Yada düşər xatirələr

Yada düşər xatirələr
Cəmiyət 01 Noyabr 2024 - 12:16

KİMİNSƏ QƏLBİNDƏ ƏZİZ XATİRƏ
Kiminsə gözündə yaş olacağam...
Bu da Bakı şəhərinin ən ucqar bir guşəsi. Axşamın qaranlığında qaralan günün son işartıları dağların arxasına çəkiləndən zülmət hər yeri bürüyüb. Elə Kəlbəcərdə də belə qara, zülmətli günlərdə Onunla həmdərd idim. Dərdimizi dərələrdən-təpələrdən gizlədə-gizlədə başımızı, canımızı yağı əlindən götürüb qaçanda da dərd-ələm içində, yaslı-yaralı olduq. Üzümüzün gülən çağları qaldı bir vaxtlar səhnəsində «ən kefli artist» sayıldığım Çaykənd kəndindəki mədəniyyət evində…
Fikir məni çəkib aparır, elə bilirəm ki, Çaykəndə, əzizlərimizin, doğmalarımızın, zarafatlarından, deyib-gülməklərindən qalmayan, baməzə, lətifəsevərlərin yanına. 
Yox, yox, dilimizdən şirinlik, gözümüzdən sevinc perik düşəndən zarafatlarımız da daş altında qalıb. Hər bahar gələndə, martın sonu, aprelin əvvəllərində təzədən qışın şaxtasına, boranına düşüb büzüşürük, elə kəlbəcərlilərin indi büzüşdüyü kimi. Allah, bu qədər də yas yeri, kədər məclisi olarmı?! Dərdə bax ki, orada bir-birimizə təsəlli veririk: “...nə yaxşı bu hüzr məclisləri var, görüşmək, dərdləşmək, bir az ağlayıb gözlərimizin odunu-qorunu azaltmaq üçün”.
Kəlbəcərdə şəhidlərimizin ünvanlarını axtardığım günləri xatırladım bu qısa mənzilli səfərimdə. Yasamaldan Günəşliyə kimi yol getdim. İlahi, bu möcüzəydimi, burada da kəlbəcərlilər daş-qayanın üstündə (Bakının içərisində), yal-yamacda daş üstə daş qoyub… 
Bu dəfə də qələmimə yalvaracağam ki, yaz bu ağrıları. Ata da ağlıyır, bacı da, bacının balası da, nəvəsi də… Üstəlik, bəlkə də ömrünün son günlərini, anlarını yaşayan, başı yastıqdan qalxmayan, oğlunun qonağını qarşılamağa taqəti olmayan ana da gözlərinin qurumuş leysanını içinə, köksünə, oğul dağından paralanan ürəyinə axıdırdı. Ağlamayan kim və nə vardı ki, burada?
… Kəlbəcərlilərimiz didərgin düşəndən  nadirxanlı bacımız Sevda Dəlidağlının telefon zənglərindən diksinmişəm. Bəlkə elə bu da bir taledir yaşayırıq, məhkumuq: hələ ki zənglər bizi diksindirir, ağladır, qəhərləndirir… 
Bu dəfə də Sevda bacının telefon zəngi məni Mərdəkandakı bir düşərgədə məskunlaşmış kəlbəcərlilərimizin yas məclisinə apardı. Kəlbəcərdəkən qəlbinə, ziyalılığına, alicənablığına, mərdliyinə, bir az da zarafatından qalmadığına heyran kəsildiyim, dostcanlı, vətənsevər bir müəllim qardaşımız da qəfildən, ürəyini tutub getdi. Əzizbəyov (indiki Xəzər rayonudur, deyəsən, səhv eləmirəmsə) rayonundakı 33 saylı orta məktəb bir müəllim, direktor müavini, şagirdləri isə dost, qardaş, sirdaş, əsl  insan, fizik, riyaziyyatçı, poeziyasevər, yurda bağlı bir pedaqoq itirdi.
Ürəksiz deyildik, axı, niyə belə ürəksizləşmişik, görəsən? Deməli, ürəyimizi Kəlbəcərdə qoyub gəlmişik. Kəlbəcər də alır etibarsızlığımıza görə onu əlimizdən və deyir ki, gedin yaşayın ürəksiz…
Günəşliyə çatıram. Məni bir kəlbəcərli balası avtobus dayanacağında qarşılayır. Dayısının qonağına nə desin: «Xoş gəlmisiz?!» Dilinə gətirə bilərmi?! “Xoş gəlməmisiz?! Nəyə gəlmisiz?!”
 Yamanca tutulub Samirə xanım. Elə bilir ki, hamıdan əziz bildiyi dayısından xəbər, soraq gətirəcəyəm. Yox, lal-dinməz sərt yamacdan aşağı, həyətə tərəf enirik. Xatirimə Kəlbəcərdə olarkən kəndbəkənd gəzdiyim, şəhid ana-bacıları ilə görüşdüyüm o müdhiş (sən demə, ən əziz və bəxtəvər günlərimiz imiş) günlər düşdü yadıma. Kəlbəcərlilərin min bir əzaba tablaşmasının burada da şahidi oluram. Qorxa-qorxa cığırı enirik. Həyət-baca sükut içərisindədir. İçəridəkilərin baxışlarının rəngi bayırı da zülmətə döndərib.
Elmira müəllimə qızı Samirəni məni qarşılamağa göndəribmiş. Əlüstü çay süfrəsi və kəlbəcərlilərə xas, xörək gətirir. Kəlmə kəsməyə sanki cəsarətimiz çatmır. Nə mən dillənirəm, nə də ki, onlar: ata, ana, bacı və bir də şirindil nəvə. Yenə balaca Murad tanımadığı əmiyə «xoşgəldin» edib, əl uzadır, lap elə kişilər kimi. Nənəsi Elmira müəllimə onun başını sığallayıb, çəkil, dayının dostudur, incitmə, əmini,-deyir. 
Yataqda oz dünyasında olan, sanki «o dünyası ilə əlləşən» ananın bir dərisi, bir sümüyü qalıb. Əvəz dayı ağır-ağır dillənir, kişi qüruruna sığışdırıb ağlamasa da, göz yaşları içinə axır:
-Qarı belə deyildi. Bir ayın içində bu günə düşdü. Özünə ölüm istəyirdi, İmamverdi ondan qabaq getdi…
Samirə dayısının haqqında nə isə demək istəyir, qəhər boğur, çəkilir və şəkil albomunu gətirib vərəqləyir və öz-özünə danışırmış kimi astadan dillənir:
-Bizim oxuyub ali təhsil almaqda hər ikimizin (o, bacısını nəzərdə tutur) əziyyətini ata-anadan çox o çəkib. Bizi də riyaziyyatçı elədi, amma…
Əvəz dayının 90 yaşı var. Kəlbəcərdə sayılıb-seçilən ağsaqqal və ziyalıların dostu olduğunu deyir. Kimlərin adlarını çəkmir: Hacıbaba Mehtiyev, Novruz Abbasov, Binnət müəllim, Müseyib İsmayılov, Qara Bəhmən, Tapdıq Cəfərov…
Elmira müəllimə atasına kömək edir:
-İmamverdinin yanvarın 24-də 55 yaşı olacaqdı, olmadı, eləcə qaldı 54 yaşında, həmişə də bu yaşda olacaq… Ailəmizin böyüyü Rəfiqə idi, rəhmətə gedib. Qalmışıq Rahilə, Haqverdi və mən. Anam Məxmər 80 yaşını keçib, atamın da ki, özü dedi, 90-dadır, amma hələ qəzeti, kitabları eynəksiz oxuyurdu, İmamverdi gözlərinin nurunu əlindən aldı…
Əli Qurban Dastançının bacı-qardaş haqqında yazdığı bir şeiri yadıma düşür, qırıq-qırıq misralarla:
Bacıların qardaşa məhəbbəti dərindi,
Ürəkləri od kimi, əlləri çox sərindi.
Görməmişəm məhəbbət, bacı məhəbbəti kimi…
O, əsər qardaş üstə nanə yarpağı kimi…
Elmira xanım da nanə yarpağına dönüb əsirdi. Üzünün cırıqları hələ də sağalmayan bacının qardaş yarasının qaysağını qopardığım üçün mən də xəcalət-xəcalət baxışlarımı qaraladığım sətirlərə dikmişəm. Elmira müəllimə qardaşının başdaşına, sinədaşına yazılan şeiri ağıya çevirib sızıldayır:
Vaxtsız köçəcəyəm qara torpağa,
Göyərib təzədən daş olacağam.
Kiminsə qəlbində əziz xatirə,
Kiminsə gözündə yaş olacağam.
Qəbrimə gələni yol gətirəcək,
Kimisə əlində gül gətirəcək.
Biri gözlərində sel gətirəcək,
Yenə dərdə-qəmə tuş olacağam.
Ey məni sevənlər! Az ağlayın, az,
Sevilən kəsləri ağlamaq olmaz!
Hələ görəcəksiz neçə bahar, yaz,
Mən isə əbədi qış olacağam.
Samirə anasının köməyinə gəlir: 
-Dayımın üç övladı - bir qızı, üç oğlu (Nigar, Elməddin, Tacəddin və babamın adını daşıyan Əvəz) var. Nigar da jurnalistliyi qurtardı, təəssüf ki, ailə vəziyyəti ilə əlaqədar qələmini bir tərəfə qoydu. Siz onu tanıyırsınız…
Xatırladım, orta məktəbdə oxuyandan qəzet səhifələrində məqalələri dərc olunmuşdu. 
İmamverdi müəlimin həyat yoldaşı İdayə xanım indi oturub balalarını ovundurmağa çalışır. Amma inanmıram ki, İmamverdi müəllimin yoxluğu onu təkcə övladları ilə baş-başa qalmağa imkan versin. Polad müəllim ona nə qədər təsəlli verir-versin, aşkarda olmasa da, gizlicə dərdləşəcək, onun ruhundan dərs alacaq İdayə xanım, səbr diləməkdən savayı gücümüz heç nəyə çatmır.
Elmira xanım çox gənc olsa da, nənədir. Deyir ki, məni cavan saxlayan İmamverdinin məni özünə bacı yox, qardaş bilməsi idi. Qırx gündə qırx illik qocaltdı məni, bacısı ölmüş. Bu ev onun dayanacaq yeri idi. Dostları ilə haradan gəlirdisə-gəlsin, bizə baş çəkməmiş evə dönməzdi. İndi gözlərim qapı ağzında qalıb, qulağım səsdə…
Elmira xanımın nəvəsi Murad mat-məəttəl qalıb. Gah bu çağırılmış qonağa baxır, gah stəkanda buza dönmüş çaya, gah da nənəsi ilə anasının baxışlarında donub qalmış həsrətə, kədərə. Şəkillərini mənə göstərir. Və şirin dilini işə salıb bizim könlümüzü alır sanki:
- Ad günümdə məni İmiş dayı təbrik etmişdi. Bir yaşım olanda. Sən də təblik eleceksən?!
Gah İmiş dayısından dınışır, gah anasına şəkillərini göstərir və baxışlarını üzümüzə zilləyir Murad. Muradına çatsın, deyir ki, «mən Kəlbəcərə gederem ey, sən də»?!
Di gəl bu suala cavab ver görüm?!..
Əvəz dayı qızı Elmiradan razılıq edir:
-Elmira ilə İmamveridinin yeri dəyişik düşmüşdü. Gərək Elmira oğlan doğulaydı. İmamverdinin qəlbi o qədər kövrək, incə idi ki…
Yox, yaman yerdə axşamlamışam. Axşamlarımızın şam işığında, çıraq hisində olduğu vaxtlarda da bu ağrı-acı ilə şəhid yazıları yazır və ruhlarla baş-başa qalardım. Bu gecə kəlbəcərli bir gecə geçirəcək, mərhum Sücaətimiz kimi, balaları yuxuya verib, ağlayacağam, yatmayacağam ki…
Ayrıla bilmədiyim bu hüzndən baş götürüb qaçmaq istəmirəm. İstəyirəm ki, oğul verə bilmədiyim bir ataya, son günlərinin ağrı-acılarını göz yaşına çevirən anaya, yataq xəstəsinə, hələ də yanaqlarında qardaş dağının izləri görünən bir bacıya və dayı həsrətindən yana-yana danışan, evin qonağını dayısının yerinə qarşılayan və yola salan Samirə xanıma, onun balaca Muradına təsəlli olacaq nə isə deyim, amma… hər şey bir gecəlik qara nağıla bənzər qısa ömrün son akkordlarından asılı olacaq.
İndi arxamca hamı ağlayır. Hətta şair və qələm dostum Əhməd Əfsunun İmamverdi müəllimin dilindən dediyi və onun sinə daşına yazılan, Sevda Dəlidağlının isə telefonda öz dilindən sızıltı ilə süzülən «Ağlayır» şeiri kimi:
Kəlbəcər elinə yaraşıq idi,
O gözəl insanı ellər ağlayır.
Elmin yollarında nur-işıq idi,
Çəmənlər yas tutub, çöllər ağlayır.
Sakit təbiətli bir insan idi,
Həlim, istedadlı, mehriban idi.
Qəlbi ulduzlara asiman idi,
Buludlar yas tutur, sellər ağlayır.
Emanın fəryadı göyə ucalıb,
İdayə bu günlər necə qocalıb?..
Torpaq ana olub, elə quc olub,
Adını deyəndə dillər ağlayır.
Dostların qəlbinə çəkildi dağı,
Bəhrə gətirməmiş sındı budağı.
Məzarı qəribdi, əsir torpağı,
Qəbrinin üstündə güllər ağlayır.
Yarıda qırıldı ömür yolları,
Dağlara uzalı qaldı qolları.
Qoymayın üstünə ağır salları,
Sevdiyi sazda da tellər ağlayır.
Tanrının hökmünə baş əyib getdi,
Oğlunun toyunu görməyib getdi.
Sevda, Kəlbəcəri istəyib getdi,
Viranə yurdunda yellər ağlayır.
Ağlayır, qəribi illər ağlayır…
Məhəmməd Nərimanoglu
Bura qədər illər öncə ağlaya-ağlaya yazdıqlarımdır. Yenidən cana gətirmək istəyirəm. Səbəbi da qeyri-adi məsələ deyil. İllər öncəki düşüncələrim paslanmasın deyə, göz yaşlarımla  isladıram ki, yazda cücərsin, solmasın, rəngini , ətrini, acısını, ağrısını itirməsin yazılarım.
Bu günlərdə İmamverdi müəllimin qız balası, mənim həmkarım, lakin qələmi ilə baş-başa qalıb pıçıldadığı ürək sözlərini özündən başqa kimsə oxumayan Nigar balamızdan bir xəbər aldım. Vatsapp nömrəmdə “salam”  yazdı. Öyrəndim ki, o vaxtlar adını İmamverdi müəllimin böyük qızı kimi  məqaləmdə  bircə yerdə çəkdiyim Nigardır. Yəni jurnalist Nigar İmamverdi qızı Qaybalıyevadır. İndiyədək  jaradıcılıqla məşğul olmağa vaxt ayıra bilmədiyini dedi. Mən onun iki essesini alıb oxudum. Tanrıma bir daha şükr elədim: “İlahi, Sənin böyüklüyünə şükür, kəlbəcərlilərin hamısını   bu dünyaya bədii təfəkkürlü gətirirsən”. Bundan da dəyərli xəzinə olarmı?! Kəlbəcərlilərin özlərini də sərvət kimi veririrsən cahana. Bunu vaxtilə  (1996-cı ilin 1 aprelində) Ulu Öndərimiz Heydər Əliyev də biz kəlbəcərli ziyalıların bir qrupu ilə görüşündə demişdi.
Budur, həmin mənəvi sərvətin birinin istedalı qələmi ilə yazdığı ürək çırpıntılarını həyacanla və göz yaşlarımla oxuyuram.
Nigar İmamverdi qızı ali təhsilli jurnalistdir. Qələmini hər mövzuda sınağa çəkməyib. Bildikləri dilimz, ədəbiyyatımız, jurnalsistikamızın nəzəriyyəsidir. Qələminin  ucundan (indi klaviyaturaa olsa da)  süzülənlər bulaq suyudur: dadlı-tamlılığı ilə qəlblərə su çiləyir.
Beləliklə, İmamverdi müəllimin ruhunu şad eləmək üçün onun vaxtilə çox istədiyi,  böyük qızı Nigarın peşəkar jurnalist görmək istəyinin  payızda da çiçək açmasının mümkünlüyünü söyləmək qərarına gəldim. Sağ olsun, elimizin dəyərli qələm-söz adamlarından olan İlham Məmmədli ki,  Nigar balamızın yazılarına öz qəzetində (“Bütöv Azərbaycan”), saytlarında yer ayırmağı özünə borc bildi.
Nigar xanım deyir ki, o, ilk qələm təcrübəsini müqəddəs bir mövzuya (qismətə bax ki, mən də ilk  qələm təcrübəmlə Kəlbəcərin Birinci Qarabağ şəhidlərinə həsr elədiyim “Dağların sinə dağı”, “Yurd göynərtisi, “Qanlı köynnəklər”, “Dədə ocağı”, “Qiyamətə qalan qisas” və s. kitablarını yazdım.) öz kəndlərinin şəhidlərinə həsr etmək istəyir.  Nə gözəl və dəyərli təşəbbüs!
Yolunuz açıq, qələminiz kəsərli, qəlbiniz Vətən eşqiylə döyünən olsun, Nigar İmamverdiqızı...

Məhəmməd NƏRİMANOĞLU
P.S. Mən də öz tərəfimdən qələm təcrübəsinə yiyələnmək üçün Nigar İmamverdiqızını “Yenilik-press” qəzetinin redaktor müavini görmək istədim. Uğurlar sizinlə olsun, dostumun istəkli balası, Kəlbəcərimizin istedalı qızı...

reklamlar

Digər xəbərlər