Bulaqda qalan səhəng

Bulaqda qalan səhəng
Cəmiyət 03 İyul 2024 - 09:03


 

Orta məktəbdə oxuyanda sinfimizdəki uşaqların on ikisi qız, səkkizi oğlan idi. Hərənin bir xasiyyəti, özünəməxsusluğu, Allah verən gözəlliyi vardı. Sinifdə əlaçı oxumaqlarına görə fərqlənən şagirdlər çoxluq təşkil edirdi. Dərs əlaçıları zəif oxuyan şagirdlərə çox vaxt yuxarıdan aşağı baxırdılar. Firuzə adında yaddaşca zəif bir qız vardı. Müəllim hər dəfə onu lövhə önünə çağıranda əzilə-büzülə çıxar, az-maz öyrəndiyi dərsi kikildəyə-kikildəyə danışmağa çalışardı. Amma bu qızın boy-buxunda, gözəllikdə tayı-bərabəri yox idi. Buna baxmayaraq, Firuzənin zəif oxuması əlaçılar üçün ona yuxarıdan aşağı baxmaq imkanı yaradırdı.

 

Kəndimiz üç tərəfdən sıldırım qayaların əhatəsində yerləşir. Dağın ətəkləri sıx meşəlikdir. Üzü kəndə sarı baxanda sağ tərəfdən kəndə çəkilmiş yarı daş, yarı asfalt yol görünür.

 

Dörd tərəfdən qayaların arasından çıxan gur sulu bulaqlar axır. Qız-gəlinlər - hərə öz evinin səmtindəki bulağa su gətirməyə gedirlər. Suyu adətən səhəngdə gətirən qızlar üç bir-beş bir bulaq başına toplaşar, deyib-gülər, öz aralarında kənddəki ən yaxşı oğlanları bölüşdürüb, özününküləşdirərdilər.

 

Bu qızların arasında Firuzə də vardı. Firuzə ağırtəbiətliydi. Deyib-gülməyi çox xoşlamazdı. Az danışar, əksər hallarda sakitcə qulaq asardı. O zaman biz məktəbin son sinfində oxuyurduq. Günlərin birində kəndə xəbər yayıldı ki, bulaq başında su ilə dolu bir səhəng qalıb. Qadınlar arasında pıçhapıç düşdü ki, bulaq başında qalan səhəng görəsən kimindi. Bütün kənd bir-birinə dəydi. Yalnız Firuzədən xəbər yox idi. Qız sanki yağlı əppək olub yoxa çıxmışdı. Vəziyyət o həddə çatdı ki, kəndin rəsmi dairələri və məktəb rəhbərliyi də bu məsələyə qarışdı, ancaq qızdan səs-soraq çıxmadı ki, çıxmadı.

 

Aradan bir neçə il ötdü. Qarabağ düşmən caynağına keçdi. Qarabağlılar ölkənin müxtəlif bölgələrinə səpələndilər. Kim harda imkan tapdı, orda da məskunlaşdı.

 

Bir gün Gəncə avtovağzalına gəlib Bakıya getmək üçün bilet aldım. Hələ avtobusun yola düşməsinə iki saat vardı. Gözləmə zalında əyləşdim. Sağ tərəfimdə əyləşmiş qadın nədənsə nəzərimi çox çəkdi. Fındıq burnu və dodağındakı xaldan Firuzəyə çox bənzəyirdi. Ancaq saçları qar kimi dümağ idi, üzündə qırışlar vardı. Xeyli baxdıqdan sonra dözməyib soruşdum:

 

       Bacı, sizin adınız nədir?

       Sənə nə dəxli?! – deyə o təəccüblə dilləndi.

       Elə belə. Sizi kiməsə oxşadıram

 

       Kimə? – deyə qadın təşvişlə sual verdi.

       Firuzəyə...

Qadın diqqətlə mənə baxdı:

       Firuzə kimdi?

       Sinif  yoldaşım idi.

O, diqqətlə mənə baxdıqdan sonra:

       Bəli, mən Firuzəyəm, – dedi.

 

Tanışlıq verib onu bərk qucaqladım. Bulaqda qalan səhəngi xatırlatdım. Firuzənin əvvəlcə dodağı qaçdı, təbəssümlə başına gələnləri danışmağa başladı:

– Mən bulağa su gətirməyə getmişdim. Yaxınlıqda dayanmış maşından iki oğlan məndən su istədi. Mən dolçanı  doldurub onlara uzatdım. Oğlanlardan biri: “Oxxayy, nə ləzzətli sudur, sizin kimi gözəl qızın əlindən bu suyu içmək böyük xoşbəxtlikdir”, dedi.

Mən dolçanı alıb bulağın başına qayıdarkən hərəsi bir qolumdan yapışıb məni maşına basdılar...

 

Burnuma tutduqları dəsmaldan bayıldım. Ayılanda gördüm ki, başqa yerdəyəm. Soruşdum ki, bura haradır, siz kimsiniz? Oğlanlardan biri gülümsəyib dedi: “Səni mən götürüb qaçdım. Bura isə Gəncədir”.

 

Onunla ailə qurduq və çox xoşbəxt yaşayırdıq. Artıq iki oğlumuz da vardı. Həyat yoldaşım könüllü olaraq Qarabağın müdafiəsi uğrunda döyüşlərə getdi. Qızğın vuruşmaların birində qəhrəmancasına həlak oldu. İki uşaqla baş-başa qaldım. Oğlum böyüdü, hərbi xidmətə getdi. Bu günlərdə xəbər gəldi ki, o, döyüş bölgəsində ağır yaralanıb, mərkəzi hospitalda yatır. İndi onun yanına gedirəm.

Ürəyimdə Firuzəyə sevgim birə-beş artdı. Düşündüm: hər kim olursan-ol, vətənə layiq bir övlad ol..!

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident mükafatçısı

AJB və AYB-nin üzvü

 

reklamlar

Digər xəbərlər