D |
oğma Azərbaycana oğulluq borcunu verərək ləyaqətli
ömür yaşamaq şərəfdir. Belə şərəfli ömür sahiblərimiz - igid ərənlərimiz xalqımızın
yetişdirdiyi övladların arasında barmaqla sayılacaq qədər deyil, çoxdur!
Qarabağ uğrunda apardığımız mübarizədə və savaşlarda onları bir daha
yaxından, olduqları kimi tanıdıq. Belə igid ərənlərimiz həyatları boyu
haqqa, ədalətə tapınmaqla, ülvi məqsədlər uğrunda mübarizə aparır, hər vaxt
millətinə, xalqına etibarlı, yurduna sədaqətliliyi
ilə seçilirlər.
Məhz buna görə
xalqımızın, o cümlədən elimizin igid, dəyərli oğulları aramızda olmasalar da,
qoyub getdikləri xoş əməllər bu gün Günəş müqəddəsliyinə dönərək, qəlbimizə şəfəq
saçır...
Belə fərqlənən igidlərimizdən biri də dağlar
diyarı Kəlbəcərin cəsur oğlu, adını hərb tariximizə qəhrəmanlıq nümunəsi
kimi yazdıran, kiçik yaşlarından “əsl kişilik məktəbi” sayılan hərbiyə maraq
göstərən Ömər Muğan oğlu Şirinov idi.
Demək olar ki, Vətən
üçün doğulanların hər biri belə şərəfli ömür sürür, qısa olsa da, yarımçıq
qalsa da.
12 sentyabr 1999-cu il tarixdə
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində anadan olmuş Ömər Muğan oğlu
Şirinovun ata-babası ötən əsrin 90-cı illərinin əvvəllərində - Ermənistanın
işğalçı siyasəti nəticəsində Qarabağdakı məlum münaqişəli hadisələrlə əlaqədar
Kəlbəcər rayonundan məcburi köçkün düşərək, Goranbaoy rayonunun Aşağı Ağcakənd
qəsəbəsində müvəqqəti məskunlaşmışdı. Ömər burada orta məktəbi əla qiymətlərlə
bitirib, eyni zamanda idmana da böyük maraq göstərirdi.
Orta məktəbi bitirdikdən sonra o,
Gəncə Dövlət Universitetinə daxil olur. Sonuncu imtahandan çıxdıqdan sonra
atasına zəng edib sevincini onunla bölüşür. Bacısı oğlu Elşənin toyunda olan
ata bu şad xəbəri eşidəndə sevincindən göz yaşlarına hakim ola bilmir.
Ömər GDU-nun Xarici dil müəllimliyi fakultəsinin
fransız dili ixtisası üzrə ali təhsilini 2021-ci ildə müvəffəqiyyətlə başa
vuraraq, birillik hərbi xidmətə yollanıb. O, bu xidməti də şərəflə yerinə
yetirib, ixtisaslı hərbiçi olmaq qərarına gəlib. İkinci ali təhsil kimi, Azərbaycan
Ordusunun Təlim-Tədris Mərkəzində kurs keçərək, leytenant rütbəsi alıb.
...Evə dönən kimi özünə yeni hərbi
forma tikdirib. Elə həmin hərbi formanı geyinərək döyüşə yollandı. Ömər Laçındakı
Qaragöl ətrafında olan yüksəklikdə bölük kamandiri kimi şərəfli işinə
başlayanda oradan evlərinə telefonla görüntülü
zəng edir və 20 dəqiqə danışırlar. Atası deyir:
- Ay bala, odur eee, görürəm, ermənilər
göldə pal-paltar yuyurlar. Qırılmışlar sənin bir addımlığında imiş ki. Yanında əsgərin
də yoxdur...
Ömər təbəssümlə özünəməxsus şəkildə
atasına təskinlik verərək deyir:
-
Ata,
buranın əsgəri də mənəm, zabiti də...
Qəhrəman əsgər və zabitlərimiz
düşmənin həmləsinin qarşısını həmin istiqamətdən də şərəflə kəsdilər. Öz
canları bahasına sərhədlərimizi qoruyub, düşməni geriyə qovdular.
Təəssüf ki, sentyabrın 12-13-də
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı
təxribatın qarşısı alınarkən qəhrəmancasına döyüşərək şəhid olan leytenant
Şirinov Ömər Muğan oğlu Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında uğruna
canından keçdiyi torpağa təhvil verildi.
Vətənimizin ərazi bütövlüyünün bərpa
edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli Sərəncamı
ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu,
torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn leytenant Şirinov Ömər Muğan
oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə
təltif olundu!
Ömərin Zəfər günü ərəfəsində
xatirəsinin əbədləşdirilməsi məqsədi ilə təhsil aldığı Gəncə Dövlət
Universitetinin bir auditoriyasına onun adı verildi. Valideynləri və qohumları bu münasibətlə
Ömərin oxuduğu fakültədə olmuş, şəhidimiz yad edilmiş ruhuna dualar oxunmuşdur.
“Ömər
aşırımında Ömər şəhid oldu!”
Ömərin atası Şirinov Muğan deyir: “...13 sentyabrda səhər saat 8 radələrində
yenicə süfrəyə əyləşib səhər yeməyini yeyirdik. Ömərə iki dəfə zəng etdim,
cavab vermədi. 3-cü dəfə telefonla
yığıb dedim:
- Bala, deyəsən, vəziyyət yaxşı
deyil. Düzünü de görüm, oralarda vəiyyət necədir?! Çay süzülüb, arxayın içə bilərəmmi? Qısaca dedi:
-
Ata,
hər şey yaxşıdı...
...Sən demə o, həmin ana qədər ötən gecədən
gedən ağır döyüşlərdə iştirak edirmiş, bilməmişəm. Bir az keçmişdi, ürəyim dözmədi.
Yenidən ona zəng etdim. Cavab vermədi. Təxminən
günorta qardaşım Çərkəzin oğlu Aqil zəng elədi:
- Əmi, atam deyir ki, bir bizə gəlsin...
Həmin an sanki belim üzüldü, şübhələndim.
Şübhəm doğru çıxdı. Ürəyimə dammmışdı, kim nə deyir-desin. “Ömər aşırımı”nda şəhid
oldu Ömər balam..!
Müharibə başlamamışdan əvvəl “N”
saylı hərbi hissədə xidmət edərkən
yanına getdikcə kabab bişirib aparırdım. Uşaqlıqdan kababı çox xoşlayırdı.
Acığı tutub dedi:
- Ata, bura nə ev, nə də ki,
restoran deyil, hərbi xidmətdi ey, əsgərə nə verilərsə, onu yeyər”...
“Hərbi forma qamətinə yaraşırdı”…
Tibb
elməri doktoru, professor Zərraf Şirinovun fikirlərinin bəzi məqamlarına diqqət yetirək. Həkim şəhidlərimizin
ali məqama ucalmalarını onların Haqqın dərgahında ən sevimli bəndə kimi qəbul
olunması ilə əlaqələndirir: “Çoxdandı cənnətməkan şəhidimiz, Azərbaycan zabiti,
leytenant Şirinov Ömər Muğan oğlu haqqında bəzi fikirlərimi yazmaq istəyirəm.
Yazıya baba, ata və oğul konsepsiyasından yanaşacağam. Kəlbəcər rayonunun Kilsə
kəndində Kərim kişinin ailəsində 5 qız, 3 oğul dünyaya gəlib. Hamısı Haqq
dünyasına qovuşub, məkanları cənnət olsun.
Ömərin babası Əzim əmim
qardaşlarının böyüyü olub. 1939-cu ildə sovet hökuməti hərbi xidmətə çağırıb.
Üç il (müddətindən əvvəl) Fin müharibəsində iştirak edib. Sonra 1941-45 illər
müharibəsinə qoşulub, Mazdokdan Berlinə qədər çox acınacaqlı döyüş yolu keçib.
Kazım əmim ali təhsilli olub,
müharibəyə gedib, iki ildən sonra "qara kağız"ı gəlib. Həmin müharibənin
ağır illəri atam Təhməzdən də yan keçməyib. Ailəni dolandırmaq üçün atam Şuşa
Müəllimlər Seminariyasını II kursdan buraxmaq məcburiyyətində qalıb.
Əzim əmim müharibə veteranı idi.
Gorbagor Stalin öləndən sonra 1948-ci ildə, minbir əziyyətlə kəndə qayıdıb. Cəmiyyətdə
böyük nüfuza və hörmətə malik məşhur Seyyid Həmidin qızı Məleykə xanımla ailə
qurub: dörd oğlu, üç qızları olub.
Ömərin atası Muğan əmim oğlanlarının
sonbeşiyidir. Orta məktəbi bitirdikdən sonra sovetlər birliyində iki il hərbi
xidmətdə olmuşdu. Hərbi xidməti başa
vurub kəndə qayıdanda məlum Dağlıq Qarabağ, “20 Yanvar” hadisələri başlandı.
Daha sonra milli müstəqilliyimizi elan etdik. O gündən kəndimizin bütün əli
silah tutanları, cavanları, o cümlədən Müğan və qardaşı Mahir də Könüllülər
Batalyonuna yazılıb, həm Ermənistan tərəfdən, həm də, Ağdərə istiqamətindən
olan məkirli erməni planlarının alt-üst
olunmasında iştirak etdilər. Torpaqlarımızı şərəflə qorudular. Hətta 1992-ci
ilin yayında Ağdərənin erməni silahlı quldurlarından azad edilməsində qəhrəmanlıq
dastanı yazdlar.
Min dəfələrlə təəssüf ki, 1993-cü
ildə həmin könüllülər tərksilah edildi. Satqınlıq baş alıb getdi, Kəlbəcəri
düşmənə təslim olundu.
Beləliklə də Kəlbəcər əhalisi məcburi
köçkünə çevrildi. Əzim əmimin ailəsi Muğangil, sonradan atamgil də Goranboy
rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşdılar. Muğan burada ailə qurdu.
Üç oğul sahibi oldu. Ailəsini, uşaqlarını minbir əziyyətlə saxladı. Heç bir
dövlət qurumunun maddi yardımı olmadan
özünə ev-eşik qurdu. Balalarını çətinliklə böyütdü. Keçmiş Qarabağ müharibəsi
veteranı və döyüşçüsü olan Muğan
oğlanlarını da mərd, cəsur və vətənpərvər ruhda tərbiyələndirdi. Kəlbəcəri
görməyən oğullar burada kəlbəcərli ruhu ilə böy atdılar: ali məktəbə daxil
olmaqları ilə valideynlərini sevendirdilər.
Vətənin ən müqəddəs yeri onun sərhədidir.
Ömər Şirinov babasından, atasından gördüyü təlim-tərbiyə, aldığı orta və ali təhsil
onu hamıya tanıtdı və sevdirdi. Çox sevinirdi, hərbi forma onun idmançı bədən
quruluşuna yaraşırdı. O qədər gələcək, gözəl arzu və xəyalları var idi ki...
Bir həkim kimi deyirəm: Ömərin
yaraları öndə (sinəsi, qolları və üzü) idi. Bu, bir daha sübut edir ki, sərhədimizi
göz bəbəyi kimi qoruyan və sinəsini sipər edən oğullarımız arxalarını
düşmənə çevirməyiblər. Ona görə də onlar ancaq sinələrindən yara
alıblar!
Bütün bunları qəlbim sızlayaraq
yazmışam.
Sonda səlahiyyətli təşkilatlardan və
dövlət qurumlarından bir xahişim var: Şirinov Ömər Muğan oğlunun sinəsini sipər
edərək qoruduğu Qargöl ətrafındakı yüksəkliyə leytenant Ömərin adı verilsin. Bu
önəmli hadisə tarixiləşsin və belə qəhrəman oğullar unudulmasın. Bizlər də
zamanı gələndə gedib leytenant Ömər Zirvəsini ziyarət edək, əklillər qoya bilək...”
Qardaşı
Xəyyamdan bir-iki kəlmə:
“Ömrümüzün yoxluğu belimizi bükdü. Ona görə ömrüm deyirdim ki, himimiz-sirrimiz
bir idi.
Sənə maşın alacam, - deyirdi.
-
Niyə
özünə yox, məhz mənə?
-
Mən hərbidəyəm,
dünyanın işini bilmək olmaz...
Özündən çox, ata-anamı, məni, qardaşımı
düşünürdü. Hər zaman ağıllı məsləhətlər verirdi. XI sinifdə oxuyan kiçik
qardaşım Samiri daha çox əzizləyirdi...”
“Kaş,
Ömərin bir səhvi olaydı”
Əmisi
Mahir göz yaşlarına hakim ola
bilməyib, hönkürtü ilə ağlayıb deyir:
- Qardaşlarımın övladlarının
hansının nə vaxtsa hansısa bir səhvini
görmüşəmsə, əmi kimi təpinmişəm də, vurmuşam da. Deyirəm ki, kaş ki, bir dəfə də Ömərin hər hansı bir səhvi
olaydı. Onun isə kiçik yaşlarından səhvsiz, dürüst, şəxsiyyət kimi böyüməsi
cüzi bir səhv etməsinə belə, yol vermədi...
“O an
elə bildim sağ gözümü itirdim”
Böluk
komandiri Elşənin dedikləri
də Ömərin bir zabit kimi öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsini
təsdiqləyir: “...Leytenant Ömər Şirinov ilk xidmətə bizimlə başladı. Muavinim
bölüyümüzə yeni zabit gəldiyini dedi. Tanışlığımız o gundən başladı. Onunla
xidmətdən, niyə məhz bu yolu seçməsi ilə bağlı söhbətlər etdik. Əslində, mən Ömərlə
sohbət etdikcə sanki qarşımda əsl döyüşçü gorurdum. Zabit kimi xoş təsir
bağışladı mənə. Gənc olmasıma baxmayaraq, qarşımdakı bu insanın gələcəkdə yüksək
vəzifə sahibi olacağını düşünürdüm.
Bölüyün arasında gəzirdik, söhbət əsnasında
mənə belə bir sual verdi:
-
Komandir,
mən hansı istiqamətdə xidmət edəcəm?
Əlimlə onun xidmət edəcəyi yüksəkliyi göstərib
dedim:
- Ora həm əhəmiyyətli yerdi, həm də
məsuliyyətli.
- Komandir, bilirsinizmi, Vətənin
üçrəngli bayrağının dalğalanacağı hər tərəfdə xidmət etmək mənim üçün yalnız şərəfdir!
- Cavabını Verdi mənə.
Düzü, onun bu cavabından bir az
doluxsundum. Qarşımda belə mərd, cəsur birini gördüym üçün qürur hissi
keçirirdim.
Xidmətə başladığı gündən o, həm mənim,
həm də yuxarı komandanlığın hörmət və ehtiramını qazandı. Verilən tapşırıqları
vaxtlı-vaxtında icra edir, əsgərlərinə qardaş qayğısı göstərirdi.
…Ömər sentyabr döyüşləri zamanı qəhrəmancasına
şəhadətə yüksəldi. Rabitədən eşidəndə ki Ömər şəhid olub, o an elə bildim sağ əlimi,
sağ gözümü itirdim. Çünki o, mənim üçün ölməz bir zabit idi. Ölümünü qəbul edə
bilmədim. Donub yerimdə qaldım. Çox çətin idi mənə. Hələ də özümə gələ bilməmişəm.
Gələcəyinə ümid etdiyim, zabitim Ömər şəhid oldu. Ömər kimi oğullarımızın sayəsində
biz bu gün varıq, yaşayırıq. Onlar öz ölümləri ilə azadlığımızı, ərazi
bütövlüyümüzü qorudular, mənfur düşmənin bəd niyyətlərini ürəklərində qoydular.
Mən də bir komandir kimi, Ömərimlə fəxr edir, qürur duyuram”.
Şəkil çəkdirdik, 10 dəqiqədən
sonar…
Döyüş
dostu Həsən Ömərlə Quru Qoşunlarda xidmət edirdi. Deyir ki, 3-cü tabur,
9-cu bölük, 47-ci postda qulluqdaydıq: “Əvvəl sursat (güllələri) yığırdıq
sandıqlara. Sonra posta qalxdım. Ömər bizə tağım komandiri gəldi. Digər komandir heyəti kimi,
başımızın üzərində durub bizi işlətmirdi. Əksinə, bizimlə birgə fəhlə kimi səngər,
sektor düzəldirdi. Əsgərlərə MAXI-lərə çox yaxşı münasibəti var idi. Bizə
komandir yox, qardaş olub. Ona görə də qardaş deyirdik.
Döyüşə hazırlaşırdıq, mənə dedi ki,
şəhid olsam, şəklimi sən yığarsan. Eyni sözü mən də ona dedim.
...Qızğın döyüşlər gedirdi. Bir
sutka olardı ki, ac idik. Elə ki, döyüş
səngidi, bizim sektora gəldi. Birlikdə nahar edirdik. Həmin an sektoru
minamiyotla vurdular. Yeməyi yarımçıq qoyub durub getdi öz sektoruna. Döyüş
davam edrdi. Sonra təkrar yanıma gəldi. Həmin an atası zəng etdi. Mənə dedi ki,
atəş açma, qoy atamla danışım, döyüş getdiyini hiss etməsin. Atası telefonda
ağlayırdı. Dedi:
- Ata, sən niyə ağlayırsan?! Bizdə
döyüş getmir, sakitçilikdi...
Atasını sakitləşdirib, sonra telefonu söndürüb
dedi:
- Gəl birlikdə şəkil çəkdirək, bizdən
yadigar qalsın.
Şəkili çəkdirdik, 10 dəqiqədən
sonra… şəhid oldu.
Elə bil ki, şəhid olacağı ürəyinə
dammışdı. Şəhid olduğunu eşitdim, tutulub qaldım. Qaçdım ona sarı, dizi üstə
qalmışdı. Başını qaldırıb kaskanı başından çıxarıb onu çadırın üzərinə uzatdım.
Az sonra əsgərlərlə birgə ön xətdən arxaya, Bozlu kəndinə təxliyyə etdik. Az
keçmədi, mən özüm də ağır yaralandım: beyin silkələnməsi oldu. Qəlpə olduğu
üçün sağ gözüm görmə qabiliyyətini tmamilə itirdi...”
Zabitlik
kursunda oxuyarkən yoldaşlıq etdiyi İmran da
Ömərin igidliyindən, qorxmazlığından söz açır: “Ömərə deyirdim ki, mən ilyarıma xidmətimi başa vurub evə dönəcəm. O
isə deyirdi ki, mənim fikrim tam fərqlidi - 20 il burada qalacam.
Ömər ağır xasiyyətli biri idi. Onda əsl
komandir xüsusiyyətləri, xarakteri var idi. Yaxşı tanıdığım üçün bilirdim ki, əsgəri
onun üçün hər şey edəcək. Deyirdim:
-
Çox
ciddi komandir olacaqsan ha!
Deyirdi:
- Qardaşım da olsa, heç vaxt fərq
qoymayacam, hamısına eyni gözlə baxacam!
Əsgərinə cəza verərdi, əsgəri isə onu sevərdi.
Hətta əsgəri ilə birlikdə şəhid oldu. Kursda
oxuyanda onunla xidmətdə olan əsgər, mən Ömərlə bir yerdə deyib-gülür,
sirrimizi, gələcək planlarımızı paylaşırdıq. Bütün vaxtı bir yerdə olurduq. Dərsdə,
təlimdə, eləcə də çöl çıxışlarında bərabər idik.
Bir dəfə sevib “qırılmışdı”. Deyirdi:
- Sevgi, evlənmək… mənlik deyil. Bir
az işləyim, əvvəl qardaşıma maşın alım, atama kömək etsin. Sonra qismət olar,
özümə də alaram.
…O, özündən çox ailəsini düşünürdü”.
Bax bu da bir zabitin ömür və döyüş
yollarının gecə-gündüzündən qalan xatirələr toplusu. Şirini də bu gün acı
dadır, acısı da göz yaşı kimi yanaqları yandırır...
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az