B |
ir şəhid haqqında söz açmaq istəyirəm.
Amma onun yeri görünən ailədə kimsəni dilləndirə bilmirəm. Sanki hamının nitqi
batıb. Bu ailədə elə bil ki, fəsillər yerini dəyişib: nə bahar təravəti qalıb,
nə də payızın öz rəngi, bar-bərəkəti. Sanki qış vaxtından əvvəl gəlib...
“Yurd dağılanda el dərbədər olar”, - atalarımız
deyib. İlin payız fəslinə bənzər belə hallar: el yaylaqdan köç edəndə hər yan
saralar-solar, ağaclar barlansa da... Çəmən-çiçək öz təravətini itirdiyinə görə
payıza vəfasız fəsil də deyirlər. Çünki qızılı libasını geyinməmiş bir də
baxdın ki, dağların başını qar aldı.
2020-ci
ilin payızı da belə qəfil gəldi çox analar üçün. Bir göz qırpımında oğullar
getdi. Nə yaxşı ki, onların Qələbə bayraqları başı qarlı dağlarda dalğalandı.
Üçrəngli bayrağımızın əlçatmaz-ünyetməz zirvələrdə ucalması düşmən üzərində qələbəmiz demək idi.
Həmin qələbədə payı olan analar və oğullar ona görə xalqımızın doğmasına, əzizinə
çevriliblər.
Həmzəyev Şəhriyar
Elman oğlu da belə igidlərimizdən biri idi. 1 mart 2001-ci il tarixdə Yevlax şəhərində
dünyaya göz açsa da, əslən kəlbəcərli olub. Evin kiçik övladı Şəhriyar 2008-ci
ildə Gəncə şəhərində 42 saylı tam orta məktəbdə 1-ci sinfə gedib. Lakin 2011-ci
ildə müəyyən səbəblərdən o, həmin məktəbi tərk edərək, Şamaxı rayonunun Meysəri
kənd A.S.Şirinov adına tam orta məktəbində 4-cü sinifə gedib. 2016-cı ildə IX
sinifi bitirib, 2019-cu ilin aprel ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi
xidmətə göndərilib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
müddətli həqiqi hərbi xidmətdə idi.
O, Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistanın illərlə
işğalı altında olan ərazilərimizin 2020-ci il sentyabrın 27-də azad
edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə
böyük şücaətlər göstərib.
29 oktyabr 2020-ci il
tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına
şəhid olan Şəhriyar subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayonunun
Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən
sonra) “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
ilə təltif edilib.
Bu da bir şəhid
oğulun doğulduğu və şəhadətə yüksəldiyi tarixin qısaca xronikası. Nə yaşadı ki,
ömür-gün yolundan da istənilən kimi xatirələr toplusu qalsın? Gözünü
açıb-yumunca vətənə layiq oğul olduğunu təsdiqlədi. Bu da hər doğulan oğula nəsib
olmur axı.
Atası
Elman Həmzəyevi dindirmək sizə o qədər də asan gəlməsin. Axı, özü demişkən, arxa-dayağını, kiçik qəhrəmanını itirib: “...Şəhriyar
evimizin kiçik övladı, yıxıq evimizin dayağı, dirəyi idi. Özüm uşaqlıqdan
travmalı böyüdüyüm üçün əsəbi birisi idim. Ona görə də elə kiçik yaşlarından məni
ovundurmaq, əsəblərimi sakitləşdirmək üçün şirin zarafatlar edərdi: “Atam yenə
niyə əsəbləşib?! Yenə nə olub?!” - deyə könlümü alardı. Bütün işlərimdə mənə
yardım edib, tək qoymazdı. Böyük qardaşı hərbi xidmətdə olduğu zaman onun
yükünü öz çiyinlərinə götürərdi. Şəhriyar uşaqlıqdan qəhrəman idi. Şəhid
olmazdan bir gün əvvəl yuxuda məndən su istəmişdi. Atasının kiçik oğlu, qəhrəmanım
mənim, sən bizim üçün hər zaman yaşayacaqsan...”
Vəssalam, atasının səsi
batır, sözü də bitir. Xəyalında canlandırdığı Şəhriyarının boyunu oxşayırmış
kimi gumuldanır.
Anası Şükufə xalanı dilə tuturuq ki, bəlkə xatirələrindən
bir-iki kəlmə desin. Ana sanki bəy oğlunu tanıtmaq üçün yaddaşını silkələyir.
Fikrini ifadə edəcək kəlmələr də perik düşüb elə bil. Gözləri bir nöqtəyə zillənir.
Handan-hana səsi gəlir ananın, hüznlü, qüssə-kədər dolu: “Mənim bənzərim,
alagözlü Şəhriyarım zəhmetkeş, həm də ruh əkizim idi. Təsərrüfat, ev işlərində
mənə kömək olardı.
Heç zaman ağır yük
götürməyimə icazə verməzdi. Hətta mən işdə olanda ev işlərində də kömək edərdi.
Mənim xoşladığım nə vardısa hiss edirdi. Məsələn, bilirdi ki, mən göbələk
xoşlayanam. Sən demə, o da mənim
kimiymiş: göbələk toplayıb gətirərdi. Böyük qardaşı “Aprel döyüşləri”ndə
iştirak etdiyi zamanlarda mənə mənəvi dəstək olardı. Deyərdi: ”Ana, narahat
olma, qardaşım sağ-salamat gələcək. Mən də döyüşə gedəcəm, amma mən şəhid
olacam...” Ürəyinə gəlmiş kimi deyərdi.
Şəhriyar, sözləri
kimi, özü də isti münasibətli idi. Soyuq
aylarda üşüyəndə qucaqlayıb məni körpə nəfəsiylə isidərdi. Eh! Xəyallarımda donub qalan, mənim
istiqanlı, şən oğlum, anan sənə qurban ola bilmədi. Sən Ana Vətənə qurban
getdin! Mən də səninlə fəxr edirəm!”
Mehriban xanım Şəhriyarın
böyük bacısıdır. Deyir
ki, ailədə kiçik, lakin həm də igid
qardaşım mənim üçün sevgisi, qayğısı ilə həmişə fərqlənirdi: “O, mənim əlimdə
böyümüşdü, onu mən yedizdirərdim...
Bir sözlə, anam işlədiyi
üçün ona mən baxardım. Şəhriyar həm
ağıllı, həm də sözəbaxan idi. Məni heç incitməz, yormazdı. Hərbi xidmətdə
olduğu zaman 10 günlük məzuniyyətə buraxılıb Şamaxıya, məhz mənim yanıma gəlmişdi.
Mənə deyirdi: “Bacı, məni yenə də əvvəlki kimi əllərinlə bəslə...”.
Təəssüf ki, bu, Şəhriyarla
sonuncu görüşümüz oldu. Telefonla danışdığımız zaman “Mən yaxşıyam, sizlər
yaxşı olun”, - deyərdi. Mən onu hər
zaman qəlbimdə yaşadacam. O, bizim üçün əbədiyyət qazanıb - ölməzlik”.
Ortancıl bacısı Ülkər də qardaşının igidliyindən,
qorxmazlığından və ağıllı olmasından söz açır, ondan doymadıqlarını dilə gətirir:
“Mənim dərd ortağım idi balaca qardaşım. Məndən kiçik olsa belə, bütün işlərimdə
dəstək idi. Hər zaman məni hamıdan tez anlayardı. O, mənim üçün qardaşdan əlavə,
həm də sanki ata əvəzi idi. Atamla bölüşə bilmədiyim sirlərimi ona rahatca aça
bilirdim. Hərbi xidmətdə olduğu müddətdə yanına gedər, yenə problemlərimi
onunla paylaşardım. Çünki Şəhriyar mənə söhbətlərimizdə təsəlli olurdu. Onun
dediyi sözlər məni rahatlandırırdı.
Sevdiyim bir
oyuncağım var idi. Mən hər ağladıqda məni onunla sakitləşdirərdi. Mən Şəhriyarı qardaşdan artıq sevirdim. Onun şəhidlik xəbərindən
sonra (24 yaşımda) “şəkər xəstəliyi”nə tutuldum. Şəhriyarı cismən itirmək nə qədər
çətin olsa da, o, mənim fəxrim və qürür yerimdir”!
Qardaşı Seymurun dediklərindən: “Həmişə məni əvəz edən
kiçik qardaşım idi. Mən onun ölümünə inanmırdım. Çünki onunla bağlı çox
arzularım var idi. Şəhriyar istərdim bir anlığa geri dönsün. Onda uşaqlıqdan çəkdiyimiz
bütün dərdləri unudardıq. Biz tək qardaş yox, həm də dost, sirdaş olmuşuq. Xidmətdə
olduğu zaman mən onun yanına tez-tez gedərdim. Onu cismən itirdikdən sonra hələ
də zəngini gözləyirdim. Şəhid olmazdan bir gün əvvəl telefonla əlaqəmiz oldu.
Dedi ki, “biz irəli gedirik. Haqqınızı halal edin”.
Tez-tez yuxuma gəlir.
Ölümü ilə barışa bilmirəm. Danışmaq asan deyil. Qardaş itirənlər bilir biz nələr
çəkirik...”
Kiçik bacısı Zeynəbdən eşitdiklərimizin bəzilərini qələmə
almağa çalışdım: “...Mən dostum, qardaşım Şəhriyarla həmişə birlikdə
oynayardıq. Yıxılanda əlimdən tutub qaldırardı. Televizor filmləri üstə hər
zaman “dalaşardıq”, amma küsülü qalmazdıq. Hər anımda qayğıma qalardı. Evimizdə
hər kəsdən şən olardı. Hamıya dəstək olan, amma heç vaxt öz ürəyindəkiləri
bölüşməyən qardaşım ailədə hər birimizlə ayrı-arılıqda maraqlanan idi...
Mən onsuz günlərimi çətinliklə
keçirirəm. Yanımızda olmasa da, qəlbimizdə əbədi yaşayacaq”.
Əsgər yoldaşı Elnur deyir ki, Şəhriyar mənim cəsur əsgər
yoldaşlarımdan biri olub: “... Onu ilk dəfə 26 sentyabr 2020-ci il tarixində səfərbərliyə
gedəndə görmüşdüm. Çox yaxşı, dəyərli bir insan idi. Onun qəhrəmanlıqlarını
sadalamaqla bitməz. Ona hər zaman “ehtiyatlı ol”, - deyərdim. Hər kəsin hörmətini qazanmışdı. Bəlkə onun xətrini özümdən də çox
istəmişəm. Heç vaxt gözümün önündən getməz.
Şəhriyar mənim
gözümün qabağında şəhid oldu... Yadımdadır, oktyabr ayının 28-i idi. Dediyi
sözlər beləydi: “...onsuz da şəhid olacağam.”
Biz 4 nəfər idik.
Onlardan üçü şəhidlik məqamına ucaldı, tək qaldım. Yoxluğuna alışa bilmədiyim
dostum, sirdaşım, qardaş qədər əzizim, o zirvə mənə qismət olmadı...”
Cəmilə Çiçək/zekainfo.az
filologiya üzrə fəlsəfə
doktoru,
Prezident mükafatçısı
Bu yazı Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai
Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin kreativ-innovativ təbliği”
layihəsi çərçivəsində hazırlanmışdır.