“Mən xoşbəxtəm ki, ata vəsiyyətinə əməl edirəm...

“Mən xoşbəxtəm ki, ata vəsiyyətinə əməl edirəm...
Cəmiyət 27 İyun 2024 - 09:26

 (Yeni nəşrlər)

 

 

 

Vəliyəddin İsmayılovun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Nəsillərə örnək insan” kitabında bu sevgi daha dolğun faktlarla özünü göstərir.

“...Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

 

Mənim ən böyük qüvvəm, gücüm, ən böyük silahım xalqın mənə göstərdiyi etimaddır, etibardır və xalqın dayağıdır. Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı bu amala həsr etmişəm”.

Aforizm və müdrik kəlamlar kimi yaddaşımıza yazılan bu fikirlərin müəllifi Heydər Əliyev haqqında kitab yazmaq heç də asan məsələ deyil. Lakin belə məsuliyyətli məsələləri həll etməyə qadir olan qələm adamlarımız da barmaqla sayılmır.

 

Tarix və şəxsiyyət haqqında fikir yazmaq və oxucusuna sevdirmək istənilən qələm adamının məqsədi və arzusu olub. Şəxsiyyətləri olduğu kimi tanımaq və təqdim etmək isə çox çətin məsələdir. Hər kəs bu məsuliyyəti daşıya bilməz. Bu mənada Ulu Öndərimiz Heydər Əliyevin örnək, nümunəyə çevrilmiş həyat və fəaliyyətini olduğu kimi, bəzək-boyaqsız qələmə almaq şərəfinə çoxları nail olub ki, onların bəziləri peşəkar qələm sahibi olmaqla yanaşı, həm də ictimai-siyasi, dövlət xadimidirlər.

 

Xalqın sevgisini qazanan Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə yaxından bələdçilik bu yolda əsas amillərdən biridir...

 

Qarşımda Ulu Öndərin 100 illik yubileyinə həsr edilən bir kitab da var. Müəllifi Azərbaycan ədəbi ictimaiyyətinin yaxşı tanıdığı, dövri mətbuatda özünün ədəbi-bədii və publisistik yazıları ilə diqqəti çəkən və çoxsaylı oxucu auditoriyası qazanmış, peşəkarlar sırasında da öz dəst-xətti ilə seçilən, “Yeni bəşər” qəzetinin təsisçisi, “Nurdan yaranıb nura çevrilən insan” və “Bəlkə bir də bitdim, ək məni, dünya” xüsusi buraxılışların məsləhətçisi və buraxılışa məsul şəxsi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” ali media mükafatçısı Vəliyəddin İsmayılovdur. Ədəbi, siyasi-publisistik janrda qələmə alınan kitab olduqca dəyərlidir. Bunun bir neçə səbəbi var. Onlardan ən birincisi, məncə, Ulu Öndərə xalq sevgisinin tükənməzliyinin burada dolğun əks etdirilməsidir.

 

“CBS-PP”-də nəfis şəkildə, yüksək çap üsulu ilə buraxılan, rəyçiləri Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov, redaktoru Aytən Misirzadə, texniki redaktoru Cəsarət Qasımov, tərtibçiləri Vüqar İsmayılovla İlqar Misirzadə, bədii tərtibatı Xalq rəssamı Arif Hüseynova, üz qabığının tərtibatı Emin Aslanova, qrafik dizayneri İbrahim Qasımova məxsus olan kitab haqqında fikrimə keçməmişdən öncə bildirim ki, müəllif illərlə üzərində çalışdığı və Ulu Öndərin 100 illik yubileyinə hazırladığı bu xatirə-oçerkin nəşrini, çox təəssüflər ki, görmədi. Amma, ola bilməz ki, ruhu duymasın. Vəliyəddin müəllim ömrünün müdriklik çağlarında, doğulduğu Kəlbəcərinə qovuşmadan bu vəfasız dünyanı qəfil tərk edən kəlbəcərlilərimizdən biri kimi yazıldı qəlbimizə... Yeri behişt olsun.

 

Annotasiyadan görünür ki, Vəliyəddin İsmayılovun “Nəsillərə örnək insan” adlı ilk kitabı müəllifin Ümummilli Lider Heydər Əliyevlə sovet və eləcə də müstəqillik dövründə hakimiyyətdə olduğu illərdəki şəxsi xatirələrindən və 1998-ci ildə keçirilən Prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü, “Qarabağ və digər işğal olunmuş rayonların seçicilərinin ilk təşəbbüs qrupu”nun rəhbəri kimi Ulu Öndərlə görüşlərindən və digər tarixi real faktlardan bəhs edir.

 

Kitabda yer alan faktlar, xatirələr Ulu Öndərin öz xalqına dərin məhəbbət, rəgbət hissinin, vətəni, xalqı və sinəsi yaralı Qarabağımızın düşmən tapdağından azad olunması yolunda çəkdiyi bütün əzab-əziyyətlərin güzgüsüdür.

 

Ümummilli Liderin 100 illyinə həsr olunan “Nəsillərə örnək insan” kitabı Heydər Əliyev məktəbinin tədqiqatçıları və dəyərli oxucu auditoriyası üçün yeni bir töhfədir.

Kitabı vərəqləyirəm. İlk baxışdan da hiss edilir ki, toplu çox dəyərlidir. Çünki kitabda fakt rəngarəngliyi yetərincədir, texniki və bədii tərtibatı isə əsərin qəhrəmanına layiqdir. Digər belə kitablardan fərqli cəhətlər də burada diqqəti cəlb edir. O da Ulu Öndərimizə xalq məhəbbətinin xalqın dilindən ifadəsidir.

 

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev ön sözdə müəllifə müraciətlə yazır: “... Təsadüfi deyil ki, 1998-ci il Prezident seçkilərində sizə Ulu Öndərimizin səlahiyyətli nümayəndəsi olmaq kimi məsuliyyətli və şərəfli bir iş etibar edilmişdir. Mərkəzi Seçki Komissiyası səlahiyyətli nümayəndənin qeydə alınması haqqında 1№ -li şəhadətnaməni sizə təqdim etmişdi. Siz o xoşbəxt insanlardansınız ki, sizə o təkrarsız şəxsiyyətlə təmasda olmaq qismət olmuşdur.

 

Prezidentliyə namizəd Heydər Əliyevlə ilk görüşlərdən birini, Ulu Öndərin dediklərini fəxrlə, qürurla xatırlayırsınız. Nə yaxşı ki, onun fikirlərini olduğu kimi kitaba daxil edibsiniz: “...Heç bir xarici qüvvələrin bizim işimizə, demokratik seçkilərimizə müdaxilə etmək haqqı yoxdur. Prezident seçkilərinin taleyini xalq həll edir. Mənim prezidentliyə ilk namizədliyimi barınmış, təmənnalı adamlar, iqtidar yönümlü təşkilatlar yox, sadə xalq kütləsi, torpağını itirmiş məcburi köçkünlər, əzab-əziyyətlər çəkən Qarabağın əhalisi verdi.

 

Mən “Qarabağın və digər işğal olunmuş rayonların seçicilərinin təşəbbüs qrupu”nun toplantısına televiziyada baxdım. Xalqın dövlətə, dövlətçiliyimizə və mənə olan istəyini bəzi qüvvələr görmədimi? Təşəbbüs qrupunun rəhbəri İsmayılov bizim Mərkəzi Seçki Qərargahının üzvüdür. O, bizim dövrdə gənclər təşkilatında, partiya, təsərrüfat orqanlarında böyük həyat yolu keçmiş adamdı. Sağ olsun”..!”

 

Professor ön sözdəki fikrinin davamında qeyd edir ki, Vəliyəddin müəllim, Ulu Öndərin haqqınızda xoş sözlər deməsi, əməyinizi qiymətləndirməsi çox mətləblərdən söz açır: “...Qardaşım, “Nəsillərə örnək insan” kitabının ən yaxşı məziyyətlərindən biri də Mərkəzi Seçki Qərargahının üzvü kimi Ulu Öndərin seçicilərlə bütün görüşlərində iştirakınız zamanı diqqətinizi çəkən məqamlar – onun qeyri-adi yaddası, hər adama qismət olmayan dinləmək qabiliyyəti, yeri gələndə hadisələrə ibrətamiz müdaxiləsi və s. Üümummilli Liderin mənəvi keyfiyyətlərinin üzə çıxarılmasında yardımçı olur.

 

Ulu Öndərə ünvanladığınız məktub və telqramdan da hiss olunur ki, yazdıqlarınızın hamısı ürəyinizin səsi və istəyinizlə yazılıb. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dahi şəxsiyyət Heydər Əliyev elə bir əbədi abidədir ki, onun daha davamlı, daha möhkəm, daha möhtəşəm olmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da xidməti təqdirlə yad edilməlidir. “Nəsillərə örnək insan” kitabınızı bu baxımdan təqdir edir və yüksək qiymətləndirirəm”...

 

1998-ci ildəki Prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü, Qarabağ və digər işğal olunmuş rayonların seçicilərinin ilk təşəbbüs qrupunun rəhbəri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirici səlahiyyətli nümayəndəsi, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, dövlət qulluğu təqaüdçüsü, nəhayət, Heydər Əliyevin 100 illik yubiley medalına layiq görülmüş Vəliyəddin İsmayılov kitabın girişində xüsusi olaraq məqsəd və fikrini belə ifadə edir: “...Mənim məddahlıqdan kənar fikirlərimin bir əsası da var: bu kitab bizə müasir Azərbaycan, müstəqil bir dövlət, azad bir ölkə quruculuğunun yolunu göstərən və memarı olan bir insana mənəvi borcumdur.

 

Ümumilikdə, Ulu Öndərin Azərbaycanımızla bağlı atdığı addımları, əziyyətləri, fədakarlıqları gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir vətəndaşımızın mənəvi borcudur. Çünki hər birAzərbaycan vətəndaşının, hər bir Türk oğlunun boynunda taleyin XX əsrdə bizə bəxş etdiyi bir liderin – Heydər Əliyevin haqqı var.

 

Ona görə ki, Ulu Öndərin uzaqgörən siyasəti, dərin zəkası, həyat təcrübəsi əsasında qurulmuş strateji xətti bu gün səbrlə həyata keçirən, özü qədər inandığı varisi – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin özünün əzmi, sərkərdə dəqiqliyi, idarəçilik məharəti və “Dəmir yumruq”lu hərbi qüvvələrimizin cəsarəti, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına itirilmiş torpaqlarımız qaytarıldı, Qarabağımız işğaldan azad oldu.

 

 

Biz sevinirik ki, bu gün Azərbaycanımıza “MƏN XOŞBƏXTƏM Kİ, ATA VƏSİYYƏTİNƏ ƏMƏL EDİRƏM... BU GÜN, ƏZİZ ŞUŞA, SƏN AZADSAN...” – sözlərini dünyaya qürurla bəyan edən, Ulu Öndərin Azərbaycana bəxş etdiyi oğlu – onun layiqli davamçısı İlam Əliyev rəhbərlik edir”.

 

Bəli, Ulu Öndərimiz haqqında fikir yazmaq, onu xalqın yaddaşına əbədi həkk etdirmək üçün gərək sənin buna səlahiyyətin və ən ümdəsi qələmin, qəlbin kamil olmalıdır. Biz haqqında söz açılan ktabda bunun şahidinə çevrilirik.

 

Hər iki şəxsiyyətə - Ulu Öndərimiz Heydər Əliyevə və onun haqqında kitab müəllifi olan Vəliyəddin Misir oğlu İsmayılova Allahdan rəhmət diləyirik.

 

 

 

 

Məhəmməd Nərimanoğlu, /zekainfo.az

“Tərəqqi” medallı jurnalist-publisist,

AJB və TURAN ədəbi məclisinin üzvü,

“Qızıl qələm” və Məmməd Araz ali media mükafatları laureatı,

“Yenilik-press” qəzeti və saytının təsisçisi, baş redaktoru

 

reklamlar

Digər xəbərlər