İkinci
Qarabağ müharibəsindən bizi qısa müddət
ayırsa da, 44 günlük şanlı qələbələrlə bol o hadisələr tariximizə və
insanlarımızın ömür yoluna qızıl hərflərlə həkk olunduğundan müzakirələrə,
analizlərə, araşdırmalara ehtiyac var. Müzəffər Ali Baş Komandanımız, Prezident
İlham Əliyevin başçılığı altında çağdaş hərb tarixində unikal əməliyyatlara,
qalibiyyətə imza atmış qəhrəman hərbçilərimiz sözlə deyil, əməlləri və
qanları-canları ilə Vətənimizin bütövlüyünü, torpaqlarımızın müqəddəsliyini bərpa
etdilər.
Bu gün də
bütün dünya ictimaiyyəti, “müharibəşünaslar” Şuşanı əliyalın azad etmiş gənclərdən
ibarət peşəkar hərbçilərimizin şücaətindən heyrətləndiklərini bildirir. 2020-ci
ilin 44 günü tariximizin 44 qələbəsinə bərabər oldu. Bu müqəddəs mübarizədə
dövlət–rəhbər–ordu–xalq birliyi qalib gəldi: dünyaya səpələnmiş 60 milyonluq
soydaşımız bir dəmir yumruq kimi birləşdi, qalibiyyət əldə etdi.
Vətənpərvərliyi,
xalqsevərliyi Prezident İlham Əliyevdən nümunə götürən gənclərimiz – peşəkar hərbçilər
və könüllülərdən ibarət Silahlı Qüvvələrimizin bu tarixi Zəfəri heç vaxt
unudulan deyil.
O şanlı Vətən
müharibəsində gənc ömürlərinə qıyaraq igidlik göstərmiş, qəhrəmancasına şəhidlik
zirvəsinə ucalmış millət övladlarının hər birinə ehtiram, sevgi və sayğı hisslərimiz
sonsuzdur.
Belə igidlərimizdən
biri də Elnur Nəcəf oğlu Mustafayevdir. O,
9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhərindəki
135 saylı tam orta məktəbin1-ci sinfinə daxil olub, 2019-cu ildə oranı bitirib. 18 yaşı tamam olanda, 2020-ci il
mayın 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər
rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olarkən əvvəlcə
Sumqayıt şəhərində, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi
hissədə nümunəvi xidmət edib.
27 sentyabr 2020-ci
il tarixdə (İkinci Qarabağ müharibəsi başlayanda) Elnur da Azərbaycanın minlərlə
igid gəncinə qoşulur, elə hərbi hissədən müharibəyə yollanır. Xain
qonşularımızın növbəti təxribatından sonra şanlı Azərbaycan Ordusu yağı-düşmənə
qarşı genişmiqyaslı əməliyyatlara başlayır. İlk gündən müharibədə göstərdiyi cəsarət
və şücaəti ilə seçilən Elnur əvvəlcə Füzuli rayonu, daha sonra Cəbrayıl, Xocavənd
istiqamətindəki döyüşlərdə fəal iştirak edir. Savaşın ilk günlərindən döyüşə
atılan atıcı-pulemyotçu kimi Elnur Mustafayev son döyüşdən sonra atası ilə
telefonla danışıb sevinclə xəbər verir ki, içərisi düşmənlə dolu olan iki maşın
erməni silahlı quldurunu məhv edib...
...Elnurun atası Kəlbəcərin
Ağcakənd kəndindən, ata babası Abbas Mustafayev elinin tanınmış söz
ustadlarından olan şair, bir neçə kitabı işıq üzü görmüş, vətənpərvər insan, “Dəmirçi”
təxəllüsü ilə yazıb-yaradan Dəmirçi Abbasın nəvəsidir. Anası isə Oruclu kəndindəndir.
Ana babası Zakir Rüstəmov uzun illər Kəlbəcər rayon 18 saylı tam orta məktəbin
direktoru vəzifəsində çalışıb, həmçinin ingilis dili müəllimi kimi fəaliyyət
göstərib.
Valideynlərinin,
qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından məcburi
köçkün düşməsi Elnurun həyatında dərin iz qoymuşdu. Kiçik yaşlarından valideynlərindən,
qohumlarından, xüsusən də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında
qalan yurdu barədə xoş xatirələri eşidə-eşidə böyümüşdü. Bu da onun körpəlikdən
ailəsinə, vətəninə, dininə və xalqının etnik-mənəvi dəyərlərinə olan bağlarını
daha da qüvvətləndirirdi. Onun doğma məmləkətinə, qəhrəmanlarımıza olan sonsuz
sevgisinin formalaşmasında xüsusi rol oynayırdı.
Elnur xasiyyətcə çox
mehriban, gülərüz və dostcanlı idi. Özünü dərk edəndən daim avtomat, tapança,
tank kolleksiyası yığıb, hətta taxtadan da silahlar düzəldərdi. O, sevdiyi
anasına bağlı bir uşaq idi. Hər dəfə Qarabağdan söz düşəndə anasına deyərmiş
ki, qanıqara dayanma, mən böyüyəndə mütləq erməniləri bu avtomatlarla doğma
torpaqlarımızdan təmizləyəcəyəm, Kəlbəcərdəki evimizi düşməndən xilas edəcəyəm,
düşmən ayağı dəymiş pilləkənləri yenisi ilə əvəz edəcəyəm.
Elnur uşaqlıqdan ibadət
yolunu seçmişdi. Səkkiz yaşından idmanın sərbəst güləş növü ilə məşğul olmağa
başlayıb. “Lokomotiv” Güləş Federasiyasının üzvü olub. Güclü bədən quruluşu ona
bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verib. O, yerli, həmçinin
xarici ölkələrdəki (Türkiyə, İran, Dağıstan, Rusiya, Gürcüstan) yarışların
iştirakçısı olub, müxtəlif vaxtlarda yüksək nailiyyətlər əldə edib. Yeddi ölkədən
qızıl medal qazanıb. İran İslam Respublikasında 1-ci yerə layiq görülərkən müəllimindən
Məşhəd ziyarətini istəyib və Məşhədi ziyarət edib. 2017-ci ildə Aprel döyüşləri
şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə də 1-ci yerə layiq görülüb. O
zaman Elnur evə gələrək böyük sevinc hissi ilə anasına deyib: "Ana, bilirsənmi,
mən bu medalı müqəddəs şəhidlərimiz üçün qazandım..."
Elnur 44 günlük Vətən
müharibəsində 33 gün döyüşüb: 30 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə
yetirən zaman Xocavənd rayonunda yerləşən Qırmızı bazar istiqamətindəki
iştirakçısı olduğu şiddətli döyüşlər vaxtı şəhid dostunun döyüş meydanda qalan nəşini götürüb geri
qayıdarkən xain düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə
yüksəlib.
...Sanki o, şəhid
olacağını çox-çox əvvəlcədən hiss edirmiş kimi hər fürsətdə ailəsini buna
hazırlayırdı. Hələ şəhidlik zirvəsinə ucalmamışdan əvvəl, döyüşdə yaralı olarkən
anasına zəng edib söyləmişdi: “Ana, şəhid olsam, mənim üçün ağlasan, haqqımı sənə
halal etmərəm, başını dik tut, ağlayıb məni utandırmayasan ha...”
Yaralananda dostuna
bunları deyib: “Anama söz vermişdim ki, səni görməmiş şəhid olmayacağam. Amma
sözümü tuta bilmədim, alınmadı...”
Və ölümün üzünə dik baxaraq
gülə-gülə şəhadətə çatıb. Nəşi həmin günlərdə ailəsinə təhvil verilib və 31
oktyabrda Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər məzarlığında
torpağa tapşırılıb...
Döyüşlərdə igidlik
göstərmiş Elnur subay idi, bir bacısı var. O, Kəlbəcərin ən gənc şəhidi
sayılır. Atası Nəcəf müəllim deyir: “...Elnur Vətən savaşında kəndimizin şəhidlik
zirvəsinə ucaldı, nur üzlü övladım şücaəti ilə Ağcakəndin ən qürurlu, ən
nüfuzlu sakini oldu. Bu gün Elnur cismən aramızda yoxdur, ancaq həmişə qəlbimizdədir.
Elnur əyninə hərbi forma geyinərək ximətə yollandı, şəhid qəhrəman kimi bayrağa
bükülüb geri qayıtdı...”
Anası Ulduz xanım
bildirir ki, bir dəfə xeyli hərbi geyim, paltar alıb Füzuliyə yola saldıq. Bir
dəsti isə xüsusi parçayla hazırladıb Elnurun ölçüsünə uyğun seçdik. Zəng etdik,
parolla, obrazlı danışanda anladıq ki, həmin vaxt Şuşadadı. Dözmədim, dedim:
-
Ay Elnur, bəlkə Füzuliyə gedəsən, formanı dəyişəsən?!
O dəqiqə onun bərk
acığına getdi:
-
Oradakılara verin, kimdənsə artıq deyiləm!
Ulduz xanım deyir ki, elə bil Elnur
sağdı, atası hər gün sübh tezdən yuxudan oyanan kimi onun otağının qapısını
açıb deyir: “Elnur, sabahın xeyir, necəsən?! Ayə, mən evdən çıxıram, özünə
yaxşı bax!” Axşam evə gələndə yenə Elnurun otağının qapısını açıb deyir:
“...Elnur, gecən xeyrə qalsın, yuxun şirin olsun, bala...”
Nəcəf müəllim deyir:
- ...Elnur bizim
alnımızdan xəcalət tərini silib atdı, ikinci oğlum olsaydı, onu da Vətən üçün
qurban verərdim...
Bir dəfə hansısa təşkilat
tərəfindən 11 min manat pul göndərilir,
Nəcəf müəllimin acığı tutur, vəsaitdən imtina edib deyir ki, o qədər ehtiyac içərisində
olan imkansız ailələr var, aparıb onlara yardım edin...”
Zaur Laçın oğlu Nağızadə dostu və döyüş yoldaşı Elnur haqqında
xatirələrini bizimlə belə bölüşür:
“Elnurla mən mülki həyatdan bir-birimizi tanıyırdıq. Qismət elə gətirdi ki, hərbi
xidmətin ilk üç ayını eyni yerdə keçirdik və hər gün bir yerdə olurduq deyə
Elnurla münasibətimiz daha da dərinləşdi. O dövrdə əsgərlərə günə bir pay yemək
verilirdi, boyum hündür, çəkim çox idi deyə məni iki pay yeməklə təmin edirdilər.
Əsgərlərə bir gün toyuq, o birisi gün kotlet verilirdi. Kotleti mən xoşladığım
üçün Elnur öz kotlet payını mənə ötürürdü. Növbəti gün toyuq yeməyi veriləndə mən
də payımı ona ötürürdüm. Çünki o da toyuğu xoşlayırdı. Üç ay ərzində biz bir
yerdə qalırdıq: birlikdə yeyir, bir yerdə yatır, birgə dururduq. Hətta bir yerdə
məşq də eləmişik.
Sonra Qusara göndərildik.
İkimiz də piyada-motoatıcıydıq, burada da üç aya kimi bir yerdə xidmət elədik.
Sonralar taburlara bölündük, ayrı-ayrı binalarda qalırdıq, yenə də yeməyimiz,
idmanımız, xidmətimiz bir yerdə idi. Həftə sonu saç qırxdıranda görüşür, söhbət
edirdik. Uşaqlıqdan bir yerdə böyüdüyümüzə görə xidmət yoldaşlarımız elə
bilirdilər ki, biz həm də sinif yoldaşıyıq.
27 noyabrda Füzuli
istiqamətindən döyüşlərə qatıldıq, aramızda haradasa iki kilometr məsafə var
idi. Bundan sonra onu görə bilmədim: yalnız müharibənin 33-cü günü rabitədən xəbər
tutdum ki, yaralanıb, təxminən iki saat sonra şəhidlik məqamına ucalıb. Elnurun
şəhidlik məqamına yüksəlməsi xəbərini mən növbəti gün eşitdim. O, təkcə əsgər
yoldaşı kimi yox, mənə qardaş əvəzi idi. Bu hadisədən iki il keçsə də, özümü
onsuz təsəvvür etmirəm. Elnursuz çox darıxıram. Onun bir sözü vardı: “Qardaşım,
ən azından hər ailədən bir əsgər olmalıdır!”
Sanki bu gün üçün
deyirmiş o sözləri...”
Şəhidin təhsil aldığı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəhidə Zeynalova danışır: “Elnurun birinci sinfə qəbulunu bugünkü
kimi xatırlayıram. Həm qonşusu, həm də dostu Əli Heydərovla bir sırada
dayanmışdı. Mən hamıya Azərbaycan bayrağını payladım. Əlində gül dəstəsi olduğu
üçün ona bayraq vermədim. Az keçmədi, gördüm, kimsə məni ətəyimdən dartır.
Baxdım ki, balaca bir oğlan şirin ləhcə ilə “Mənim bayağımı velin”, - dedi.
Əlindəki gülü arxa
sırada duran anasına verib, bayrağı məndən götürməyə gəlibmiş...
O zaman balaca Elnur
bilmirdi ki, vaxt gələcək, əlində fərəhlə tutduğu o bayrağa bürünərək torpağa
tapşırılacaq. O torpağa ki, onun uğrunda canından, qanından keçdi.
Elnur zarafatı çox
sevən biri idi. Həmişə bununla bağlı sinif yoldaşları ilə anlaşılmazlıqlar
olurdu. Sonralar biz də buna alışdıq. Məsələn, çox zaman məni görəndə “Salam,
xala!”-Deyirdi.
Bir dəfə yanıma
çağırıb dedim:
- Elnur, bura məktəbdir,
burada müraciət forması var. Bunları istifadə etməlisən, belə olmaz.
O, mənə
hazırcavablıqla söylədi:
-
Bəs siz mənə niyə “ay bala” deyirsiniz?
Hər ikimiz də güldük. İdmanı çox sevirdi. Deyirdi ki, İdman
Akademiyasına qəbul olacam. İmtahanlardan sonra küçədə rastlaşdıq. Salamlaşdıq.
Soruşdum ki, qəbul oldun? Yenə hazırcavablıqla cavab verdi:
- Müəllim, akademiya qaçmır, mənim ayrı
planlarım var. Əsgərliyə gedəcəyəm, ermənilərin başına od ələyəcəyəm!
Burada “Od ələyəcəyəm”
cümləsi mənim həmişə oğlanlara əsəbiləşəndə dediyim “Başınıza od ələyəcəm”
fikrimə işarə idi. Yenə hər ikimiz güldük, beləcə ayrıldıq...
Xəyalıma gəlməzdi ki,
bir neçə aydan sonra Elnurun şəhidlik xəbərini alacağam. Həm də dostu, qonşusu,
sinif yoldaşı Əli ilə birlikdə. Əvvəlcə Əlinin şəhid olması xəbəri gəldi. İki həftə
sonra isə Elnurun...
Onun dilində bir
şirinlik var idi. Bəzi sözləri özünəməxsus tərzdə tələffüz edirdi. O qədər
şirin danışırdı ki, adam istəyirdi onunla saatlarla söhbət etsin. Xoşbəxt bir
müəlliməm ki, Elnur kimi şağırdlərin yetişməsində, az da olsa, mənim əməyim
olub. Nə yaxşı ki, Elnur mənim şagirdim olub...”
Xocavənd
rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Elnurun göstərdiyi qəhrəmanlıq dövlətimiz
tərəfindən də layiqincə qiymətləndirilib.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
müvafiq sərəncamı ilə şəhadətindən
sonra Elnur Mustafayev “Vətən uğrunda”, “Xocavəndin
azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin
azad olunmasına görə” medalları ilə təltif edilib.
Son vaxtlar şəhidlərimizin əziz və
müqəddəs xatirəsi yüksək səviyyədə uca tutulur. Elnuru sevənlərin, doğmalarının, kəlbəcərlilərin bir arzusu var: Binəqədi rayonunun Biləcəri
qəsəbəsi, Yəhya Hüseynov küçəsi, fin evi - 85 ünvanında, Mustafayevlər ailəsinin
yaşadığı evin qarşısındakı adsız küçəyə Elnurun adı verilsin. Şəhidin xatirəsinin
əbədiləşdirilməsi ən azından ailəsi üçün böyük təsəlli olardı.
Bəli, igid şəhidimizin
ailəsi və doğmaları dövlətdən nəsə ummurlar, sadəcə, qəhrəmanımızın əziz xatirəsini
əbədiləşdirməyi diləyirlər. Elnur kimi igidlərin gənc nəslə nümunəsini bu cür
nümayiş etdirmək olar. Həqiqətən də gənc nəslin milli-mənəvi ruhda böyüməsi istiqamətində
bu cür addımların təsiri çox böyükdür.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az