CƏZA

CƏZA
Mədəniyyət 05 İyul 2024 - 10:37


 

İbad kişinin qızı Sona orta məktəbdə dərs əlaçısı idi. Məktəbi bitirəndən sonra Universitetin biologiya fakültəsinə daxil oldu. Kənd mühitində böyüyüb boya-başa çatan Sona uşaqlıqdan təbiəti sevir, bulaqların, dağların, bitkilərin sirlərini bilmək, təbiətə daha yaxından bələd olmaq istəyirdi.

 

Sona universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla şəhər məktəblərinin birində müəllim işləməli oldu. Buna görə ata-anası məcbur qalıb Bakıdan ev aldılar, şəhərə köçdülər. Onlar qışda şəhərdə qalır, yayda isə kəndə dönürdülər.

İbad kişi sürücü olduğundan əli hər yerə çatır, ailənin dolanışığını təmin edə bilirdi.

 

Günlərin birində işdən gələn Sona həm qəmgin idi, amma bu qəmin üzərinə sevinc təbəssümü də qonmuşdu.. Anası Sənəm xala ona baxıb: qızım, sənə nə olub, sözlü adama oxşayırsan, – dedi.

 

       Hə, ana, bizə elçi gəlmək istəyən var.

       Elçi? Bu haradan çıxdı? Kimdi? Nəçidi?

       Ana, oğlanın dediyinə görə bizim rayondandı, amma hansı kənddəndi, bilmədim.

Sənəm xala yenidən:

       Bəs sən onunla harda tanış olmusan?

– Ana, rayon təhsil şöbəsindən məktəbimizə yoxlama gəlmişdi. O da gələnlərin arasında idi. Məni gördü, bir neçə kəlmə söhbət etdik. Mənə, anket doldururmuş kimi çoxlu suallar verdi. Mən də müqəssir kimi suallarını cavablandırdım. Amma çox səmimi adama bənzəyirdi. Üzündə qartal baxışları vardı. İgid ər bulağından su içdiyi aydın hiss olunurdu. Gedərkən mənə telefon nömrəsini verdi. Bir gün keçməmiş zəng edib, ordan-burdan söhbət edib, sonda mənə ürəyini açdı. Mən isə onu sona qədər dinlədim. Baxarıq, dedim.

 

Sənəm qızına ciddi, bir az da çəpəki  süzdü:

       Daha nəyinə baxacaqsan, ürəyindən keçən razılıq cavabını vermisən də!

       Ay ana, qəbahətli bir iş görməmişəm, adamdı da... Açığını deyim ki, səmimi olması ürəyimə yatdı. Ona qanım qaynadı.

 

Ana-bala arasındakı sual-cavab dərsi naməlum sonluqla  qurtardı.

Baharın gözəl çağı idi. Ağaclar çiçək açmış, ətraf güllərə qərq olmuşdu. Ötəndəfəkindən fərqli olaraq, Sona bu dəfə daha şən idi. Bu hal Sənəmin gözündən qaçmadı.

 

       Xeyir ola, qız, yaman sevincək olmusan, az qala qanad açıb uçursan.

       Hə, ana, o, mənə söylədi ki, sizə elçi gəlmək istəyirik. Sonrası  səndən və atamdan asılıdır.

Sona onların tək qızları, ciyərparaları idi. Sonralar doğulan bir oğlan və bir qız övladları tələf olmuşdu. Sənəm Sonaya heç nə demədən axşamı gözlədi ki, əri evə gələndə söhbəti açsın.

 

Axşam İbad kişi bu söhbətə təəccüblənmədi:

       Qızım seçimini edibsə, onun tərəfindəyəm.

Bunu eşidən Sona atasının boynunu qucaqlayıb, o üzündən, bu üzündən öpdü. İbad kişi:

       Sən bilərsən. Nə vaxt gəlirlər gəlsinlər. Amma oğlanı əvvəlcədən dəvət et, tanış olaq.

Bir həftədən sonra Sonagildə bayram ovqatı başladı. Biş-düşün ləzzətli qoxusu ətrafa yayılmışdı. Özləri qapını açıq saxladılar ki, qapı qonaqların üzünə açıq olsun. Pilləkənlərdə ayaq səsləri eşidildi. Qabağa Sənəm xala çıxdı.

       Ay xoş gəlmisiniz, buyurun, içəri keçin.

        

Qonaqlar qonaq otağındakı son dəbli divanda oturdular. Gələnlər üç nəfər idi. Yaşlı kişi, ondan bir az cavan bir qadın və gənc oğlan. Oğlanın kim olduğunu Sənəm o dəqiqə anladı. Düşündü: “Həə, bu mənim kürəkənim olacaq, inşallah. Qəşəng oğlandı, qızıma yaraşandı...”

Araya sükut çökdü. Hələ də obiri otaqda əyin-başını düzəldən İbad qonaqların yanına gəlib:

       Xoş gəlmisiniz, – dedi.

Kişilərdən kənarda əyləşmiş qadın İbadın diqqətini çəkdi. Öz-özünə düşündü: “ Görəsən bu qadın mənə nədən doğma təsir bağışladı?! Mən bu qadını haradasa görmüşəm?” Özünə dönə-dönə suallar versə də, xatırlaya bilmədi. Amma özünü o yerə qoymayıb söhbətə başladı. Adı Mina olan bu qadın da özündə deyildi. İbadı tanımışdı. Cavanlığında ona eşq-məhəbbət elan edib, heysiyyəti ilə oynayıb, sonra isə özgəsiylə evlənən İbadı.

 

Bu yerdə qadın yerindən qalxıb əl ataraq onun yaxasından tuta bilməzdi. İndi yanında oğlu vardı. Sonra da ürəyində yaranan qorxu hissi onu boğmağa başladı. Vaxtilə İbadla aralarındakı sevgidən oğlu Anar boyuna düşmüşdü. İbad onu atandan sonra, xoşbəxtlikdən həmin günlərdə indiki ərinə qoşulub qaçmışdı. Onu qaçıran zaman sərxoş olan əri heç nədən xəbər tutmadı. Anarın dünyaya gəlməsi onu çox sevindirdi. Sonralar Anardan başqa uşaqları olmadı. Anarın “dünyanın gözünü kor qoyaraq” gəlib İbadın qızına aşiq olması Minanı çıxılmaz vəziyyətə salmışdı. O, qışqırıb-haray sala bilməzdi ki, oğul, bu sənin bacındır, onunla evlənə bilməzsən. Açıb, desəydi, nə faydası vardı? Öz həyatını cəhənnəmə döndərəcəkdi. Heç İbadın da xəbəri yox idi. O hardan öyrənə bilərdi ki, Anar öz oğludur. Nəhayət, sükut pozuldu. Kişilərin söhbətindən sonra məsələ həllini tapdı. Anarla Sona nişanlandılar. Dərd Minanı götürdü...  Nə olursa-olsun, nişanlı olduqları zaman Anarla Sonanın arasını vurub, elə həddə gətirməliydi ki, onların bir-birini görməyə gözü olmasın.

 

Vaxt ötdü. İki sevgili Leyli–Məcnun kimi bir-birini sevirdi. Bəlkə də onları bu qədər bağlayan qanlarının eyni olması idi. Mina lal olmuşdu. Elədiyi xətanın, böyük sirrinin üstünün açılma qorxusundan min dəfə ölüb-dirilirdi. Elə bil ürəyinə saatlı bomba quraşdırılmışdı. Nə edəcəyini bilmirdi. Düşünürdü ki, bəlkə fürsət tapıb İbada bu sirri açar. Bu da mümkün olan iş deyildi. Tutaq ki, İbad bildi, toy məclisini pozdu. Məgər bu, işə yarayacaqmı? Öz-özünə deyinməyə başladı: “...Ay Allah, bu nə işdi başıma gəldi? Bu yazıq gənclərin günahı nədi? Niyə valideyinlərinin günahlarının qurbanı olmalıdılar?!”

 

Toy günü bir aydan sonraya təyin olundu. Mina bir istədi özünü xəstəliyə vursun, ya  da zəhər içsin. Nə faydası?! Hətta Mina ölsə belə, qırxı, ya ili çıxandan sonra onlar evlənəcəkdilər.

 

Anar atasını-anasını qabaqlayıb şadlıq evindən dəvətnamələri özü götürmüşdü. Toya beş-on gün qalmış tanış-bilişə paylayacaqdı...

Bir aydan sonra cəbhədən gələn xəbər Minanın içərisindən qopan harayla yadda qaldı. O, elə  qışqırdı ki, hər şey çilikləndi... Evinin pəncərələri kimi! İbad vətən torpağı üçün canından keçən Anarın onun doğma oğlu olduğunu bilmədi və heç vaxt bilməyəcəkdi.

 

Allahın qəribə işləri varmış. Sən saydığını say, gör fələk nə sayır! Çox keçmədi, Anara Qarabağ müharibəsinə getməsi üçün çağırış vərəqəsi gəldi. O, hərbi formanı geyinib, müharibəyə gedəndə yaxınları nişanlı gənci təmtəraqla yola saldılar. Ən çox göz yaşı tökən isə Sona və öz qorxunc sirri ilə təkbətək qalan Mina idi. Minanın ürəyinə dammışdı ki, bu, oğlu ilə son görüşü olacaq. Çünki taleyi əvvəldən belə yazılmışdı. Keçmiş günahını unutmuş İbadsa hələ arxayınca yaşayırdı. Çünki, Tanrı səbrlidir...

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Prezident mükafatçısı

AJB və AYB-nin üzvü

reklamlar

Digər xəbərlər