Cənab prokurorun örnək ömür yolu və həyat fəlsəfəsi
Əli Səmədov kəlbəcərlilərin yadında və yaddaşında…
Bu sətirləri yazmağa başlayana kimi çox düşünüb-daşındım. Nədən başlamaq lazım olduğunu dəqiqləşdirə bilmədim. Ona görə yox ki, doğmalarım haqqında, nədənsə, ürəyim istədiyi kimi heç nə yaza bilmirəm. Ona görə yaza bilmirəm ki, əlimin altında yazılacaq o qədər məlumatlar, indiyədək dilə gətirilməmiş faktlar var, çaşıb-qalmışam.
Bu dəfə qələmə aldıqlarımı oxuyacaq kəlbəcərlilər Onu yaxından tanımaya bilər. XX əsrin əvvəllərində, daha doğrusu, ilk onilliyində anadan olub. Həmyaşıdları dünyadan köçüblər, özü kimi. Lakin onların övladları “zəhmli prokuror” obrazı ilə adı dillərdə illərlə dolaşan Əli Səmədovun necə şəxsiyyət olduğunu bilməmiş olmazlar.
Bəri başdan qeyd edim ki, Əli İmamqulu oğlu Səmədov haqqında çoxdan nəsə yazmaq istəmişəm, bəlkə də ilk qələm təcrübələrimdə. Amma fikirlərim hələ də yaz dumanı kimidir: gah qatılaşır, gah da ayazıyır başımdan. Fikirlərim Murovdağdan aşan yola da bənzəyir: hərdən duman-çən basır, gahdan da bahar təravətli yaz donuna bələnir.
May ayı mənim üçün heç də bahar təravətli deyil, son iyirmi ildir. Əli qələmli, dili şirin kəlamlı anamı məhz bu ay itirmişəm. Yox, yox, itirməmişəm, daha çox qəlbimdə elə adı kimi (adı Güllər, özü də gül idi mənim üçün, amma ömrü bir aylıq yaz gülü…) qaldı.
Əli Səmədov haqqında anamdan daha çox eşitmişdim, nəinki atamdan. Anam o illərin sanki arxivi, yaddaşı idi. Bu xatirələr toplusuna da, doğrusu, anamın imzasını yazsam, daha düzgün olardı…
İlk dəfə gördüyüm “zəhimli kişi”,
Yaxud sadə də prokuror olar?!
…Onunla ilk tanışlığımın tarixinə nəzər salıram. Orta məktəbi bitirəcəkdim o il. “Ədəbiyyat” fənnindən aradabir bizim sinfə də dərs keçən Əmrullah müəllimin atası Hüseyn baba rəhmətə getmişdi (onların köhnə məhlələri Otaqlı kəndində, məscidin yanında idi. Amma sonradan “Hasar”a köçüb, orada yenidən məhlə salmışdılar. Əmrullah müəllimlə Ərzullah qardaşları bu həyətdə olurdular). Əmrullah müəllimin atası Hacı Hüseynqulu oğlu Hüseyn illər xəstəsi idi. Həmin il dünyasını dəyişdiyi üçün (Hüseyn baba atamın dayısı idi) qohum-əqraba yas yerindəydi. Əli Səmədovu, oğlanlarından Nəbi və Sabir Quliyev, Ədalətlə Məhəmməd qardaşlarını da elə orada – yas yerində görürdüm. Yas yerinə gələn qocalı-cavanlı hər kəs onunla görüşür, hal-əhval tuturdu. Ağsaqqal və bir az da ilk baxışdan “zəhimli kişi” təsiri bağışlayan Əli babanın oturması üçün göy çəmənlikdə döşək-yastıq qoyulmuşdu. O da yastığa dirsəklənib, camaatın hal-əhvalını öyrənir, cəmiyyətdə baş verənlərdən, uşaqların tərbiyəsinin necə vacib olduğundan danışırdı.
Bəli, ilk dəfə Əli Səmədovu orada görürdüm. Atamın ən yaxın qohumu olduğunu da o gün eşitdim. Atam, dayı dediyi köhnə prokurora yaxınlaşıb dedikləri dəhələ də yadımda qalıb:
-Dayı, bu uşaq da bizimkidi - Məhəmməddi. Orta məktəbi yaxşı oxuyur. İstəyirəm bundan sonra ona yolu siz göstərəsiz. Dayısız çətindi. İndiyə kimi heç kimə ağız açmadım. Amma indi məcburam: Məhəmmədin bundan sonra ali məktəbdə oxumaq həvəsinə kömək eləməyinizi istəyirəm, həm də çox. Məni kimi fəhlə olmasın.
Əli baba sağ çiyni üstündə mənə sarı dönüb baxdı. Və elə o dəqiqə də atamı nigaran qoymadı:
-Ə, Nəbi, eşitdin də?! Nərimanın bu oğlunu bundan sonra oxutmaq sənlikdi, düz deyir də. Nə vaxt işə yarıyassız?! Apar Kirovabada… Ağlın kəsən bir məktəbə qoy, gözün də üstündə olsun.
O vaxtlar Gəncə sözü işlətmək qadağan imiş yəqin. Hamı Gəncəyə Kirovabad deyirdi. Onun Nəbi müəllimə müraciətindən duydum ki, o, Əli babanın oğludur. Hündürboy, enlikürək qalstuklu bir kişi ona yaxınlaşıb dedi:
-Hə, nolar ki. Gələr ora, qoyaram Abbas müəllimin məktəbinə. Bir peşə, sənət yiyəsi olar.
Ən qədim kənd, ən yeni qəbristanlıq
…O vaxtlar bilmirdim ki, “Abbas müəllimin məktəbi” Gəncədəki Politexnik Texnikumudur. Yoxsa elə o gün qəti etiraz edərdim. Axı, mən Bakı Dövlət Universitetinə, filologiya ixtisasına hazırlaşırdım. Orta məktəbi zəif oxumamışdım. Buna görə də texnikuma, həm də minnətli qəbul etdirilməyimi istəməzdim!
Aradan xeyli vaxt keçmişdi. Mən orta məktəbi bitirmiş, ali və orta-ixtisas təhsilı almışdım, üstəlik, o vaxtlar mənə təklif olunan texnikumun rus bölməsini də oxumuşdum, təmənnasız, dayısız-filansız.
…İllər sonra Otaqlı kəndində yeni salınan qəbristanlıqda (“Ağaməmməd” adlanan ərazidə) bir köhnə kişinin yeni bərpa edilmiş, üstündə çardaq qurulmuş məzarı ilə qarşılaşdım. Bu qəbir “zəhimli prokuror” kimi yadımda qalan, məni ali təhsil almaq üçün oğlu Nəbi Quliyevə tapşıran Əli Səmədovun məzarı idi. Bir dəfə ziyarət edərkən qara mərmərdən baxan şəkilə pıçıldadım: “Ruhun şad olsun, “zəhimli prokuror”, tapşırdığın o cılız oğlanam - Məhəmməd! Mən öz ayaqlarım üstündə dayanmaq üçün çoxlarını “eşitmədim”. Amma bu gün məzarın üstünə utana-utana gəlmirəm…”
Dünən, bu gün və sabaha açılan pəncərə
Kəlbəcərin tarixi şox qədimdir. Minilliklərin o tayından başlayır bu yerlərin qələmə alınmamış tarixi. Bu tarxi diyarda bir kənd də var (digərləri kimi, əsrlərin dizini qatlayan) Otaqlı adlı. Kənddə otaq olar, əlbəttə. Lakin bu kənd hələ alban dövrünün yadigarı olsa da, müasirliyi ilə yanaşı, qədimliyi, ululuğunu da qoruyub saxlamışdı. Bu da çox vacib idi.
Bəri başdan deyim ki, Əli Səmədovun dünyaya göz açdığı kənd - Otaqlı Qafqaz Albaniyası dövlətinin tarixi yadigarlarından birini qoruyub-saxlamışdı. Evdamı kimi uçuq-sökük olan bu yadigar bina, əslində, o dövr üçün məbəd imiş. Bu barədə hələ 2000-ci ildə çapdan buraxılan “Kəlbəcər: Azərbaycanın qala qapısı” kitabında məlumat verilir. Ona görə Əli Səmədovun da dünyaya göz açdığı kəndin tarixi haqqında burada ətraflı söz açmağa ehtiyac yoxdur.
Bu kəndin yetirdiyi tarixi şəxsiyyətlər haqqında isə bir kitab yazmaq çox vacibdir. Çünki tarixi kənddir. Sağlıq olsun, Əli Səmədovun nəsil şəcərəsi barədə də bir kitabı oxucuların ixtiyarına verərik, inşallah.
Əli İmamqulu oğlu Səmədovu yaxından tanımaq üçün öz dəst-xətti ilə yazdığı tərcümeyihalından bəzi məqamlara baxaq: “Mən, Səmədov Əli İmamqulu oğlu 1911-ci ildə Azərbaycanın Cavanşir qəzasının Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndində anadan olmuşam. 1929-cu ilə kimi Kəlbəcərdəki məktəbdə oxumuşam. 1929-cu ildən ailə vəziyyətimə görə məktəbdə oxumaqla bərabər, Kəlbəcər rayon Prokurorluğunda kuryerlik vəzifəsində işə qəbul edilmişəm. 1932-ci ildə 7 illik məktəbi qurtarandan sonra, 1933-cü ilə kimi Kəlbəcər rayon Prokurorluğunda katib, 1933-cü ildən 1937-ci ilə kimi Kəlbəcər rayonunda xalq müstəntiqi vəzifəsində çalışmış, 1937-ci ildən 1939-cu ilə kimi Bakı şəhərində hüquq məktəbində oxumuş, 1939-cu ildən 1941-ci ilin iyul ayının 5-nə kimi Kəlbəcər rayon xalq müstəntiqi vəzifəsində işləmişəm. 1941-ci ildən 1954-ci ilin dekabr ayına kimi Böyük Vətən müharibəsində sıravi qızıl əsgər olmuşam. 1945-ci ildən 1950-ci ilə kimi Kəlbəcər rayonunda xalq müstəntiqi vəzifəsində işləmişəm. 1950-ci ildən 1951-ci ilə kimi Xarkov şəhərində birillik Hüquq Məktəbini bitirdikdən sonra Azərbaycan SSR-in Şamxor (hazırkı Şəmkir-M.N.) şəhərinə xalq müstəntiqi vəzifəsinə təyin olunmuşam. 1952-ci ilin iyun ayından hal-hazıra kimi Kəlbəcər rayonunda xalq müstəntiqi vəzifəsində işləyirəm…”
Kəlbəcərdə o dövrün zəhmətkeşlərinin yaxşı tanıdığı prokurorun yazdığı tərcümeyihalından da göründüyü kimi, uşaqlıq illərindən ömür-gününü oxumağa və sonra da Vətənə xidmətdə keçirən bir insan haqqında geniş söz açmaq həm mənəvi borcumuzdur, həm də vətəndaşlıq. Çünki Əli Səmədov da Vətənə əsl vətəndaş kimi öz borcunu verib.
Böyük Vətən müharibəsi zamanı cəbhədə 5 dəfə yaralanıb. Döyüşlərdə cəsarət göstərdiyinə görə 9 orden və medulla təltif edilən Əli Səmədovu Allah saxlayıb. Nə az-nə çox, düz 16 dəfə Xalq Müdafiə Komissarı İ.Stalin tərəfindən təşəkkürnamə alıb. Müharibədə, daha doğrusu, ön cəbhədəki döyüşkənliyi onun komandirləri tərəfindən ünvanlanan məktublarda, təşəkkürlərdə də bu igidlik özünün əksini tapıb.
Daha maraqlı bir hədiyyəsi də olub Əli Səmədovun. Birinci Belarusiya Cəbhəsi adından “Təşəkkürnamə” almaqla bərabər, o, həm də bir dəst kostyum və bir ədəd saat mükafatına da layiq görülüb.
Döyüş yolları uzun və əzablı keçsə də, o, heç də bədbin olmayıb. Hər dəfə geriyə, doğmalarına məktub yazarkən hər şeyin yaxşı olacağını dönə-dönə qeyd edirmiş. İstər Kəlbəcər rayonunda, istərsə də Şamxor şəhərində işlədiyi müddətdə heç bir cəza almayan Əli Səmədov vəzifəsində göstərdiyi layiqli xidmətlərinə görə, Azərbaycan SSR Prokurorluğu tərəfindən iki dəfə bir aylıq əməkhaqqı miqdarında pul mükafatı və bir dəst kostyum ilə də mükafatlandırılıb. Bunlardan savayı, o, müstəntiq vəzifəsini layiqincə apardığına görə SSRİ Prokurorluğu tərəfindən də “Təşəkkürnamə”yə layiq görülüb.
Səmədov Əli İmamqulu oğlunun 20 yanvar 1953-cü il tarixdə özünün yazıb imzaladığı tərcümeyihalından bəzi məqamları da oxuyaq: “…Atam Şahverdiyev İmamqulu Səməd oğlu, anam Şəldiyeva Saray Şəldi qızı 1932-ci ildən 1951-ci ilə kimi öz kəndimizdə yaşayıb və Kalinin adına kolxozun üzvü olublar. 1951-ci ildə hər ikisi vəfat etmişdir. Ata və anam kolxozda işlədikləri zaman heç bir kolxoz cəzası ilə cəzalanmayıblar. 1944-cü ildən ÜİK(b)P-nin üzvüyəm. İndiyə kimi heç bir partiya cəzası almamışam. Rayon partiya təşkilatının seçkilərində iştirak edib, rayon partiya təşkilatının təftiş komissiyasına seçilmişəm. 1944-cü ildən indiyə kimi rayon məhkəmə-prokuror ilk partiya təşkilat katibi vəzifəsini ifa edirəm. Qohumlarımdan və hətta öz kəndimizdən məhkəmə məsuliyyətinə alınan olmamışdır. Orta təhsil almaq məqsədi ilə işlədiyim dövrdə işdən ayrılmadan, 10 illik məktəbi qurtarmışam.
1936-cı ildə evlənmişəm. Həyat yoldaşım Rəhimova Əzizə Ədil qızından iki uşağım olub. 1943-cü ildə isə hər ikimizin razılığı ilə bir-birimizdən ayrılmışıq. İstər Kəlbəcər rayonunda, istərsə də Şamxor şəhərində işləyərkən rayon partiya təşkilatının tapşırıqlarını layiqincə və vaxtında yerinə yetirmişəm. Özümdən başqa qardaşım olmayıb. Ancaq iki bacım olubdur ki, onlar da hal-hazırda öz kəndimizdə yaşayırlar və Kalinin adına kolxozun üzvüdürlər.
Böyük Vətən müharibəsi zamanı ordumuzun komandanlığında döyüş cəbhələrində iştirak edib, Latva, Litva, Bessarabiya, Estoniya, Polşa və Albaniya ölkələrində sıravi əsgər kimi xidmətdə olmuşam. Başqa partiyalarda iştirak etməmişəm.
Tərcümeyihalımın çox hissəsini partiya üzvləri Bayramov Sadıq, Ağayev Əlqəmə, Təhməzov İsa, İsmayılov Şafaqat, Şükürov Şükür və başqa yoldaşlar təsdiq edə bilərlər”.
Əli Səmədovun Böyük Vətən müharibəsindəki xidmətləri ilə bağlı əlimizdə olan sənəd-sübutlar az deyil. Onlardan biri də Kəlbəcərdə o illər çıxan “Qızıl maldar” qəzetində dərc edilmiş bir məqalədir.
Məqaləni bura əlavə etməklə, bir daha Ə.Səmədovun necə döyüşçü olmasını dilə gətirə bilərik. Hərbi hissənin döyüşçüsü Etefinov redaksiyaya məktub yazaraq, Kəlbəcər Sovetliyinin Otaqlı kəndində, Kalinin adına kolxozda çalışan Şahverdiyev İmamqulu Səməd oğluna və kiçikyaşlı Nəbi və Sabir qardaşlarına Səmədov Əli (ataları-M.N.) haqqında aşağıdakı sözləri yazmağı xahiş edir.
O, məktubunda yazır: “Hörmətli Əli Səmədovun atası İmamqulu Şahverdiyev, kiçikyaşlı Nəbi və Sabir! Sizin oğlunuz (İmamqulu Şahverdiyev nəzərdə tutulur-M.N.) və atanız (Nəbi və Sabir nəzərdə tutulur-M.N.) Əli Səmədov haqqında nigaran olmayın. O, mənimlə bir yerdə olmaqla, sağ və salamatdır. Səmədov Azərbaycanın həqiqi (sözün əsl mənasında-M.N.) oğludur. Düşmən atəşi altında olmağımıza baxmayaraq, o, hər bir tapşırığı qoçaqlıqla yerinə yetirir. Vəzifədən asılı olmayaraq, Əli Səmədov mənim yoldaşımdır. Naçalnik olmağıma baxmayaraq, onunla yaxınam (sirdaşam). Nə qədər ki, imkan var, ona kömək edirəm.
Əzizlərim! Biz xain düşmənlə vuruşub, onları torpağımızdan qovuruq. Atəşin altında irəliləyərək, düşmənə ağır zərbə endiririk. Siz yəqin bilin ki, tez bir zamanda düşməni əzəcəyik. İstəkliniz Səmədovdan nigaran olmayın. Siz öz kolxozunuzda namusla, qeyrətlə, yorulmadan işləyib, yüksək kənd təsərrüfatı məhsulları uğrunda aparılan mübarizəyə qoşulun.
Qızıl əsgər salamım ilə sizə təşəkkür edirəm.
Sizin Ettefinov”
Bizim sovet vətəni uğrunda!
Diviziya komandiri - qvardiya general-mayoru N. Andonyev, Qvardiya Siyasi İdarəsinin rəisi - qvardiya polkovniki A. Yuxov, Qvardiyanın Baş Qərargah rəisi - polkovnik P.Perminovun imzaladığı - Əli Səmədova hərbi xidmət illərində təqdim edilən təşəkkürnamələrin birindən oxuyuruq: “ Mühafizə diviziyamız Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində alman faşist işğalçılarına qarşı şanlı döyüş tarixi keçmişdir. Onun döyüş bayrağında “Qırmızı Bayraq”, Suvorov ordeni və onların dərəcələri - Vətənin yüksək mükafatları əsgər, çavuş və zabitlərin şücaət, qəhrəmanlıq və hərbi igidlik əlamətləri var.
Ali Baş Komandan, Sovet İttifaqı Marşalı yoldaş İ.Stalinin əmri ilə sizə “PİNSKAYA” adı verilmişdir. Siz və bütün şəxsi heyətiniz Kaluqa, Pinsk, Brest, Riqa, Varşava, Lodz-Voldenberq, Bıqdoş, Altdam uğrunda döyüşlərdə iştirak etmisiniz. Siz Dnepr, Oder və Elbada gedən döyüşlərdə düşməni amansızcasına məhv etdiniz. Siz Berlin uğrunda döyüşmüsünüz.
Hərbi hərəkətlərinizlə (döyüşkənliyinizlə-M.N.) Siz diviziyanın hərbi şöhrətini və ənənələrini artırdınız. Onun xidmətləri sizindir.
Bölməmizdə qüsursuz və vicdanlı xidmətinizə görə sizə təşəkkür edirəm.
Qırmızı Ordudan tərxis olunub gedəndə böyük quruculuq işlərində Vətənə bacardıqca kömək etməlisiz. Əminəm ki, siz qvardiyaçı, Böyük Vətən müharibəsi iştirakçısı kimi orada, arxa cəbhədə də layiqincə çalışacaqsınız.
Sizə Böyük Vətənimizin şöhrəti naminə yeni güc və uğurlar arzulayırıq”.
Dünyanın yüz alimindən biri
Əli Səmədovun ömürnaməsi məqaləyə sığmayan bir dastanlıqdır. Biz onun bəzi məqamlarını diqqətə çatdırmaqla, illərlə haqqında söz açılmyan, unudulmuş təsiri bağışlayan kəlbəcərli kimi təqdim etməməliyik.
Əli Səmədovun ailəsində dünyaya göz açan övladları da cəmiyyətdə özlərinə və ata-babalarına layiq mövqeləri ilə seçiliblər. Böyük oğlu Nəbi Quliyev prokurorluq ixtisasını seçməklə bir daha ata yoluna sadiqliyini nümayiş etdirdi. Onun istər Goranboy, istər Daşkəsən, Mingəçevir, istərsə də Gəncə şəhərində prokuror kimi fəaliyyəti daim diqqət mərkəzində olub.
Əli Səmədovun oğlanlarından biri olan Ədalət Quliyev istər atası, istərsə də qardaşları Nəbi və Sabir haqqında söhbətdən sanki doymur, xatirələri, faktları bir-birinə calayır: “...Sabir Quliyevi nəinki Azərbaycanda tanıdılar. Dünyanın yüz alimindən biri kimi tanınan qardaşımla biz qürur duyurduq. Təəssüf ki, amansız xəstəlik bu dünyanın yüz alimindən birini nəinki ailəsinin, əslində, xalqımızın əlindən tez aldı. Onun kəşfləri dünya ailmlərini heyran qoymuşdu.
Nəbi Quliyevin həyatı və fəaliyyəti, təbii ki, digər qardaşlarınkından tamamilə fəqli oldu. Onun ömür kitabı yazılmadığı üçün (qanun və hüquq keşikçilərinin bir özgə həyatı olur ki, onları yazmaq, tarixləşdirmək o qədər də asan deyil.
Professor Sabir Quliyevə gəlincə, onun necə vətəndaş, elm adamı olması, xalqa, elmə, Vətənə, dünyaya, bəşəriyyətə gərəkliliyi göz önündə olduğuna görə, barəsində cild-cild kitablar yazılsa da, azdır.
“İctimai” TV-nin aparıcı jurnalistlərindən biri kimi tanıdığımız Nigar Sabirqızı atası haqqında qısaca olaraq bunları deyir: “ ...2020-ci il hər mənada fərqli olduğunu göstərdi. Çoxlarının arxada buraxmaq istədiyi 2020-ci il, dunyanın 100 alimindən biri, professor Sabir Quliyev üçün daha çox əhəmiyyəti ilə yadda qaldı. Atamın həyat yolunun iki sevgisi vardı: Kəlbəcər və elm. Biri azad oldu, o birisi yenidən onun adını dünyaya tanıtdı.
Ömrünün son illərində apardığı tədqiqat işi ölümündən sonra - bu ilin yanvarında Almaniyanın “Archive of Applied Mechanics” jurnalında “Springer” nəşriyyatı tərəfindən çap edilərək dünyaya yayıldı. “Mürəkkəb oblastın konform inikas funksiyası və onun tətbiqi” adlı məqalə elm aləmində yeni kəşf hesab edilərək, nəzəri və praktiki əhəmiyyəti vurğulandı. Bu ilin sentyabrında isə həmin məqalədəki yeni elmi kəşfdən ABŞ-ın Texas A&M Universitetinin professoru Daniele Mortarinin rəhbərlik etdiyi elmi-tədqiqat işində istinad edilərək “Scilit–Global” elmi araşdırmalar bazasında qeydiyyata alındı. Oktyabr ayında isə ABŞ-ın Mühəndis Tədqiqat Global Jurnal təşkilatından belə bir yazı gəldi: “Bu məqaləni elektron mailinizə sizin mürəkkəb oblastın konform inikas funksiyası və onun tətbiqi adlı son tədqiqat işinizlə bağlı yazıram. Deyə bilərəm ki, sizin işiniz adamda heyranlıq yaradır. Elmi kəşfiniz və elmdə yeniliklər axtarışında olmağınız sizin başqa tədqiqatçılara və alimlərə təsir etmək, onları ruhlandırmaq potensialında olduğunuzu nümayiş etdirir...”
Nigar Sabirqızı daha sonra qeyd edir ki, bu yazını oxuyanda məşhur fransız alimi Lui Pasterin sözlərini xatırladım: “Həqiqi alimlər yaşadıqları dövrə yox, bəşəriyyətə məxsusdur, onların elmi dünyaya isıq saçacaq bir fənərdir...”
Bütün bunlardan sonra onu da bildirmək istərdim ki, Sabir müəllim dünyanın 100 alimindən biri olduğunu heç də digərləri kimi, qürrələnərək, hər yerdə deməyib. Yəni belə bir alimlə fəxr etmək bizim borcumuzdur. Sabir müəllim professor idi. Lakin və təəssüf ki, onun belə dəyərli alim olduğu heç də vaxtında qiymətləndirilmədi. Nə fəxri ad ona qıyıldı, nə də Fəxri xiyabanda son mənzili üçün iki kvadratmetrlik torpaq! Vəzifə onun üçün əlyetən deyildi, bunu yaxşı bilirdi. O, çalışdığı elm ocağında sıradan bir müəllim kimi tanındı, baxmayaraq ki, dünyadakı məşhur erməni alimlər onu Azərbaycandan “oğurlamaq” istədilər.
Sabir müəllimin son iş yerində olarkən onun kimi neçə dəyərli elm adamının - professorların darısqal bir otaqda, sınıq-salxaq stol-stulda, hansı şəraitdə işlədiklərini gördükdə dəhşət məni bürümüşdü. Bunun səbəblərini öyrəndikdə isə professorun bundan sonra da əyilməzliyinə, yaltaqlığı qəbul etmədiyinə görə, başının hələ çox ağrıyacağına şübhəm qalmamışdı. Elə də oldu. Heç olmasa, ona bir kafedraya rəhbərlik də tapşırılmadı. Çünki o, digərləri kimi ola bilməyəcək, buna görə də rəhbərliklə “üz-göz olacaqdı”. Bunu yaxşı bilirdi.
Sabir Quliyev hansısa tələbəyə, kimlərinsə tapşırığı, yaxud “xahiş”i ilə güzəştə gedənlərdən deyildi. Lakin “yaxşı oxuyan tələbə gözümün işığıdır” fikrinin müəlliflərindən biri də o idi.
Yuxarıda adı çəkilən elmi jurnalda Sabir müəllimin doğulduğu Kəlbəcər rayonunu ermənilər Ermənistanın ərazisi kimi göstərməklə, yənu onun haqında dosyeni saxtalaşdırmaqla, “özlərininki” kimi dünyaya sırımağa çalışsalar da (bu yazının müəllifinin də yaxından iştirakı ilə), daşnaklarla mübarizə apararaq, alimimiz haqqını və hüquqlarını müdafiə edərək, Kəlbəcərin Azərbaycan ərazisi olduğunu təsdiqləməklə, dünyanın 100 alimindən birinin azərbaycanlı olduğunu sübut etdi.
...Əli Səmədovun ailəsində dünyaya göz açan daha iki qardaşın da adları bu yazıda çəkilməsəydi günah olardı. Əli Səmədovun Abidə xaladan olan oğlanları Ədalətlə Məhəmməd də ata ocağının odunu qorumaqla, hansı nəslə mənsub olduqlarını əməllərində və dövlətə xidmətlərində təsdiqlədilər. Hər ikisi də inşaat sahəsində çalışmaqla, öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər.
Ədalət Əli oğlu Quliyev deyir ki, biz Sabir müəllimlə nəinki qardaş kimi, həm də əsl azərbaycanlı alim olmağı ilə qürur duyuruq: “...Atamızın yolunu seçən Nəbi Quliyev prokurorluq sistemində çalışdığı dövrdə, ondan sonrakı, kəlbəcərlilərin qaçqın-köçkün düşdüyü illərdə onlara göstərdiyi doğmalıq haqqında bu gün də ürəkaçan, sevindirici soraqlar alırıq. Bir qardaş kimi, bizə xoşdur ki, nəslimizdən onlar kimi ziyalı, alim yetişdi. Əlbəttə, bu işdə ata-anamızın əməyi birincidir, ilkindir. Nə yaxşı ki, atamız xidməti illərində kimlərinsə haqqını tapdalamadı. Axı, o dövrdə bu sistemdə işləyib hörmət qazanmaq o qədər də asan deyildi. Nəbi qağam həm də Dədə Şəmşirin ən yaxın dostlarından biri olmuşdur. Aşıq Şəmşir öz qələmi ilə Nəbi qağam haqqında neçə-neçə şeirlər yazmışdı. Nəbi qağam da onun dastanlarını o vaxtlar - Gəncədə, Mingəçevirdə işləyəndə makinada yazdırıb kitab kimi cildlətmişdi. Gəncədki evlərində görmüşdüm.
Qardaşım Sabir müəllimə gəlincə, onun elmə, savada, biliyə olan marağı və ciddiliyi nəticədə onu dünyanın 100 alimindən biri kimi tanıtdı. Azərbaycandan yeganə o oldu ki, adı dünyanın 100 alimindən birinə həsr edilən kitaba düşdü. Bu, sanki “Ginnesin Rekordlar Kitabı”na adını həkk etdirmək deməkdir. Belə nailiyyətlə qürur duymamaq olarmı?”
Dünyanın 100 alimindən biri və
ona qıyılmayan fəxri adlar
...Bəli, adı elmin zirvəsində çəkilənlərdən biri Əli Səmədovun ailəsində dünyaya göz açmışdı. O, ilk növbədə kəlbəcərli, daha sonra Azərbaycanın adı fəxrlə şəkilən oğludur ki, Otaqlıda dünyaya gəlib. Uşaqlıq illərində o yer-yurdun, təbiətin balası olub.
Sabir müəllim ömrünü elə orta məktəbi bitirdikdən sonra şəhər həyatına bağlayan bir kəlbəcərli olub. Ali məktəbi bitirdikdən sonra elmə doğru uzanan yolu uzun, həm də enişli-yoxuşlu olub. Erməni mafiyası onu gənclik illərindən izləyir və addım-addım irəli getməsinə əngəl olmağa çalışırdı. Lakin ondakı iradə və dönməzlik bütün keçilməzlikləri aşmaqda yardımçısı olub.
Sabir müəllimin istər namizdəlik, istərsə də doktorluq işlərinin müdafiəsində erməni lobbisi dəfələrlə onun elmi işini əlindən almağa çalışsa da, o, qətiyyəti və savadı, biliyi ilə bunun qarşısını almışdır. Orta məktəbi “Qırmızı attestat”la bitirən Sabir Quliyev ali təhsilini başa vuranda da “Qırmızı diplom” alanların sırasında olub.
Sabir Quliyevin özəlliklərindən biri də onun tər-təmiz kəlbəcərli olması idi. Elmdəki kəşflərinə vaxtını və ömrünü həsr edən Sabir Əlioğlu son illər eyni zamanda qəlbləri titrədən qoşma, gəraylılar müəllifi kimi də tanındı. Onun “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” antologiyasında, “Kəlbəcər: sazın-sözün harayı almanaxında bir-birindən mövzu və janr baxımdan fərqli şeirləri də yer alıb.
Kəlbəcər ədəbi dünyasının tədqiqatçılarından biri olan şair-publisist Yusif Hüseynin Sabir müəllimin bədii yaradıcılığına həsr etdiyi məqalədən də bəzi məqamlara diqqət yetirək. Yusif Hüseyn “Oskar”dan imtina edən azərbaycanlı professor” sərlövhəli məqaləsində yazır ki, o, Sabir Quliyevi ali məktəb illərindən tanıyıb. Düzdür, o, Yusifə dərs deməyib: “...Amma bir kəlbəcərli kimi onunla fəxr edirdim ki, həmyerlim ali təhsil aldığım institutda dərs deyir.
İllər ağrılı-acılı olmasına baxmayaraq, çox sürətlə ötüb-keçdi. Sonralar xeyir-şərdə görüşüb dərdləşərdik. Bir dəfə də 70 illik yubileyində gözləmədiyim halda məclisi aparmağı mənə həvalə etdi. Axı, bu, bir tərəfdən mənim üçün asan idisə də, digər tərəfdən çox çətin və məhsuliyyətli bir iş idi. Ona görə ki, bu məclisdə olanların demək olar ki, hamısı professorlar, yəni elm adamları, alimlər idi. Hətta bir tərəfdə mənim keçmiş ali məktəb müəllimlərim əyləşmişdilər. Fikirləşdim ki, yenə də professor məni müəllimlərimin qarşısında ağır və fərəhli bir imtahana çəkir. Allahın böyüklüyünə şükür ki, “bu imtahandan da yaxşı qiymət aldım”.
Sabir Əli oğlu Quliyev 1940-cı ilin mart ayının 22-də Kəlbəcər rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kəlbəcər orta məktəbini qızıl medalla bitirərək, elə həmin ili də Azərbaycan Politexnik İnstituna daxıl olub, 1962-ci ildə ali təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. Elə o zamandan bilik və bacarığına görə həmin institutda müəllim kimi fəaliyyətə başlamışdır. 1975-ci ildən Azətbaycan Memarlıq və İnşaat Universitetində çalışır. Universitetin “Nəzəri mexanika” kafedrasının professorudur. 1988-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmiş, 80-nə yaxın elmi əsərlərin və neçə-neçə dərslik kitablarının müəllifidir.
Amerikada nəşr olunan “Dünyanın yüz alimindən biri” adlı elmi jurnalda ona “Oskar” mükafatının da layiq olduğunu dərc etmişlər. Lakin yenə də mənfur ermənlər onun tərcümeyihalını təhrif edərək, “Ermənistan vətəndaşı” kimi göstərmişdilər. Bunu özünə bağışlamayan professor Sabir Quliyev həmin jurnalın redaksiya heyətinə öz tənqidi irad və fikirlərini yazaraq, hətta “Oskar” mükafatından da imtina etmişdir. Bax, əsl Azərbaycan vətəndaşlığı buna deyərəm.
Dünyanın malını bölməyə nə var,
Alimin dərdini bölmək çətindi
Sabir müəllim yurd itkilərimizlə heç zaman barışmayıb. Birlikdə olanda mən hiss edirdim ki, professorun qəlbində hansı intizarlar yurd salıb. Hərdən bu yurd ağrılarını, bəzi insanların ehtibarsızlığını poeziyaya çevirərək, mənim kimi dostlara ərmağan edir:
Dünyanın sonunu bilməyə nə var,
Sinənin altını bilmək çətindi.
Min gözün yaşını silməyə nə var,
Bir könül “yaşını” silmək çətindi.
Eşq yolunda candan keçməyə nə var,
Zərgər olsan, zəri seçməyə nə var,
İz qoyub dünyadan köçməyə nə var,
Bir qərub, bir nakam ölmək çətindi.
Səfil kimi gəzib-gəlməyə nə var,
Nadana hər sözü deməyə nə var,
Arsız-arsız deyib-gülməyə nə var,
Qəlbin ağlayanda gülmək çətindi.
Özgə gözdə tükü görməyə nə var,
Bağçaların barın dərməyə nə var,
Dünyanın malını bölməyə nə var,
Alimin dərdini bölmək çətindi.
Həqiqətən dərdin çoxu qananlara, alimlərə düşüb. Axı, nadan nə başa düşür ki, nə də dərdi ola?!
Mən yenə də Sabir müəllimin Kəlbəcər ədəbi mühitinə bağlılığını sizlərə çatdırmaq üçün onun bir neçə şerini də nəzəriniza çatdırmağı özümə borc bildim. Mənim bu yazımdan professorun xəbəri yoxdur. Yəqin ki, kitabda bir sürpriz kimi olacaq. Amma bilmirəm ki, necə qarşılayacaq. Kaş, xoşuna gələ yazdıqlarım.
Bir dəfə ondan şeir istədim.
O, dedi:
-Qardaş, bəzən elə bayağı xalq mahnılarımızı eşidirəm ki, məni fikir aparır. Axı, necə ola bilər ki, “atadan, anadan yad qızı şirin olar”? Bir xalq mahnımız var, onu həmişə dinləyəndə əsəbiləşirəm. Adı belədir: “Atadan, anadan, yar şirin olar”. Həmişə bu mahnı məni düşündürürdü. Mən şair deyiləm, ay Yusif, amma məcbur olanda belə bayağı şeylərə qarşı öz fikirlərimi nəzmə çəkməyə çalışıram. Axı, şeirlə daha yaxşı yadda qalır fikir:
Qeyrətsiz övlada, ağıldan kəmə
Atadan, anadan, yar şirin olar.
Yığsa da əlinə dünya malını,
Gözdoymaza hər nə var şirin olar!
Kişi olan alçaq sözü götürməz,
Mərdi namərdlərin gözü götürməz.
Qəlbi əyri heç vaxt düzü götürməz,
Yaltağa deyilən “çor” şirin olar.
Alimin qədrini qanmaz nə bilər,
Məhəbbəti qəlbi yanmaz nə bilər,
İnsanlığı “boynudönməz” nə bilər,
Zəhmətlə bəslənən bar şirin olar!
Alimlik, şairlik, sənətkarlıq İlahidəndir. İlahinin alın yazısına kimsə toxuna bilməz. Hər yetən də alim, şair ola bilməz. Professor Sabir Quliyevin dediklərindən: “…Bir dəfə
Türkiyənin milli öndəri Mustafa Kamal Atatürk böyük bir məclisdə gözəl sənətkarlarla, alimlərlə, şairlərlə görüşür. Bu zaman bir şair istəyir ki, Atatürkün əlini öpsün. Atatürk buna imkan vermir. Üzünü ona tutub deyir ki, alimlər və şairlər əl öpməməlidirlər. Onların əli öpülməlidir…”
Amma zəmanəmizdə bəzi yaltaqlar elə edib ki, nə alimə, nə şairə hörmət qalmayıb. O “şairlərə” hörmət edirlər ki, yaltaq olsun. İnsanlığın ən alçaq dərəcəsi yaltaqlıqdır. Ziyalı yaltaqcasına bəyə, xana, şaha qulluq etməz, o, yalnız öz xalqına və Allahına qulluq etməlidir.
Sabir Quliyev: “Bərabərlik, yalnız riyazi elmlər üçündür…”
Oxuduqlarımızdan bilirik ki, qəddar hökmdar Qızıl Arslan Nizami Gəncəvinin görüşünə neçə fərsəng yolu piyada gedirmiş. Bu o zaman sözə və şairə verilən yüksək qiymət imiş. Bax elə buna görə də Qızıl Arslan Nizami Gəncəvinin misralarından sallaşıb bu günümüzə gəlmişdir. Amma yaxşı sözə indi qiymət verən azdır. İnsan nəfisinin qulu olmaz.
Əlbəttə, mənim üçün gözəl, sadə insanları olan ucqar bir kənddə yaşamaq, saraylarda kiminsə kölgəsinə sığınıb yaşamaqdan çox-çox gözəldir…”
Sabir müəllim həmişə hikmətli kəlamlardan da misal çəkməyi unutmadı: “…Bərabərlik, yalnız riyazi elmlər üçündür. İnsanlar arasında heç cürə bərabərlik olmayıb, olmayacaq. Axı, qadınla kişi necə bərabər ola bilər?! Əgər olsaydı, onda 124 min peyğəmbərdən bircəsi qadın olardı.
Sual verdim:
- Professor, siz dünyanın yüz alimi siyahısındasınız, bu addan imtina etsəniz də…
Dedi:
- Yusif, mən heç vaxt alimliyimlə fəxr etməmişəm. Mən bəşər övladı olduğum üçün fəxr etmişəm. Kim olursan-ol, əsil insan ol.
Dedim ki, professor bu yaşda daha nə arzulayardınız?
Dedi:
-Yusif, bir səhər yuxudan ayılanda kaş mümkün olaydı, görəydim ki, Kəlbəcərdəyəm. Qoşdaş, Mansır bulağı, Pələng qayası, Dikyurd, Dəlidağ daha çox yadıma düşür. Ya da ki, gözümü açaydım ki, yerdəki bəzi insanların pis əməllərini görməmək üçün yad bir planetdəyəm...
-Professor, hamı bu dünyanın bəzi üzdəniraq adamlarından üzünü qurtarmaq istəyir-deyib, ona təsəlli vermək istədim. Bilmədim ki, bacardım, yoxsa-yox.
Bu yerdə yazıma son vermək üçün elə professor Sabir Quliyevin şair duyğularından süzülüb gəlmiş bir “ Lənətə gəlsin” adlı şeirini də sizə çatdırmağı özümü borc bildim:
Düzü əyənlər,
Böhtan deyənlər,
Haqqı döyənlər,
Lənətə gəlsin.
Qeyrətsiz başlar,
Ürəyi daşlar,
Yersiz alqışlar,
Lənətə gəlsin.
Bədnəzər gözlər,
Abırsız üzlər,
Zəhərli sözlər,
Lənətə gəlsin.
Əhdə dönüklər,
Eşqi sönüklər,
Qəlbi kötüklər,
Lənətə gəlsin.
Günəşsiz aylar,
Haram saraylar,
Tayfalı paylar,
Lənətə gəlsin!
Dənsiz sünbüllər,
Bülbülsüz güllər,
Allahsız günlər,
Lənətə gəlsin.
Alimə lağlar,
Bəhrəsiz bağlar,
Xəstəli çağlar,
Lənətə gəlsin.
“Ədalət”in “ədalətsizliyi”
və Səfər Verdiyevin xatırlanması
Əziz oxucu, şairimiz professorla olan söhbətində çox həqiqətlərə sətiraltı toxundu. Təəssüf ki, Sabir müəllim kimi belə bir elm adamı Kəlbəcərinə qovuşa bilmədi. Amansız dərd - kəlbəcərsizlik Məmməd Aslanımız kimi, onu da qərib-məzar elədi.
Yusif müəllim sağ olsun ki, sağlığında dünyanın 100 alimindən biri ilə həmsöhbət olub və özünün"Kəlbəcər dünyasi-ədəbi xatirələr" kitabını hazırlayarkən professorumuzu unutmayıb.
Unudulmaq daha dəhşətli bəladır. Unudulmuş unudulmazlarımız çoxdur. Bu yazıda talelərini qısaca da olsa qələmə aldığım bir ata, iki qardaş da məhz elələrindəndir.
Bir neçə il bundan öncə Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar “Ədalət” qəzet bir neçə üzdə olan, hazırda cəmiyyətin tanıdığı və adlarını hörmətlə çəkdiyi qələm və söz adamlarından bir neçəsinin şəklini qoymaqla onlara gözaydınlığı vermişdi. Əlbəttə, orada kəlbəcərli tanınmış elm adamlarının, ziyalıların heç də hamısının şəkli yox idi, o sıradan da Səfər Verdiyevin. Onun qızı Yeganə xanım həmin qəzet səhifəsinin rəy yerində üzünü kəlbəcərlilərə tutub soruşurdu ki, görəsən, kəlbəcəlilər Verdiyev Səfəri tanıyırmı? Həm haqlı sual idi, həm də məcazi idi. Mən də ona cavab olaraq belə yazmışdım: “Görəsən, kəlbəcərlilərdən öncə Səfər Verdiyevin övladları atalarının daha geniş auditoriyada tanınması üçün nələri ediblər indiyədək?”
Bu sətiraltı cavab Yeganə xanımı sanki yuxudan ayıltdı və biz birlikdə Səfər Verdiyev şəxsiyyətinin 100 illiyinə sanbalı bir xatirə kitabı hazırladıq.
Bu günlərdə Əli Səmədovun oğlanlaından biri - Ədalət müəllimin Mingəçevir şəhərindən etdiyi telefon zəng həm bizi kövrəltdi, xatirələr bir-birinə calandı, həm də hər ikimizin üzərində olan məsuliyyəti necə dərk etdiyimizi ortaya qoydu. Nəticədə biz kəlbəcərlilərin indiki nəslinin o qədər də yaxşı və yaxından tanımadığı, qanunpərəst, “zəhmli prokuror” Əli Səmədov və mərhum oğlanları - prokuror Nəbu Quliyev və dünyanın 100 alimindən biri kimi tanınmış, milliyyətini fəxri addan daha üstün bilib, “Oskar” mükafatından imtina etmiş professor Sabir Quliyevin həyat və fəaliyyətini araşdırmaq kimi vacib işi öz üzərimizə götürmək qərarına gəldik.
Hələlik, bu qədər, yəqin ki, xatirələr toplandıqca oxucularımızal bölüşəcək, onları tanış edəcək və toplu halında təqdim edəcəyik.
Əslində, bu xatirə yazısı 9 may - faşizm üzərində sovet xalqlarının qələbəsinə həsr edilb. 1941-45-ci illər müharibəsinin qəhrəmanları da heç vaxt unudulmadı və unudulmamalıdır.
Yeriniz behişt olsun, Əli Səmədov!
Məhəmməd Nərimanoğlu,
Bakı, 5 may 2025-ci il.