
Kəlbəcərdən
ötrü qəribsəyən şair Zahid Muxtar Kəpəzdən Murovdağa baxıb, dərin bir həsrətlə:
“ Murovun başına dolanım, ellər,
Murovdan Kəlbəcər qoxusu gəlir”, - deyib.
...Murovdağ!
Əzəməti, vüqarı, başıqarlı və həm də
qartallı olması ilə daim vəsf edilən zirvə Azərbaycanın Kiçik Qafqaz sıra
dağlarının bir hissəsidir ki, aran Qarabağdan başlayaraq, Salvartıyadək, oradan
da Böyük Qafqaz sıra dağlarına kimi uzanıb gedir.
Vaxtilə bu dağın qarlı aşırımından
ancaq atlılar aşıb Kəlbəcərdən Gəncəyə
gedib-gələ bilərdlər. Bu yol vaxtilə Kəlbəcər RPK-nın birinci katibi olmuş
İnqilab Nadirov, Təhməz Cəfərov tərəfindən “Nicat yolu” da adlandırılmışdı. Ermənilər
Ağdərə-Kəlbəcər magistral yolunu bağladıqlarından, kəlbəcərlilərin o dərədən
çıxması üçün yeganə “yol” idi.
Ölməz şairimiz Sücaət Kəlbəcərin işğalından sonra yazırdı:
“Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər”.
Bəli, bir vaxtlar, daha doğrusu
1993-cü ilin qanlı-qarlı aprel günlərində bu dağdan aşmaq da zülm idi, aşmamaq
da. Aşa bilməyənlər girov götürülür,
ya da yerindəcə erməni qəddarları tərəfindən
vəhşicəsinə qətlə yetirilirdi. Aşanları isə qabaqda, gələcəkdə nələr gözlədiyini
kimsə bilmirdi...
28 ildən sonra qartallar Murovdağın
zivəsində qıy vurdular. Bu qartalların səsi erməni dığalarının canına vəlvələ
saldı. Belə qartalların biri də Qabilov İsmayıl Əli oğlu idi ki, 15 iyul 1983- cü il tarixində Kəlbəcər
rayonunun Mozqaraçanlı kəndində anadan olmuşdu. 1990- cı ildə Mozqaraçanlı kənd
tam orta məktəbin bir 1-ci sinfinə daxil olub. 1993- cü il aprelin 2- də Ermənistan
silhalı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra Qabilovlar
ailəsi də, digər kəlbəcərlilər kimi, Gəncə şəhərində məskunlaşıblar. Orta təhsilini
Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmiş, bitirdikdən sonra səfərbərlik və hərbi xidmətə
çağırış üzrə dövlət xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi
xidmətə çağırılıb.
Ağdamdakı “N” saylı hərbi hissədə
xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə öz bilik və
bacarığı, məlahətli səsi ilə seçilərək xüsusi xidmətlərilə fərqlənib. Həm də
İsmayılı cəsurluğuna görə “Murov Qartalı” təxəllüsü ilə çağırırmışlar.
İsmayıl 2005-ci ildə ailə qurmuş,
ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsi məcburi köçkünlərin müvəqqəti yerləşdiyi
"Qocalar evi" yataqxanasında yaşamışdır.
Şəhidimizin ömür-gün yoldaşı Nəsibə
xanım İsmayılın xatirələrindən danışarkən gözlərindəki kədər və acılar da sanki
dil açmışdı. Onların olduqca kiçik bir otaqlı mənzildə necə böyük bir xoşbəxtliyindən
ağızdolusu danışırdı: “...İsmayıl ailəsinə, övladlarına çox bağlı idi. Qızımız
Səbanın və oğlumuz Canəlinin hər zaman qayğılarını çəkirdi. Onların boya-başa
çatmalarını, təhsil almaqlarını çox arzulayırdı. İşdən yorğun gəlsə belə,
uşaqlarla vaxt keçirməyi çox sevirdi. Onları hər zaman gəzintiyə aparıb, ürəklərini
xoş etməyi istəyirdi. Məlahətli səsi ilə zümzümə edirdi. Hətta qonşular onun səsinə
vurğunluqla qulaq asırdılar. Qonşuların dediklərindən İsmayıl necə gözəl qonşu
olduğundan, heç kəsin xətrinə dəyməsindən onlara qəlbində daim yaşayacağından,
belə bir insanın yoxluğunu hələ də qəbul etmədiklərindən danışırdılar.
Anım günündə, mövludunda - özəl günlərində
oğlu Canəlinin yuxusuna girərək atasının gəldiyini və getmiyəcəyini söyləyir. Səba
deyir ki, “atam ad günündə üç günlük evə gəldiyini və daha getməyəcəyini söyləmişdi”...
Həqiqətən də şəhidlər cismən getsələr də, ruhən
hər zaman bizimlədirlər. Qısa evlilik olsa da, az bir ömür yaşasaq da, 15 ilin
evliliyi bizim özümüzdə çox xatirələr qoydu. Həyatımın ən dəyərli günləri xatirələri
bizə necə hörmət, dəyər verməsi oldu. Mən bu gün İsmayılsız olsam da, müvəqqəti
ayrılıqdır. Bir gün yenə qovuşacağıq. İsmayılın
balalarının hər ikisinin də təhsilli olmasını, Vətənə layiqli övlad kimi
böyütmək yükü var çiyinlərimdə. İnşallah Vətənə, atalarının adına layiq övlad
olarlar”.
Azərbaycan ordusunun çavuşu Qabilov
İsmayıl Ermənistanın işğalı altında olan əraziləri 2020-ci ilin sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsinin 44 günlük
savaşında əzmlə, cəsarətlə döyüşmüş, Murovdağın “Ömər aşırımı”nda böyük sücayətlər
göstərib, 27 sentybr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin nəşi
uzun müddət, daha doğrusu, 75 gündən sonra Ömər aşırımında tapılaraq, 5 dekabr
2020- ci ildə ailəsinə təhvil verilmiş, Göygöl rayonundakı Şəhidlər xiyabanında
dəfn olunmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcər
rayonunun azad edilməsinə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə
təltif olunmuşdur.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,