Xalqımızın
tarixində müharibələr az olmayıb. Yüzilliklər boyu torpaq uğrunda mübahisələr
gedib, münaqişələr yaranıb, müharibələr
başlayıb, hər iki tərəf üçün faciələrlə, həm də sülh müqaviləsinin imzalanması
ilə bitib. Hansı dövlətin iqtisadi, eləcə də hərbi cəhətdən gücü olubsa, o,
qalib gəlib. Birinci və İkinci dünya müharibələrində də bu, özünü göstərib:
güclülər ittiham edilməyiblər...
İ |
kinci Qarabağ müharibəsində, 44 günlük
Vətən savaşında vuruşaraq şəhid olmuş qəhrəmanlarımızın işıqlı obrazlarını
yüksək estetik formalara cavab verən əsərlərdə yaratmaq, sənət – mədəniyyət
vasitəsilə gənclərə, geniş ictimaiyyətə çatdırmaq ədəbi-mədəni sahənin
peşəkarlarının, yaradıcı insanların əsas vəzifələrindən biridir. Qızıl
hərflərlə Azərbaycan tarixində yeni səhifələr yazan qəhrəmanlarımız əbədi
olaraq qəlblərdə, xalqın yaddaşında iz qoydular...
Əslində,
insanlar elə şəxsləri ədəbiyyat əsərlərində, kitablarda, filmlərdə axtarsalar
da, canlı şahidlərik ki, son 30 ildə, eləcə də Birinci və İkinci Qarabağ
müharibələri zamanı xalqımızın qeyrət simvoluna çevrilmiş çoxsaylı igidlərimiz
olub.
Azərbaycan
xalqı şəhidləri ilə qürur duyur, onların adı çəkiləndə insanlarımız sevinc göz
yaşları içində iftixar hissi keçirir. Şəhid vermək xalqımız üçün nə qədər ağır
olsa da, təsəllini el-obamızın, Vətənimizin bütövlüyünün əldə olunmasında
tapırıq.
2022-ci il
avqustun 15-də Gəncə şəhərində yaşayan Gülnaz xanıma zəng edib dedim:
- 44 günlük
Vətən müharibəsində şəhid olan kəlbəcərli 33 hərbiçi, 3 mülki şəhidimizlə bağlı
çəkiləcək sənədli-bədii filmin yaradıcı heyətinə qoşularaq təmənnasız onlara
kömək edirəm. Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvləri ilə
görüşüb film üçün materiallar hazırlayırıq.
Gülnaz xanım
o dəqiqə söylədi:
- Xoş
gəlirsiz, ay qızım, bu gün həm də mənim üçün qeyri-adi tarixdir...
Sözün düzü,
bu günün qeyri-adiliyinin səbəbini ondan soruşmasam da, haqqında material
toplamağa yollandığım qəhrəmanımızın – şəhid Daşqının doğum tarixi ilə maraqlandım.
İnternetdən dəqiqləşdirdim ki, onun doğum günü 22 avqusta təsadüf edir. Açığı,
Gülnaz ananın söylədiyi tarixçə ilə əlaqədar çox düşünsəm də, tapa bilmədim.
Onların
evlərinə çatanda birdən Gülnaz xanım sanki doğma balasını qarşılayırmış kimi
dil açdı:
- Ay Daşqın,
hər il doğum günümdə çiçək alıb məni sən təbrik edərdin. Artıq iki ildi
gəlmirsən, məni təbrik etmirsən! Bax, özün gör, indi məni Cəmilə xanım təbrik
etmək üçün gəlib...
Bu
ürəkdağlayan kədərli sözləri eşidərkən çox duyğulansam da, özümü ələ almağa
çalışdım. Tələsik operatorumuzu kənara çəkdim. Çəkiliş vaxtının uzanacağını
nəzərə aldığımdan, xahiş etdim ki, gül mağazası ilə əlaqə saxlasın, bizə tez
bir dəstə tər güldən buket bağladıb gətizdirsin. İstədiyimi yerinə yetirən
operator həmin anları kameranın yaddaşına yaza bildi. O anda əlimdən başqa bir
şey gəlmirdi onsuz da. Təsəlli olaraq əlimdəki buketi Gülnaz xanıma uzadıb
kədərlə:
– Anacan, bu
gülləri sənin üçün Daşqın göndərib, - deyərək, ona ürək-dirək verməyə
çalışdım...
Təsəlli
vermək istəyirdim, ancaq ana daha da
təsirlənib kövrəldi, göz yaşını sel kimi axıtdı. Elə mən də ona qoşulub göz
yaşlarıma hakim ola bilmədim. İtirdiyim doğmalarımı, yerlilərimi, qarabağlıları
və şəhidlərimizi yada salıb, doyunca ağladıq...
Ötən əsrin sonlarında...
Azərbaycana düşmən kəsilmiş Ermənistanın işğalçı siyasəti
nəticəsində ötən əsrin 90-cı illərinin
əvvəllərində Qarabağdakı məlum münaqişəli hadisələrlə əlaqədar Kəlbəcərdən də böyük köç baş vermişdi. Gülnaz
xanımın altı nəfərlik ailəsi 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün
düşərək, əvvəlcə Goranboy rayonundakı “Türk qəsəbəsi”ndə, sonra isə Samux
rayonunun Seyidlər kəndində müvəqqəti məskunlaşmışdı. İlk qız övladı Pərvanə
1986-cı ildə, böyük oğlu Eşqin isə 1987-ci ildə Kəlbəcər rayonunun Güneypəyə
kəndində anadan olub.
Daşqın üçüncü övladı idi Gülnaz xanımın. O, 22 avqust 1989-cu ildə
Rusiya Federasiyasının Krasnodar şəhərində anadan olmuşdu.
Gülnaz xanım çox erkən ailə qurub. Daşqının həlak olması isə onun və
həyat yoldaşı Hidayət müəllimin belini vaxtından əvvəl bükdü. Övlad itkisi
sanki bu cavan ailənin üzvlərinin əksəriyyətini vaxtından tez yaşlandırıb.
Anası Gülnaz xanım söyləyir:
- Həmişə övladlarımla fəxr etmişəm. 4 övladım var idi. Dördü də
bir-birindən tamam fərqli. Çox istəyirdim, axı, canımın parçası idilər. Həmişə
deyirdim ki, övladlarımın ayağına dəyən daş mənim ürəyimə dəysin, amma onlara
heç nə olmasın. Daşqın o qədər gözəl qəlbə sahib idi ki, onu sevməmək mümkün
deyildi. Daşqın mənimlə o qədər sirlərini bölüşürdü ki. Ona deyirdim: “Daşqın, artıq sənin də yaşın keçir, evlən,
sənin də xoş gününü görək”. O isə mənə həmişə “ana, darıxmayın, evlənəcəm”, -
deyirdi.
Ailəsinə bağlı bir oğul idi. Onun hər hərəkətini, duruşunu, geyim
tərzini, danışığını, söylədiyi şeirləri o qədər sevirdim ki, bunu dillə ifadə
edə bilmərəm. Daşqınsız həyat fikirləşmədim, sadəcə, onun toyunu, xoş
günlərini düşündüm, amma ən böyük acı
olan övlad acısını çəkirəm. Allah heç bir anaya bu acını yaşatmasın. Onun
yoxluğu qəlbimdə sağalmaz yaradı, qalan övladlarıma şükür, ancaq kimsə kiminsə
yerini verməz...
Hər qapı açılanda elə bilirəm o gəlib, “ay ana”, - deyə məni çağırır.
Öyrəşə bilmirəm onsuz bu həyata. Daşqın hər işdə mənə, atasına kömək edirdi.
Ona çox bağlanmışdım. Bəlkə də hiss etmişdim ki, son günlərimizdi. Daşqın 24
oktyabrda səfərbərlik bölməsindən qayıdıb gələndə sevindim ki, heç bəkə getməyəcək, amma növbəti gün vidalaşanda son
dəfə onun qoxusunu içimə çəkib, bağrıma
basaraq o qədər ağladım... Ona dedim ki, oğlum, bizi qoyub getmə. Amma o,
Vətəni hər şeydən üstün tutdu. Vətənin ağır dərdinə dözməyən oğlum ərizə
yazaraq 44 günlük İkinci Qarabağ müharibəsinə könüllü yollandı.
Noyabr ayının 3-ü səhər idi. Daşqın nədənsə çox soyuq danışdı.
Soruşdum ki, niyə belə soyuq
danışırsan?! Dedi:
- Yox, soyuq danışmıram. Atam hardadı?
- Yevlaxa gedib.
- Yaxşı, özüm zəng edərəm ona...
Söhbətimizbeləcə, qısa oldu. Nədənsə narahat oldum. Bir də soruşdum:
-
Nəsə olub, niyə soyuq danışırsan?!
Dedi ki, yox, narahat olma. Son sözü bu oldu:
- Ana,
Allahın zamınında olasınız! Allah sizi qorusun, bir-birinizlə mehriban olun və
bilin ki, hər şey gözəl olacaq...
Elə bil
bizimlə birdəfəlik ayrılırdı. Belə sağollaşmamışdıq heç vaxt. Dözmədim:
- Ay bala,
sən müharibədəsən, o nə sözdü deyirsən?! Allah səni qorusun, sən Allahın
zamınında olasan!..
Sən demə, o,
son sözünü mənə deyirmiş. Səsini eşitdim, amma eləcə ürəyim titrəyirdi ki,
Daşqından bir xəbər gələcək.
Atası axşam gələndə anası deyib ki...
Anasından sonra atasına zəng edib. Orxanla danışıb, bacısını da unutmayıb
Daşqın.
Anası xəyalında o günləri yaşayırmış kimi danışır:
- Atası axşam
gələndə dedim ki, Daşqının bu danışığından, nəsə, narahat qaldım, elə bil ki,
mənimlə vidalaşırdı. Yoldaşım da, Orxan da dedilər ki, yox, əksinə, çox yaxşı
danışdı bizimlə, sadəcə, müharibə şəraiti olduğuna görə, fərqli olaraq bu dəfə
qısa danışdı, dedi ki, tezliklə hər şey
yaxşı olacaq. Yenə də sakitləşə bilmirdim. Çünki, əslində, Daşqın evdən çıxıb
gedən gündən sanki Allah-təala onun son gedişini agah etmişdi mənə: evimin işığı
azalmışdı, gur yanmırdı. Getdiyi gündən canım xəstə düşmüşdü. Nəvəm gəldi ki,
məni bankalasın, soyuqdəyməm var imiş guya. Soruşdu ki, nənə, haran ağrıyır?
Dedim, nə bilim haram ağrıyır. Dedi ki, ay nənə, necə yəni bilmirsən haran
ağrıyır?! Ondasa, niyə banka qoydurursan? Səhərisi gün həyətdə gəzərkən məni
kürəyimin arasından sanki iki dəfə vurdular, çökdüm. Dedim: “Allahım, sən
övladlarımı qoru!” Daşqının zəngini gözləyirdim.
Elə bir
vəziyyətə düşmüşdüm ki, sanki Daşqından qara xəbər gözləyirmiş kimi özümdə
deyildim. O vaxta kimi ki, 5 noyabr gecəsi oğlumun şəhidlik xəbərini yoldaşıma
qaynım verdi. O gündən bəri üzümdəki xoşbəxtliyim itdi...
4 noyabr
2020-ci il tarixdə Laçın rayonu ərazisində gedən döyüşlərdəki ağır hərbi
əməliyyatlar zamanı odlu silahlardan açılan atəş nəticəsində aldığı çoxsaylı
qəlpə zədələrindən qəhrəmancasına şəhadətə ucalıb Daşqınım. İndi bala
həsrətiylə qocalıram, son nəfəsimə kimi Daşqına şeirlər yazacam, onun yolunu
gözləyəcəm”...
Şəfiyev Hidayət (şəhidin atası): “Daşqın elə övlad idi ki, onunla bağlı
nə qədər xoş sözlər desəm də, kifayət etməz. Hər ağır işlərimdə, təsərrüfatda
daim mənə kömək edərdi. Atası olsam da, mənə gözəl məsləhətlər verərdi. Həmişə
hər şeyin yaxşı olacağını deyib, ümidlə yaşayan bir oğul idi. Onunla ata-bala
zarafatları da edərdik.
O, mənim,
sadəcə, oğlum yox, əsl dost-sirdaşım,
qardaşım idi. Sevincli, gözəl günlərimiz olub. Anasının, ya mənim ad günümüzdə
dörd övladımız da yanımızda olub.
Danışdıqca
ürəyim parçalanır. Daşqın az maaş almasına
baxmayaraq, hər zaman kasıb insanlara, əsgərlərimizə kömək edərdi.
Həddən çox olan videoları da onun vətənpərvərliyindən, vətənə sevgisindən irəli
gəlirdi. Müharibə başlayan zaman orduya
könüllü yazılanda dedim ki, oğul, bizi qoyub hara gedirsən?! Dedi ki, ata, mən
getməyim, o getməsin, bəs vətənimizi kim qorusun?!
Oktyabrın
23-ü idi, Daşqına zəng gəldi. Soruşdum ki, kimdi? Daşqın özü dedi ki, ata, artıq könüllüləri
çağırırlar. Elə bil sinəmə ox
batırdılar. 24-də onu, qeydiyyata alınması üçün, Gəncədə yerləşən Kəlbəcər
Səfərbərlik bölməsinə apardım. Lakin həmin gün pandemiya ilə bağlı yoxlanış
olduğu üçün evə qayıtdıq. Sanki içimə bir rahatlıq çökdü. 25 oktyabrda oğlumun
üzünü son dəfə gördüm. Onu qucaqlayıb o qədər ağladım ki...
Bəlkə də hər
ikimiz hiss etmişdik son görüşümüz olduğunu. Məni qucaqlayıb gülüb dedi ki,
ata, hər şey yaxşı olacaq, narahat
olmayın!
O, gülümsəsə
də, gözündən axan yaş damcılarını gizlədə bilmədi. Onu yola saldıq. Döyüşə
gedəndə zəng etdi. Səsini eşidəndə çox sevindim. İki gün ondan zəng gəlməyəndə
narahat olurdum. Son zəngi noyabrın 3-də oldu. Dedi ki, ata, özünüzdən muğayat olun,
bir-birinizə yaxşı baxın.
...Elə bil
hiss etmişdi şəhid olacağını. Həmin gündən sonra Daşqından zəng gəlmədi. Hər
dəfə telefona zəng gəldikcə qaçıb baxırdıq. Noyabrın 5-də oğlumun acı xəbərini
qardaşıma veriblər. Dünyam başıma yıxıldı. O gündən gedən xoşbəxtliyimizi bir
daha geri qaytara bilmədik...”
Qəhrəman
şəhidimiz 6 noyabr 2020-ci ildə Samux rayonunun Seyidlər kənd qəbristanlığında
dəfn edilib. 20 may 2021-ci ildə Samux rayonunda Vətən müharibəsi şəhidi Daşqın
Şəfiyevin əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş ehsan bulağının
açılışı olub.
Şəhid
atasının qırıq-qırıq səsi hələ də qulaqlardadır: “...Bizim ailə Kəlbəcərdən
məcburi köçkün düşən zaman Daşqın körpə uşaq idi. Doğma elin heç bir daş-qayası
belə onun yadında qalmamışdı. Amma onun ürəyi vətən sevgisi ilə elə döyünürdü
ki, sonda dözmədi, özünü düşmənlə savaş meydanına atdı. Oğlumun taleyinə
yazılan şəhidlik onun Kəlbəcərdə toy etmək arzusunu da yarımçıq qoydu. Əksinə,
o, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığına görə, xalqın əbədi sevgi
ünvanına çevrilənlərdən oldu. Minlərlə vətən övladı kimi, oğlum da qəhrəmanlıq
göstərərək, Tanrı dərgahına qovuşdu...”
...Ailənin
arxiv materialları ilə tanış oluram. Daşqın çəkildiyi videolardan birində
deyir: “Əslən Kəlbəcərdənəm. 1995-2006-cı illərdə Samux rayonunun Seyidlər kənd
məktəbində orta təhsil almışam. Məcburi köçkünlük ağır dərddir, mən də
həmyerlilərim kimi, 1993-cü ildən bəri bunun ağrısını çox yaşamışam. Doğma
yurd-yuva həsrəti hər zaman düşüncələrimizə hakim kəsilib, ürəyimizi göynədib.
Elə bu səbəbdən də düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi
düşüncəsi həmişə varlığıma hakim kəsilib. Hazırda hərbiçi qardaşım Orxan və
ata-anamla birlikdə yaşayıram.
27 sentyabrda
başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq
müraciət etmiş və döyüşə gəlmişəm. İndi buradayam. Taleyimin necə olacağını
deyə bilmərəm, çünki meydanda vətən savaşı var. Varlığım vətənimin varlığına
fəda olsun. Sevdiklərimi sizlərə əmanət edirəm...”
Döyüş
yoldaşları da Daşqını kədərlə xatırlayırlar: "Sıralarımızda kəlbəcərli
Daşqın var idi. Cəsur döyüşcü idi. Ermənilərin postunu təkbaşına təmizləmişdi.
Ayağından vurulub diz üstə düşsə də, dayanmadan düşmənin üzərinə gedirdi. Sonda
ağır silahla vurdular onu...”
Ailənin yaralı könlünə məlhəm
– medallar və...
Azərbaycan
Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,
ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə
görə, Daşqın Hidayət oğlu Şəfiyev ölümündən sonra "Vətən uğrunda",
"Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi
iştirakçısı", "Laçının azad olunmasına görə" medalları və 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəfiyev Eşqin (şəhidin qardaşı): Daşqın bizim ailənin gülüş səbəbi idi:
“...Gedişiylə üzümüzün gülüşünü özüylə aparıb. Qardaş sözü deyəndə qəlbimdəki
qardaş dağını hiss edirəm. Daşqın məndən kiçik idi, amma həmişə ailəmizdə hər
şeydə məsləhətlər verər, heç kimin qəlbini qırmazdı. İnsanın öz doğmasını,
əzizini itirmək acısını ancaq bizim kimi dərdlilər bilər.
Çox çətindir
birlikdə böyüdüyün qardaşını torpağa tapşırmaq. Körpəliyimizdən kasıbçılıqdan
korluq çəkmişik. Elə günlərimiz olub ki, paltarımız su olanda, xəstələnməyək
deyə, anam onları tərs üzünə geyindirib bizə. Çünki dəyişəyimiz yox idi,
əzab-əziyyətlə böyüyür, az maaşla dolanırdıq. Sonra da qardaşımın şəhidliyi...
Bəzən düşünürəm ki, kaş, uşaq olaydıq, yenidən böyüyəndə qardaş dağı
görməyəydim. Qardaşımızdan nə qədər çox danışsaq da, yaddaşımızda heç yerə
sığmayacaq qədər uzun xatirələr qoyub getdi...”
Şəhidimizin
qardaşı Orxan 2015-ci ildə hərbi xidmətdə olub. Xidmət müddətində həm də
2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun
müddətdən artıq qulluqçusu kimi yenidən ordu sıralarına qoşulub, 2020-ci ilin
sentyabrında başlayan 44 günlük İkinci Vətən müharibəsində Murovdağ
istiqamətində döyüş fəaliyyətini yerinə yetirib. 2021-ci ildə müqaviləsi
bitdiyi üçün ehtiyata buraxılıb.
Dərd dillənir, qəm
ələnir...
Orxan şəhid qardaşı
Daşqın haqqında bunları əlavə edir: “Qardaşım hər gün
ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Axır ki, arzusuna
çatdı: onu da könüllü kimi ordu sıralarına qəbul etdilər. Yola salanda gözüm
dolmuşdu. Mənə ərklə "Niyə gözün dolur? Şəhid qardaşı olacaqsan! Mən
gedəcəm, arxanda yüzlərlə insan olacaq!" – Dedi. Qucaqlaşdıq, görüşdük,
getdi...”
Orxan sanki
qardaşını yenidən kəşf edir: “Deyirlər, insana arxadı, dayaqdı qardaş... O da
Daşqın kimi qardaş... Daşqın mənim, sadəcə, qardaşım deyildi ki. Mən nə zaman
çətinliyə düşsəm, birlikdə həll edirdik. Hər günümüz bir olub, eyni evdə
yaşamışıq, hətta birlikdə yatıb, birlikdə durmuşuq. Geyindiyimiz paltarlar belə
eyni idi. Mən hərbidə işləyən zaman Daşqın mənimlə, Vətəniylə fəxr edirdi. Eləcə
deyirdi: ”Qaqam, özünü qoru!”
Məndən yeddi
yaş böyük idi. Məni həmişə qorumağa çalışırdı. Mən isə onun kimi qardaşa sahib
olduğum üçün özümü bəxtəvər sayırdım. İndi özümü onsuz çox pis hiss edirəm,
sanki qol-qanadımı qırdılar.
O, çox
zarafatcıl idi, heç kimin qəlbini qırmazdı. Həmişə onunla ciddi
zarafatlaşıb “dalaşardıq”. Yaşda kiçik
olmağıma baxmayaraq, onu yıxardım, sonra isə “görürsən, səndən
güclüyəm”,-deyərdim. O isə gülümsəyib:
- İndi
gücsüzəm, böyüyəndə mən də sənin kimi güclü olacam da., - deyib inciməz,
küsməzdi...
Mənim gücüm
Daşqın imiş, sən demə. Mən qardaşımla fəxr edirəm və indi başa düşürəm ki, o,
məndən güclü imiş. Daşqınla xəyallarımız belə eyni idi: Kəlbəcərdə birlikdə toy
etmək. İndi isə qardaşımın ancaq şəklini Kəlbəcərdə plakata vurublar.
Qəlbimdəki
“qardaş dağı” silinməzdi. Gecələr onunla dərdləşərdik. İndi onun “yanına” çox
vaxt gecələr gedirəm. Ona qardaş həsrətinin necə çətin olduğunu söyləyirəm.
Daşqınla son danışığımızda ilk dəfə idi ki, onun səsini eşidib ağlamışdım.
Dedi:
- Orxan,
ağlayırsan?!
Dedim:
- Özünü
qoru...
Eyni sözü o mənə dedi və son sözü mənə bu
oldu:
- Mən şəhid
olsam, ağlama, çünki bütün Azərbaycan sənin qardaşın olacaq!
Bu sözdən
daha çox təsirləndim, pis oldum. Çünki öz canım-qanım qardaşımı itirmək
istəmirdim. 5 noyabrda qardaşımın şəhid xəbərini dedilər, sanki dünyam qaraldı,
inana bilmədim. Səfərbərlik bölməsinə gedib dedim ki, qardaşımı mənə göstərin.
Dedilər, gəlir, bir şəhid göstərdilər, baxıb gördüm ki, qardaşım deyil. Ümid
etdim ki, Daşqın salamatdır, yaşayır. Sonra başqa bir şəhid gəldiyini dedilər,
üzünü açdılar, baxdım ki, qardaşım! Həmin an mən öldüm. Qardaşımı evə
gətirdilər, bir gecə yanımızda qaldı. Tabutunu açmağa icazə vermədim. Hər
birimizin xəyalında gülər üzlü Daşqın kimi qalmasını istədim... Növbəti gün
qardaşımı əbədi olaraq torpağa tapşırdıq. Daşqın bir dəfə öldü, mən isə gündə
min dəfə ölürəm...
Nakam
sevgi nağılı, yaxud gürcü qızı Nananın
Daşqına
saf məhəbbət faciəsi
...Onlar 44
günlük Vətən müharibəsində tanındılar. Qısa müddət ərzində sosial şəbəkələrdə
yayılan videolarını hər kəs izlədi, qovuşmaları üçün dualar edildi. Amma Daşqın
Şəfiyev 5 noyabrda Laçının işğaldan azad olunması uğrunda gedən döyüş
əməliyyatlarında qəhrəmancasına şəhid oldu. “30 ildir həsrətində olduğumuz
torpaqlar alındı və məni alan olmadı” deyən gürcü qızı Nana Davidaşvili ilə bir
sayt əməkdaşı söhbətləşib.
Nana yeddi
yaşındaikən qəza nəticəsində ata-anasını itirir, altı yaşlı bacısı ilə tək
qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli Nazlı
Muradova ona və bacısına sahib çıxır. On il onlara ana kimi baxır və böyüdür.
On ildən sonra onlar yenidən anasız qalırlar: “...Onun oğlu həbsxanada yatırdı,
narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra onlar Gürcüstandan
Türkiyəyə köçdülər. İki ildir ondan xəbər ala bilmirəm. Sosial şəbəkədə nə
qədər axtarsam da, tapa bilmədim. Düşünürəm ki, bizi oğlundan qorumaq üçün
bütün əlaqələri kəsdi və yenidən ikinci dəfə anamızı itirdik.
Ana tərəfdən
kimsəmiz yoxdur, bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi
itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da uşaqları icazə
vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin.
Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi.
Üstəlik, övlad dərdi vardı...”
Bu fikirlərin
müəllifi Nana Davidaşvilinin 19 yaşı var, Tibb Universitetinin II kursunda
kardiologiya ixtisası üzrə oxuyur. Bacısının
isə 17 yaşı var. Bu yaşa kimi Gürcüstan dövləti onlara maddi dəstək
verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi
ehtiyaclarını ödəyir. Çətin də olsa, məşhur videonun çəkilmə gününü xatırlayır:
“Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də azərbaycanlı tələbələrdən
narahat idik. Sosial mediadan xəbərləri izləməyə çalışdıq. Bir gün dərsdən evə
gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan
azad olunmuşdu. Mən də sevindim. Birdən kimsə dedi ki, “30 ildən sonra Qarabağı
aldılar, biz yenə evdə qaldıq, alan olmadı”.
Bu sözə uyğun
video çəkdim və gülmək üçün hekayə bölümündə paylaşdım. Kimsə videonu yüklədi
və yaydı. Həmin gündən video Daşqına çatdı və o, cavab videosu çəkdi. Dostlar
həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycana yayıldı. Düzü,
bu qədər izləniləcəyini təsəvvür etmirdim. Əvvəli adi zarafatla başlasa da,
sonu göz yaşı ilə bitdi...”
Videodan
sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir ki, axtarmağa,
yazmağa utandım: “...Şəhid olandan sonra
telefonunu qardaşına verirlər. O videonu görəndən sonra məni axtarıb tapdı.
Dedi ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı, uzun müddət özümə
gələ bilmədim. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına üç mahnı, iki
şeir yazdım. İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa
çalışdım, heç birimiz danışa bilmədik, qəhər, göz yaşları imkan vermədi. Orxan
yaxın dostumdur və təsadüfə baxın: Orxanla ad günümüz də eyni tarixdədir. Nə o,
nə də mən ad günlərimizi qeyd etmədik. Çox səmimi və mehriban insanlardır.
Daşqının ad
günündə və ildönümündə evlərinə çiçək və gül göndərdim. Onun şəhid olduğu yeri
ziyarətə gedə bilmədim, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək
və məzarını ziyarət etməkdir. Daşqın şəhid olandan iki ay sonra ilk dəfə yuxuda
görüşdük. Çən-duman idi. Daşqının üzünü aydın görə bilmirəm, ancaq səsi
açıq-aydın gəlirdi – videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı:
“Nana, gəl...”, - dedi. Düzənlik, təpəliklər olan bir yer idi. Dedi:
“...Kəlbəcərdi...” Soruşdum ki, burda üşümürsən? Yer ikihissəli idi: bir tərəf
çiçəklərlə, bir tərəf qarla örtülü. Çiçək olan tərəfi göstərib dedi ki, “ən çox
burda oluram”. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm,
vermədi. Bir daşın üzərinə qoyub dedi ki, “buzludu, isinsin, götürərsən”.
Çiçəyə baxdım, bir də gördüm dumana qarışıb gedir. Sanki taleyimə itirmək
yazılıb. Bir də üzünü görə bilməyib, sevdiyim birini itirdim. Həyatda
qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək də bir təsəllidir mənə...”
Şəfiyeva Pərvanə (şəhidin bacısı): “3 qardaşın tək bacısı idim. Qardaşlarım mənim
arxam-dayağım idilər. Mən yoldaşımdan
ayrıldım, iki övladımla birlikdə valideynlərim və iki qardaşımın
himayəsində yaşadım. Evin böyük uşağı mən, sonrakı qardaşım Eşqin də evli idi.
Daşqın isə evimizin ortancılı idi. Mən həmişə özümü onlarla güclü hiss etmişəm,
həyata tutunmuşam. İndi isə gücümün yarısını itirmişəm. Daşqın bizə o qədər
bağlı idi ki, onun kimi qardaş bir daha gələrmi yer üzünə, bilmirəm. O, sanki
Allahın bizə göndərdiyi mələk idi, həyatımızın ən gözəl günlərini birlikdə
keçirdik, indi biz necə xoşbəxt ola bilərik?!. Daşqının ucalığından qürur
duyuram. Amma yoxluğundan acı çəkirəm.
Daşqın bir il
Qazaxıstana işləməyə getmişdi. Məni ata-anama tapşırıb dedi ki, Pərişdən
narahatam. İndi o, məni onsuz həyatda yaşamağa məcbur etdi. Yaşamağa məcburuq.
Bəzən acılarımı gizlətmək üçün gülümsəməyə çalışıram. Üzüm hərdən gülsə belə,
qəlbim onsuz qan ağlayır. Çox zarafatcıl, gözəl gülüşə sahib qardaşım var idi.
Ona çox bağlanmışdım, hər axşam işdən gəlmə saatını gözləyirdim. İndi gözlərim
qapıda qalır, amma o gəlmir... Eşidəndə ki, Daşqın da döyüşə gedəcək, səhəri
işdə idim, gəlib mənimlə görüşəndə onu qucaqlayıb dedim:
- Allah səni
qorusun, özünü qoru, bizi sənsiz qoyma. Üzümə bir az başqa cür baxıb dedi:
- Erməni məni
gözləmir ki, gedim onun dərsini verim.
Hər şey ola bilər. Amma, biz haqq işimiz üçün silah götürürük. Özgə
torpaqlarını istəmirik ha! Arxayın olun, sağ-salamat Qələbəylə gələcəm
inşallah.
Sağollaşdıq,
iki-üç addım atandan sora geriyə dönüb məni təkrar qucaqlayanda ağladım. Dedi:
-
Səni Allaha tapşırıram...
Daşqın cavab
verməsə də, hər gün ona telefonda yazdım. Cəmi dörd dəfə onunla danışdım. Hər
zəngində bizi Allaha tapşırırdı. Sonda şəhid xəbərini aldım, hayqırtıyla onu
səsləyib ona ehtiyacım olduğunu dedim, amma o, gəlmədi. Həmin gündən mən
qardaşımın həsrətindəyəm...”
Ana ilə ata ayrılandan sonra...
Mehriban Əliyeva (şəhidin bacısı qızı): “Mənim dayımla o qədər gözəl
xatirələrim var ki. Bunu deyəndə belə qəlbim titrəyir. Dayılarıma çox bağlı
idim. İnsan da dayılarına bu qədər bağlı olarmı? Bilmirəm.
Anamla atam ayrılandan sonra dayılarımı özümə ata əvəzi seçdim.
İstədim hər zaman yanımda olsunlar. Böyük dayım Eşqin evli idi. Amma ortancıl
dayım Daşqınla kiçiyi Orxan subay idilər. Onlara çox bağlanmışdım. Hər ikisinin
də xətrini o qədər çox istəyirdim ki, bəzən onları başqa qızlara belə
qısqanırdım. Kimsə mənim yanımda onlar haqqında pis nəsə deyə bilməzdi, həmin
insanla dalaşırdım.
Daşqın dayımın isə qəlbimdə yeri xüsusi idi. Onu özümə həm ata, həm
də dayı kimi gördüm. Çünki həm buna layiq, həm də yaşca məndən çox böyük idi.
17 yaş aramızda fərq var idi. İndi mənə çox çətindir. Çünki mən həm atamı, həm
də böyük bir insanı itirdim. Eyni evdə qaldığımız insanın oturduğu yeri boş
görmək dözülməzdi. Dayım havalar soyuq olanda tez-tez xəstələnirdi, evdə onun
dərmanları belə duruş. Mən necə onu qəlbimdən çıxara bilərəm ki?! Bu,
mümkünsüzdü...
Evimizin hər tərəfində xatirələrimiz var. Çox vaxtlar paltarlarını
mən ütüləyir, yeməyini mən verirdim. İndi isə
ürəyim acılar çəkir, onun paltarının qoxusunun itdiyini görəndə...
Dayım işdən gələrkən bir nəfərlik yemək vardısa, onu onun qabına
çəkərdim. O isə başqa yeməyin olmadığını görəndə öz payını mənimlə bölüşərdi. Böyük qəlbə sahib idi.
Məhz bu üzdən də hər kəs onun xətrini istəyirdi.
İndi isə
onsuz həyatda özümü kimsəsiz hiss edirəm. Sanki atamı 4 noyabrda itirdim, çox
çətindi. Dayımı hər zaman yaşadacam, son nəfəsimə kimi...”
Film
çəkilişləri zamanı sanki özüm özümlə danışaraq bunları bir neçə dəfə
pıçıldadım: sən, ey şəhid Daşqın! Vətən və xalq üçün etdiklərinlə, çəkildiyin
videolarda da görünən saf səmimiyyətinlə hər zaman insanlarımızın ürəyində
yaşayacaqsan, sayğıyla yad ediləcəksən. Ruhun qarşısında baş əyirik! Ruhun şad
olsun, şəhidimiz!
Görüşümüzün
sonunda şəhid anasına son sualımı verdim. Hər bir ana istəyir ki, oğul çiynində
məzara getsin. Daşqın statuslarının birində yazırdı ki, geri dönsəm, tək anamın
göz yaşlarına görə qayıdacağam, çünki o, mənim yoxluğuma dözməz. Oğlunuz geri
qayıtsa, nə edərdiniz?
Yazıq ana
dərindən ah çəkib kədərlə cavab verdi:
- Oğlum
xalqımız, torpaqlarımız üçün şirin canından keçd. Bu üzdən də zərrə qədər
peşman deyiləm, əksinə, qürur duyuram. Təəssüflənirəm ona görə ki, o, hələ
gənc, subay idi, bir nişanəsi qalmadı. O, ali təhsil almaq, uğrunda canından
keçdiyi dədə-baba yurdunu – doğma Kəlbəcəri ziyarət etmək kimi arzularla
yaşayırdı. Əgər geri dönməsi mümkün olsaydı, düşünmədən onu görmək üçün şirin
canımı qurban verərdim...
Şəhid
anasının əllərindən öpüb qarşısında baş əymək üçün dizlərimi yerə atmaq
istəyəndə Gülnaz xanım ikiəlli qolumdan tutdu, dərhal ayağa qaldırdı məni...
Daşqının
itkisinə dözməyən ana kədərini, xatirələrini şeirə köçürür, təsəllisini yazdığı
lirik misralardan alır. Məqalənin sonunda onun şeirlərindən nümunələri bura
əlavə etməyi özümə borc bilirəm. Bir şeirini də mənə həsr edib əziz şəhid
anası...
Daşqın
Elə xətt çəkmisən üstümdən mənim,
Daha yuxuma da girmirsən, Daşqın.
Şəkillər yoldaşım, sirdaşım olub,
Mənə yaman uzaq olmusan, Daşqın.
Sənsiz qabar-qabar olubdu dilim,
Xəyallar qururam yanına gəlim,
Gəlim cənnətinə qoy səni görüm,
Məndən yaman uzaq olmusan, Daşqın.
Daha dözüm yoxdur sənsiz yaşıyam,
Bu dərdi, bu qəmi necə daşıyam?
Yolumu azmışam, deyən naşıyam,
Məndən yaman uzaq olmusan, Daşqın.
Cəhənnəm odunda yanıb-yaxıllam,
Gülnaz acı çəkir, şişə taxıllam!
Bu dünyanın gedişinə baxıram,
Gen dünyamdan uzaq olmusan, Daşqın.
Dönmüsən
Bir zaman qəlbimin arzu-diləyi,
İndi alışan bir közə dönmüsən.
33 yaşındı, gəlib yaxın, yad,
İndi ah-naləyə, aha dönmüsən.
Yarımçıq qalıbdı arzu-istəyin,
Sənsiz viran qalıb gülün, çiçəyin.
Daha yox olubdu sevinc-gülməyin,
İndi göz yaşı ilə gölə dönmüsən.
Sənsiz ayrılığım qəm-qüssə olub,
Gülnazın baharı qarlı qış olub.
Günəşli gündüzüm qaranlıq olub,
Göydə bulud olub, selə dönmüsən.
Cəmiləm
Allahın verdiyi mənə payımsan,
Gündüzlər Günəşim, gecə Ayımsan.
Əlçatmaz zirvəmsən, bir mayağımsan,
Yurdum Kəlbəcərin gözü Cəmiləm.
Sən də şəhid kimi belə doğuldun,
Vətənin dar günündə canını qoydun,
Hər şəhid ailəsinin yanında oldun,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.
Cənnətdən gəlmisən, cənnət mələyim,
Başın uca olsun belə diləyim.
Qələmin düşməsin, canım, ürəyim,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.
Qoy Tanrı yolunu açıq eyləsin,
Zəfər marşları da səninlə olsun!
Gülnazın sevincdən gözləri dolsun,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az