![Leyla Əliyeva təbriklərə görə təşəkkür etdi](https://zekainfo.az/storage/news/2024/07/04/3jpg_1720070700-thumb.jpg)
...İlıq bir yaz axşamı idi. Yol kənarında qol-qanad açan meyvə
ağacları ağlı-qırmızılı çiçəklərlə bəzənmişdi. Aşağı əyilən budaqlar ağacların
gövdəsini qucaqlamış ağ saqqallı qocaya bənzəyirdi.
Birdən hava dəyişdi. Qəfil şiddətlənən külək burum-burum burulub,
özünü hara gəldi, çırpmağa başladı. Mavi səma tünd rəngə boyandı. Budaqlar küləyin
təsirindənmi, ya qorxudanmı tir-tir əsməyə başladılar. Zərif tağların ucundakı
dümağ çiçəklər bir-birinə sığınıb qaşlarını çataraq ətrafı seyr edirdilər. Külək
isə get-gedə coşur, tozanağı onların
gözlərinə doldururdu. Çox keçmədi ki, tozanaq çırpanağa, sonra da doluya
çevrildi. Sanki dolunun məqsədi ağacların bütün çiçəklərini döyüb yerə tökmək
idi. İmana-dinə gəlməyən tumurcuq dənələri öz qələbələrindən daha da qürrələnir,
zərif çiçəkləri sürətlə yolub, yerə tökürdü.
Çiçəkli budaqların birində bir quş yuva qurmuşdu. Neçə gündən bəri bu
yuvada kimsəsiz qalmış iki qumru balası intizarla yol gözləsə də, anaları gəlib
çıxmırdı. Günlərlə ac-susuz qalan körpə quşcuğazlar hardan biləydilər ki,
anaları düşmən caynağına tuş gəlib, onun qurbanına çevrilmişdir. Balalar artıq
taqətdən düşmüşdülər. Bir yandan da qəfil yağan dolu onları daha acınacaqlı vəziyyətə
saldı. Çiçəklərlə bərabər yuvaları da dağıldı, balalar yerə çırpıldılar.
Birazdan dolu dayansa da, ətraf sanki qaranlığa bürünmüşdü. Göz- gözü
görmürdü. Bir nəfər səndələyə-səndələyə oradan keçirdi. Haradansa yeyib-içməkdən
qayıdan bu adam lül-qənbər idi. Bir əlini irəli, digərini geri uzadıb,
tarazlığını qorumağa çalışaraq, dalğalarda atılıb-düşən qayıq kimi ləngər
vururdu.
Dağılmış yuvadan yerə düşən aciz quşcuğazın biri onun qurbanı oldu. Sərxoş adamın ayağı
altında qalaraq, bir qıçı sındı.
Səhər dan yeri söküləndə qara buludlar tamam çəkilmiş, hava artıq
sakitləşmişdi. Küləyin və dolunun çırpıb, yerə tökdüyü çiçəklər arasında qıçı
sınmış bala quşcuğaz güclə nəfəs alırdı.
Ola bilsin ki, o, yaşayacaqdı. Amma küçənin başında sərxoşluqdan yıxılıb qalan
bir nəfərin ürəyi gecədən dayanmış, biçarə dünyasını dəyişmişdi. Qoltuğundakı
qovluqdan yerə düşən qələmdən yazı-pozu adamına oxşayırdı... Kim bilir, bəlkə də
şair imiş... Görəsən zəmanənin hansı zərbəsi onu bu kökə
salıbmış? Bir quşcuğaz, yerə tökülən çiçəklər heç xəbəri olmadan
ayaqları altında qalıb tapdansalar belə, heyif ondan, çox heyif! Vaxtsız
öldü...
Onu da zaman tapdalamış, ayaqları altına alıb taleyini “əzmişdi”. Külək
və dolu hər kəsin həyatından keçir. Hətta quşcuğazın da, çiçəklərin də... Quşun
uçmaq, çiçəklərin açmaq arzusu daşlara dəyib çiliklənmişdi, küləyin qəfil gətirib
yerə sərdiyi, dolunun döydüyü insan taleyi kimi...
Cəmilə ÇİÇƏK/zekainfo.az
Prezident
mükafatçısı
AJB və
AYB-nin üzvü