Şəhərin mərkəzində yerləşən sərgi salonunda gənc rəssamların
əsərləri nümayiş olunurdu. Axın-axın cavanlar sərgiyə baxmağa gəlirdilər. Divar
boyu asılan yağlı boya ilə çəkilmiş əsərlərin qarşısında dinməz qalanlar da
olurdu. Qurban da sərgiyə gələnlər içərisində idi.
Uşaqlıqdan rəssam olmaq həvəsi ilə yaşayan Qurbana
qisməti olmadı. Univeresiteti bitirib dil-ədəbiyyat müəllimi oldu. Bununla da
kifayətlənməyib, ara - sıra şeirlər yazdığı üçün redaksiyada şeir şöbəsində işlədi.
Tale insanı yarpaq kimi fırlayır, istəmədiyi bir yerə salır bəzən...
Divardan asılan bir əsər çoxlarının ürəyincə idi.
Salxım söyüdlər altındakı bulaq başında görüşə gələn iki gənc bir-birini elə
tamamlayırdı ki, elə bil, Allah bunları bir-biri üçün yaratmışdı. Qurban diqqətini
əsərdəki qıza yetirən zaman özü də bilmədən qarşısından keçən qızla toqquşdu.
Qız dönüb ona baxdı. Nifrət dolu baxışlar Qurbanı məftun etdi. Sanki tabloda əks
olunan bu qızın özü idi. Boy-buxunu, incə beli, çiynindən aşağı tökülən saçları
çöhrəsinə daha da yaraşıq verirdi. Qara qaşları, iri qara gözləri, alma
yanaqları, dodaqları, elə bil, rəssam tərəfindən yaradılmışdı. Dinməzcə xeyli
belə dayandılar.
– Üzr istəyirəm, sizi incitdimsə, məni bağışlayın,
– deyə, Qurban qeyri-ixtiyari qızın qoluna toxundu.
– Allah bağışlasın – deyən qızın sifətində oxunan
narazılıq bir anlıq yox oldu. Bu qızın adı Leyla idi. Leyla bir neçə aylığından
uşaq evinə atılmışdı. Orada dil açmış, addımlamışdı. Məktəb yaşlarından rəsm çəkməyə
həvəs göstərirdi. Uşaq evində uşaqların əl işlərindən tərtib olunan sərgidə
onun ilk işləri də yer almışdı. Böyüyəndə rəfiqələri ilə kirayə ev tutub,
fabrikdə işləyirdi. Arzusu isə necə olursa-olsun rəssam olmaq idi. Salonda təsadüfən
bu oğlanla toquşması onun həyatını büsbütün dəyişdi.
Onlar birlikdə sərgi salonundan çıxıb, dənizkənarı
parka doğru addımladılar. Yolboyu adlarını bir-birinə “hədiyyə” etdilər. Qurban
adamların sıx yerində qızın qolundan tutur, özünə doğru sıxırdı. Sahildə oturub
xeyli söhbət etdilər. Hər biri öz həyatını danışdı.
Ağacların arasından əlində fotoaparat olan bir
kişi:
– Siz bir-birinizə necə də yaraşırsınız, icazə
verin şəkilinizi çəkim. On-on beş dəqiqəyə hazır olacaq, – dedi. Onlar heç yerə
tələsmirdilər. Şəkil bir saata hazır olsa belə, gözləyəcəkdilər. Bu arada
yanlarından dondurma satan keçəndə, Qurban Leylanı dondurmaya qonaq etdi. Bir
az keçmiş foto da gəlib çıxdı. İki ədəd idi. Birini Qurban cibinə qoydu, o
birini də Leylaya verdi:
–
Qoy
bu şəkillər bizim taleyimizin bünövrəsi olsun. Mən səni çox sevdim, könlümə
yatdın. Sən necə?
–
Əlbəttə
razıyam, – deyə Leyla cavab verdi.
Qurban qızı yaşadığı ünvana qədər ötürdü ki,
yerini-yurdunu öyrənsin.
Onlar hər gün görüşməyə başladılar. Qurban üçün gecə-gündüz
gözləri önündən xəyalı getməyən Leylasız yaşamaq çətin idi. Daha bir ay arxada
qalmışdı.
Qurban öz planlarını ata-anasına danışanda anası
dedi:
–
Namizədin
varmı, ay oğul?
–
Var,
ana, var.
Çıxarıb Leyla ilə birlikdə çəkilən fotosunu anasına
göstərdi.
–
Gözəl
qızdır, hardandır? Valideyinləri varmı? – deyə anası xəbər aldı.
–
Valideyinləri
yoxdur.
–
Necə
yoxdur, valideyinsiz də adam olar?
–
Olub,
ana, o, uşaq evində böyüyüb.
Bu sözü eşidən ana:
–
Bircə
o qalmışdı, oğlumu yetimxanada böyümüş birinə qurban verim!
Qurban təqribən belə olacağını gözləyirdi. Anası da
qabağından qalanı yeyən deyildi. Odur ki, fikrinin qəti olduğunu bildirdi,
atasına da söylədi. Atası oğlunun tərəfini saxladı. Bilirdi ki, Qurban
arvadının əvvəlki ərindəndir. Özləri bilər. Mənə nə var. Elə desəm, anam öləcək,
belə desəm, atam. Madam ki, Qurban onunla bir ata kimi məsləhətləşir razılıq
verdi.
Yetimxana söhbəti kişini əməlli-başlı düşüncələrə qərq
etdi. Səlman kişi cavanlığında elədiyi səhvi gözləri önünə gətirdi. Öz
arvadını, qızını buraxıb, özgə qadına uyan zaman arvadı öldüyündən bacıları
götürüb uşağı yetimxanaya vermişdilər.
–
Yazıq
balam, görəsən hardadır? Anası yazıq öldü. Atası da məsuliyyətsiz olaraq kef
axtardı. Allah özü məni bağışlasın...
Anasının narazı olması Qurbanı inadından çəkindirə
bilmədi. Çünki, o, Leylaya kişi sözü vermişdi. Qurban üçün toy-filan da vacib
deyildi.
Günün birində qızı evlərinə gətirəndə, Leyla
soruşdu:
–
Olmaya,
məni qaçırmısan?
–
Hə,
hə, özü də ömürlük!
Ata-ana Leylanı görəndə dilləri bağlandı. Qız o qədər
gözəl idi ki, aya deyirdi sən çıxma mən çıxım. Səlmanın qanı ilk gündən qıza
qaynadı. Amma arvadı:
–
Toydan
sonra sənin başına bir oyun açım ki, oğlumu qoyub qaçasan – deyə düşündü.
Dəf-zurna vurulmasa da, yığıncaq keçirildi. Yaxın
adamlar, dostlar iştirak etdilər.
Hər kəs Qurbanın seçiminə hörmət etdiyini söylədi.
Bəli, su ki, töküldü cürdəyə, oldu içməli. Gözəl
Leyla özünün ailəsi, evi olduğu günə şükür edib, arxada qalan həyatı ilə
vidalaşdı.
Gəlin Səlman kişinin ürəyinə elə yatmışdı ki, onu
öz balası kimi sevirdi. Amma, arvadı hikkəsini yerə qoymayıb, gəlinlə
siçan-pişik oyunu oynayırdı. Min bəhanə gətirərək qızın gördüyü hər işə qulp qoyur,
bir əmma axtarırdı. Leylanın da üzü “bərk” idi. Ondan da əzazil adamlar,
pisliklər görmüş, bir qarnı ac, bir qarnı tox böyümüşdü. İndi də qaynanasının qəddar
olmasından incimir, olanları ərinə xəbər vermirdi. Qaynana da elə bil gəlinlə
göz yağı yemişdi.
Leylanın bir ildən sonra bir oğlu oldu. Həm Qurban,
həm də Səlman çox sevinirdi. Amma qaynananın hələ də ürəyi yumşalmırdı. Ürəyində
bu yetim, kimsəsiz qıza nifrəti sönmürdü ki, sönmürdü. İki il də keçdi. Evdə
ikinci uşağın, gözəl bir qızın səsi gəldi. Qaynana mindiyi atdan düşmür,
münasibəti yumşalmırdı.
Arvadının qəddar olması Səlmanı üzürdü.
Cavanlığında onunla qurduğu həyata nifrət edərək, özünü danladı.
Bir dəfə Səlman oğlan nəvəsini qucağında saxlayan
zaman Leyla qolsuz xalatda uşaq qucağında onların yanına gəldi. Bu zaman Səlman
Leylanın qolunda – dirsəyinin altında olan xalı gördü. Tez oğul nəvəsinin
qolunu açıb baxdı. Xal onda da vardı. Səlman bir bəhanə ilə qız uşağını gəlindən
aldı. Oxşadı, yavaş-yavaş köynəyinin qolunu geri çəkdi. Qızın da qolunda xal
vardı.
Xallar Səlmanın ürəyini yerindən tərpətdi. Kəlmə
belə kəsmədən evdən çıxdı. Sakit bir yerə çəkilib oturdu. Düşüncələr onu alıb,
keçmişə, ailəsi ilə xoşbəxt yaşadığı günlərə apardı. O xaldan ilk sevgilisi
Nigarda da vardı. Onun dünyaya gətirdiyi qızın da həmçinin.
Səlman dağılan tifağına ağlayır, etdiyi səhvi özünə
bağışlamırdı. Bir anlıq istədi Nigarın bacılarını tapsın. Uşağı hara verdiklərini
öyrənsin. Amma nə faydası? Onlar boyunlarından atacaq, düzünü deməyəcəkdilər.
Onlar Səlmanı qarğamışdılar: “Səni görək, dünyanın ən bədbəxti olasan. Bala
üzünə həsrət qalasan”. Qarğışlarsa nəticəsini göstərmişdi.
Fəqət indi Səlman
illərlə ayrı düşdüyü qızını tapmışdı. Özünə söz verdi ki, ögey oğlu olsa
belə, Qurbanla Leylanın xoşbəxt həyatını zəhərə döndərənə qarşı amansız olacaq,
neçə ki, nəfəsi gəlir, onları qoruyacaq.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.