyirəm ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, Kəlbəcərdən olan şəhid hərbiçilərin həyat hekayələrindən bəhs edən ikicildlik kitabda dünyaya səpələnmiş 60 milyonluq soydaşımızı birləşdirən vətənpərvərliklə bağlı kütləvi-mədəni yazılarım toplanıb. Kitab humanitar sahələrin mütəxəssisləri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Bu maraqlı ikicildlikdə Zəfər tariximizi yazanların canlarını fəda etdikləri Vətən uğrunda qəhrəmanlıqları qələmə alınıb.

Belə topluların daha geniş oxucu auditoriyasına çıxarılması həm də düşmənin necə qəddar, amansız, xalqımıza müharibə qanunlarından kənar zülm etməsini dünyaya çatdırmaq, eləcə də illər boyu düşmənlərimiz tərəfindən yaradılmış informasiya blokadasını yarmaq deməkdir.

Məlum olduğu kimi, bəşəriyyətin bütün tarixi dövrlərində işğalçılara qarşı aparılan müharibələr dövlət və xalqın şərəf məsələsi sayılıb, ədalətin bərpa olunmasına yönəlib. İstər I Qarabağ, istər 2016-cı ildəki Aprel döyüşləri, istərsə də 2020-ci il sentyabr ayının 27-də başlayıb, cəmi 44 gün davam edən II Vətən müharibəsində, nəhayət, 2023-cü il sentyabrın 19-dakı 23 saatlıq antiterror tədbirləri zamanı bütün dünya şahid oldu ki, Azərbaycan haqlı tərəfdir. Xalqımız öz torpaqlarını müdafiə etdi, ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıqla döyüşdü. Ölkəmiz, dövlətimiz illərdir dünyada davam edən ikili siyasətə, bundan irəli gələn ədalətsizliyə son qoymağı əsas məqsəd kimi həyata keçirdi. İşğalçı Ermənistan hərb meydanında məğlubiyyətə uğrayaraq, kapitulyasiya aktını imzaladı.

Çağımızda qalib dövlət və xalq adını daşıdığımıza görə qanları ilə Vətən torpaqlarında “Qarabağ Azərbaycandır!” yazan qəhrəmanlarımıza – müqəddəs şəhidlərimizə, habelə igid qazilərimizə minnətdarıq. Onların qəhrəmanlıq və fədakarlıq nümunələri daim ehtiramla xatırlanır, iftixarla qeyd olunur və heç vaxt da unudulmayacaq!

Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış, 2020-ci ilin Vətən müharibəsi zamanı 37, 2022-ci ilin sentyabrında şəhid olmuş Ömər Şirinovun və 2023-cü il 19-20 sentyabrda 23 saatlıq antiterror tədbirlərində canından keçmiş 5 igidimiz, ümumilikdə Kəlbəcərdən olan 43 şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşmüş, təmənnasız olaraq vətənpərvərliklə bağlı apardığımız əməli fəaliyyəti bu gün də davam etdirirəm.

Onu da vurğulayım ki, Qarabağı məkrli düşməndən, erməni daşnak silahlı quldurlarından azad edən oğulların ata-anaları da xüsusi sayğı və sevgiyə layiqdirlər.

2021-ci ilin Novruz bayramını Şuşada qeyd edən Mü­zəffər Ali Baş Komandanımız İlham Əliyevin və ailəsinin sevinci əsl Qələbə rəmzinə çevrildi. Şuşada, Cıdır düzündə Novruz paxlavası ilə çay içən Ali Baş Komandan bununla düşmənə kimliyimizi və nəyə qadir olduğumuzu göstərdi.

Ümid edirəm ki, millət vəkilimiz kitabın nəşri üçün söz verdiyi maliyyə dəstəyini əsirgəməyib bu xeyirxah addımı ilə digər əlaqədar qurumların nümayəndələrinə və məmurlara örnək, şəhid ailələrinə isə təsəlli olar.

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

QHT sədri, www.zekainfo.az

portalının təsisçisi / baş redaktoru

reklamlar

Digər xəbərlər