Eldəniz Verdiyev kimi ömrü qısa, şərəfi uca olanlar bəxtəvər sayılır...

Eldəniz Verdiyev kimi ömrü qısa, şərəfi uca olanlar bəxtəvər sayılır...
Cəmiyyət 14 Fevral 2025 - 10:46


 

 

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev vətən torpaqlarının azadlığı uğrunda gedən  İkinci Qarabağ savaşlarında düşmənə öz yerini göstərən cəngavər oğullarımızın  hər birinin adının hərb tariximizə qızıl hərflərlə yazıldığını dəfələrlə bəyan edib. Qazilərimiz isə öz növbələrində bu yolda şəhidlik zirvəsinə ucalanları bəxtəvər və bəxtiyarlar adlandırır, onların heç vaxt unudulmayacaqlarını bildirirlər.

 

Bəli, Vətən yolunda ya şəhid ol, ya da qazi! Bu müqəddəs yolun yolçularının vətənpərvərlik hisslərinin güclülüyü isə onlar üçün yaradılan şəraitdən asılı olub.

Şəhidlik İslamda da müqəddəslikdir - ölməzlikdir!Bu məqama ucalanların arasında doğma ata-baba yurdu yağmalananlar da az deyil.

 

Belələrindən biri də Verdiyev Eldəniz Rabil oğludur ki, 4 oktyabr 1999-cu ildə Göygöl rayonunun Aşıqlı kəndində  dünyaya göz açıb. 2005-ci ildə Kəlbəcər rayon 107 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2017-ci ildə Kəlbəcər orta məktəbi bitirib. Məktəbdə sinif yoldaşları arasında nümunəviyinə görə hər zaman seçildiyini deyirlər. Ziddiyyətdən aralı olan Eldənizin ancaq bir amalı var olub: işğal olunmuş torpaqlarımızı yağı - düşməndən azad etmək. Hər zaman deyirmiş ki, mən döyüşçü olacam, doğma torpağımızı, ata-baba yurdumuz olan Kəlbəcərdən erməni mənfurlarını təmizləyib, məhv edəcəm.

 

Belə də oldu. Zaman gəldi, Eldəniz böyüdü, 2017-ci ilin oktyabr ayında SHXÇ üzrə dövlət xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. 2019-cu ildə Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini başa vurdu. Həmin müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə yoldaşlarından fərqləndi. 2020-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirdi.

Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında, xüsusən də Murovdağ silsiləsinin Camışdağ istiqamətində gedən döyüşlərdə böyük şücaətlər göstərdi. Bu istiqamət üzrə gedən döyüşlərdə 2 erməni postunu ələ keçirdilər. 3-cü post istiqamətində döyüş gedən zaman (02 oktyabr 2020-ci il tarixdə) qəhrəmancasına şəhid oldu. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.

Eldəniz müstəqil həyata yenicə vəsiqə qazanmışdı, ona görə də hələ ailə qurmaq haqqında düşünmürdü: subay idi.

Daha acınacaqlısı isə o idi ki, şəhidimizin nəşi uzun müddət tapılmırdı. O, 27 sentyabrda ailə üzvlərinə (gecə saat 3-də) zəng edib, məhz döyüşün başladığını dolayı yolla bildirib ki, nigaran qalmasınlar, gec-gec danışsa: “Əvvəla, narahat olmayın, mən bu torpaq uğrunda canından keçən igidlərdən artıq deyiləm. Düşmənə öz yerini göstərməsək, xalqımızın başı uca olmayacaq. Bu, döyüşdü, hər şey ola bilər. Mənə çəkdiyiniz əziyyətləri halal edin, ola bilsin sizinlə bir də görüşə bilmədim”...

Həmin gecədən ailəsi çox narahat olur. Bir neçə günlük telefon əlaqəsi kəsilir. 29 sentyabr tarixində səhər saatlarında yenidən evə zəng edib deyir: “...döyüşlərimiz çox uğurla gedir, məndən nigaran qalmayın...”

01 oktyabr 2020-ci il tarixinədək Eldəniz evlə daim əlaqə saxlayıb, ailəsinin narahat olmamasını bildirib. Sonuncu  zəngi isə anası ilə olmuşdu. Döyüşlərdə fədakarlıqla iştirak edən zaman komandiri tərəfindən ona bir gün istirahət ayrılıb. Amma o, bu istirahət gününü qəbul etməyib. Bildirib ki, mənə torpaqlarımızın  işğaldan azad edildiyi bu ağır günündə istirahət lazım deyil. Yenidən silaha sarılaraq düşmənə qarşı amansızcasına döyüşmüş, bir neçə erməni hərbi texnikasını, o cümlədən canlı qüvvələrini də məhv etmişdi.

 

Eldənizin komandiri Arzu Allahverdiyevin dediklərindən: “...Mən Eldənizi bir gecədə tanımışam. Mənimlə bərabər 8 şəhidimizi və bir neçə yaralımızı neytral zonadan götürmüşük. O, çox böyük ürəyə mailk idi: heç nədən qorxmurdu, döyüşlərdə daima öndə olurdu...”

Eldəniz Verdiyevin belə fədakarcasına döyüşməsinə görə komandiri Vüsal Vəliyev öz qol saatını açıb ona hədiyyə edərək, qoluna bağlamışdı. Vüsal Vəliyev dəfələrlə Eldənizi məlumatlandırmasına baxmayaraq, o, yenə ön döyüşlərdə iştirak edərək, 3-cü erməni postuna qədər hücum edib, oranı da almış və qəhrəmancasına şəhid olmuşdur.

2021-ci il iyunun 1-də Eldəniz Verdiyevin nəşi tapılaraq ailəsinə təhvil verilmiş, 05 iyun 2021-ci ildə Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Anası Elnurə xanımın çırpıntılı ürək sözləri: “...Eldəniz bir dəfə yuxudan ayılaraq, həyəcanla dedi:

- Ana, yuxuda gördüm ki, arılar hara gedirəmsə, divara “sən öləcəksən!” yazırdı.

Bu yuxunu Tovuz hadisələrindən sonra görmüşdü. Onun yuxusunu “yozaraq”, “bala, yuxuda ölüm görmək, ömrün uzanması deməkdir”, - demişdim.

Eldəniz çox istiqanlı, həssas bir uşaq idi.  Həmişə  ailəmizə, xüsusən də qardaşına diqqət, qayğı göstərirdi. Hər dəfə qardaşı ilə mən şəhərə gedəndə bizə deyərdi: “Şəhərə gedirsiniz, pul lazımsa verim...”

Döyüş yoldaşları deyir  ki, Eldənizin bir manat pulu olanda ona çörək alıb hər birimizlə bölərdi. Bizim kəndimizdən nə qədər kimsəsiz uşaqlar vardısa, onlara evdən ərzaq aparıb verərdi.

Eldəniz oğul kimi də çox gözəl olub. Onun kimi bir oğlum olmasıyla çox qürur duyur, fəxr edirəm. Düzdür, ana kimi deyə bilərəm ki, onun məndən getməsi məni ömrü boyu yandıracaq. Amma yandırdığı qədər də fəxr  etməliyəm ki, belə bir oğulun anasıyam. Çünki Eldənizi tanıyan hər kəsdən onunla bağlı ancaq xoş sözlər eşidirəm.

Çətin günlərimdə yanımda oldu. Eldəniz dərd ortağım idi. Qızm yox idi, o, qız əvəzi olmuşdu mənə.

Eldəniz elə bir həyalı övlad idi ki, dönüb bir qız - gəlinə baxmazdı.

İşə düzələndə dedi:

- Ana, ilk maaşıma qurban alıb kəsəcəm, qalanına istədiyim qıza elçi gedərsiz. Razılığını alıb, nişan apararsız, toy edərik.

Qardaşımın, eləcə də qonşuların kiçik uşaqları bizə gələrdisə, Eldəniz cibindəki son qəpiyini belə onlara verib ürəklərini sevindirərdi.

Daim bizimlə maraqlanırdı. Eldəniz orta məktəbdə oxuduğu illərdə dəcəl olsa da, evdə qardaşıyla heç vaxt dalaşmazdı, çox sakit idi. Çəkdirdiyi şəkillərin hamısında da ancaq gülümsəyirdi. Başdaşındakı şəkildə də gülüş var simasında...”

Bu da bir igidin beş-on cümləlik ömür hekayəsi, tale yolu, yarımçıq qalıb, arzuları kimi...

Atalar yaxşı deyib: “Niyyətin hara, mənzilin ora”. Eldəniz kimi igidlər məqsədləri uğrunda yollarından dönməz olurlar. Bu yol isə şərəflə ucalığa aparır. Hər doğulan oğul bu yolu gedə bilmir. Hər “Vətənə qurban olum” deyəndən qurban olmur. Vətəni əsil oğullar sevir və onu canlarından əziz bilib, uğrunda şəhid getməkdən də qürur duyurlar - Eldəniz Verdiyev kimi: ömrü qısa, şərəfi uca olanlar...

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər