
Taleh həm çox gözəl həyat yoldaşı, həm də
balalarına əvəzedilməz ata idi
Onlar şəhid
qızlarıdır. Onlar atalarının yolunu həmişə gözləyəcəklər, axı, qızlar ataya
daha çox bağlı olurlar. Qız balalarına verdiyi vəd yerinə yetirilsə də, ataları
Taleh onların Kəlbəcərini düşməndən azad etsə də, doğma ata yurduna qaytarıb o əsrarəngiz
gözəlliklər diyarını onlara göstərə bilmədi. Çünki bu, qızların taleyinə yazılmamışdı...
Qısa döyüş yolu keçən Vətən
müharibəsinin şəhid igidlərindən biri kimi bu gün xalqımız tərəfindən sevilərək
anılan, adı dastanlara çevrilən Talehin tale kitabını vərəqləyirik.
Taleh Həşim oğlu Muxtarov 1985-ci
il dekabrın 1-də Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. Birinci
sinifə doğulduğu kənddə getsə də, 1992-ci
ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı məcburi
köçkün düşdülər. Talehgilin ailəsi Goranboy rayonunun Yeniyol kəndində məskunlaşdılar.
Taleh Muxtarov həmin kəndin məktəbində orta təhsilini davam etdirir. 9-cu
sinifi bitirdikdən sonra qəbul üçün sənədlərini
Bakı İdman Kollecinə verib daxil olur. O, həm də çox yaxşı idmançı idi: güləşlə
məşğul olurdu. Neçə-neçə diplomları, idman dərəcələri vardı. İdman Kollecini
bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırıldı. Ağdamda xidmət edirdi. O,
burada da digər əsgərlərdən fərqlənirdi, ona görə də kəşfiyyat bölüyünə
seçmişdilər. Özünün tabeliyində 17 əsgəri vardı.
Həqiqi hərbi xidmətdə olarkən öz əsgərləri
ilə ermənilərin postuna girib, onları - müntəzəm atəş altında saxlayan dığaları
məhv etmişdi. Bundan ayıq düşən düşmən onları postdan çıxmağa imkan vermirdi.
Ona görə də 10 gün idi ki, mühasirədə qalmışdılar. Yenə Talehin hünəri ilə
mühasirədən çıxa bilmişdilər.
Taleh əsgərlikdən gəldikdən
sonra, 2007-ci ildə sevib - seçdiyi qızla ailə həyatı qurur. Bu evlilikdən
onların 2 qız övladı dünyaya gəlir. O, müxtəlif işlərdə çalışıb ailəsini
dolandırırdı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, çox
sevindi ki, gedib döyüşüb torpaqlarımızı azad edəcəyik. Sentyabrın 29-da gedib
kənd icra nümayəndəliyində deyib ki, məni
də döyüşlərə könüllü yazın. Gedim düşməndən qisasımızı alaq, torpaqlarımızı
azad edək. Ona deyiblər ki, sən Kəlbəcər qeydiyyatındasa. Səni ancaq oradan
göndərə bilərlər.
Adını könüllülər siyahısına
yazdırıb, evə qayıdanda sevinərək deyirmiş ki, gedib Kəlbəcəri alacağıq.
Oktyabrın 1-də səhər saat 6-da evdən çıxıb Gəncəyə gedib. Oradan da onları
Goranboy rayonunun Ballıqaya dağına aparıblar. Sonra Tərtərə gətiriblər.
Suqovuşan - Ağdərə istiqamətində döyüşlərə qatılıblar. Taleh döyüşdüyü
vaxtlarda düşməndən qorxmayıb: o, səngərə yatmayıb, - belə deyirlər: ayaq üstə
gedirmiş. Deyirmiş ki, onlar kimdi ki, biz onlardan qorxaq?!”
...Oktyabrın 6-da, saat 5 radələrində
düşmənin atdığı minamyot nəticəsində Taleh və bir neçə əsgərimiz şəhidlik zirvəsinə
ucalır. Taleh Muxtarovun nəşi bir gün sonra ailəsinə verilir. Goranboy rayonunun
Yeniyol kəndindəki Şəhidlər xiyabanında dəfn olunur. Ölümündən sonra "Vətən
uğrunda", "Suqovuşanın azad edilməsinə görə” və "Cəsur
döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimizin həyat yoldaşı Afət xanım sanki nağıla bənzər bir ömür yolu haqqında söz açır xatirələrini qələmə
alarkən: “...Talehlə biz bir-birimizi sevərək ailə qurmuşuq. Səbinə və Aydan
adlı 2 qızımız var. Taleh həm çox gözəl həyat yoldaşı, həm də balalarına əvəzedilməz
ata idi. Bizim 13 illik ailə həyatımız oldu.13 il olsa da, bir ömürə yetəcək
sevgimiz, bir-birimizə hörmətimiz vardı. O, heç vaxt qoymazdı biz ağlayaq,
xoşlamırdı. Mənə deyirdi ki, sən Talehin yoldaşısan. Bərk və dözümlü ol,
ağlama. Biz çox kasıbçılıqla dolanmışıq, amma xoşbəxtliyimiz vardı.
Müharibə başlayanda ev günü idi,
evdəydi. Səhər saat 6 idi, səsə oyandıq. Sevinib, “hə, başladı, kökünüzü kəsəcəyik
sizin!”
- dedi. Soruşdum ki, ay Taleh, nə
başladı? Dedi ki, müharibə! Mən ağladım:
- Yenəmi müharibə, yenə oğullar
öləcək, analar, körpələr ağlar qalacaq?!
- Bəsdi, gözlədiyimiz gündü, indi
bizim vaxtımızdı o torpaqlarda gəzmək!
- Bunları ondan eşidəndə həm
sevindim, həm də ağladım.
Durub çıxdı kəndə tərəf. Sonra evə
gəlib dedi:
-
Mən
də gedəcəm, burada dayana bilmərəm!
Dedim:
-
Ay
Taleh, bəs biz necə olacağıq?! 3 qadın başsız qalsaq, bizə kim baxacaq?
Dedi:
- Camaat necə, siz də elə.
- Getmə! - Deyib, ona yalvardım.
Dedi:
- Sabah Kəlbəcər alınanda, mən
ora gedəndə deməyəcəklərmi haradaydın?! İndi niyə gəlmisən?! Orada döyüşən
oğullardan nəyim artıqdır?!
Sözüm boğazımda qaldı. Susub heç
nə demədim. Sentyabrın 30-u axşam zəng gəldi. Dedilər ki, sabah səhər saat 7-də
ol çağırış bolməsində. Evin içində o baş, bu başa sevinib, oynayırdı. Aydan
dedi:
-
Ata,
elə bil toya gedirsən.
Dedi:
- Bəs nə, bala! O mundarları öz
torpağımızdan çıxardacağıq. Kəlbəcəri alıb gələcəm. Gəlib ata səni ora
aparacaq, gör Kəlbəcər necə bir cənnətdi. Aydan, ora getsən, heç vaxt buralara
gəlmək istəməzsən...
Oktyabrın 1-də səhər saat 6-da
evdən çıxdı. Öz telefonunu evdə qoymuşdu. Dedi ki, orada telefon qoymurlar işlətməyə,
aparmıram. Evdən çıxanda hamımız oyaq idik. Biz onu ağlayaraq yola salanda üzümə
baxıb dedi:
- Ağlama, məni ağlaya-ağlaya yola
salsan, ağlaya-ağlaya da qarşılayacaqsan... Amma özümdən asılı deyildi, əslində,
mən bilirdim ki, o hara gedir. Hər gün bizimlə danışırdı, deyirdi ki,
qorxmayın, yaxşı olacaq, uşaqlara yaxşı bax. Oktyabrın 3-ü axırıncı dəfə
danışdıq, ondan sonra zəng vurmadı. Çox narahat olurdum, qorxurdum və o
qorxduğum hal da başıma gəldi: ayın 7-də günorta, saat 12-13 olardı, zəng gəldi
ki, Taleh yaralanıb. Düşündüm: “şükür, yaralıdı, gedəcəm yanına, sağalanda da
qoymayacam gedə, gəlsin evə”.
Dayısının maşını ilə gedirdik
Yevlağa, bizə demişdilər ki, ora gətiriblər. Yolda dayısına zəng gəldi. Dedilər
ki, hara gedirsiniz? Evə gətirirlər. Bunu eşidəndə dünyam başıma uçdu. Ondan
sonra nə danışmışam, nə etmişəmsə, bilməmişəm. Evə gəldik ki, hamı yığılıb bizə,
demək, hamı bilib, bizdən başqa. Uşaqlar üstümə qaçdı, mən ağlayanda, “ana,
ağlama, atam bizi qoyub getməz, o, bizə söz verib, gələcək, yalandı”, - dedilər.
Onlar belə deyib, məni sakitləşdirmək
istəyirlər, amma həyətimizə yığılan camaatı da görüb dəli olurlar. Hərbi təcili
yardım maşınında gətirdilər Talehi, bayrağa bükülmüş, bir qırmızı tabutda...
Həyat yoldaşımla fəxr edirəm.
Taleh arzularına qovuşmasa da, Vətənimizin,
xalqımızın, ailəmizin başını uca edib...”
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az