Vətən,
ana, torpaq! Hər üçü də sanki üzvi surətdə, yəni, qanı-canı ilə bir-birinə
bağlıdır. Bu üç məfhumu bir-birindən ayrı təsəvvür etmək belə mümkün deyil. Nə
yazıqlar ki, bəzən onları bir-birindən ayrı salan səbəblər olur. Bu da
bar-barlığın, vəhşiliyin, insana, canlı-cansız, bütün təbiətə qənimliyin nümunəsidir.
A |
zərbaycanda bu üç kəlmə bir-biri ilə,
deyəsən, daha çox sıx bağlıdır, həm də
görünməz tellərlə. O tellər vətənə, anaya, torpağa sədaqətdir, sevgidir.
Tarix boyu hər üç varlıq uğrunda
savaşlar gedib, ərazilər itirilib, yurd-yuvalar yerlə-yeksan edilib. Azərbaycanın
tarixi ərazilərindən olan qədim Qarabağımızın da düşmən əsarətində 30 il inləməsinə
Vətən oğulları dözə bilməzdi.
Bəli,
torpaq, Vətən, ana sevgisi kişili-qadınlı hər kəsi ayağa qaldırdı və biz 27
sentyabr 2020-ci il tarixində Vətən savaşına qalxdıq!
Bu yolda
şəhidlik müqəddəslik sayıldı. Düşmənlə üz-üzə döyüşən igid ərənlər ölümün gözünə
dik baxdılar. Ona görə də erməni vandallarına layiq olduqları cavabı verərək,
44 günlük döyüşləri Zəfərlə başa vurduq. Qalib Sərkərdəmizin əmrlərini layiqincə
yerinə yetirən Azərbaycan oğulları düşmən üzərində Qələbə çalmaqla bir daha
ana, torpaq, Vətənə oğulluq borcunu yerinə yetirməyə qadir olduqlarını dünyaya
göstərdilər.
Belə
oğullarımızdan biri də Şeyx Əhməd kimi tanınan Əhmədov Əhmədxan Məzahir oğlu
idi ki, Vətən torpaqlarını yağı düşməndən azad edərkən şəhidlik zirvəsinə
ucaldı...
Şəhidin əmisi oğlu Əhmədov Asəf Kinyaz oğlu
deyir ki, həm çox qürurlu, həm də kədərliyəm: “...Qururluyam ona görə ki, Əhmədxan kimi qardaşım-sirdaşım şəhid olu. Kədərliyəm
ona görə ki, qardaşımın xətrini çox istəmişəm. Əhmədxan mənə əmioğluluqdan daha
çox, qardaşım olub: hər zaman dərd-sərimi, sirrimi onla bölüşürdüm.
Deyib-gülən, mərd, cəsur
bir oğlan idi. Vətənə olan sevgisi onda uşaq yaşlarından hərbiyə maraq
oyatmışdı. Öz arzusu idi ki, Xüsusi Təyinatli olsun. Ona görə də hərbi xidmətə gedəndən sonra Naxçıvanda
Xüsusi Təyinatlı Dəstənin bölmələrindən birinə seçilib. Orada xidmətə başlayıb.
2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ muharbəsi zamanı
komandirinə müraciət edib ki, məni də döyüşə aparın. Ancaq komandiri ona etiraz
edib:
- Ora burdan əsgərin
getməsinə icazə yoxdur, müddətli hərbi xidməti başa vuran hərbiçilər gedə bilər.
Əhmədxan eyni müraciəti
təkrar etməsinə baxmayaraq, onun döyüşlərə qatılmasına icazə verilməyib.
Əsgər yoldaşı bizə
dedi ki, Əhmədxan geri qayıdıb, generalın qapısını döyüb, içəri girib deyib:
-
Cənab general, olar?!
General onu qəbul
edib və soruşub:
-
Buyur, əsgər, nə məsələdi?!
Deyib:
- Cənab general, əsgərin
namusu, qeyrəti yoxdur ki, döyüşə aparmırsınız?! Mən kəlbəcərliyəm. Vətənimdə,
onun bir parçası olan Kəlbəcərimdə döyüşlər gedir! Sizdən xahiş edirəm, məni
ilk partiyada döyüşə yollayasınız!
General yerindən qalxıb Əhmədxanın alnından
öpüb və deyib:
- Əsgər, sənin bu vətənpərvərliyin
xalqımıza xasdır. Sevinirəm ki, Azərbaycan Ordusu sənin kimi vətənpərvərlərdən
formalaşıb! Qeyrətinə can qurban! Söz verirəm ki, ilk gedişdə səni yollayacam!
Oktyabrın 24-də səhər
saatlarında mənə zəng gəldi. Mən də həmin vaxt Bakida idim. Danışan Əhmədxan
idi:
-
Mənə sual vermə, heç nə soruşma. Ancaq dediklərimi et.
Dedim ki, yaxşı.
- Mənə bir xəncər,
bir barmağı kəsik əlcək, bir də poverbank al, - deyib telefonu söndürdü.
Yerimdə donub qaldım.
Düşündüm ki, Bakıya niyə gəlsin?! Axı,
Naxçıvanda muharbə də yoxdur. Otaq yoldaşımı qaldırıb dedim ki, dur, mənə
su ver. Qalxıb verdi. Dedim ki, əmim oğlu bura gəlir, görəsən, başına nə iş gəlib?!
O da mənə təsəlli verib dedi:
-
Narahat olma, indi zəng edər, yenə danışarsan ətraflı.
Təxminən bir-iki
saatdan sonra zəng gəldi.
Cavab verib soruşdum:
- Nə yaxşı gəlirsən, salamatçılıqdırmı?
Dedi:
- Ayə, narahat olma, gəlirəm, müharibəyə
gedəcəm...
İstədiklərini gedib aldım. Bakıya hərbi
hissəyə çatıb, mənə zəng edib dedi ki, gəl
bura. Getdim, görüşəndə boynunu qucaqladım, üzündən öpüb qoxusunu içimə çəkdim.
Özümü saxlaya bilməyib yanında ağladım. Soruşdum ki, bəs, bura niyə gəldin?
Cavabı məni bir az sakitləşdirdi:
-
Narahat olma, ölməyə getmirəm, öldürməyə gedirəm, bu xəncərlə düşmənlərin
başını kəsəcəm...
-
İçimdə o qədər rahatlıq yarati ki. Düşündüm: “dünya dağılsa da...”, Əhmədxana
bir şey olmayacaq, sağ-salamat qayıdacaq.
Soruşdum:
- Evdəkilərlə danışmısan?
Dedi:
- Bəli.
Ancaq qardaşı
qalmışdı. Ona görə də dedim:
- Bir nəfər qalıb, onlarla da danış, get.
Zəng edib danışanda
qardaşı soruşdu:
- Nə yaxşı gəlmisən?!
Dedi:
- Kişi nə üçündür, ay qardaş?! Vətən üçün
döyüşər, şəhid olar...
Qardaşı dedi:
- Get, Allahın nəzəri üzərinizdə olsun,
özünü qoru.
Bir neçə dəqiqədən
sonra ona zəng gəldi. Dedim ki, gedib
çatanda xəbər ver.
Gecə zəng edib dedi:
- Artıq Beyləqandayıq,
çatmışıq, sabah burdan döyüşə gedəcəm. Sənə sözüm var: məni yaxşı dinlə. Bilirəm
ki, şəhid olacam, özünüzə yaxşı baxın, möhkəm olun, papamın, əmimin əmanəti,
bir də 6 qardaşın bir bacısı var, onun əmanəti...
Bu, bizim son
danışığımız oldu. 11 noyabrda zəng etdilər ki, Əhmədxan yaralıdı. Atamla Əhmədxanın
qardaşları gedib gördülər ki, şəhid olub. Öz arzusuna çatdı. Bizim üçün nə qədər
ağır olsa da, hər zaman başımız ucadı. Əmim oğlu şərəflə yaşadı və şərəflə də həyatdan
köçdü... Geriyə qalan isə ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad
olunmasına görə", "Xocavəndin azad olunmasına görə" təltif
edildiyi medalları oldu.
Qardaşı Əhmədov Faiq da deyir ki, bütün xatirələrinin hamısı
Əhmədxanla bağlıdır: “...Qardaşımla mən dərd ortağı, sirdaş olmuşuq. Uşaqlıqdan
nə sözümüz olubsa, bir-birimizə demişik. Onun həyatda bir arzusu var idi. Həmişə deyirdi ki, “qaqa, mən aktyor olacam. Ona görə
də məhşur olacam”.
Aktyorluq bacarığı
vardı onun. Çox şən idi. Yaşıdlarından seçilərdi, dostları onu “Şeyx Əhməd” deyə
çağırardı. Bu söz onun xoşuna gələrdi. Hər səhər 5 km qaçırdı.
Bir dəfə dedim ki,
özünü niyə yorursan, Şeyx?!
Dedi ki, mən XTQ-yə
düşəcəm əsgərlikdə. Dedim ki, bilmək olmaz, qaqa, bəlkə başqa qoşunlara düşdün.
Dedi ki, yox, mən XTQ olacam və elə də oldu.
Hərbi xidmətə
Naxçıvanda “N” saylı hərbi hissəyə düşmüşdü. 15 yanvar 2020-ci il tarixində,
gecə saatlarında atam, mən, bir də qardaşım oğlu Əhəmədxanı yola salmağa
apardıq. O gün xəyalımdan heç çıxmır. Qardaşım oğlu Eltac xəstələnmişdi. Dedi
ki, əmim əsgər gedir, gərək mən də gedəm. Ağladı, Eltacı da özümüzlə apardıq.
Əhmədxan mənə “Dədə”
deyərdi. Yola salanda üzü qatar gələn istiqamətə baxıb dedi:
- Dədə, üzü qatara bir şəklimi çək, bəlkə
bir də gəlmədim.
Sözünü kəsib dedim:
- Şeyx, əsgər gedirsən,
nolub ki?! Həmişə atama zarafat edərdin ki, ağsaqqal, torpağınızı özüm gedib
alacam. Qaqa, sən Naxçıvana gedirsən, Qarabağa yox. Əlini uzadıb dedi:
- Dədə, görərsən, Kəlbəcəri
özüm alacam, amma sən gedib oraları görərsən.
Naxçıvanda xüsusi təyinatlılarda
qulluq edirdi. Həmişə zəng edəndə deyirdim ki, qaqa, xidmət necə keçir?
Cavabı məni
sevindirirdi:
- Dədə, XTQ bir
başqadı ey. Burda hamı bir-birinə qardaşdı. Xidmətim bitdikdən sonra da qalıb,
burda işləyəcəm...
Biz, nədənsə, hər
zaman deyərdik: “Əhməd, sən polis olacaqsan”. O da “yox, dədə, mən polis yox, hərbiçi olacam”,-deyirdi.
Elə də oldu.
2020-ci ilin 27
sentyabr tarixində səhər saat 8 olardı. Zəng gəldi, bildim ki, Əhmədxandı.
Telefonu söndürüb, özüm zəng elədim. Dedi ki, qaqam, müharibədi siz tərəfdə?!
Dedim, yox, qaqa, sakitçilikdi. Dedi yox? Qayıtdı əlavə elədi ki, qaqa, müharibə
başladı, anam eşitməsin, bir azdan zəng edərəm. Dedim yaxşı. Bir az danışdıq,
sonra anamla danışıb dedi ki, qorxma, biz tərəfdə sakitçilikdi.
Naxçıvandan sonuncu zəngi
17 oktyabrda oldu, hal-əhval eləyəndə onu da dedi:
- Sənə şəkil atacaqlar, paylaşmazsan.
Dedim:
- Yaxşı, narahat olma. Özünü qoru,
yaxşısanmı?
23 oktyabrda zəng gəldi:
- Əhmədxan döyüşə gəlir...
Dedim:
- Axı, indi danışdım
onunla, 17-si əsgər gətirmirlər, qaqa.
- Yox, zəng ediblər.
Naxçıvanda Əhmədxan generala deyib ki, müharibəyə gəlir.
Dərhal zəng etdim
qardaşıma, telefonu açmadı. Evdən bildirdilər ki, sabah, yəni ayın 24-ü gəlir. Əmimoğlu
zəng elədi ki, Əhmədlə görüşməyə gedirəm. Gələndə elə bil ürəyimə dammışdı ki,
o, şəhid olacaq. Dedim:
- Asəf,
Əhmədlə məni necə olursa-olsun, danışdır.
Saat 5-6 olardi, Asəfdən zəng gəldi. Mənə
dedi ki, ondan soruşdum ki, qaqa, nə yaxşı gəldin?
Dedi:
- Qaqa, mən gəlməliyəm
da! Mənim komandirlərim gəlib Qarabağda
şəhid olub. Mən Naxçıvanda necə qalım?! Uşaqlara muğayət ol, anaya da demə Əhmədxan
döyüşə gəlib.
Dedim:
- Qardaş, mən ölüm, özünü qoru...
Noyabrın 8-də gecəyarı
anam yuxudan dik atılıb ağlaya-ağlaya dedi:
- Vallah Əhmədxana nəsə olub, yuxuma
girdi.
Dedik ki, ay ana,
danışmışıq, yaxşıdı, heç nəyi yoxdu.
Dedi:
- Yox, Əhmədxan
qucağımda idi, yaxınlıqda qanlı çay axırdı, Əhmədxana nəsə olub.
Demək olar ki, Rəfaillə
hər yana soraq verdik, soruşdurduq, ayın
9-da ondan zəng gəlməyəndə ürəyimə qar bir qorxu girdi. Əhmədxanın şəhid olmasını hiss edirdim. Dedilər ki, iraq
olsun, bəlkə əsir düşüb?
Dedim:
- Əhmədxan atama bir
söz vermişdi: “Ata, mən özümü öldürərəm, amma heç vaxt əsir düşmərəm...”
11 noyabr 2020-ci il
tarixdə dedilər ki, Füzulidə yaralılar var. Qardaşım və əmimlə birlikdə ora
getdik. Çatanda, dünyam qara geyindi: öyrəndik ki, şəhid olub. Həmin tarix
bizim dünyamızın dağıldığı gün oldu. Öz arzusu idi şəhid olmaq, arzusuna çatdı.
Son sözü bu oldu: “Kişi vətən üçündür, döyüşər, şəhid olar”...
Vətən sağ olsun!”
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az