Məhəbbət alovu (hekayə)   

Məhəbbət alovu  (hekayə)   
Mədəniyyət 04 İyul 2024 - 09:45


 

Evimiz kəndin mərkəzinə doğru gedən yolun kənarında yerləşir. Yazın ilk günləri idi. Küləkdən, yağışdan doqqazımız əyilmişdi. Həddini aşıb yola doğru uzanan itburnu kolu da gəlib-gedənə ilişir, gediş-gəlişə mane olurdu. Kolun aradabir keçən maşınlara sürtünməsindən əcaib səslər yaranırdı.

 

 

Bir gün atam dəhrə və baltanı götürüb kolun yanına gəldi. Xırda-para kömək üçün məni də çağırdı. Köməkləşib zoğal ağaclarının da yola sarı əyilən budaqlarını budadıq. Anam da bizə qoşuldu. Demək olar, yol kənarı səliqəyə düşmək üzrə idi. Birdən yolla keçən bir  qız ata-anamın diqqətini cəlb etdi. O, bir az getdikdən sonra çox da aralı olmayan bir evə döndü. Bu evdə çox yaxşı bir ailə yaşayırdı. Evin kişisi hündürboy, qırmızısifət bir adam idi. Onun ucaboy, ağbəniz, qəşəng arvadı vardı. Gözəllikdə övladları da özlərinə oxşayırdı.

 

 

Hələ də qucağında şax-şəvəl tutan atam üzünü anama tutub dedi:

     Arvad,  görərsən, bu qız axırda bu evdə arvad olacaq.

Doğrusu, ürəyimdə atamı qınadım. Məndən çəkinmədən belə sözlər söyləməsi çox ağır gəldi. Bir də ki, atam olacaq məsələni hardan bilirdi? Bəlkə onda öncəgörmə qabiliyyəti var idi?

Anam da susmadı.

 

     A kişi, dünyasında ola bilməz! Onlar mehriban, ləyaqətli ailədir. Bu qara fikir sənin ağlına hardan gəldi?!

Atam sözünün qəribliyə düşdüyünü görüb:

     Nə deyirəm, bir sözdü də, ağlıma gəldi, dedim. Yaşayarıq, görərik, – deyib qaşlarını çatdı.

 

Mənimsə fikrim ayrı yerdəydi. Doqqazımız çox səliqəli görünürdü. Səhərisi məktəbə gedəndə gördüm o biri qonşular da atama baxıb, yol kənarında səliqə-sahman yaradırlar. Bu məni sevindirdi.

 

Artıq böyümüşdüm. Məktəbin sonuncu sinfində oxuyurdum. Bircə düşüncəm vardı: nə olur-olsun ali məktəbə daxil olmaq! Nəhayət, arzuma çatdım. İstəklərim yerinə yetdi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul oldum.

Qəbuldan sonra kəndə qayıdıb, qələbə sevincimi ata-anamla bölüşmək istədim. Şəhərdən kəndimizə gedən avtobusa minib evə gəldim. Avtobusdan düşər-düşməz eşitdiyim xəbər məni mat qoydu. Qonşumuz qırmızısifət kişinin arvadı – o gözəl-göyçək qadın qəfil dünyasını dəyişmişdi. Evə gəldim, anam məni qucaqlayıb, üz-gözümdən öpüb təbrik etdi.

 

     Ana, atam hardadı?

     Atan hüzr yerindədi, qızım. Ölən qadının bu gün üçüdü, nədənsə zəhərlənib deyirlər.

Anamın üzünə baxdım. Vaxtilə ana-bala ikimizin yanında atamın dediyi sözləri xatırladım. Anam: – Nə bilim, ay qızım, Allahın işidir, – deyib, mənə çay-çörək gətirdi – Yoldan gəlmisən, ye, iç, bir az dincəl.

 

Atam evə qayıdanda məni təbrik edib, qurbanlıq qoçu kəsməyə getdi.

Qadının qırxı tamam olmamış kəndə xəbər yayıldı ki, qırmızısifət kişi evlənib. Özü də vaxtilə atamın dediyi qızıla! Bu əhvalat kənd adamlarına adi görünsə də, bizim ailəyə başqa cür təsir elədi. Axşam çay süfrəsi ətrafında oturmuşduq. Anam dilləndi:

 

     A kişi!

Atam anamın üzünə baxdı:

     Nə olub?

     A kişi, sən bir dəfə doqqazı düzəldəndə bir söz işlətmişdin ha, həmin söz gəlib öz yerini tutdu. Yoxsa səndə nəsə falçılıq, ya vergi var?

 

Atam güldü. Bir mənə, bir anama baxdı.

 

– Yox, arvad, mən nə mollayam, nə də falçı. Buna həyatın hər üzünü görmək deyirlər. İnsanın səhv addımı hər zaman pis nəticələr verir. Bu dünyada yaşayan canlılardan kimsə kiminsə yemidir. Biri ölməsə, başqası dirilə bilməz. Ayaq üzü görməyən ayaqqabı heç kəsin dabanını döyənək edə bilməz. İnsan gərək kiminlə oturub-durduğunu yaxşı bilsin. Rəfiqə adamın evini yıxar, doğru yoldan azdırar, sevgilisini əlindən alar, həyatını cəhənnəmə döndərər. “Ailə qaranlıq meşədir” kəlamında böyük həqiqət var. Kişinin qadın dostu yalnız öz arvadı olmalıdır. Yaxud əksinə, arvadın yeganə dostu onun əridir. Hər bir ailənin öz evi, öz hasarı var. Bu divar, bu çəpər insanları məkrli adamlardan qorumalıdır.

 

Atam danışır, anam dinləyir, mən də atamın dediklərindən özümə lazım olanını  götürürdüm. Sanki kişi üzünü mənə tutub, həyat dərsi keçirdi:

– Ay qızım, şəhərdə hər yetənlə oturub-durma. Mən bu univermaq müqəvvasına aşiqəm demə. Təhsil al, sənə lazım olan həyatı öyrən. Xoşbəxtlik qapından girəndə tüstü-dumanla yox, alovqarışıq gələcək. Bax, o alov əsl məhəbbət alovudur.

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident mükafatçısı

AJB və AYB-nin üzvü

reklamlar

Digər xəbərlər